Xəbər lenti
Rusiyanı qorxudan general haradadır? – “The Telegraph”
Böyük Britaniyanın “The Telegraph” qəzeti Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor Kirill Budanovdan yazıb. “Niyə Ukrayna hərbi kəşfiyyatının 37 yaşlı rəhbəri Putinin əsas hədəfidir?” başlıqlı məqalənin müəllifi qəzetin əməkdaşı Co Barnsdır.
Manevr.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Rusiya mediası Kirill Budanovun mayın 29-da yaralandığı haqda xəbər yayıb: “O vaxtdan generalın vəziyyəti ilə bağlı heç bir dəqiq informasiya verilmir. Rusiya mediasının iddiasına görə, Kirill Budanov Baş Kəşfiyyat İdarəsinin Kiyevdəki qərargahına raket hücumu nəticəsində ağır yaralanıb. Məlumatın nə dərəcədə doğru olduğu bilinmir, çünki generalın durumu ilə bağlı etibarlı bir açıqlama yoxdur”.
Budanovun “The Telegraph”a danışan köməkçiləri hərbi kəşfiyyat rəisinin sağ-salamat olduğunu bildirib. Ancaq qəzet bu açıqlamanı inandırıcı edəcək dəlilin, məsələn, fotoşəkilin olmadığını vurğulayır.
Xatırladılır ki, Rusiya 2014-cü ildə Krım yarımadasını işğal edəndən sonra Ukraynanın başqa bölgəsində – Donbasda (Donetsk və Luqansk vilayətlərinin bir hissəsində) işğalçı rejimlər qurub: “Həmin ildən Donbasda keçirdiyi məxfi əməliyyatlar Kirill Budanovun məşhurlaşması ilə nəticələnib. Budanov separatçıların nəzarətində olan ərazilərdə helikopterləri zərərsizləşdirmək məqsədilə gizli şəkildə aparılan əməliyyatlara rəhbərlik edib.
2016-cı ilin avqustunda növbəti bir əməliyyat zamanı Budanovun bölməsi Rusiyanın “Vımpel” xüsusi təyinatlı dəstəsinin üzvləri ilə toqquşub. Sonradan müsahibələrinin birində Budanov “Vımpel”lə döyüşün iki dəqiqə sürdüyünü və düşmən qrupun komandiri ilə birgə məhv edildiyini söyləyib.
Budanovun həyata keçirdiyi əməliyyatlar zamanı üç dəfə yaralandığı, bir dəfə ürək nahiyəsindən qəlpə yarası aldığı bəllidir.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı total hərbi təcavüzə başlayandan Budanov Ukraynanın ən nüfuzlu hərbi kəşfiyyatçısı kimi Moskvanın əsas hədəflərindən birinə çevrilib”.
“The Telegraph”dakı məqalədə bildirilir ki, Budanovun və onun tabeliyində çalışan kəşfiyyatçıların metodları çoxlarını heyrətə gətirir: “Son müharibə dövründə Rusiyada hərbi komissarlıqlara hücumlar olub. Deyilənə görə, rusiyalı pensiyaçıları bu hücumlara Ukraynanın hərbi kəşfiyyatı sövq edib. Kəşfiyyatın rusiyalı gəncləri dəmiryol infrastrukturunda yanğınlar törətməyə məcbur etdiyi barədə də məlumatlar dolaşır. Budanov bu yaxınlarda verdiyi açıqlamada təxribatların hamısını Rusiya vətəndaşlarının törətdiyini söyləyib”.
Məqalədə 2022-ci ilin fevralından Rusiyanın bir neçə tanınmış adamının ölməsi və yaralanması ilə nəticələnən partlayışlardan da söz açılır: “Məsələn, ruspərəst bloqçu Vladlen Tatarski bir rusiyalının ona mükafat kimi verdiyi heykəlcikdə gizlədilən bombanın partlaması nəticəsində həlak olub. Rusiya dərhal bu hadisədə Ukraynanı ittiham edib. İttihamları rədd edən Kiyev bloqçunun ölümünü Rusiyanın muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşməsi olan “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasındakı mübahisəyə bağlayıb.
Amma müharibə tərəfdarı olan digər bir bloqçu – məşhur rus millətçisi Aleksandr Duqinin qızı Darya Duqina öldürüləndə general-mayor Budanov fərqli tərzdə, çox kəskin danışıb: “Biz rusları öldürürük və Ukrayna tam qələbə çalana qədər dünyanın istənilən yerində rusları öldürməyə davam edəcəyik”.
2021-ci ildə “Vaqner” muzdlularının həbs olunmasına hədəflənmiş xüsusi əməliyyatın arxasında da general Budanovun dayandığı deyilir. Həmin əməliyyat Kiyev səmasında təyyarənin vurula biləcəyi görüntüsü yaradılmaqla həyata keçirilib.
Ukraynanın hərbi kəşfiyyat rəhbərinin “Vaqner”in Malidə və Suriyada fəaliyyət göstərən üzvlərinə qarşı gizli hücumlar planlaşdırdığı da vurğulanır.
Məlumatlara görə, Budanov bu yaxınlarda Moldova hökumətini separatçı Dnestr bölgəsində Rusiyanın himayə etdiyi hakimiyyət orqanları əleyhinə iş aparmağın vacibliyinə inandıra bilib. Əslində belə bir plan Rusiya-Ukrayna müharibəsinə qədər də olub. Amma o zaman Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı və digər dövlətləri qıcıqlandırmamaq üçün həmin planların icrasını dayandırıb.
Bu cür planlar Moskva ilə münasibətlərin gərginləşməsindən narahat olan siyasətçiləri qıcıqlandırsa da, general-mayor Budanova ABŞ-ın kəşfiyyat dairələrində şöhrət qazandırıb. Mediaya sızmış sənədlər ABŞ-ın Budanovun məlumatlarını diqqətlə izlədiyini göstərir”.
Məqalədə bildirilir ki, Budanova qarşı 10 uğursuz sui-qəsd cəhdi olub: “Onlardan biri 2019-cu ildə Budanovun avtomobilinin altına bərkidilmiş partlayıcı qurğu vaxtından əvvəl işə düşdüyündən puça çıxıb”.
Daha sonra məqalədə 2023-cü il mayın 29-da Kiyevin uzaqmənzilli ballistik raketlə vurulmasından bəhs edilir: “Rusiyanın endirdiyi həmin zərbənin sosial şəbəkələrdə videosu yayılıb. Videoda raketin Kiyevdə bir binanın yaxınlığında suya düşdüyü, binanı dağıtmasa da, xeyli zədələdiyi görünür.
Kremlə yaxın mənbələr fürsəti fövtə vermədən nəhayət axtardıqları adamı – general-mayor Kirill Budanovu tapıb öldürdüklərini bəyan edib.
Bir neçə gün sonra isə Rusiyanın “RİA Novosti” agentliyi Budanovun ölmədiyini, ağır yaralandığını və müalicə olunması üçün Almaniyaya aparıldığını xəbər verib.
Rusiya mediasının bu iddialarına cavab olaraq Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi “The Telegraph”a deyib ki, rəislə bağlı hər şey qaydasındadır, heç bir problem yoxdur.
Ukraynada fəaliyyət göstərən xarici siyasət üzrə müstəqil analitik Ceyms Raşton isə “The Telegraph”a bildirib ki, Rusiyanın ən bahalı, həm də yəqin ki, döyüşə ən yararlı ballistik raket kompleksi olan “Kinjal”la Kiyevə zərbə endirməsi Kremlin Budanova necə böyük təhlükə kimi yanaşdığını göstərir.
İyunun 17-si Rusiya mətbuatı Budanovun Almaniyada xəstəxanada koma vəziyyətində olduğu haqda xəbər yayıb. Xəbərdə Almaniyanın “Ştern” jurnalına istinad edilib. Əslində isə jurnalda belə bir xəbər dərc olunmayıb. Ona görə Budanovun həqiqətən yaralanıb-yaralanmadığı bilinmir. Görəsən o, bir gün üzə çıxıb yenidən Rusiyanı təqib edəcəkmi? Bəlli deyil”.Novator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar