Sizin Reklam Burada
Xəbər lenti
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

Din içində dinsizlər - 5 dəfə namaz qılıram, oruc tuturam, lakin...

Tarix: 12-03-2020 14:12     Baxış: 2277 A- / A+
Din içində dinsizlər - 5 dəfə namaz qılıram, oruc tuturam, lakin...
Fərid Muradzadə


Deməli belə...

Üz qoyuram gah neyistanlara,-
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan,-
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!...


Bəli, "harda, müsəlman görürəm qorxuram." Amma, söhbət saleh müsəlmandan deyil, məhz kiminsə yaxud da kimlərinsə "kuklası" olan msəlmanlar"dan gedir. Böyük Sabir də məhz elə o dövrdə xurafata inananları, xurafatı təbliğ edənləri ,insanları cahilliyə təşviq edənləri nəzərdə tutaraq belə dəyərli şeirlər yazıb. Doğrudur, cəmiyyətdə hər zaman cahillərin eyiblərini üzlərinə deyənləri və cəmiyyətin cahələt içində boğulduğunu elə o sərsəm topluma bildirənlərin aqibəti hər zaman tənqid və təqiblər olub. Neçə əsrlər boyu belə olub elə bu gün də belədir. Müasir dövrümüzdə elmin,texnikanın bu qədər inkişaf etdiyi bir dünyada hələ də cahilcəsinə düşünən küt toplum çoxdur. Bəla burasındadır ki bu küt kütlə hələ də özü düşünə bilmir. Zombiləşmiş bu avam cəmiyyətdə hələ də "nağıllar səltənəti" hökm sürür. Hələ də əbu-filankəs, ibn bəhmənkəs, ayətullah filankəs, hoca bəhmənkəslər "at oynadırlar" və bu əbular, ibnlər, ayətullahlar və hocalar qalaq-qalaq söz yığınından ibarət "elm" kitabları yazaraq bu kütbeyinlərə sırıyırlar. Eynən də onların dedikləri "qanun" sayılır. Allah c.c müqəddəs Qurani-Kərimi elm və hikmətlə dolu olaraq bəşəriyyətə göndərdi. Ancaq elmsiz və yaxud da kütlənin elmli olmasını istəməyənlər bu müqəddəs kitaba təfsirlər-izahlar yazmağa başladılar. Sanki digər insanlar buradan heç nə öyrənə bilməzmiş. Cild-cild dəstamaz kitabları yazan alimlər görəsən niyə hikmət dolu Qurani-Kərimdən bir fizika qanunu, yaxud bir kimyəvi element və s. haqqında yazmadılar. Axı "Əl-Hədid-Dəmir surəsi" 25-ci ayədə kimyəvi element olan dəmirin (Fe) adı çəkilir. Yaxud qarışqanın bədəninin 70% xalis şüşə olduğu elə "Qarışqa" surəsində var. "Taha"surəsində yerin kürəvari amma bir tərəfinin daha aşağı olduğu (yəni yumurta şəkilli) yazılıb axı. Niyə biz hələ də kimlərinsə ağlı ilə hərəkət edirik. Axı Allah c.c bizi-insanı kürreyi-ərzin ən üstün varlığı-əşrəfi olaraq xəlq edib.Bizə şüur və nitq verib. Təbiətdəki bütün nemətləri, gözəlliklıri bizlər üçün yaradıb. Bəs biz niyə qövm olaraq beləyik? Biz hələ də onun-bunun dilində danışan, onun-bunun düşüncəsi ilə yaşayan,hər şeyi qismətə, qəzavü-qədərə bağlayan inkişafa meyilliliyi əxlaqsızlıq,bambılılıq kimi anlayan amma dünya çapında "iki eşşəyin arpasını bölə bilməyən" cəmiyyətin içindəyik. Vallah məni heç kəs qınamasın. Mən indi bildim ki rəhmətlik Mirzə Fətəli ("beyni ovulmuş müsəlmanlara görə O, kafir və əhli-cəhənnəmdir) niyə dindar ailədən olsa da xristianlığı qəbul edib. Adam sadəcə ilkin olaraq cəhalətdən qurtulub. İkinci də o zaman bu bir manevr də ola bilərdi. İndi o "əməli saleh din adamları" ilə böyük mütəfəkkir M.F.Axundovu müqayisə etsək (amma, qərəzsiz) kimin savabının çox olduğu göz önünə gələr. Savab deyilən təkcə ibarəli dinə bağlı cümlələr işlətməklə deyil, savab əməllərdədir, qəlblərdədir. Savab etmək özünü reklam etmək demək deyil.Mirzə Fətəli, C.Məmmədquluzadə, M.Ə.Sabir, Həsənbəy Zərdabi və s.kimi ziyalıların ziya işığından onlarla, bəlkə də yüzlərlə azərbaycanlı ziyalısı bəhrələnib peşəkar yetişdilər. Sənət,elm,tərəqqi qurban tələb edir. Bunu öz şəxsi həyatları bahasına (təhqir,tənqid ,təhrik etmək və təqiblərə baxmayaraq o böyük şəxsiyyətlər cəmiyyət üçün etdilər. İndi M.F.Axundov dedikdə göz önünə ilk olaraq Azərbaycan drammaturgiyasının banisi olan şəxs gəlir. Sabir dedikdə əsri öz satirasında ehtiva edən böyük şair anılır. Mən Sabirə satirik şair demirəm. Çünki o zaman böyük şairin ruhuna hörmətsizlik etmiş olaram. Sabir təkcə satirik şeirlər yazmayıb axı. O şeirin hər növündə böyük qələm ustadı olub. Mirzə Cəlil yaşadığı cəmiyyətin bütün eyiblərini əsərlərinə, felyetonlarına köçürüb.

Bu gün də neçə əsr əvvəlki düşüncə tərzində olan şəxslər hələ də anlamadıqları bir qisim ziyalıya "mütrüb" deyirlər.Ibarəli cümlələrlə əhli-ibadət olduqlarını gözə soxurlar. 21-ci əsrdə yaşayıb qəssab kimi insan kəsirlər. Və bütün əməllərini (özlərinə sərfəli olduğu üçün) İslamın mübarək adına yazırlar. Budurmu İslam, budurmu müsəlman?! Mənə görə ilkin olaraq hər kəs vicdanın səsini dinləməlidir. İlk növbədə insanlıq deyilən bir məfhum var ki, o məfhumu unutmaq olmaz. Təəssüf ki, çoxumuz gündən-günə sürətlə irəliləyən digər xalqlarla, sivil dövlətlərlə, sivil cəmiyyətlərlə ayaqlaşmaq, onlara uyğunlaşmaq istəmirik. Cahillik, nadanlıq barındığımız çevrəni daha da darlaşdırır, üstümüzə ayaq açanların bizi istədikləri kimi yönəltməklərinə zəmin yaradır. Texniki tərəqqinin bu qədər inkişaf etdiyi bir dövrdə hələ də din deyərək cahilcəsinə "əllaməlik" edənlər, hər şeyi qədərlə əlaqələndirərək avam və yaxud da inamından dolayı bilməyərəkdən tələyə düşən insanları mütiliyə, süstlüyə, çarəsiz durumda hər şeyi qeybə bağlamağa, itaətkar olmağa sövq edirlər. Elmli, bilikli,dünyagörüşlü insanı istədikləri kimi yönəldə bilməyəcəklərini gözəl bilirlər və buna görə cahil,avam bir toplum yetişdirmək istəyirlər. Bəs biz niyə özümüzü bu axın istiqamətinə buraxırıq? Axı biz azərbaycanlıyıq, geniş anlamda böyük bir coğrafi əraziyə inteqrasiya etmiş türk xalqlarıyıq! Biz türklər olaraq niyə ərəbtərzi düşünürük? Bizi idarə edənlər və yaxud da buna çalışanlar zəif nöqtələrimizi çox gözəl dəyərləndirirlər. Nə qədər ki biz daxil bütünlükdə türk xalqları geridəqalmışlığa meyl ediriksə hegemonluq edənlərin işini daha da rahatlaşdırırıq. Nə qədər ki elmin ziyasından qaçırıq o qədər də cahilliyin qaranlığına qərq oluruq. Mən bundan qorxuram, özü də çox qorxuram! Dünyanın sivil mədəniyyətindən örnək almaq lazımdır. Amma təəssüf... Son zamanlar az qala şüara çevrilən,,müsəlman ölkələrindən ibrət alın" ifadəsinə fikir verək. Hansı müsəlman ölkəsindən?! Qonşuluğunda eynən onun kimi müsəlman olub ,,allahü-əkbər" deyən sadə, məzlum, günahsız yəmənlilıri bombaladan Səudiyyədən, naz-nemət içində yaşadıqları halda özlərini fitnəkarların fətfasl ilə bədbəxt edən,vətəndaş müharibəsi gedən Liviyadan, terrorçuların, tiryək ticarətinin "vətəninə" çevrilən Əfqanıstandan, yüksək nüvə potensialı olan, amma məzhəbçiliyi dəstəkləyən Pakistandan, özünü dini dövlət kimi tanıdan, ancaq dini ikiparalıq edən Irandan, yoxsa bu sadaladığım dövlətləri dünyannın müxtəlif ölkələrində əcaib adət-ənənələri ilə təbliğ edənlərdən, 21-ci əsrdə Amerikanın göbəyində yaşayan amma qız uşaqlarını sünnət edənlərdən, qəssab kimi insan kəsənlərdən?!! Və bir də bu yazını oxuyub zombi düşüncəsi ilə məni asıb-kəsməyə qalxacaq insanlara ilkin olaraq onu demək istəyirəm ki, əlhamdulillah, mən də müsəlmanam, gündə 5 dəfə namaz qalıram, hər il məqamı yetəndə oruc tuturam, lakin avam düşünmürəm. Yenə də bu yazını zombi düşüncəsi ilə oxuyanlara müraciət edirəm ki bunu oxuyanda azərbaycanlı olduqlarını unutmasınlar. İran mollaları kimi yastı-yastı danışmasınlar,ərəb düşüncəsi ilə düşünməsinlər, Azərbaycan türkcəsindəki

sözləri əski Osmanlı sözləri kimi əyə-əyə danışmasınlar. Öz dilini unudub rusca "cəh-cəh" vurmasınlar. Azərbaycanlı olaraq, öz düşüncələri, öz fikirləri olsun və bir də əgər bu sadaladıqlarımdan məhrumdurlarsa heç olmasa bir dəfə düşünə-düşünə Mirzə Cəlilin "Anamın kitabı"nı oxusunlar. Sonda qaramca deyinib, məni "mütrib" elan edib, "qətlimə fərman verəcək" insanlara bir sualım var:

"Məni niyə döyürsünüz, ey müsəlman qardaşlarım?!"








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar