Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

m

Tarix: 24-11-2020 19:53     Baxış: 103 A- / A+
Tanrının minbir möcüzəsinin ünvan tapdığı, dünyada bənzəri olmayan əsrarəngiz təbiəti ilə könülləri ovsunlayan, əzəmətli dağların ağuşunda gözəlliyə bürünən, sazın-sözün məkanı Kəlbəcərdə həyata göz açmışam. Doğulub boya-başa çatdığın torpağın ayrı özəlliyi, məskən saldığın yurd yerinin başqa doğmalığı olur. Əlbəttə, Azərbaycanın hər qarış torpağı mənimçün müqəddəsdir, əzizdir. Ancaq müqəddəs yurd yerimin- Kəlbəcərimin sevgisiylə bütövləşir Vətən sevgim. Yurda bağlılığın kökündə də məhz bu sevgi, bu doğmalıq durur. Adamın kökü, rişəsi doğulduğu torpağın dərinliklərinə işləyir.
30 ilə yaxındır 20% torpaqlarımızın quldur erməni birləşmələri tərəfindən işğal olunması nəticəsində minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Dünyanın ən ağır sözü olan “məcburi köçkün” adı altında əzilən insanlar ölkənin hər yerinə səpələndi. Bu müddət ərzində dövlət qayğısı ilə əhatə olunsaq da, müvəqqəti məskunlaşdığımız yerlərdə xoş münasibət görsək də həmişə doğma torpaqlarımıza qovuşmaq arzusu ilə yaşadıq.
Ata-baba yurdlarımıza qayıtmaq ümidini heç vaxt itirmədik, ötən illər ərzində dövlətimizin güclənməsini, ordumuzun torpaqlarımızı azad edəcəyi günü gözlədik.
Bu gün arzular gerçəkləşir, həsrətlərə son qoyulur. Ali Baş Komandanın əmri ilə milli ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edilib. İgid oğullarımızın qanı-canı bahasına əsarətdən qurtardığı yurd yerləri sahiblərini gözləyir...
Uzun illərdir digər məcburi köçkün vətəndaşlarımız kimi, mən də kökümdən "qırılmışdım”. Çat vermiş ağac gövdəsi kimi göynəyən ürəyimə, üşüyən ruhuma bir ümid donu geyindirib təsəlli verməyə çalışdım bu illər ərzində. 28 il ayrılıq şeiri yazmaq, həsrət nəğməsi oxumaq, gözü yolda, qulağı səsdə doğulduğun yurdun niskilini çəkmək çox ağır idi.
İndi həsrətlə vüsalın qovuşduğu məqamdı: möcüzələr məkanı, gözəlliklər ünvanı Kəlbəcərim 28 ildən sonra azadlığına qovuşacaq. Yurdumun mənfur düşmən tərəfindən işğal olunması çox ağrılı və dözülməz idi. Yağı düşmən Tanrının o yurda bəxş etdiyi heç bir gözəlliyin qədrini bilməzdi. Oranı tərk edərkən son yaranı da vurdu yurduma. Ağacları doğradı, meşələri, evləri yandırdı, tarixi abidələrimizi söküb dağıtdı. Təbiətin möcüzəsini gözü götürməyən vandal Kəlbəcərimi taladı. Vəhşi xislətlinə "sadiq" hay sürüsü dağıdıcı mahiyyətini sonda ortaya qoydu.
Biz dönürük. Doğma yurdun torpağının, daşının, gül-çiçəyinin, arısının-böcəyinin qədrini bilməyə, nazını çəkməyə. Kəlbəcərin qarşısında övlad borcundan çıxmağa, itirdiklərimizi qaytarmağa, bərpa etməyə, doğma yurdun yaralarını sağaltmağa. Bu qayıdışda daş üstə daş tapmasaq da söykənməyə, ana ətirli torpağmıza diz qoyub xatirələrimizi oyatmağa, keçənləri düşünməyə, ötənləri səhifələməyə...ümid cücərdirəm ürəyimdə. Biz qalibik!

Namiq Dəlidağlı,
Kəlbəcər rayon sakini.

***

KƏLBƏCƏRƏ DÖNÜRÜK....

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...


Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik.
Məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...

Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...

Acısını dadmışıq görün neçə il qəmin,
Daha ağrısın çəkmir ürək dərdin, dil qəmin.
Gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...

Namiq Dəlidağlı

***

Namiq Dəlidağlının yeni şeirlər kitabı çapdan çıxıb

Tanınmış şair Namiq Dəlidağlının “Əllidə ələnənlər” adlı kitabı nəşr edilib.
Müəllifin yeni kitabı 50 illik ömür yoluna və şair taleyinə bir hesabatdır. Kitabın adı da simvolik bir məna daşımaqla sözə olan böyük ehtiramın və etiqadın bariz təcəssümüdür. Yeni nəşrə şairin seçilmiş şeirləri və son illərdə qələmə aldığı poetik nümunələr daxil edilib.
Qeyd edək ki, kitabın redaktoru və “Ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar