Xəbər lenti
İstanbulla bağlı dəhşətli proqnoz: Zəif binaları necə davamlı etməli?
“İstanbul böyük zəlzələyə hazır deyil. Bir çox məhəllə yumşaq zəmin üzərində qurulub. Tikintilərdə keyfiyyətsiz sementdən istifadə olunub”. Bunu Kandilli Rəsədxanası Zəlzələnin Monitorinqi və Qiymətləndirilməsi Mərkəzinin direktoru, professor Doğan Kalafat deyib (Teleqraf.com). O hesab edir ki, İstanbulda yüksək olan zəlzələ riski ölkənin cənub-şərqində baş verən zəlzələlərə görə artmayıb: “İstanbulda risk artmayıb, çünki söhbət tamamilə fərqli sistemlərdən gedir. Son 7,7 bal gücündə zəlzələ Şərqi Anadolu çatı adlanan başqa bir qırılma xəttində baş verib”.
Doğan Kalafatın 1999-cu il zəlzələlərindən sonra alimlərin İstanbul zəlzələsi ilə bağlı apardıqları hesablamaları xatırladıb və bunların hələ də qüvvədə olduğunu söyləyib: “İstanbulun da daxil olduğu bölgədə 7-dən böyük zəlzələnin baş vermə ehtimalı 2030-cu illərdə 64 faizdir. Bu ehtimal 50 il ərzində 75 faiz, 90 ildə isə 95 faizə yüksəlir. Bugünkü texnologiya ilə zəlzələnin nə vaxt baş verəcəyini təxmin etmək mümkün deyil. Amma müəyyən bir səhv nisbəti ilə zəlzələnin harada və neçə bal gücündə baş verəcəyini göstərə bilərik”.
O, təmsil olunduğu Kandilli Rəsədxanasının zəlzələnin erkən xəbərdarlıq sisteminin inkişaf etdirildiyini deyib: “Xəbərdarlıq edilmədən zəlzələ baş versə belə, İstanbul fay xəttinə çox yaxın olduğu üçün milyonlarla insanın ondan xilas olması üçün kifayət qədər vaxt olmayacaq. Erkən xəbərdarlıq ən çox 7-8 saniyə qazandıracaq ki, bu da insanların təhlükəsiz bir yerə çatması üçün kifayət deyil”
Bəllidir ki, Bakıda da yüksək ballı zəlzələyə qarşı az davamlı, zəif binalar var. Hansılar ki, üstəlik, 2000-ci il zəlzələsi zamanı onsuz da “stress” keçirib. Belə binaları güclü zəlzələyə davamlı etmək mümkünmü, yoxsa hamısı sökülməlidir? Eləcə də İstanbulda.
Yeri gəlmişkən, ötən gün Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb, zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Mövzu ilə bağlı “Yeni Müsavat”a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Türkiyədə baş vermiş zəlzələ səbəbindən minlərlə yaşayış binası, böyük kəndlər, qəsəbələr, xeyli sayda yaşayış massivləri demək olar ki, yerlə bir olub: “Dağıntıların əsas səbəbi zəlzələ olsa da, digər səbəb həmin tikililərin keyfiyyətinin aşağı olmasıdır. Dağıntı ərazisində aydın şəkildə görünür ki, uçub-dağılan binalar arasında tam sağlam şəkildə qalmış binalar da var idi və aydın şəkildə görünür ki, zəlzələyə davamlı, daha keyfiyyətli tikilmiş binalar həmin bal gücündə zəlzələdə dağılmadı. Demək ki, digər tikililərin keyfiyyəti aşağı olub. Bu gün paytaxt Bakıda da minlərlə istismar müddətini bitirmiş, köhnə çoxmənzilli yaşayış binası var, xeyli sayda qəzalı kimi qeydə alınmış binalar var. İki mindən artıq çoxmənzilli yaşayış binaları tikilib ki, hazırda insanlar bu binadan istifadə edir, bu binalarda yaşayırlar. Təbii ki, zəlzələ, hər hansı bir təbii fəlakət olarsa, ilk öncə həmin qəzalı kimi qeydə alınmış binalar artıq çox böyük fəsad görmüş olar, hətta uçub dağıla bilər. 11 minə yaxın köhnə, istismar müddətini bitirmiş çoxmənzilli binanın içində ümumi monitorinq aparılarsa, qəzalı kimi qeydə alınmış binaların rəsmi sayı daha çox olar. Yəni yüzlərlə qəzalı kimi qeydə alınmış binalar olar ki, bunlar da artıq nəinki zəlzələ, bir partlayış zamanı da uçub dağıla bilər”.
Ekspert əlavə edib ki, binaların istismar müddətinin bitməsi heç də onların qəzalı olması demək deyil: “Binaların vaxtından tez istismar müddətini bitirməsinə, qəzalı vəziyyətə düşməsinə bir çox amillər təsir edir. Əlavə artırmalar, onların zirzəmilərinin qazılaraq qeyri-yaşayış yerlərinə çevrilməsi, birinci mərtəbələrdə ana divarların sökülərək qeyri-yaşayış obyektlərinə çevrilməsi də bu binaların ömrünü qısaldır. Köhnə binaların zirzəmilərinin bərbad olması, çirkab suları ilə dolması binaları qəzalı vəziyyətə gətirib çıxaran amillərdən biridir. Təbii ki, bu prosesə artıq 2016-cı ildən start verilib. 2016-cı ildən bu vaxta qədər Bakıda çox sayda qəzalı və istismar müddətini bitirmiş binalar sökülüb və yeni tikili binalarla əvəz olunub. Lakin biz ümumi mənzərəyə nəzər salsaq, bu gün sökülməli olan bina yüzlərlədir. Nəzərə almalıyıq ki, bir binanın sökülərək yenidən tikilməsinə təxminən iki il yarım, üç il gedir. Bu da qısa müddətdə baş verməyəcəyindən xəbər verir. Bizə uzun on illiklər lazımdır ki, bu köhnə yaşayış fondu sökülsün və yeni tikili binalarla əvəzlənsin. Həmin söküntü işlərini dövlət deyil, özəl sektor aparır. Hansı ki, o tikinti şirkətləri özləri belə seçim edirlər, hansı binadan onlara daha çox qazanc qalarsa, hansı binanın sakinləri ilə problem yaşamazlarsa, o binaların söküntüsünə daha tez başlanılır. Baş verə biləcək zəlzələ, yaxud hər hansı bir təbii fəlakəti gözləmədən qəzalı vəziyyətdə olan binaların üzərində yenidənqurma bərpa işləri aparılmalıdır. Əgər bina tam yararsızdırsa, anında sökülməli, bir müddət dözüb qala bilərsə, həmin binalarda bərkidilmə işləri aparılmalıdır ki, hansısa bir qəza, zəlzələ, tərpəniş səbəbindən o binalar uçub dağılmasın. Təəssüflər olsun ki, köhnə yaşayış binaları artıq yaddan çıxmış bir formadadır. Bir zamanlar bu binalar mənzil istismar idarələrinin nəzarətində və balansında olsa da, artıq uzun müddətdir ki, mənzil istismar idarələrindən də bir xeyli səlahiyyətlər alınıb və həmin köhnə yaşayış binaları, sadəcə, sahibsiz bir vəziyyətdə sakinlərin öhdəsində qalıb. Düşünürəm ki, həmin bərpa, bərkidilmə işləri ən qısa zamanda başlanılmalı, binalarda ümumi monitorinqlər aparılmalı, qəzalı binalar tam müəyyənləşməli, daha sonra binalarla bağlı vətəndaşlara məlumat verilməlidir. Vətəndaş da bilməlidir bina qəzalı vəziyyətdədir, yaxud da binanın zəlzələyə dözümlü olub-olmadığından xəbərdar olmalıdır”.
Qeyd edək ki, yaxın günlərdə bildirilib ki, Bakıda bu il də paytaxtda söküləcək evlərin və qəzalı binaların siyahısı hazırlanır. Siyahı tam hazır olandan sonra Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Bakı meriyasından mediaya bildirilib ki, bu il Nazirlər Kabinetinə qəzalı binalarla bağlı siyahı verilib: “Həmin siyahıya baxılacaq və köçürülmə işləri aparılacaq”, - deyə məlumatda bildirilib. Bundan əlavə, ötən ildən qalan söküntü işləri davam etdirilir. Belə ki, ötən il Nazirlər Kabinetinin verdiyi qərara görə, Bakıda 17 bina qəzalı olduğu üçün sökülməlidir. Burada yaşayan sakinlər də köçürüləcək. Bundan əlavə, Səbayel rayonunda, sürüşmə gedən ərazidən 92 ailənin köçürülməsinə qərar verilib. Həmin işlər yaxın günlərdə başa çatmalıdır. Bundan başqa, keçmiş Sovetski adlanan ərazidə də əhalinin köçürülmə işləri hələ tam yekunlaşmayıb. M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələrində söküntü gedən ərazilərdə qalan 24 evdən artıq 14-ü köçürülüb. Həmin ailələrin əksəriyyəti də MİDA-nın evlərinə köçüb.
Həmin ərazidə 10 ev qalıb. Orada qalan vətəndaşlar bazar qiymətindən qat-qat artıq pul istəyirlər. Bu səbdən də onlar həmin ərazidən köçürülməyib. Qeyd edək ki, söküntü gedəcək və əhalinin köçürüləcəyi binalar Sabunçu, Səbayel, Bİnəqədi, Xətai, Yasamal rayonları ərazisində yerləşir. Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar