Rusiyalı jurnalist Marina Ovsyannikova cərimələnib.Rusiyanın Ukraynanı işğala başlamasından az sonra Ovsyannikova dövlətə məxsus birinci kanalda əlində müharibə əleyhinə pankartla görüntülənmişdi.Jurnalist cümə axşamı günü “Rusiya ordusunu alçaltdığına görə” 50 min rubl məbləğində cərimələnib. O, cərimə olunduğu məhkəmədə çıxış edərək bu sözləri deyib:
“Bu məhkəmə absurddur. Müharibə qan, rüsvayçılıq və fəlakətdir” - o bildirib.
Ovsyannikova müharibə əleyhdarlarını qorxutmaq üçün ona qarşı məhkəmədə iddia qaldırıldığını deyib:
“Ancaq məni qorxuda bilmədilər. Mən həmişə olduğu kimi müharibəyə qarşı çıxmağa davam edəcəyəm”.
Qeyd edək ki, Marina Ovsyannikova gələn ay da sosial şəbəkədəki başqa bir paylaşımına görə mühakimə olunacaq.

Xatırladaq ki, martın 14-də "Pervıy kanal"ın efirində "Vremya" xəbərlər proqramının yayımı zamanı aparıcının arxasında əlində plakat tutan qız peyda olub.
Plakatın üzərində "Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!" şüarları yazılıb. Daha sonra həmin şəxsin kanalda redaktor vəzifəsində çalışan Marina Ovsyannikova olduğu məlum olub. Ovsyannikova bu nümayişdən sonra etiraz qanunlarını pozduğuna görə 30 min rubl cərimələnmişdi.
Almaniyanın "Die Welt" qəzeti Ukraynada müharibəyə etiraz olaraq Rusiya dövlət televiziyasının canlı yayımına çıxan M. Ovsyannikovanı müxbir kimi işə götürmüşdü.ölkə.az