Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ə

Tarix: 06-01-2020 17:59     Baxış: 214 A- / A+
XATİRƏLƏRDƏN

Tez gəl, tez, əzizim, məni al xatirələrdən!
Başdan ayağa sorğu-sual xatirələrdən!

Hərdən qaratel çılğın uşaq boylanır, hərdən,
Nurani qoca - saçları çal, xatirələrdən.

Bir anlığa dondan-dona girmək deyil asan,
Dincəlmək üçün yoxdu macal xatirələrdən!

Guya mən idim xeyli cığal, həm də ki, nadinc!
Üz döndərərəm mən bu cığal xatirələrdən!

İlk eşqini elan eləmək çox çətin imiş!
Səs çıxmır o vaxtdan bəri lal xatirələrdən!

Qonduqca çiçəkdən-çiçəyə bal arısı tək,
Könlüm elə çəkməkdədi bal xatirələrdən.

Yox, yox, Ələmiyçün daha şirin sən özünsən,
Dön gəl, tez, əzizim, məni al xatirələrdən!

***
Titrər yanağında elə jalən nə gözəldir!
Dolmuş yenə bir cüt o piyalən nə gözəldir!

Göz yaşların axdıqca təbəssüm dolu gözdən,
Qəlbindən axır sevgi şəlalən nə gözəldir!

Könlüm dedi: al könlünü ta sevgili yarın,
Bir şe’r oxudum, güldü ki, nalən nə gözəldir!

Axdı o sevinc yaşları çöhrənsə açıldı,
Gün çıxdı yağış kəsdi bu lalən nə gözəldir!

Nurlandı, gözəl gözlərin ulduzlara döndü,
Ay gördü həsəd eylədi: halən nə gözəldir!

Söz gəzdi ki, bir gün Ələmi çatdı vüsalə!
Bu, doğru gözəldi ya xəyalən? Nə gözəldir?

TAZƏ GÜL

Ətrini yaymış gülüstanə, əcəb, bir tazə gül,
Əqlimi almış başımdan, qoymadan əndazə, gül!

Bir zamanlar qönçə idi, açmayırdı ləblərin,
Yalvarırdım, bəs özün qoymuşdu neyçün nazə gül?!

Keçdi dövran, günlər ötdü, eşqdən ruh aldı o,
Cilvələndi, vəcdə gəldi, yetdi bu pərvazə gül!

Güldün indi sən mənə, ətrinlə sərməst olmuşam,
Susmuşam ta, bir zaman çox gəlmişəm avazə, gül!

Sən bahar övladısan, səndə baharın ətri var,
Mən xəzan çağımdayam, olmaz, gəlim ta yazə, gül!

Yox, səni mən dərmərəm, böylə günah etməm, gülüm!
Ətrini duydum, bəsimdir, qane ollam azə, gül!

Yoxdu taqət, sən Ələmi halına qəlbən acı,
Şəninə, yalnız sənin, şirin qəzəllər yazə, gül!

PIÇILDAŞAN O YARPAQLAR...

Yağış yağır narın-narın,
Layla çalır yavaş-yavaş...
Səndən ötrü yarpaqların
Üzündə yaş, gözündə yaş!..

Duyğularım çaşıb, qalıb,
Yaxındasan, uzaqdasan?
Bu günümdə axtarıram,
Dünəndəsən, sabahdasan?

Keçmişdəmi? Qayıt geri!
Gələcəkdə? Tələs bir az!
Sənsiz neynim bu günləri?
Yaşamağa həvəsim az!

Pıçıldaşan o yarpaqlar
Bəlkə bizdən danışırlar?
Sevişirlər bizim kimi:
Küsüşürlər, barışırlar...

Günəş doğur, örpəyini
Asta-asta çəkir yana...
O gülərüz Günəş kimi
Heyatıma doğulsana!

SƏNİ BAĞIŞLAR

«Sevirəm» demə tez, deməyə bilsən,
Sına hisslərini, bir az da sına!
Çox da ki, bu sözü çox gözləyirəm,
Doğrusu, qəlbim də az qalıb sına!

Yox-yox, yarıkönül gətirmə dilə,
Mənim xatirimə söyləmə sən, sus!
Əgər demirsənsə, dözürsən hələ,
Deməyə bilməsən, de onda yalnız!

Yaş ötür, durmadan ağarır saçlar,
Gözləyir yolunu bir kəs dünyada.
Əzizim, ağ saçlar səni bağışlar,
Gəlsən ömrümüzün son anında da.

Bizi dəli edib bu dəli sevgi,
Biz nə istəyirik bir-birimizdən?!
Qaçırıq, əl çəkmir bu zəli sevgi,..
Qaçmaq istəmirik çünki, ürəkdən!
Qaçmaq istəmirik çünki, ürəkdən!

OLMAZ

Qəlbin, qələmin, bil ki, əzizim, yaşı olmaz!
Aşiqlər unutmuş yaşını, yaddaşı olmaz!

Qəlbən cavanın ruhuna əhsən!.. Yaşa, ey şux!
Göstərmək ona yaşın hər addımbaşı olmaz!

Divanədir, aşiqdisə, rüsvayi cahandır,
Elnən bir olar sirri, fəqət, sirdaşı olmaz!

Göz gördü, ürək sevdimi, yalnız budu meyar,
Heç bir gözəlin bunca gözəl göz-qaşı olmaz!

Ustad deyən söz, necə gör, tazədi, tərdi,
İşlənsə də daim, o sözün nimdaşı olmaz!

Söz gəlməsə tə'b ilə, onun ləzzəti yoxdur,
Ədvə yox isə, süzmə, nə lazım, aşı,.. olmaz!

Söz söyləmək üçün Ələmi bir himə bənddir,
Sözdə belə çılğın və cavan həmyaşı olmaz!

PIÇILDAŞ MƏNİMLƏ ÇİÇƏK DİLİNDƏ

Sən heç bilirsənmi mənim nəyimsən?
Köksümə sığınıb eşit, deyim: "Sən...
Sən mənim ətirli ağ çiçəyimsən!"
Qoxlayım, oxşayım, solma əlimdə,
Pıçıldaş mənimlə çiçək dilində!

Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!

Çiçəklər gör, necə pıçıldaşırlar!
Əsirlər, coşurlar, qucaqlaşırlar,
Sevib, bir-birinə nəğmə qoşurlar!
Nə böyük sevda var çiçək çölündə!
Pıçıldaş mənimlə çiçək dilində!

Ruhlar aləmindən toxun əlimə,
Bir az da yaxın gəl, yaxın əlimə!
Mələklər, həsədlə baxin əlimə!
Ayıra bilməzmiş bizi ölüm də!
Pıçıldaş mənimlə çiçək dilində!

Bilməzdim, doğrudan Cülyetta varmış!
Mənimçün özünü oda yaxarmış!
Keçibdir o anlar, uzaqda qalmış!
Gülümsə önümdə, çiçək telində!
Pıçıldaş mənimlə çiçək dilində!
Pıçıldaş, pıçıldaş... çiçək dilində!

BİR ÇIRAĞIMIZ VARDI

Biri vardı, biri yox,.. bir çırağımız vardı!
Sanki aləmdə böyük çilçırağımız vardı!

Yığışardıq başına, nur alardı gözlərimiz,
Şöləsi vəcdə gələn bir ocağımız vardı.

Çox nağıllar danışardı nənəm, gülərdi çırağ,
Sonda üç almaya neyçün marağımız vardı!

Öz çırağıyla Ələddin yetəydi dadımıza,
Ruhumuzda o yenilməz qoçağımız vardı!

Qoruyardıq və əzizlərdik hər zaman onu biz,
Sanki, çılğın, sevilən bir uşağımız vardı!

Xeyli rişxənd eləyirdi çırağımız şəm'ə,
Ağladırdı, onun üçün bucağımız vardı!

Çilçırağlara həsəd eyləyir həmin o çırağ,
Deyir indi: "Ələmi, gör, nə çağımız vardı!"

***

Əvvəl-axır düşəcəksən, billirəm, əllərinə,
Dilişirinlərin, aldanma, könül, dillərinə!

Gözlərin yaşını sənçün tökəcəklər guya,
Qərq edərlər səni Nuh aləminin sellərinə!

Gül dodaqlar səni görcək, açılar qönçə kimi,
Qələmin vəsf yazar gülşənin al güllərinə!

Gəlib avazə, səhərlər elə şeydalıq edib,
Qoşularsan o gülüstanın o bülbüllərinə!

Gecələr zikr eləyib yarını, ulduzları say,
Tanrının, şükr elə, göylərdəki qəndillərinə!

İlk baharın gəlişin hiss eləməkçün, gizlin,
Bax yanaqlarda, gözaltı, o zərif çillərinə!

Gül-çiçəklər də həmişə sevinib, şad olmur,
Ağla tənha o məzar üstə qərənfillərinə!

Özü gec gəlsə də canan, nə olar, gözləyərik,
Ətrini nuş edərik, versə səba yellərinə.

Aldadarlar səni gülşəndə gözəllər, Ələmi,
Gül yığıb, saxla, düz öz sevgilinin tellərinə!

RUHLAR ALƏMİNDƏ GÖRÜŞƏNƏDƏK!

Səni bu dünyada görməyəcyəm,
Vüsal qönçələrin dərməyəcəyəm,
Bu ömrü əzabsız sürməyəcəyəm.
Bir az o dünyada həsrətimi çək,
Ruhlar aləmində görüşənədək!

Dedin, dərd əlindən qaçıb gedirəm,
Bu fani dünyadan köçüb gedirəm,
Haqqın dərgahına uçub gedirəm!
Köksümə sığınıb deyəydin gərək:
Ruhlar aləmində görüşənədək!

Nə üçün sevgimiz, nisgilli olsun?
Hər çiçək, hər qönçə bülbüllü olsun!
Adın tək qəbrin də qoy güllü olsun.
Səpim üzərinə indi gül, çiçək,
Ruhlar aləmində görüşənədək!

Sən orda kimsəsiz, mənsə bu yanda,
Yoxdur sənin kimi məni duyan da,
O xoşbəxt illəri arzulayanda,
Çək kədər yükünü, qəm yükünü tək,
Ruhlar aləmində görüşənədək!
Ruhlar aləmində görüşənədək!

ÖLMƏDİ

Gözlərəm ömrüm boyu, gəlməzmi yarım?.. Gəlmədi!
Bildi aləm, aşiqəm, bilməzmi yarım?.. Bilmədi!

Ağlayır qəlbim, axır göz yaşlarım ta biqərar!
Rəhm edib, göz yaşımı silməzmi yarım?.. Silmədi!

Yalvarıb könlün alardım, bəlkə küsmüş dilbərim?
Gülsə, gül tək naz edib gülməzmi yarım?.. Gülmədi!

Dərdi, xoşdur, yazdırıb yalnız mənim taleyimə,
Verməz heç bir kimsəyə! Bölməzmi yarım?.. Bölmədi!

Ah, ol afətmiş, Ələmi, qoymayıbdır məndə can,
Naz edir, həm göz qoyur: "Ölməzmi yarım?.. Ölmədi!"

***
Qovuşaq arzulara, bizdən uzaq bir yerdə!
Dolaşaq birgə xəyallarda azaq bir yerdə!

Çəkilək qeybə pıçıltıyla qəzəllər oxuyaq,
Şipşirin beytə dönək, sonra yazaq bir yerdə.

Kimi kim çox sevir ey nazlı mələk, mərcə gələk,
Gah udaq mərci gülüm, gah uduzaq bir yerdə.

Göylərin gəl sinəsindən qoşa ulduz qoparaq,
Eşqə dair nəsə bir rəsm cızaq bir yerdə.

Tanrıdan ilham alaq, vəcdə gələk, ruha dönək,
İsidib qəlblimizi, orda qızaq bir yerdə.

Alişaq, odlanaq eşq ilə vüsala can ataq,
Fərqi yox, odlu cəhənnəm ya sazaq, bir yerdə.

Çəksə hicranımız heyrətlə bu dəm son nəfəsin,
Gül-çiçək topla məzarınsa qazaq bir yerdə.

Yenə de, göydən enəndə Ələmi bəxtəvərə:
Qovuşaq arzulara, bizdən uzaq bir yerdə?!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar