Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda peyvəndlərdən niyə imtina edilir?

Tarix: 13-07-2019 19:21     Baxış: 4175 A- / A+
Azərbaycanda peyvəndlərdən niyə imtina edilir?


Azərbaycanda bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə "uşağın seçiminə buraxılmalı olduğuna" inanır.


Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığını qeyd edib.

Azərbaycanda 2015-ci ildə peyvəndlərdən imtina edən valideynlərin sayı 1,2 faiz idisə, 2018-ci ildə bu göstərici 1,6 faiz olub.

2019-cu ildə Səhiyyə naziri digər ölkələrdən qızılca xəstəlinin Azərbaycana gətirilməsi hallarının qarşısını almaq məqsədilə immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalamışdı.

Nazirliyin məlumatında Azərbaycanda 2013-cü ildən qeydə alınmayan xəstəliyin ölkəyə 2018-ci ilin sonundan gətirildiyi və ölkəyə 160 min doza peyvəndin gətirildiyi deyilirdi.

Bakıda poliklinikaların birində çalışan, adının çəkilməsini istəməyən pediatr deyir ki, iki-üç il qabaq peyvəndlərdən kütləvi imtina halları artmışdı, qızılca xəstəliyi yayılandan sonra isə "camaat qorxuya düşərək vaksinasiyaya gəlməyə başlayıb".

Bakıda yaşayan Nəsibə Məmmədova övladına peyvənd etdirməyin əleyhinədir. O düşünür ki, uşaqlar həyatlarındakı bütün seçimləri özləri etməlidir, peyvəndlər də buna daxil olmalıdır.

Menecer işləyən Məmmədovanın bir oğlu var. Onun sözlərinə görə, həyat yoldaşı ilk başlarda vaksindən imtina qərarına qarşı olsa da, sonradan razılaşmağa məcbur olub.

"Mənə çox dedilər ki, uşağa bir şey olar, qorxmursanmı, nə bilim o xəstəlik var, bu xəstəlik var. Bəyəm peyvənd olunmayan uşaqlara nəsə olur? Yox. Hələ elə bir şey görməmişəm".

Peyvənddən rəsmi olaraq imtina edən Nəsibə Məmmədova deyir ki, həm həkimlər, həm də qohumlar ona uşağın vaksin olunmasına görə bir növ "təzyiq edirlər", o isə fikrindən daşınmağa hazır deyil.

26 yaşlı ana övladını tibbi müayinələrə aparmağa davam etdiyini, imtinanın təkcə vaksinlərə aid olduğunu deyir və hesab edir ki, buna görə 3 yaşlı oğlunun "həyatı təhlükədə ola bilməz".

"Məncə övladlarımıza seçimləri uşaq vaxtından verməliyik. Onlar o vaxt özləri başa düşməsə də gözləyə bilərik. Əgər nə vaxtsa Azərbaycanda hansısa dəhşətli epidemiya olsa bu qərarı yenidən müzakirə edə bilərik, amma hələ buna ehtiyac duymuruq".

Azərbaycanda peyvəndlər necə edilir və hansı xəstəliklərlə mübarizə aparılır?

Hazırda Azərbaycanda Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır.

Səhiyyə Nazirliyinin milli peyvənd təqdiminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur, özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycana vaksin preparatları 2014-cü ildə UNİCEF-in xətti ilə daxil olur və daxil olan bütün preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçib.

Qurumdan deyilib ki, hazırda ölkədə Belçika, Hollandiya, İndoneziya, Hindistan, Cənubi Koreya, Bolqarıstan, Britaniya Krallığının istehsalı olan vaksinlərdən istifadə edilir.

Peyvənd seçimi: vaksin, yoxsa imtina?


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndləşməni dəstəkləyir. Qurum bu gün dünyanın bir çox ölkələrində vaksinasiyadan imtina tendensiyasını 2019-cu ildə dünya səhiyyəsinə ən böyük təhlükələr siyahısına daxil edib.

ÜST-nin məlumatına əsasən, 2019-cu ilin ilk üç ayı ərzində dünya boyu qızılca xəstəliyinə tutulma halları ötən ilin eyni dövrü ilə müqayisədə dördqat artıb.

Azərbaycanda peyvəndləşməni icbari edən qanun yoxdur - bu, valideynin seçiminə buraxılır. Peyvənddən imtina etmək istəyən valideynlər notariusda peyvəndlərdən yazılı imtina etməli və sənədi qeydiyyatda olduğu poliklinikaya aparmalıdır. Bu zaman valideyn uşağının xəstələnməsi hallarındakı bütün məsuliyyəti öz üzərinə götürmüş olur.

Səhiyyə Nazirliyi bildirib ki, peyvəndlərdən yazılı imtina edənlərin ən çox göstərdiyi səbəblər "sosial şəbəkələrdə peyvənd əleyhinə yanlış məlumatların olması, dini baxışlar, peyvənddən sonra autizm qorxusu, peyvənddən sonra gələcəkdə uşaqda sonsuzluq qorxusu, peyvənddən sonra baş verə biləcək ağırlaşmalardan ehtiyat edilməsi" olur.

Pediatr Vaqif Qarayev deyir ki, peyvənd təbabətin ən son ixtiralarından biridir və bu, bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur.

O söyləyir ki, peyvənd siyahısına düşən xəstəliklərin hamısı epidemiya yaradır və xüsusən körpələr arasında ölümə səbəb olur, amma epidemiyanın olub-olmamasına baxmayaraq vaksinasiyaya həmişə ehtiyac var.

Cənab Qarayev Azərbaycanda vaksinasiyadan imtina edənlərin statistikasını bilməsə də, rastlaşdığı və oxuduğu hallardan irəli çıxaraq bu halların artdığını düşünür, bunun səbəblərindən biri kimi isə internetdə rastlaşdığı peyvənd əleyhinə kampaniyaları görür.

"Pis örnək yoluxucu olur. Bir var sübutlu təbabət, bir də var internetdəki peyvənd əleyhinə kampaniyalar. Bu kampaniyalarda hansısa sarı saytlardan fikirlər paylaşılır ki, peyvənd ziyandır və s. Əslində isə bütün dünya həkimləri həm sübutlu təbabətin, həm də Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əməl etməlidirlər".

Pediatr söyləyir ki, peyvənddən imtina edənlərə qarşı müxtəlif ölkələr fərqli siyasət yürüdür.

"Əgər kimsə uşağına peyvənd etdirmirsə, o zaman gərək onu uşaq kollektivinə buraxmasın.

Son bir neçə ayda ABŞ-ın ən böyük ştatlarında qızılca epidemiyasına görə peyvəndsiz uşaqların məktəbə davamiyyəti qadağan edilib, hətta peyvənddən imtina edənlərə cərimə edilib.

Daha sonra isə Almaniyada qadağan edilib. Gürcüstanda son dövrlərdə qızılca tüğyan edirdi.

Sonra Gürcüstandan qızılca Azərbaycana keçdi, xəstəxanalar ağzınadək dolu idi və oradakı uşaqların hamısı peyvəndsiz idi.

Mən valideynlərdən soruşuram ki, niyə vaksin etdirməmisiniz, deyir oxudum ki, ziyandır, rəfiqəm dedi etdirmə və s. Sonra da ağlayır ki, həkim, kömək edin".

Hansı halda peyvənd etdirmək olmaz?


Vaqif Qarayev söyləyir ki, Sovet dövründə peyvənd vurulmasına kifayət qədər əks göstərişlər olsa da, Avropanın son tibbi protokolunda heç bir əks göstəriş yer almayıb.

"Peyvənd sağlam uşağa vurulmalıdır, amma bəzi hallarda həkim özü risk edir. Məsələn, allergiyanın kəskin dövründə və ya çox ciddi xəstəlikləri olan uşaqlara peyvənd vurmaq olmaz, amma digər tərəfi var ki, bu xəstəliklərdə uşağın immuniteti onsuz da çox aşağı olur və tez xəstələnə bilir.

Yəni, bu uşağın bir dərdi varkən, başqa xəstəliyə də yoluxsa necə olacaq, burada peyvənd qərarında həkim risk edəcək. ÜST-nin təlimatında heç qızdırmalı uşaqlara da əks göstəriş yoxdur, amma qurum maarifləndirmə məsələsində əhali və region faktorunu birinci yerə qoyur".

Cənab Qarayev deyir ki, bəzən valideynlər uşaqların peyvəndə qarşı reaksiyalarını fərqli qiymətləndirir və həkimlərdən ciddi müayinələr tələb edə bilir.

"Peyvənd yad zülaldır və müəyyən reaksiyalar gözləniləndir, məsələn, uşaqda 24-72 saat müddətində qızdırma ola bilər, yuxusu narahat ola bilər, amma bunlar keçicidir.

Çox az sayda uşaqda peyvəndlərə qarşı reaksiya olur. Peyvənd əleyhdarları istəyir ki, uşaqlar az qala genetik səviyyədə müayinə olunsun ki, peyvəndə icazə verilsin. Avropada heç adi qan analizini yoxlamırlar".

Vaksinlərin keyfiyyəti


Bəzi valideynlər Azərbaycanda dövlət müəssisələrində vurulan vaksinlərin keyfiyyətindən narazıdırlar, özəl müəssisədə isə qiymətin çox bahalı olduğu qeyd olunur.

İnternetdə bir çox sosial şəbəkə və platformalarda aparılan müzakirələrdə xüsusilə Hindistan istehsalı olan vaksinlərə qarşı mənfi rəy formalaşıb.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, "Hindistan istehsalı olan vaksinlərə qarşı inamsızlıq və narazılığa heç bir əsas yoxdur".

Pediatr Vaqif Qarayev Hindistan istehsalı olan peyvəndlərə qarşı "əsassız ajiotaj" olduğunu düşünür və qeyd edir ki, sırf bu peyvəndlərin əks reaksiya verdiyi hallarla qarşılaşmayıb.

Bakıda poliklinikaların birində çalışan, adının çəkilməsini istəməyən pediatr deyir ki, bütün peyvəndlər ÜST tərəfindən yoxlanıldıqdan və təsdiq olunduqdan sonra satışa buraxılır, amma bəzi peyvəndlərə reaksiyalar fərqli ola bilir.

"Poliklinikalarda Avropada istehsal edilən vaksinlər həmişə olmur, əsasən Hindistan istehsalı olan peyvəndlər olur. Bu peyvəndlərin keyfiyyəti fərqli deyil, sadəcə bir növ tam filtrasiya olmayıb.

Yəni, tərkibi elədir ki, uşaqda reaksiya verə bilir. Özəl klinikada vaksin etdirmək istəyən valideynlər 1 yaşa qədər vurulan peyvəndlərə təxminən 1000 manat pul xərcləməli olacaq".

O söyləyir ki, iki-üç il qabaq peyvəndlərdən kütləvi imtina halları artmışdı, qızılca xəstəliyi yayılandan sonra isə "cammat qorxuya düşərək vaksinasiyaya gəlməyə başlayıb".

"Əgər qızılcanın artmasından əvvəl hər 100 nəfərdən 40-ı peyvənddən imtina edirdisə, indi 20-si imtina edir", adının çəkilməsini istəməyən uşaq həkimi bildirir.

Pediatr söyləyir ki, peyvənddən əvvəl uşağın reaksiyası yox, ancaq qanda hemoqlobinin göstəricisi yoxlanılır, əgər aşağı olsa, uşaqda müalicə aparılır, daha sonra vaksin edilir.

Azərbaycanda yox, xaricdə bəlkə...


Vəfa Əliyeva övladlarına peyvənd etdirməkdən qorxur. O, deyir ki, birinci oğluna peyvənd etdirdikdən sonra onda ciddi əks reaksiyalar olub, uşağın öləcəyini düşünüb, ona görə də sonrakı vaksinlərdən imtina edib.

28 yaşlı ana söyləyir ki, o, nə övladının peyvəndə qarşı verdiyi reaksiyanı, nə də həkimlərin ona "olan şeydir" deməsini xatırlamaq istəyir. Ona görə də Azərbaycanda övladlarına bir daha peyvənd etdirməyi düşünmür.

"O vaxt qeydiyyatda olduğumuz poliklinikada böyük oğluma ilkin peyvəndlərdən bir neçəsini vurmuşdular. Sonra gördüm uşağın rəngi göyərir, bozarır, qızdırması da yüksəlir. Həkimlərə nə qədər dedimsə, hamısı dedi olan şeydir. Uşaq az qala gözümün qabağında ölürdü".

Müsahibimiz deyir ki, bundan sonra qərara gəlib ki, uşaqlarına peyvənd vurulmasını ümumiyyətlə davam etdirməsin. Bu yaxınlarda baş tutan xarici səfəri isə onun fikrini dəyişib.

Macarıstanda başqa məsələ üçün müraciət etdiyi klinikada ona həm uşaqlar, həm də böyüklər üçün peyvənd proqramları haqda məlumat veriblər, bu isə onun vaksinlərə ümidini az da olsa artırıb.

"Mənə peyvəndlərin adı, istehsal yeri, tərkibinin ətraflı yazıldığı kitabçalar verdilər. Dedilər ki, istəsəniz ailələrin razılığı ilə peyvəndlərin vurulma prosesini müşahidə edə bilərsiniz. Ola bilər ki, uşaqlara gələcəkdə orada vaksin etdirək".

Səhiyyə Nazirliyi bildirir ki, Azərbaycanda peyvəndlərin aparılması nəticəsində ölkədə poliomielit xəstəliyi ləğv edilib, difteriya, tetanus, göyöskürək, məxmərək xəstəlikləri azalıb və yox dərəcəsinə enib.

Qurum əhali arasında peyvəndlərə qarşı inamın artırılması üçün səhiyyə işçilərinin ictimaiyyətə vaksinlərin təhlükəsizliyi, effektivliyi, onların tərkibi, peyvəndlərdən sonra baş verə biləcək əlavə təsirlər barədə ətraflı məlumat verdiyini söyləyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar