Hər iki ölkə Rusiyadan qazı Yamal kəməri ilə alırdı. "Qazprom" Yamala qaz vurulmasını dayandırıb.
Polşa tərəfinin açıqladığı məlumata görə, ölkənin qaz anbarlarında doluluq səviyyəsi 80 faiz olduğu üçün qaza olan tələbatın ödənilməsində heç bir problem olmayacaq.
Polşa hökuməti Rusiya qazının tədarükünün kəsilməsini Moskva ilə Avropa arasında enerji təchizatı və Ukraynadakı müharibə ilə bağlı mübahisələrdə eskalasiya kimi qiymətləndirib.
Beynəlxalq Enerji Agentliyinin (UEA) prezidenti Fatih Birol da "Twitter” hesabından mövzu ilə bağlı açıqlama verərək, "Qazprom”un Polşaya qaz tədarükünü tamamilə dayandırmaq cəhdinin Rusiyanın mövcud razılaşmaları "siyasiləşdirməsinin” başqa bir əlaməti olduğunu bildirib.
Bolqarıstan tərəfi bununla bağlı açıqlama verməyib.
Avropalı ekspertlər hesab edir ki, qazın kəsilməsi əslində Polşanın Rusiyaya qarşı sanksiya siyasətinə cavabdır. Polşa bu gündən etibarən 50 rus milyarderi və onların şirkətlərinə qarşı sanksiya tətbiq edəcəyini, o cümlədən aktivlərinin dondurulması və Polşaya giriş qadağası tətbiq edəcəyini açıqlayıb. Moskvanın Ukraynadakı müharibəsinə cavab olaraq Polşa Avropa Birliyi ölkələrini Rusiyadan neft, qaz və kömür almağı dərhal dayandırmağa çağırıb. Polşa hökuməti may ayına qədər Rusiyadan kömür idxalını, ilin sonuna qədər isə Rusiya neftindən istifadəni dayandıracağını açıqlayıb.
Qeyd edək ki, Polşa neftin 64 faizini, qazın 46 faizini (ildə təxminən 10,2 milyard kubmetr) və kömürün 15 faizini Rusiyadan idxal edir.sfera.az