Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran prezidentindən Azərbaycanla bağlı müəmmalı bəyanat

Tarix: 25-05-2022 10:45     Baxış: 5284 A- / A+


“Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır” nə deməkdir?

Ötən həftə Tehranda İran prezidenti İbrahim Rəisi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Rəisi Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlığın inkişafını alqışlayıb və qeyd edib: “Tehran və Bakı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi və tranzit sahəsində razılaşmaların tam reallaşması Azərbaycanın əməli addımlar atmasını tələb edir”.
Bu barədə İRNA agentliyi bildirib və İran tərəfinin hansı addımları nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Sonra Rəisi “hər hansı faktorun iki ölkə arasında sıx münasibətlərə xələl gətirməsinə yol verilə bilməz”  deyib, ABŞ və İsraili region ölkələrinin maraqlarına məhəl qoymamaqda ittiham edib. İran prezidentinin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır. “İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün ən təsirli amildir”, - Rəisi deyib.
Yada salaq ki,  Bakı-Tehran əlaqələrində məlum sərhəd gərginliyindən sonra yeni mərhələ başlayıb. Ötən ay Azərbaycan baş nazirinin müavini  və İranın yol və şəhərsalma naziri arasında  Şərqi-Zəngəzur iqtisadi bölgəsi və Naxçıvan  arasında yeni kommunikasiya əlaqələrinin qurulması üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəddə Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni nəqliyyat arteriyasının yaradılması nəzərdə tutulur. İrandan keçən dəhliz dəmir yolu xətti, çoxzolaqlı avtomobil yolu, elektrik xətləri, rəqəmsal rabitə xətləri və digər elementlərdən ibarət olacaq.  Kommunikasiyalar İran-Ermənistan sərhədindən 5 km cənubdan çəkiləcək. Bu marşrut Ermənistandan keçəcək Zəngəzur dəhlizinin alternativi olacaq.
Rəisinin Azərbaycan təmsilçisi ilə görüşündə ABŞ və İsraillə bağlı mövqeyi təəccüb doğurmur. Aydındır ki, Tehran ənənəvi olaraq Bakının hər iki ölkə ilə əlaqələrini xoş qarşılamır. Amma Azərbaycanın təhlükəsizliyi ilə bağlı səslənən bəyanat xüsusi diqqət çəkir.
Rəisi bu bəyanatla nə demək istəyir? Tehran yenə nədən narazıdır?
Hikmət Babaoğlu — Vikipediya
Hikmət Babaoğlu

YAP-çı deputat Hikmət Babaoğlu hazırda cənub qonşumuzla münasibətlərimizin çox yüksək səviyyədə olduğunu qeyd etdi: “İran-Azərbaycan münasibətləri digər heç bir ölkələrarası münasibətlərə bənzəmir. Çünki iki ölkənin ortaq siyasi keçmişi və etnodemoqrafik göstəriciləri o qədər iç-içədir ki, bunları nəzərə almadan rəsmi dövlət siyasətini müəyyənləşdirmək faktiki olaraq mümkün deyil. Ona görə də müstəqil Azərbaycan qonşu və dost İranla münasibətlərdə daim bu nüansları diqqət mərkəzində saxlayır. Ancaq bununla belə, hər iki ölkə müstəqil dövlətlərdir və şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində hər ölkənin özünəməxsus yeri və rolu var. Eyni zamanda dövlət və milli maraqlar ayrıca müstəqil qərarlar qəbul etməyi zəruri edir. Azərbaycan daim təhlükəsizlik və siyasi-iqtisadi maraqlarını elə formada həyata keçirir ki, bu heç vaxt üçüncü ölkənin maraqlarına təhdid yaratmır. Ancaq çox təəssüf ki, biz heç də bütün hallarda üçüncü ölkələrin də bizə qarşı adekvat davrandığını görmürük. 44 günlük Zəfər savaşı tariximizdə bir daha biz buna şahidlik etdik. Erməniləri himayə edən imperialist mərkəzlərin hansı ölkələr üzərindən işğalçı Ermənistana silah-sursat göndərdiyini gördük. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi az qala bəzi üçüncü ölkələr tərəfindən onların ərazi bütövlüyünə təhdid kimi qəbul edildi. Şübhəsiz ki, bütün bunlar dünənin reallıqlarıdır və sabah da bənzər davranışların olmayacağına heç bir təminat yoxdur. Ona görə də dövlətlərarası münasibətlər xüsusi həssaslıqla formalaşdırılmalıdır ki, Azərbaycan də elə bunu edir. Azərbaycanın İsrail, ABŞ, yaxud başqa bir dövlətlə münasibətlərinin forması və səviyyəsi Azərbaycan tərəfindən özünün milli maraqları kontekstində müəyyənləşdirilir. Hazırda Azərbaycan-İran münasibətləri də yüksək səviyyədədir. İki ölkə çox mühüm strateji layihələri icra etməklə bağlı anlaşma imzalayıblar. Sənəddə Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni nəqliyyat arteriyasının yaradılması nəzərdə tutulur. İrandan keçən dəhliz dəmir yolu xətti, çoxzolaqlı avtomobil yolu, elektrik xətləri, rəqəmsal rabitə xətləri və digər elementlərdən ibarət olacaq. Kommunikasiyalar İran-Ermənistan sərhədindən 5 km cənubdan çəkiləcək. Yəni Qərbi Zəngəzur dəhlizinə paralel olaraq qurulacaq. Görünür, bu dəhlizin reallaşması istiqamətində real addımların atlıması İran üçün xüsusi maraq kəsb edir. Ona görə də qonşu ölkənin prezidenti əməli addımların atılmasının zəruruiliyini qeyd edir. Sonuncu Brüssel görüşündən sonra artıq Ermənistandan keçəcək Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı da razılıq əldə edilib. Ancaq narahatlığa ehtiyac yoxdur. Çünki bu dəhlizlərin biri digərinin rəqibi deyil. Nəzərdə tutulan yeni nəqliyyat koridorları beynəlxalq iqtisadi-siyasi maraqlara cavab verdiyi üçün hər iki dəhliz üzrə intensiv kommunikasiya qurmaq mümkün olacaq. Azərbaycanın təhlükəsizliyi məsələsinə gəldikdə isə, bu strateji prioritetlə bağlı Azərbaycan özü qərar verir. Hazırda Azərbaycan sübut edib ki, müxtəlif cəhətlərdən iddialı imperialist təzyiqlərin olmasına baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini təmin etməyi bacarır. 44 günlük Vətən müharibəsində biz təkcə erməni faşizminə qarşı deyil, onu dəstəkləyən imperialist mərkəzlərə qarşı da savaşdıq. Əldə edilən nəticə isə göz qabağındadır. Bizim öz müttəfiqlərimiz var və onlarla ittifaqımız tarixin sınaqlarından uğurla çıxıb. İran-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”.
Avropadan Rusiyaya diplomatik həmlə
Şəhla Cəlilzadə 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə bildirdi ki, Şahin  Mustafayevlə görüşündə Rəisinin ifadə etdiyi sözlər İranın Azərbaycana və regiona yönəlik ənənəvi baxışının və yanaşmasının təzahürüdür: “İran Azərbaycanı qonşu dövlətdən ziyadə, həm də azərbaycanlıları iranlılarla eyni mədəniyyəti və qohumluq əlaqələrini paylaşan millət olaraq görür və İranın mövqeyinə yad ünsürlərin, xüsusilə ABŞ və İsrailin regiondakı aktiv iştirakını məhdudlaşdırmağa çalışır. Lakin İranın bu mövqeyi Azərbaycanın müstəqil xarici siyasətinin konturlarını aşması deməkdir və beynəlxalq hüquqda dövlətlərarası münasibətlərin qurulmasının əsasları olan bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə zidd hesab edilə bilər. Belə ki, Azərbaycan İranın Ermənistanla isti münasibətlərini qeyri-rəsmi şəkildə pisləsə də, rəsmi olaraq bununla bağlı hər hansı mövqe açıqlaması etməmişdir, çünki hər hansı bir dövlətin daxili və xarici siyasətinə qarışmaq hüququ yoxdur. Azərbaycan yalnız İran yük maşınlarının Ermənistan üzərindən Azərbaycan sərhədlərini pozaraq Qarabağa yollanmasına öz rəsmi etirazını bildirib ki, bu da ölkəmizin tamamilə legitim haqqıdır. Heç bir xarici dövlət ölkəmizin sərhədlərini qanunsuz şəkildə poza bilməz. İranın bu davranışı iki ölkə arasında 2021-ci ilin noyabrında bəlli gərginliklərə səbəb olsa da, öz həllini tapmış, Prezident İlham Əliyevin Tehran səfəri və Rəisi ilə görüşü münasibətləri təkrar konstruktiv, dostluq və qardaşlıq mövqeyinə qaytarmış, İran Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etmişdir. Ötən ay Şərqi Zəngəzur dəhlizinin açılması isə iki ölkə arasında münasibətlərin gələcək perspektivlərinə daha geniş vədlər verir. Lakin qeyd olunmalıdır ki, ötən il baş verənlər İranın qanunsuz şəkildə Azərbaycan sərhədini pozmasının ilk halı deyildi. Belə ki, 2012-ci ildə də İran qırıcı təyyarələri Azərbaycanın hava məkanını qeyri-qanuni şəkildə pozaraq dənizdəki neft mədənlərimiz üzərində uçuşlar həyata keçirmişdilər. Bu, Azərbaycana yönəlik birbaşa təhdid adlandırıla bilərdi. Belə ki, məhz 2012-ci ilin fevralında Azərbaycanın İsraillə geniş hərbi əməkdaşlığı ilə bağlı xəbərlər yayılmış, həmçinin İran hökuməti İsrailin İrana hücum üçün Azərbaycandakı bazalardan istifadə edəcəyinə dair təhlükəli və yalan məlumatlar yayaraq Azərbaycana təhdidlər yağdırmışdı. Həmin dövrdə Azərbaycan bu xəbərləri rədd edərək münasibətləri sabitləşdirməyi bacarmış, bu gün isə regiondakı daha güclü mövqeyimiz İranla daha sərt tərzdə danışmağımıza və real addımlar atmağımıza imkan verir. Artıq İran Azərbaycanın öz milli maraqlarının təmin edilməsi üçün xarici siyasət kursunu dəyişməyəcəyini, o cümlədən İsraillə əməkdaşlıqdan imtina etməyəcəyini anlayır, lakin adını qeyd etdiyi ”təhdidlər"lə bağlı daima xatırlatma edərək Azərbaycanın hazırkı İran üçün əslində təhdid törətməyən siyasətindən yayınmaması üçün çağırış edir".musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar