Diana bu müsahibələrində deyib ki, Ukraynada müharibəyə etiraz edir və artıq Rusiyanı tərk edib. İsakov daha sonra yazır:
"Öz doğma qızın satqın çıxanda nə isə uyğun sözləri də seçmək çətin olur”.
Onun sözlərinə görə, keçən aprel ayında qızının Xüsusi Hərbi Əməliyyata - XHƏ (Rusiyada Ukrayna barəsində müharibə sözünün işlədilməsi qadağandır – red) qarşı aksiyada iştirak etdiyini eşidəndə ona XHƏ-nin keçirilməsinin vacibliyini izah etməyə çalışıb.
O yazır ki, qızına “sovet xalqının döyüş şöhrəti yerlərini” ziyarət etməyi təklif edib, amma bütün səyləri hədər gedib. İsakov vurğulayıb ki, Diana onun birinci nikahından olan qızıdır və o qızın 3 yaşından onun tərbiyəsi ilə məşğul olmayıb.
Deputat iddia edib ki, qızı psixonevroloji dispanserdə qeydiyyatdadır, özünü LGBT nümayəndəsi adlandırır və onunla söhbət etmək mümkün deyil: “Onun anti-Rusiya mövqeyində olduğunu bildiyim andan, bizim əlaqəmiz kəsilib, mən onu saxlamıram və ev verməmişəm”.
Bundan əvvəl BBC-yə müsahibəsində qızı deyib ki, atası ilə arasında münaqişələr olub və o dəfələrlə intihara cəhd göstərib. Diana bildirib ki, intihara cəhd etməsi “qəddar tərbiyələndirmənin” nəticəsidir. O habelə vurğulayıb ki, atasının onun tərbiyəsi ilə məşğul olmadığını deməsinə baxmayaraq senator qızının həyatında böyük rol oynayıb.
İsakov Britaniyanın, Avropa İttifaqı və Kanadanın sanksiya siyahısına salınıb. O müharibənin qızğın müdafiəçisidir.
25 yaşlı Diana bu yaxınlarda Instagram-da yazmışdı ki, Rusiyanı tərk edir və müharibəyə münasibətini ifadə etməyə hazırdır. Avqustun 19-da dərc olunmuş müsahibələrində Diana artıq bir neçə ildir ki, müxalif mövqedə olduğunu, atası ilə LGBT haqları zəminində dəfələrlə mübahisələri olduğunu deyib.
Ötən mart ayında Diana Soçidə keçirilən izdihamlı antimüharibə aksiyasında iştirak edib. O apreldə öz aksiyasını keçirib və polis tərəfindən saxlanıb. Müsahibədən məlum olur ki, atasına onun saxlandığı barədə məlumatı Federasiya Şurasının sədri Valentina Matviyenko verib.
Senatorun özü BBC-yə deyib ki, Matviyenko ona “qızı ilə söhbət etməyi, xüsusi əməliyyatın vacibliyini başa salmağı” tapşırıb. İsakov bildirir ki, qızı ilə söhbətdən sonra ondan tamamilə intina etdiyini deyib./Azadliq.org