Xəbər lenti
Ukraynanın taleyini dəyişə biləcək seçkilər – “Financial Times”
Böyük Britaniyanın “Financial Times” qəzetində “Ukrayna müharibəsinin taleyini seçkilər müəyyənləşdirəcək” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin redaktoru İvan Krastevdir. Manevr.az novator.az-ın ingiliscədən çevirdiyi məqaləni təqdim edir.Bütün müharibələr danışıqlar masasında başa çatır, deyirlər. Ancaq tək danışıqlar masasında deyil, hərbi münaqişələr seçki məntəqələrində də başa çata, yaxud dondurula bilər.
ABŞ-ın Vyetnamda, Fransanın Əlcəzairdə apardığı müharibəyə seçki son qoyub.
Keçmiş Yuqoslaviya ərazisindəki müharibələri də sonlandıran əsas səbəb məhz 2000-ci ildə prezident Slobodan Miloşeviçin seçkidə uduzması olub.
2023-cü ildir. Rusiyanın 2022-ci ilin fevralından Ukraynada başladığı müharibə davam edir. Qarşıdan isə bir sıra mühüm seçkilər gəlir.
2024-cü ildə Rusiyada, Ukraynada, ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Həmin seçkilər Ukrayna müharibəsinin taleyində elə 2023-cü ildən həlledici rol oynayacaq. 2024-cü il seçkilərinin nəticəsi yeni beynəlxalq nizamın formalaşmasına gətirib çıxara bilər.
2024-cü ilin martında həm Rusiyada, həm də Ukraynada prezident seçkisi olacaq.
Vladimir Putinin öz hakimiyyətinin ömrünü uzatmaq məqsədilə neçə il əvvəldən qurub-qoşduğu seçki oyununu uduzacağını düşünmək çox çətindir.
Ancaq onun “xüsusi hərbi əməliyyat” adlandırdığı uğursuz hərbi plan tam iflasa gətirsə – Ukraynada müharibəni uduzsa, yaxud münaqişəni əlverişsiz şərtlərlə dondursa, onda Putin təkcə Rusiyadakı azsaylı liberalların deyil, etimad göstərdiyi, öz ətrafında səfərbər edə bildiyi millətçilərin də müqaviməti ilə üzləşə bilər. Bu baxımdan Putinin 2024-cü il seçkisindən narahat olmağa əsası da var.
Putin iyirmi ildən çoxdur sürən hakimiyyəti dövründə hələ belə bir vəziyyətlə üzləşməyib. Cəbhədəki uğursuzluqla eyni vaxtda aparılacaq seçki kampaniyası Rusiyada amerikalıların və avropalıların çoxdan gözlədiyi situasiyanı yetişdirə, ictimai ovqatı Putin əleyhinə körükləyə bilər. Hərçənd bunun da rusiyalıları azadlığa çıxaracağına inanmaq çətindir.
Ukraynaya gəlincə, bu ölkədəki ictimai rəy sorğularının nəticəsi prezident Vladimir Zelenskinin 2023-cü ildə qəbul edəcəyi strateji qərarlarda dərin iz buraxacaq. İctimai rəy Zelenskiyə hər hansı ərazini güzəştə getməyə imkan verməyəcək, yoxsa o, səs itirə bilər.
Ukraynada 2024-cü ilə planlaşdırılan seçkini təxirə salmaq variantı da yoxdur.
Amma əhalisinin əksəriyyəti qaçqın və məcburi köçkün düşmüş ölkədə müharibə gedə-gedə azad və ədalətli seçki keçirmək də, hər şeyi bir yana qoyaq, logistik cəhətdən Vladimir Zelenski üçün ağır problemdir.
Azad və ədalətli seçki isə avtoritar Rusiya ilə savaşan Ukraynaya demokratik imicin gücləndirilməsi baxımından hava və su kimi lazımdır.
2024-cü ildə Tayvanda planlaşdırılan prezident seçkisi də Rusiya-Ukrayna müharibəsinin dinamikasına təsir göstərəcək seçkilərdən biri ola bilər.
Tayvanda qatı millətçilərin qələbə çalacağından ehtiyatlanan Çin prosesi qabaqlamağa çalışa, adanı özünə birləşdirmək niyyətini gerçəkləşdirmək istiqamətində sərt addımlara gedə bilər.
Görəsən Çin lideri Si Cinpin Rusiya-Ukrayna müharibəsindən hansı ibrəti götürüb? Bunu indiyədək anlamaq olmur. Cinpin Putinin müharibəyə başlamaqla səhv etdiyini düşünür, yoxsa hesab edir ki, Rusiya bu savaşa daha tez başlamalı idi? Sualın cavabı bəlli deyil.
COVİD-19 pandemiyasının öhdəsindən gələ bilmədiyi üçün Çin hökumətinin başı aşağıdır. Amerikalıları daima Tayvandan uzaq tutmağa çalışan Pekin belə bir məqamda Vaşinqtonu Avropa qitəsindəki münaqişənin, yəni Ukrayna müharibəsinin içində çapalamağa məcbur edəcəyi ümidi ilə Moskvaya dəstəyini gücləndirə bilər.
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkisi, eyni zamanda az da olsa Avropa Parlamentinə keçiriləcək seçkilər Ukrayna müharibəsinin gedişinə təsir göstərmək iqtidarındadır.
Amerika seçkisinin Ukrayna müharibəsinə təsiri dünyanın qalan yerlərindəki hərbi əməliyyatlara təsirindən qat-qat güclü ola bilər.
Amerikalılar və avropalılar Kiyevə hərbi yardımı və maliyyə dəstəyini kəssələr, ukraynalılar Putinin ölüm maşını qarşısında duruş gətirə bilməzlər.
Bu mənada ukraynalıların ABŞ-da Demokratlar Partiyasının prezident seçkisini Respublikaçılar Partiyasına uduza biləcəyi sarıdan ehtiyatlanması üçün ciddi səbəb var.
Demokratlar seçkini uduzsalar Ukraynaya dəstəyin zəifləyib-zəifləməyəcəyi məsələsi respublikaçılardan kimin prezident postunu tutacağından asılı olacaq.
ABŞ-da kimin prezident postuna yiyələnəcəyi, Avropa Parlamentinə kimlərin seçiləcəyi isə bir xeyli dərəcədə Putinin Ukraynanın Donbas bölgəsində uğur qazanıb-qazanmayacağından, yaxud NATO-nun birbaşa müharibəyə qoşulub-qoşulmayacağından asılıdır.
Sözsüz, bunu amerikalı demokratlar da, onların avropalı müttəfiqləri yaxşı bilirlər.
Rusiyanın cəbhə xəttində irəliləməsi, NATO-nun münaqişəyə daha geniş formada müdaxiləsi ABŞ-da prezident seçkisini respublikaçıların xeyrinə yönəldə bilər.
Demokratlar, onların avropalı müttəfiqləri üçün ən arzuolunmaz məsələ seçicilərin Ağ evi üçüncü dünya müharibəsini qızışdırmaqda günahlandırması olardı.
Cozef Baydenin və onun avropalı müttəfiqlərinin seçkilərdə qalib gəlməsi üçün ukraynalıların döyüş meydanında zəfər çalmaqda davam etməsi çox vacibdir.
Biz qarşılıqlı iqtisadi asılılığın və nüvə silahlarının yayılmasının çağdaş müharibələrin xarakterini necə dəyişdiyini bilirik. Lakin biz xüsusən dünyada indiki hədsiz qütbləşmə çağında qarşıdan gələn seçkilərin Ukrayna müharibəsinin tövrünü necə dəyişə biləcəyinin fərqinə varmırıq.
XXI əsrdə müharibəni udmaq üçün döyüş meydanında üstünlüyü ələ almaq heç də həmişə kifayət etmir. Siz seçkilərdə də qalib gəlməlisiniz, həm də təkcə öz ölkənizdə deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar