Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"AND OLSUN Kİ…"- Əyyub Qiyas yazır

Tarix: 23-03-2019 14:19     Baxış: 3600 A- / A+
"AND OLSUN Kİ…"- Əyyub Qiyas  yazır

AND OLSUN Kİ…
(Süleyman Hüseynovun “AND” romanı haqqında)

Bu yazı bir neçə il əvvəl boy verib içimdə. Qələm dostum Süleyman Hüseynov yeni çapdan çıxmış “AND”romanını (ilk nəşri) mənə bağışlayanda söz verdim ki, xoşuma gəlsə fikrimi mətbuatda bildirəcəm. Roman xoşuma gəldi, çünki bir günə oxudum. Bəyənməsəydim hər sətri mənə əzab verən kitablar arasında qalaqlanıb qalacaqdı. Amma zövqlə oxudum…

Mən Süleyman Hüseynovu lap çoxdan tanıyıram. Aşağı-yuxarı 40 il olar. Yəni mən onu tanıyanda hələ 10 yaşım vardı. Ara-sıra atamın gənclik dostu Zeynal əmigildə (Sumqayıt ziyalılarından biri Zeynal Hüseynov, Allah rəhmət eləsin) ad günlərinə, bayram tədbirlərinə toplaşanda Süleyman müəllimi görərdim. Kitabları çıxırdı, şeirlər yazırdı və mən də yazmaq istəyirdim. Süleyman Hüseynov həm də bacarıqlı mühəndis, ziyalıdır, uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb. Yəni onun həyatının, fəaliyyətinin bir hissəsi gözlərim önündə keçib. Şeirlərini, hekayələrini oxumuşdum, amma “AND” onun ilk irihəcmli nəsr əsəri idi.

Açığını deyim ki, roman yazmağı mənə qəribə gəlirdi, çünki fərqli peşə sahiblərinin böyük həcmli nəsrdə özünü sınamağı çox vaxt uğurszuluqla yadda qalıb. Böyük nəsr müəllifdən hadisələri nağıl etməkdən, təsvirdən, gerçəkləri yazmaqdan başqa, həm də hadisələrin dramaturji ardıcıllığını, konfliktlərin inandırıcılığını tələb edir. Bir sözlə nəsr söz yığını deyil, sənət və istedad faktıdır. O, bunu bacarmışdı.

“AND” romanı son 30 ildə yaşadğımız hadisələrin, müxtəlif insan talelərindən keçən faciələrimizin kiçik bir parçasına işıq tutur. Romanın təhlilinə keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, əsərdəki xarakterlərin hamısı doğru təqdim olunub. Mənim gerçəkliyinə inanmadığım heç bir obraz olmadı. Hətta kosmonavt Maruşov belə son dərəcə inandırıcı və dolğun təqdim edilir.

Roman sadə bir təsadüflə başlayır. Kosmonavt olmaq arzusu ürəyində qalan, Moskva Aviasiya İnstitutunu bitirsə də, ümidləri gerçəkləşməyən Seymur Moskvadakı mağazalardan birində satıcı işləyir. Kürk almaq üçün mağazaya gələn Aida ilə ilk görüşdən sonra gənclər arasında münasibət yaranır. Aida tanınmış ziyalı ailənin yeganə qızıdır. Təsadüf elə gətirib ki, o da Seymurun təhsil aldığı ali məktəbdə oxuyur. Gözəl olduğu qədər diribaş, ağıllı qız Seymur kimi bir bacarıqılı, savadlı oğlanın satıcı işləməyini heç cür qəbul etmir və onu Rusiya təhlükəsizlik xidmətində mühüm vəzifə tutan general babası ilə görüşdürür. Babanın da Seymurdan xoşu gəlir və onu kosmonavtların hazırlıq mərkəzinə düzəldir, Seymurun yarımçıq qalan arzularına yol açır…
"AND OLSUN Kİ…"- Əyyub Qiyas  yazır
İlk baxışdan adi görünən mənzərədir. Lakin mən elə həmin o ilk baxışdan bir şey hiss etdim: belə çıxır ki, “böyük qardaş” olmasa biz arzularımıza çata bilmərik və bu böyük qardaş gərək mütləq illərlə qəbul etdiyimiz, qərarları ilə barışdığımız moskvalı olmalıdır. Süleyman Hüseynov roman boyu bu cür məqamlara son dərəcə incəliklə və tez-tez müraciət edir. Mən etdiyi “yaxşılığa” görə Aidanın general babasına təşəkkür edə bilmədim. Müəllif bu məqamı qabartmaqla millətimizin məhkum olduğu acı gerçəkliyə toxunur və bizim bir millət olaraq hələ də “böyük qardaş”ların “mərhəmət”indən asılı olduğumuzu göstərməyə çalışır. Aida olmasaydı Seymur min il qala həmin o təhlükəsizlik generalının qəbuluna düşə bilməzdi.Və mən dəqiq bilirəm ki, Seymir kimi minlərlə oğul elə qəbullara düşə bilmədiyi üçün unudulub, itib, arzusu puç olub, tanınmayıb.

Seymurun atası Fərhad kişi mühafizəkar düşüncəli azərbaycanlı kişisidir. Dəyərləri qorumaq, ailəsini bütün xoşagəlməzliklərdən mühafizə etmək, övladlarının xoşbəxtliyi üçün çaba döymək onun atalıq borcu, vəzifəsidir. Seymurun Moskvaya getməyi onun ürəyincə deyil, çünki illər əvvəl bu şəhər onun yaddaşında acı xatirələr buraxıb. Saflığı, təmizliyi üzündən çörək qazanmaq arzusu ilə getdiyi şəhərdə dəfələrlə fırıldaqçıların, işbazların tələsinə düşüb. Amma həm də oğlunun gələcəyini düşünür, ona etibar edir və Moskvada bütün arzularının gerçəkləşəcəyinə inanır. Müəllif Fərhad kişinin qapalı xarakteri ilə maraqlı və ötkəm ata obrazı yarada bilib. Bu kişi ailə başçısı kimi son sözü demək iqtidarındadır, amma eyni zamanda köksündə həlim və qayğıkeş ata ürəyi döyünür.

Kosmosdan baxanda dünyadakı yollar ziqzaqvari görünür. İnsan ömrü də elədir. Seymur arzularının arxasnca getdiyi şəhərdə həm Aida kimi gözəl, ağıllı, sədaqətli bir qızla tanış olur, həm də bütün gələcək həyatını alt-üst edən insanların əhatəsinə düşür. Ulduz şəhərciyi sözün gerçək mənasında nağıllar aləmidir və artıq, Seymur o aləmin bir personajıdır. Hər şey yaxşı görünür, lakin ilk baxışdan. Erməni komendant Albert Xaçaturov hər fürsətdə Seymura mane olmağa, onu hörmətdən salmağa çalışır. Əgər Seymurun arxasında Aidanın general babası olmasa bəlkə də onu Moskvadan sürgün etdirər, həbsə saldırar. Erməni də “böyük qardaş” xofu ilə yaşayır, bu “qardaşa” nə qədər ehtiyac duyduğunu yaxşı bilir. Xaçaturov Seymurun xasiyyətini öyrənir, zəif damarını tapır və sıradan məişət münaqişəsi zəminində Seymura həlledici zərbəni endirir. Onun bu gənc və prespektivli türk balasına: “Torpaqlarınız işğal altındadır, sizsə buralarda baş girələyirsiz”, – deməyi, Seymurun qəti qərar verməyinə səbəb olur. Seymur rəhbərliyin və Aida ailəsnin təkidilərinə baxmayaraq, könüllü cəbhəyə yazılır və zabit kimi xidmətə başlayır.

Dəfələrlə ordumuzdakı xəyanətlər, korrupsiya faktları barədə eşitmiş, oxumuşuq. Düşmən bizə güc gəlmək üçün istənilən təxribat planına əl atır, yüksək çinli zabitdən tutmuş, sıravi əsgərə qədər öz tərəfinə çəkməyə çalışır. Bəzən buna nail olur, çox vaxt isə bütün cəhdlərinə və iyrənc üsullarına rəğmən nəticə hasil edə bilmir. Seymurun xidmət etdiyi hərbi hissə komandiri də erməni dayının sevimli bacıoğlusudur və həmin dayı erməni orudusunun generalıdır. Komandir Seymurun cəsarəti, ötkəm qərarları, haqsızlıqlarla barışmadığını görüb onu aradan götürür. Seymur xəyanət nəticəsində şəhid olur. Çox üzücü xəbərdir. Oxucu Seymurun simasında xəyanət qurbanı olmuş şəhidlərimizi xatırlayır o an. Kövrəlməmək olmur, çünki müəllif Seymur obrazını bütün çalarları ilə dolğun təqdim edə bilib. Seymur şəhid olduğu ana qədər yüksələn xarakteri ilə oxucu qəlbinə yol tapıb. Seymurun şəhid olduğu məqamda oxucu yaxın bir dostunun, qardaşının, tanışının xəyanətə qurban getdiyini görür. Qeyd etmək istəyirəm ki, romanda bu cür sentimental, kövrək, könül sızladan məqamlar çoxdur və gerçək romantika həvəskarlarının “AND”ı darıxmadan, sevərək, həyəcanla oxuyacaqlarına əminəm.

Seymurun şəhid olmağı xəbərindən sarsılan Aida Moskvadan Bakıya gəlir. Hamilədir, bətnində Seymurun, sevdasının, ümdlərinin yadigarını daşıyır. Amma onun Bakıya gəlməkdə məqsədi var, Seymurun məzarı başında and içir, onun yolu ilə gedəcəyinə, müharibə başa çatmayana qədər hərbi geyimi soyunmayacağına söz verir. Aida Rusiya vətəndaşı olduğu üçün onun orduya yazılmağı müşkülə çevrilir və hər yerdən ümidi üzülən gənc qadın çıxış yolunu Ali Baş Komandana müraciət etməkdə görür və istəyinə nail olur. Bir müddət baş qərargahda işləyən, Seymurun yadigarı Muradı dünyaya gətirən Aida övladını Seymurun valideynlərinə əmanət edib, cəbhəyə, birbaşa Seymurun xidmət etdiyi hərbi hissəyə gedir. Elə ilk xidmət günündən Aida komandirin yanlış qərarları, ambisiyalı hərəkətləri ilə qarşılaşır və Seymurun keçmiş cəbhə yoldaşı Faiqin ona verdiyi gündəliklə (Seymurun gündəliyi) tanış olduqdan sonra gerçək mənzərəni dərk edir. Komandir xəyanətkardır!!!

Müəllif Aidanın xarakterini bütöv yaradıb: müstəqil qərarlar verir, qətiyyətlidir, doğru bildiyini edəndir. Təbii ki, xəyanət faktını təsbit edən Aida dura bilməzdi və hadisələr məntiqi ardıcıllıqla davam etməli idi. Daha əvvəl də çətinə düşən, orduya yazılmağa çətinlik çəkən Aida Ali Baş Komandana müraciət etmiş və məsələ müsbət həll olunmuşdu. Amma bu dəfə vəziyyət fərqlidir. Aida kimin dost, kimin düşmən olduğunu dəqiq bilmir və məsələni açıb-ağartmağa ehtiyat edir. Əgər Aidanın tapdğı faktlar yanlış əllərə düşərsə, o zaman onu da, ailəsini də, balaca Muradı da təhlükə gözləyə bilər. Amma Aida kimi insanlar dayana bilməzlər. Onun qətiyyəti yenə özünü doğruldur və xəyanətkarlar layiqli cəzalarına çatırlar. Erməni dayının bacısı oğlu ömürlük azadlıqdan məhrum edilir. Lakin bu hadisədən sonra əsərin süjet xətti müharibə motivləri ilə çeşidlənir, Aida və İlqar adlı zabit hava kəşfiyyatı zamanı əsir düşür. Bilavasitə Azərbaycan ordusundakı dayağını itimriş erməni general dayı Aida ilə maraqlanır və onu cəzalandırmaq üçün müxtəlif yollar axtarır. Aida ilə artıq babası da maraqlanır və onun tezliklə əsirlikdən qurtulması üçün çalışır. Erməni generalı Aidanı xəyanətə dəvət edir, alınmır, ona psixoloji təsir edir, alınmır və sonda şantaj yolu seçir. Aidaya narkotuk maddə verdikdən sonra lüt şəkillərini çəkir. Özünə gələn Aida Seymurun ruhu qarşısında çarəsiz qalır. Yeganə əlac son qərarı verməkdir. Aida erməni generalın təklifini qəbul etdiyini bildirir, bunu qeyd etmək üçün konyak içirlər və Aida divardakı xəncəri götürüb erməni generalı qətlə yetirir. Daha sonra generalın silahı ilə bir neçə erməni hərbçisini də öldürür və sonda onun özünü güllələyərək zərərsizləşdirirlər. Aida içdiyi anda əməl edir. Seymurun xəyanətlə şəhid olmağında birbaşa iştirak edən erməni generalı öz layiqli cəzasını alır. Aida ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Oxucu nəfəs kəsən hadisələrdən sonra bir qədər rahatlıq tapır. Aida ehtiramla Seymurun yanında dəfn olunur. Bu məqamda belə bir sual çıxır ortaya: Oxucu Aida obrazının gerçəkliyinə inandımı? Əslində müəllif tərəfindən yaranan qəhrəmanlar (həyatda prototipi oldu, ya olmadı, fərq etmir) müəllifin gerçəklərini əks etdirir. Müəllif öz qəhrəmanının simasında oxucuya və cəmiyyətə olan mesajlarını ötürür və Süleyman Hüseynov öz Aidası ilə bu mesajları kifayət qədər dəqiqliklə ötürə bilib. Və mənim fikrimcə müəllifin bir mesajı da odur ki, Azərbaycan və Rusiya – Seymur və Aida – həm tarixi, həm coğrafi, həm də siyasi faktorlara görə müttəfiqdir və bu haqq savaşında gec-tez Rusiya öz sözünü deyəcək, Azərbaycanın mövqeyini dəstəkləyəcək. Çünki artıq geridə qalan tarix bizə tam çılpaqlığı ilə sübut edib ki, Qarabağ konfliktini həll etməyin bütün yolları birbaşa Kremldən keçir.

Müəllif oxucuya bu mesajları ötürdükdən sonra gələcək üçün son variantı ortaya qoyur. Seymurla Aidanın oğlu Murad kursantdır və hərbi məktəbdə keçirilən tədbirdə döyüş bayrağını məhz kursant Murad Ali Baş Komandana təqdim edir. Ölkə başçısı Muradın kimliyini bilən kimi onunla görüşür və kursant Murad Ali Baş Komandana hərbi təzim edir. Roman bununla bitir. Yəni oğullar ataların yolunu davam edirlər. Yəni bizim bu haqq savaşımızın ən son yolu torpaqları müharibə yolu ilə azad etməkdir və bunun üçün bütün ordu və xalq Ali Baş Komandanın əmrini gözləyir.

Bu, bir qəhrəmanlıq dastanı, nakam eşq hekayəsidir. Aida həm Moskvada, həm də döyüş bölgəsində Seymurun yarıda qalmış arzularının simvolu, Murad isə bütövlükdə millətin gələcəyinin əmin əllərdə olduğuna işarədir və əgər hələ də aranızda “And”ı oxumayan varsa, o zaman tələsin, and olsun ki, vaxtınızı boş keçirməyəcəksiniz.

Əyyub QİYAS

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar