Manevr.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.
Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib.
“Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, - deyə o, özünün “X” hesabında qeyd edib.
“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Onların morqunda Alekseyin cəsədi yoxdur”, - deyə Yarmış əlavə edib.
Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.(oxu.az)