Artıq 3-cü gündür ki, İranda keçiriləcək 14-cü prezident seçkiləri üçün namizədlərin müraciət etmə prosesi gedir.İranda iyunun 28-də keçirilməsi planlaşdırılan 14-cü prezident seçkiləri üçün namizədlərin sənədlərinin qəbulu prosesi Daxili İşlər Nazirliyində aparılır.
Manevr.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, indiyədək 9 nəfər namizədlik üçün müraciət edib:
Məhəmməd Rıza Sabagian, Qüdrət Əli Heşmetian, Mustafa Kevakebian, Abbas Muktedai, Səid Cəlili, Əli Laricani, Əbdülnasır Himmeti, Məhəmməd Hoş Çehre, Mahmud Əhmədi Bigaş.
Prezident seçkilərində iştirak üçün qeydiyyat mayın 30-da başlayıb və prosesi 5 gün davam edəcək.
İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində araşdırma aparacaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Namizədlərə təşviqat kampaniyası aparmaq üçün 14 gün ayrılacaq.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.modern.az
Manevr.az