Xəbər lenti
Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətdir
Aqil ƏSƏDOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent, YAP-nın üzvü
Azərbaycan Respublikası bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu ilə öz işıqlı və parlaq gələcəyinə doğru inamla irəliləyir. Bu gün cənab İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasət, ölkə başçısının birbaşa rəhbərliyi və nəzarəti ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, Azərbaycan dövlətinin uğurlu sabahından danışmağa tam əsas verir. Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də əksinə güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Burada ümummilli lider Heydər Əliyevin, hər zaman öz aktuallığını qoruyub saxlayan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri yada düşür.
Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın qalan dünyaya inteqrasiyasında müxtəlif sahələri əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa, qlobal məkana səmərəli inteqrasiyaya imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi dəstək verməkdədir.
Belə mühüm layihələrdən biri də iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”dur.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən Bakı şəhərində imzalanmış bu Memorandum Avropanın enerji təhlükəsizliyində ölkəmizin əhəmiyyətini artırmaqla yanaşı, döğma Vətənimizi tarixin ən sərt qışı ilə üz-üzə qalmış Avropanın ümid yerinə çevirib. Əsrin müqaviləsi ilə Avropanın enerji təminatı və təhlükəsizliyində aparıcı gücə çevrilən Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönümlü siyasət sayəsində, təqribən 30 il sonra Avropa yenə də Azərbaycanın qapısını döydü. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanda XALQ-DÖVLƏT, XALQ- PREZIDENT birliyi ölkəmizə qarşı ikili siyasət yürüdənləri, bəzən hətta haqsız olaraq Azərbaycan əleyhinə qətnamələr qəbul edənləri, sərt qış “qapını kəsəndə” yenə bizlərə üz tutmağa məcbur etdi. Neft-qaz yataqları ilə zəngin İraq, Liviya və s. ölkələrin aqibəti XALQ-DÖVLƏT, XALQ-PREZİDENT BİRLİYİNİN əhəmiyyətini, zəruriliyini tam ifadə edir. Başqa sözlə desək, bu birlik olmasa, təmin edilməsə yeraltı-yerüstü sərvətlər həlledici amil deyil.
Bu gün Avropa iyulun 18-də qaz ixracı sahəsində Azərbaycanla imzalanmış memorandumu sevinclə qeyd edir. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin “Avropa İttifaqı əsas tərəfdaşı olan Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda yeni səhifə açır...., yeni saziş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya sabit və etibarlı qaz təchizatına təminat verir” sözləri bunun bir nümunəsi kimi qəbul edilə bilər. Avropalı diplomat daha sonra əlavə edir ki: “Energetika bizim Azərbaycan ilə əməkdaşlığı genişləndirə biləcəyimiz sahələrin yalnız biridir. Mən münasibətlərimizin bütün potensialından istifadə etmək imkanlarını səbirsizliklə gözləyirəm”.
Bir zamanlar səbirsizliklə, həsrətlə Avropadan ədalətli mövqe və beynəlxalq hüquqa haqlı yanaşma gözləyirdik. Bu gün isə, Avropa Cənubi Qafqazın lideri olan Azərbaycanla daha geniş əlaqələr qurmağın yollarını arayır. FƏXR ETMƏYƏ, QÜRUR DUYMAĞA DƏYƏR!
18 iyul 2022-ci il tarixdə imzalanan yeni Memoranduma görə, Azərbaycan Avropaya qaz təchizatını hər il artıraraq yaxın 5 ildə 20 milyard kubmetrə çatdırmalıdır. Təbii ki, bu, kifayət qədər ciddi bir rəqəmdir və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərməklə yanaşı, Azərbaycanın iqtisadi tərəqqisində də əhəmiyyətli rol oynayacaqdır.
Ümumiyyətlə, “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. Memorandum Avropanın qaz təminatında önəmli payı təmin edəcək, Avropanın Rusiya qazından asılılığını azaldacaq və Avropa ölkələrinin Cənubi Qafqazda iqtisadi əməkdaşlıq imkanlarını genişləndirəcəkdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq enerji təminatında rolunu artıracaq, ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirəcəkdir.
Azərbaycan Respublikası uzun illərdir Avropa üçün etibarlı tərəfdaşlıq nümayiş etdirir. Avropadan ikili yanaşmalar, ikili standartlar, haqsız mövqelər, qərəzli qətnamələr bizim üçün adi hal alsa da, Azərbaycan özünün etibarlı, sədaqətli tərəfdaş olduğunu dəfələrlə sübut edib. İndiyədək Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılmasını təmin edən 2 böyük layihə - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi uğurla həyata keçirilib. Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsinin icrası bilavasitə cənab İlham Əliyevin uzaqgörən siyasətinin daha bir təntənəli uğurudur. Ona görə ki, hələ 2014-cü ildə Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün maliyyə dəstəyi axtararkən, Avropa ancaq siyasi dəstək verirdi. Azərbaycan isə təkidlə layihənin icrasına çalışırdı, addım-addım, mərhələ-mərhələ layihəni irəliyə aparırdı. Budur həyata keçirilən siyasətin uzaqgörənliyi, məqsədyönümlülüyü. Bu gün isə, bir neçə il öncə siyasi dəstəklə kifayətlənənlər, artıq bütün maliyyə imkanları ilə qaz axtarışındadır. Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaş olduğunu ən yüksək səviyyədə bəyan edir.
Azərbaycana səfər etdiyi gün Avropa Komissiyasının sədri “Twitter”də Avropa İttifaqının daha etibarlı enerji təchizatçılarına müraciət etdiyini yazıb və Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib. Ursula Fon der Lyayen vurğulayıb ki, məqsəd bir neçə il ərzində Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır: “Azərbaycan təchizat təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”.
İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığı, erməni vandalizminin nəticələrinin aradan qaldırılmasının irihəcmli maliyyə tələb etdiyi, neftin qiymətində ciddi tərəddüdlərin olduğu indiki məqamda dövlətimizin qarşıya qoyduğu məqsədlərin reallaşdırılması, genişmiqyaslı infrastruktur layihələrinin və regional inkişaf proqramlarının həyata keçirilməsi baxımından “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” olduqca mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir. Bu Memorandum 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamı kimi ölkəmizin sosial-iqtisadi və siyasi tərəqqisində mühüm rol oynayaraq “XXI əsrin müqaviləsi” kimi tarixə düşəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar