Bütün bu xidmətlərə görə hər ay mənzil sahibləri ona müəyyən olunmuş məbləğdə pul ödəyiblər. Yaşının 80-ə yaxın olmasına baxmayaraq sabiq birinci xanım öz işinin öhdəsindən layiqincə gəlib.
Anna Çernenko 1913-cü ildə Rostovda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Saratov Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, mühəndis-mexanik ixtisasına yiyələnib. Tələbə vaxtı o, institut komsomol təşkilatının katibi olub, fəal ictimaiyyətçi kimi tanınıb. Tələbəlik illərində baş vermiş bir hadisə onu 58-ci maddə ilə “üz-üzə” qoyub. Belə ki, Annanın oxuduğu qrupda Lev Trotskinin təbliğ olunduğu kitablardan biri əllərdə gəzib. Buna görə komsomol katibi kimi tələbə Anna siyasi sayıqlığını itirməkdə və Trotskinin təbliğatına mane olmamaqda ittiham olunub. Hətta ona 58-ci maddənin tətbiq edilməsi fikirləri də səsləndirilib. Qeyd edək ki, 1921-1953-cü illərdə bu maddə ilə 3 milyon 800 min nəfər ittiham olunub, onlardan 700 min nəfərə yaxını ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib. Anna bu problemdən çətinliklə qurtarıb, Araşdırma zamanı onun yerli qəzetlərdə Lenin və Stalin haqqında məqalələri, institutun ictimai həyatında fəallığı nəzərə alınıb. Amma insident cəzasız da qalmayıb. Şəxsi işinə yazılmaqla Annaya şiddətli töhmət verilib. Bu töhmət yalnız üç ildən sonra götürülüb. Bu hadisə Annaya bütün həyatı boyunca dərs olub.
Anna Çernenko institutu bitirdikdən sonra SSRİ Tədarük Komissarlığına (nazirliyinə) təyinat alıb. 1944-cü ildə Gerogi Malenkov bu komissarlıqda müşavirə keçirərək əməkdaşları ayrı-ayrı bölgələrə ezamiyyətə göndərib. Anna Lyubimova da bu bölgüdə Qorki vilayətinə ezam olunub. Həmin ərəfədə Ali Partiya Məktəbində təhsil alan Konstantin Çernenko da müharibə ilə əlaqədar olaraq tədrisdən ayrılaraq bu bölgəyə ezam olunub. Onların tanışlığı da məhz buradan başlanıb. Həmin vaxt Annanın 31, Çernenkonun 33 yaşı olub və Çernenko artıq birinci həyat yoldaşından ayrılıb. Qısa görüşlərdən sonra onlar ailə həyatı qurmağa qərar veriblər.
Çernenkonun işi ilə bağlı Anna Tədarük Nazirliyindəki işindən ayrılıb. Həyat yoldaşı Moldoviya KP MK-da şöbə müdiri işləyəndə o da Kişinyov Kənd Təsərrüfatı İnstitutunda işləyib.
1956-cı ildə Çernenko Moskvada Mərkəzi Komitədə sektor müdiri vəzifəsinə təyinat aldıqdan sonra Anna Çernenkonun vəzifə karyerasına son qoyulub. Çütlüyün iki qızı, bir oğlu olub. Çernenkonun əvvəlki həyat yoldaşından olan qızıyla Anna isti münasibətlər qurmağı bacarıb.
Anna Çernenko yüksək ranqlı dövlət məmurunun həyat yoldaşı kimi çox da ictimaiyyət arasında görünməyib. Müsahibələrində söylədiyi kimi, o, ailəsinə, həyat yoldaşına və uşaqlarına xidmət etməklə məşğul olub. Amma bununla yanaşı, ailədə əsas söz sahibi olduğunu da etiraf edib:
“Kreml məmurlarının tez-tez ailəvi görüşləri keçirilirdi. Bu işin də əsas təşkilatçısı Brejnev idi. Biz tez-tez onların bağ evinə toplaşırdıq. Bu çox da mənim ürəyimcə deyildi. Çünki belə məclislər Çernenkonun səhhətinə mənfi təsir edirdi. Evdə telefon zənglərinə mən cavab verirdim. Brejnevin köməkçisi zəng vuranda, Çernenkonu ova, yaxud da digər bir tədbirə çağıranda mən birtəhər ona başa salırdım ki, həyat yoldaşımı səhhətinə görə belə görüşlərə çağırmasınlar. Onu da qeyd edim ki, Çernenko baş katib seçiləndə mən hönkür-hönkür ağlayırdım. Yaxşı bilirdim ki, onun sağlamlığı bu işə tab gətirməycək. Bu xəbəri mən radioda eşitdim. Axşam evə gəldi, yorğun idi, bu təyinatı heç adi bir süfrə ilə də qeyd etmədik. Bildirdim ki, gərək bu işə razılıq verməyəydi. Hətta Qorbaçovun da adını çəkdim ki, Mixail Sergeyeviç daha cavandır, enerjilidir, gərək onu seçəydiniz. Çernenkonun bu fikrimə cavabı qısa oldu: “Qorbaçov üçün bu iş hələ çox tezdir”. Həmin gün mənzilimizə qırmzı rəngli bir telefon qoyuldu. Bu dövlət telefonu idi. Ona da mən cavab verirdim. Çernenko yatanda, yaxud da məşğul olanda zəng vuran Siyasi Büro üzvlərinə çəkinmədən deyirdim ki, narahat etməsinlər...”
13 aylıq hakimiyyəti dövründə Anna Çernenko həyat yoldaşına bütün mümkün olan qayğını göstərib, baş katibin müalicə aldığı xəstəxanalarda gecələyib. Ancaq nə bu qayğı, nə də həkimlərin səyi Çernenkonun sağlamlığını bərpa edə bilməyib.
Çernenkonun vəfatından sonra SSRİ-nin süqutuna qədər ailənin təminatı dövlət tərəfindən qarşılanıb. 1990-cı illərdə bu təminat dayandırılıb. Anna Çernenko sıravi vətəndaşlar kimi öz iş stajına görə çox da böyük olmayan pensiya ilə dolanıb. Yaşlaşdıqca xəstəliklərinin sayı artan Anna Çernenkonun müalicəyə, dərmanlara daha çox ehtiyacı yaranıb ki, aldığı pensiya bunlara çatmayıb. Məhz elə bu səbəbdən də o, konserj kimi işləməyə başlayıb. Amma yaş da öz sözünü deyib, sabiq birinci xanım əmək fəaliyyətini yavaş-yavaş itirib və işdən çıxmaq məcburiyyətində qalıb. Ömrünün son illərində ona qızları kömək edib.
Bu çətinliklər və ehtiyac icində Anna Çernenko uzun bir ömür yaşayıb, o, 2010-cu ildə 97 yaşında vəfat edib.Musavat.com