Xəbər lenti
İran bizdən yox, onlardan qorxdu: ordunu göndərdi
Bu sözləri Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin avqustun 27-də Urmiya gölünün qurudulması ilə bağlı İranda keçirilməsi nəzərdə tutulan, lakin rejim tərəfindən qarşısı alınan etiraz aksiyasından danışarkən deyib.
Etiraz aksiyasına çağırışın nəticəsiz qalması ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyən Bilgin rejimin yüksək rütbəli məmurlarının belə aksiya çağırışından qorxuya düşdüyünü bildirib:
“Fars mediasında məsələnin işıqlandırılması, qeyri-farsların içində həyəcanın yaranması, həmçinin, millətimizin özünün gündəmində olması baxımından uğurlu idi. Biz bunu etməsəydik nə olacaqdı, onu düşünmək lazımdır. Bunu etməklə dediyim məqsədlərə çatdıq və Güney Azərbaycan siyasi təşkilatları belə bir həyəcanı yaratmağa qadir olduqlarını sübut etdilər. Hətta rejim nəinki Güney Azərbaycan şəhərlərində, Tehranda belə hərbi gücünü səfərbər etmişdi. Bu, o deməkdir ki, rejim 4 təşkilatın çağırışını ciddiyə alıb. Bununla işimiz hələ bitməyib. Etirazların davamı gələcək. Yolumuz küçələrdən keçir. Məktubla, sosial mediada aktiv olmaqla iş başa çatmır”.
Aksiyaya çağırış edənlərdən biri Mərkəz Partiyasının sədri Saleh Kamrani isə bildirib ki, küçə etirazlarının uğursuz olması ilə bağlı xəbərləri rejimin öz adamları yayıb:
“Rejim Milli Hərəkatın içində əkdiyi ünsürlərin əli ilə ixtilaf yaratmağa və dörd partiyanı tamamilə hücum altına qoymaqla etibarsızlaşdırmağa çalışdı. Bu çağırış Urmiya gölü ilə bağlı ümumi rəy formalaşdırdı. Bir çox insan və qurum məsələ ilə maraqlandı. Bu bizim üçün ilk hədəflərdən biri idi. Aksiyanın istədiyimiz kimi baş tutmamasının ən böyük səbəblərindən biri rejimin bütün hərbi gücünü beş böyük şəhərə yığması idi. Çalışdılar ki, ciddi aksiyanın gerçəkləşməsinin qarşısı alınsın. Məsələ burada bitmir. Rejim aksiyanın baş tutmaması ilə bağlı müxtəlif adamlarını işə salaraq belə məlumatlar yayır. Fakt budur ki, İran basqı gücünü yüksəltdi”.
Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi də nümayişə çoxsaylı insanın gəlməsi ilə yanaşı, rejimin küçələrə topladığı güc qüvvələrindən danışıb:
“Rejim normalda aksiya adı eşidən kimi güc strukturlarını küçələrə tökürdü. Bu dəfə isə bənzəri yox idi. Təbrizin mərkəzinə xeyli sayda qüvvə yığmışdı. Ona görə də aksiya ilə bağlı deyilənlər dezinformasiyadır. Ora gedən insanlar bizimlə bağlantıda idi. Bu özü millətimizə uğurlu bir mesajdır. Əlbəttə, baş tutsaydı, daha yaxşı olardı. Lakin aksiyanın uğursuz olduğunu deyənlərin çoxu İranın “beşinci kolon”unudur. Təşkilatı rəqabətdən dolayı fəallar da rejimin bu tələsinə düşürlər. Bilmədən rejimlə birlikdə hərəkət etmiş olurlar. Bu da çox üzücü haldır. Düşünürəm ki, edilən çağırış aksiya baş tutmasa da, hərəkatın ağırlığını ortaya qoydu”.
Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan isə çağırış edən təşkilatların məsələni plansız həyata keçirdiyini, aksiyanın baş tutması üçün daxildəki sosial-siyasi prosesləri incələmədiklərini bildirib:
“Dünyanın hər yerində bir aksiya keçirəndə, toplumun özünə xas həssas nöqtələri və siyasi məsələlər diqqətə alınmalıdır. Bəziləri Urmiya gölünün siyasi məsələ olmadığını deyir. Lakin rejimə qarşı istənilən mövzuda etiraz artıq siyasi xarakter daşıyır. Bu aksiyanı təşkil edəndə hədəfləri dəqiq bəlli olmalı idi. Bütün bu sadaladıqlarım Urmiya gölü ilə bağlı aksiyalarda nəzərə alınmadı. Təkcə küçəyə çıxmaq deyil ki, orada qalmaq da önəmlidir. Çağırışlara qoşulan millət küçələrdə qala biləcəkmi? Kiçik qrupla başladılan aksiya millətin bütün təbəqələrini əhatə edəcəkmi? Sosioloji baxımdan millət buna hazırdımı? Bu sualların heç biri ortaya qoyulmadı. Milli fəallarla, daxildəkilərlə danışdıq, gördük ki, millət aksiyanı başladıb, onu idarə edə bilməyəcək. Millətin bu aksiyada “qazancları nə olacaq” sualına da çağırış edənlərin cavabları yox idi”.
Partiya sədri hesab edir ki, ən böyük yanlışlıqlardan biri əhalinin təhlükəsizliyinin nəzərə alınmaması olub:
“Təhlükəsizlik baxımdan da tədbirli olmaq lazım idi. Çünki çağırış, aksiyanın keçiriləcəyi yer, məkan, vaxt haqqında rejimin də məlumatı olur. Güc qüvvəllərini ora tökür. Millətə “çölə çıxın” deyən təşkilatların özlərinin bir dənə qüvvəsi yoxdur. Dünyanın hansı yerində aksiya keçirəcəkləri ilə bağlı düşmən xəbərdar edilir? Rejim onların əlaqədə olduğu, təmas qurduğu insanların hamısını bir-bir tutub. İçəridəki qüvvələrimizi itirmişik. Bu insanlar niyə tutulub? Hər dəfə sıramızdan biri tutulanda nə qədər enerji itiririk. Biz bunları dəfələrcə onlara dedik, lakin dinləmədilər”.
Araz Ataxan bildirib ki, dörd siyasi təşkilatın rejimə müxalif qüvvələrlə işbirliyi də aksiya iştirakçıları tərəfindən qəbul edilmir:
“Millətimiz rejimin müxalif qüvvələri ilə heç bir iş görmək istəmir. Bu aksiyalarla eyni gündə Xalq Mücahidləri və Pəhləvilər də aksiyaya başladılar. Halbuki Azərbaycan dəfələrlə bildirib ki, İranın məsələsinə alət olmaq istəmir. Yəni, dostlarımızla eyni gündə müxalifətin də aksiya keçirməsini millətimiz dəstəkləmədi. Bildirirlər ki, rejim onlardan qorxdu. Rejim Azərbaycanın dörd siyasi təşkilatından yox, digər müxalifət partiyalarının aksiyasından ehtiyat edirdi. Ona görə, qoşunları ora yığmışdı”. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar