Xəbər lenti
af
"...Məni həsrətinin sinəsinə sıx,
Səni bu dağılmış ürəyimdən sil"
Manevr.az Afət Viləşsoyun yeni şeirlərini təqdim edir:
KƏND BALASI
Ömür elə macəradı bildiyin,
Macəradan macəraya can atma.
Siftələrin dadı-tamı qaçıbsa,
İkiləri, altıları sanatma.
Sevdiyin də kədərinə gülürsə,
Göz yaşını yadın yadı silirsə,
Yaşadığın yuxu kimi gəlirsə,
Yaraların üz bağlayır, qanatma.
Kənd balası, şəhər sənə qənimmi?
Təmizliyin taleyinə zaminmi?
Bu nə güvən, atandımı, əminmi?
Kənd balasın bu şəhərə tanıtma.
Qapı-qapı,baca-baca gəzməmiş,
Betərin də betərinə dözməmiş,
Bəndələrdən əllərini üzməmiş,
Yoluna dön, Allahını unutma.
ANAMDAN İNCİMƏ
Hara getsəm, yanımdadı,
Mənə yanandan incimə.
Dərdim məni bir də doğub,
Ana, anamdan incimə.
Saçımdakı dəndi dərdim,
Alnımdakı qırışdadı,
Məndə izi olmaq üçün
Anam ilə yarışdadı.
Boğazımda qəhər boğub,
Sovurmayıb yelə, doğub,
Düz otuz dörd ilə doğub,
Ana, anamdan incimə.
SEVGİ DEDİM
Səndən başqa hər kəslərə
Kor gözümə sevgi dedim.
Baxışlarım külə döndü,
Düz üzümə sevgi dedim.
Birdəfəlik duyğulara,
Kabus dolu uyğulara,
Ağzı açıq yaralara,
Kəc yazıma sevgi dedim.
Nifrətin bir addımıykən
Çox azıma sevgi dedim.
Allah bəlamı verməsin,
Mən özümə sevgi dedim.
SİL
Ovsunla həsrəti, dizlərində yat,
Bu nə yolçuluqdu, bu necə mənzil?!
Məni bu dağılmış ürəyindən at,
Səni bu dağılmış ürəyimdən sil.
Düşmə gözlərimdən, öz-özünü yıx,
Ömrümdən mərd oğlu, kişi kimi çıx,
Məni həsrətinin sinəsinə sıx,
Səni bu dağılmış ürəyimdən sil.
Gözümdə bir damcı yaş saxlamadın,
Ağlımın üstündə baş saxlamadın,
Qəlbimdə daş üstə daş saxlamadın,
Səni bu dağılmış ürəyimdən sil.
Afət Viləşsoy
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar