Xəbər lenti
“Vaşinqton Post” Ukraynanın əks-hücumundan nə gözləyir?
Manevr.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzetinin redaksiya məqaləsində bildirilir ki, Ukraynanın dünyanı heyrətə gətirən, neçə-neçə analitikin bədbin proqnozunu yerə vuran, Rusiya ordusunun mifini dağıdıb onu rüsvay edən misilsiz müqavimətinə, faktiki strateji qələbəsinə baxmayaraq ölkənin 18 faizi hələ də işğal altındadır: “Kiyevin planlaşdırdığı əks-hücumda əsas məqsəd həmin ərazilərin mümkün qədər çox hissəsini geri qaytarmaqdır”.
Ancaq “Vaşinqton Post” qeyd edir ki, Rusiya ordusunun sayca üstünlüyünü və prezident Vladimir Putinin hərbi sənayeni var qüvvəsi ilə ordunu dəstəkləməyə səfərbər etdiyini unutmaq olmaz: “Ona görə Ukrayna əks-hücumdan nə qazansa, onu yüksək qiymətləndirmək gərəkdir. Hərçənd bu hücumda Ukraynanın ciddi bir ərazi qaytaracağı ehtimalı azdır”.
Redaksiya məqaləsində Qərb dövlətlərinin ünvanına tənqid də yer alır. Bildirilir ki, Ukraynanı tək qoymasa da, ona böyük hərbi yardım göstərsə də, istər ABŞ, istər digər Qərb ölkələri Kiyevə bütün silahları verməyə razılaşmayıb, məsələn, prezident Vladimir Zelenskinin ardıcıl xahişlərinə baxmayaraq Ukrayna Ordu Taktiki Raket Sistemləri (ATACMS) və F-16 qırıcıları ilə təchiz edilməyib: “Bu o demək deyil ki, ukraynalıların gözlənən əks-hücumu puça çıxacaq. Yox, sadəcə, ABŞ və Avropa ölkələri təmtəraqlı vədləri heç də axıracan yerinə yetirməyib, Kiyevin və bir çox hərbi ekspertin təkid etdiyi, ukraynalı əsgərlərin ehtiyac duyduğu silahların heç də hamısını onlara verməyib”.
Məqalədə qeyd olunur ki, Vladimir Putin müharibənin uzanmasından elə bir narahatlıq keçirmir, zamanın onun xeyrinə işləyəcəyini, Qərb liderlərinin öz vergi ödəyicilərinin pulunu Ukraynanın müdafiəsinə xərcləməkdən usanacağını düşünür. Putinin bu hesablamasının heç də əbəs olmadığını, əslində Ukrayna rəhbərliyinin də bundan ehtiyatlandığını diqqətə çatdıran “Vaşinqton Post” yazır ki, Kiyev gözlənən əks-hücumla həm də gözləntiləri artırmağa – bir yandan ukraynalıların döyüş ruhunu yüksəltməyə, o biri yandan ölkəyə silah yardımı axınının gücləndirilməsinə zəmin yaratmağa çalışır. “Döyüş meydanında qələbələrimiz nə qədər çox olsa, bir o qədər çox adam bizə inanar, nəticədə aldığımız yardımların həcmi də genişlənər” – “Vaşinqton Post” Vladimir Zelenskinin qəzetə müsahibəsində məhz belə dediyini yada salır.
Qəzet qeyd edir ki, Ukrayna prezidenti düz düşünür. Amma redaksiya əks-hücuma çox ümid bəsləməyi də doğru saymır, gözlənən hücumun maneələrlə üzləşəcəyi, məyusluqla bitəcəyi ehtimalının olduğunu da bildirir. “Vaşinqton Post” yazır ki, ehtimala söykənib, vaxtından qabaq fikir yürüdüb əks-hücumun puça çıxacağı qənaətinə gəlinməsini də doğru saymır, hərçənd məqalədə məyusluq ehtimalının havası daha çox duyulur.
Qəzet vurğulayır ki, əks-hücum nə ilə bitir-bitsin, Ukrayna işğal altındakı torpaqlarına doğru istər bir addım, istər bir neçə kilometr irəliləsin, nəticədən asılı olmayaraq Qərb Kiyevin arxasında durmalı, heç bir halda tərəddüdə düşməməlidir: “Əks-hücum cüzi nəticə versə belə, Qərb Ukraynanı dəstəkləməyi davam etdirməyə hazır olmalıdır”.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.
Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.Novator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar