Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz - MÜSAHİBƏ/FOTO

Tarix: 07-11-2017 11:34     Baxış: 41 394 A- / A+
Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


“Dəri-zöhrəvi xəstəlikləri birbaşa millətin genefonduna zərər vurur”.
“İnsanlar laqeyd olduqca bu xəstələrin sayı artacaq”.
“1-2-ci dövrlərdə 100 faizə qədər nəticə əldə edə biliriksə, sonrakı mərhələlərdə nəticə o qədər də yaxşı olmur”.
“97 faiz cinsi yolla keçirsə, 2-3 faiz məşiət yolu ilə yoluxmaq mümkündür”.
“Dünya elmi sübut edir ki, bu üsullar dəri xərçənginə də səbəb ola bilir”.

Bu fikirləri Respublikanın baş dermatoveneroloqu, Tibb Universitetinin dəri-zöhrəvi kafedrasının müdiri, professor Zülfüqar Fərəcov publika.az-a müsahibəsində deyib. Z.Fərəcov hazırda ölkəmizdə ən çox müşahidə edilən dəri-zöhrəvi xəstəlikləri, onların yayılma səbəbi, saç tökülməsi, dərinin gəncliyini qorumaq üçün istifadə edilən üsullar barədə danışıb.

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


- Zülfüqar həkim, əvvəlcə istərdim ki, bu gün ölkəmizdə daha geniş yayılan dəri-zöhrəvi xəstəliklər barədə məlumat verəsiniz.
- Son illər pullu dəmrov, dərinin göbələk xəstəliklərinin bir çox formaları, əsasən ayaqlarda epidermofitiya, rubrofitiya, oğlan uşaqlarında tirxofitiya kimi xəstəlikləri müşahidə edirik. Trixofitiya daha çox başın tüklü hissəsi və hamar dəridə müşahidə olunur. Oğlan uşaqları idmanla məşğul olur, məsələn, güləşə gedirlər və eyni döşək üzərində məşq edərkən xəstəliyə yoluxurlar. İrsi dəri xəstəliklərinə tez-tez rast gəlirik. Bunun da başlıca səbəbi qohum evliliklərinin çox olmasıdır. Xüsusən də, cənub zonasında, Naxçıvandan müraciət edən xəstələrdə daha çox irsi dermatozlar, məsələn, ixtioz xəstəliyinə təsadüf edirik. Ölkəmizdə həmçinin sklerodermiya, qırmızı qurd eşənəyi kimi xəstəliklər yayılıb ki, əsasən autoimmun xəstəlikləri adlanırlar. Bədxassəli xəstəliklərdən dərinin limfoması, Kapoşi sarkoması kimi xəstəliklərlə bağlı da müraciət edirlər. Bununla yanaşı qotur xəstələri də qeydə alınır.
- Qotur adətən, müharibə şəraitində yayılan xəstəlik deyilmi?
- Qotur xəstəliyi əhali miqrasiya edəndə, ekstremal səraitdə daha çox yayılır. Lakin rayonla şəhər arasında əlaqənin genişlənməsi nəticəsində qotur xəstəliyinə də tez-tez təsadüf edirik.
- Zöhrəvi xəstəliklərindən ən çox hansılar yayılıb?
- Bildiyiniz kimi, bu xəstəliklər cinsi yolla ötürülən infeksiyalardır. Siflis, süzənək xəstəlikləri, torixomanyaz, xlamidiya kimi infeksiyalarla xəstələr müraciət edir. Lakin təəssüfləndirici haldır ki, əhali maariflənməyə meyilli deyil. Biz xəstəyə xəstəliyin fəsadlarını, hazırkı durumu izah edirik, lakin onlar lazım olan müalicəni tam yerinə yetirmirlər. Çox zaman müalicəni tam aparmadıqlarına görə xəstəliyin fəsadlaşmış mərhələsində müraciət edirlər. İnsanlar sanki özlərinə qarşı laqeyd olublar. Bunun nəticəsində sözsüz ki, xəstəliyə yoluxanların sayı da artacaq. Unutmaq olmaz ki, dəri-zöhrəvi xəstəlikləri birbaşa millətin genefonduna zərər vurur. Xüsusən də, zöhrəvi xəstəliklərdə həkim və xəstənin ciddi yanaşması mütləqdir. Zöhrəvi xəstəliklər ikincili sonsuzluqlar əmələ gətirir, bir sıra ağır fəsadlar verir.
- Gec aşkarlanma, türkəçarə və ya yarımçıq müalicə hansı fəsadlara səbəb ola bilər?
- Bizim yanımıza pepipus kimi ağır xəstəliklə müraciət edənlər olur. Belə xəstələr əvvəl ölümə məhkum idi. Son illər tibbin inkişafı ilə belə xəstələrin ömürləri uzanır, kliniki sağlamlıq da əldə edirik. Cənub zonasından bir cavan qızda bu xəstəlik aşkar edilmişdi. Bu, adətən 30 yaşdan sonra qeydə alınır, reproduktiv dövrdə daha aqressiv gedişə malik olur və adətən, 40 yaşdan sonra təsadüf edilir. Bu qızın isə 16 yaşı var idi. Onu xəstəxanada müalicə edilməsini tövsiyə etdik. Lakin ailə qəti şəkildə buna qarşı çıxdı. Ev şəraitində müalicə yazdıq, 1 həftə sonra təkrar müayinə məsləhət gördük. Ancaq ailə bizim diaqnozumuzdan sonra qızı rayonda başqa həkimə göstərib, sonra türkəçarə üsullarla müalicə etməyə çalışıblar. Qızı bir neçə ay sonra xərəkdə gətirdilər. Təəssüf ki, vətəndaşlar xəstəliyin öz-özünə keçib gedəcəyini düşünürlər. Lakin zaman göstərir ki, müalicəsiz heç nə keçmir, əksinə daha böyük fəsad verir. Eyni hal zöhrəvi xəstəliklərinə də aiddir. Siflis xəstəsi birinci dövründə müraciət edərsə, daha yaxşı nəticə əldə etməyə imkan verir. Ancaq xəstələr bəzən müalicədən yayınırlar. Bu zaman isə xəstəlik növbəti mərhələlərə keçir və müalicə çətinləşir. Belə xəstələrə vəziyyət izah edəndə, xəstəxanada müalicə edilməsi tələb olunanda haqlarının pozulduğunu deyirlər. Lakin zöhrəvi xəstəlik millətin genefonduna təsir edən xəstəliklərdəndir. Siflis getdikcə öz dövrlərini dəyişir, daha da ağırlaşır. Əvvəl yara məhdud nayihədə əmələ gəlirsə, sonra digər orqanlara da yayılır və artıq sistem halı daşıyır. Xüsusən, ürək, sinir sisteminə ağır fəsadlar verir. 1-2-ci dövrlərdə 100 faizə qədər nəticə əldə edə biliriksə, sonrakı mərhələlərdə nəticə o qədər də yaxşı olmur.

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


- 2 ildən artıqdır ki, ölkəmizdə nikahdan əvvəl icbari tibbi müayinələr aparılır. Müayinə olunan xəstəliklərdən biri də siflisdir. Bu dövr ərzində 1300-dən çox siflis xəstəsi aşkar edilib. Bu rəqəm gözləniləndir, yoxsa təəccüblü?
- Bu rəqəmə birmənalı şəkildə gözlənilən və ya gözlənilməz demək olmaz. Əsas məsələ bunun səbəbini müəyyən etməkdir. Siflis xəstəliyinə yoluxma hallarının artmasının başlıca səbəblərindən biri insanların gənc yaşlarında xaricə - Rusiya, Ukrayna, Belarus kimi ölkələrə olan səfərləridir. Gənclər emosional olur, bu səfərlər zamanı təsadüfi cinsi münasibətlərdən xəstəliklərə yoluxurlar. Ölkəyə gələndə isə onu yaymağa başlayırlar. Ən əsası vaxtında müraciət etmirlər. Siflisin mənfi cəhətlərindən biri də birinci dövründə əmələ gələn xora öz-özünə yox ola bilir. İnsanlar bunu sağalma kimi başa düşür. Lakin bir müddət sonra hər hansı soyuqdəymə, bədəninin immunitetindəki dəyişiklik nəticəsində xəstəlik yenidən baş qaldırır. İkinci dövründə xəstəlik allergiyaya bənzəyir, həkimlər ona allergik diaqnoz da qoya bilərlər, hətta bir müddət sonra bu allergiyalar da sağala bilər. Sonra isə bədənin məhdud nayihələrində - qoltuqaltı çuxur, qasıq, əllərin içərisi, ayaqların altı, boynun arxa hissəsində səpkilər əmələ gələ bilir.
- Xəstəlik yoluxmuş şəxs təkcə özü üçün deyil, bir evdə yaşadığı ailə üzvlərinə və həyat yoldaşına da təhlükə yaradır...
- Şübhəsiz. Xəstəliyin ikinci dövründə ağızda yaralar əmələ gəlir. Həmin şəxs ailəlidirsə, əşyalar, alt paltarları vasitəsilə də keçə bilir. Ona görə buna həm də məişət siflisi də deyirlər. Bu xəstəlik cinsi yolla yanaşı məişətdə eyni əşyalardan istifadə ilə də yayılır. Buna 97 faiz cinsi yolla keçirsə, 2-3 faiz məşiət yolu ilə yoluxmaq mümkündür. Həmçinin bu xəstəlik hamiləliyin ikinci yarısında anadan da dölə keçə bilər.
- Nikahdan əvvəl icbari tibbi müayinələr nəticəsində aşkarlanan siflis xəstələrinin hamısı müalicəyə cəlb edilib?
- Həmin xəstələrin hamısı dispanser müalicəyə cəlb olunur. Amma bir az sağalandan sonra xəstəlik ümumi vəziyyətlərinə təsir etmədiyindən özlərini sağlam hesab edirlər. Belə xəstələr müalicədən yayına bilirlər.
- Siflis aşkarlanandan sonra nikahdan imtina edən cütlük olub?
- Siflis müalicə olunan xəstəlikdir. Vaxtında müraciət edildikdə, tam sağalmaq mümkündür. Lakin təkrar yoluxma da inkar edilmir. 3-cü dövrdə artıq daxili orqanlar və sinir sistemində problemlər yaranır, ağır fəsadlar verir. Ürəkdə kardiovaskulyar sistemdə dəyişiklik olur. Bir dəfə qadında ikincili təzəli siflis aşkarlanmışdı. Yoldaşını da müayinə etdik, onda siflis gizli gedirdi. Kişi ailə qurmamışdan əvvəl şübhəli kontaktı olub və oradan süznək xəstəliyinə yoluxub. Poliklinikalarda ona iynə təyin ediblər və ifrazat dayanıb. Bununla da oğlan sağlam olduğunu düşünərək ailə qurub. Sonra yoldaşı hamilə olanda onda ikincili təzəli siflis aşkarlanıb. Qadını müalicə etdik, uşaq sağlam dünyaya gəldi. Həm də kişi müalicəyə cəlb edildi. Ona görə də siflis kimi xəstəliklərlə dermetonevroloq məşğul olmalıdır ki, problemi vaxtında aşkarlayıb, düzgün diaqnoz qoya bilsin.

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


- Dəri-zöhrəvi xəstəliklərinə yoluxmaların sayında artım varmı?
- Bəli, artım müşahidə edilir. Lakin bunu bütün xəstəliklərə aid etmək olmaz.
- Bölgələrdə və paytaxtda hansı növ dəri-zöhrəvi xəstəliklər daha çox yayılıb?
- Bizə bütün bölgələrdən müraciət edirlər. Cənub bölgəsində əsasən irsi dəri xəstəlikləri daha çox müşahidə olunur. Bunun da başlıca səbəbi qohum nikahların üstünlük təşkil etməsidir. Naxçıvan bölgəsində də oxşar vəziyyət var. Zöhrəvi xəstəliklər əsasən Şəmkir, Gəncə, Tovuz zonalarda yayılıb. Bu da həmin bölgələrdə insanların daha çox miqrasiya etməsi ilə bağlıdır.
- Dəri və zöhrəvi xəstəlikləri insana hansı yollarla yoluxur?
- Zöhrəvi xəstəliklərində əsas yol cinsi əlaqədir. Dəri xəstəliklərində isə konkret fikir demək çətindir. Çünki 2 mindən çox xəstəlik növü var, bunların çoxunun etiopotegenizmi məlum deyil. Bəzilərində isə məlumdur və ona uyğun müalicə aparılır. Bizdə dəri xəstəlikləri arasında ən çox irsi yolla ötürülənlər geniş yayılıb. Aortaimmun xəstəliklərə çox təsadüf edirik. Dəri xəstəliklərinin inkişafında ekoloji faktorlar da mühüm rol oynayır. Ekoloji faktorlar səbəbindən dərinin bədxassəli xəstəlikləri dəri xərçəngi, dəri törəmələri yarana bilər. Endokrinoloji dəyişikliklər də dəri xəstəliklərinə səbəb olur.
Peşə ilə əlaqədar olaraq yaranan dəri xəstəlikləri var. Ekzema, dərinin intihamı kimi xəstəliklər daha çox uzun müddət günəş şüalarının təsiri altında qalanlarda yarana bilər. Həmçinin küləyin təsirindən allergik övrə yarana bilər. Meteoroloji faktorlardan dodaqların forması dəyişə bilər, bu da dəri xəstəliklərindən biri hesab edilir.
- Düzdür, indi mövsümü deyil. Lakin günəş vannaları qəbul etmək dəridə hansı fəsadlar yarada bilər?
- Günəş vannaları bədənimiz üçün nə qədər vacib olsa da, səhər saat 10-dan sonra zərərli hesab edilir. Hətta bədxassəli xəstəliklərin yaranmasına da səbəb ola bilər. Mümkün halda ancaq səhər və axşam saatlarında Günəş vannası qəbul etmək olar.
- Amma bəzi sahələr var ki, orada çalışanlar günorta saatlarında belə Günəş şüalarının altında işləməli olurlar. Bu sözləriniz onları qorxuya sala bilər.
- Düzdür, bölgələrimizdə təsərüfatla məşğul olan insanlar var ki, onlar bu cür şəraitdə işləyirlər. Onlar qorxuya düşməsinlər. Sadəcə Günəş şüalarının təsirindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görməlidirlər. İri papaqlar, qapalı geyimlər, xüsusi kremlərdən istifadə edə bilərlər. Günorta vaxtı 1 saat Günəş şüalarının təsiri altında olandan sonra dəridə quruluq, yanıqlar əmələ gələ bilər.

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


- Süni üsullarla dərinin rəngini qaraltmaq üçün solyaridən istifadə edirlər. Bu da Günəş şüaları qədər zərərlidirmi?
- Uzun müddət bu üsullardan istifadə sözsüz ki, dəriyə mənfi təsir göstərir. Dünya elmi sübut edir ki, bu üsullar dəridə bir çox problemlər yarana, hətta dəri xərçənginə də səbəb ola bilir. Təcrübəmizdə də belə hallarla qarşılaşmışıq.
- Bəzən Günəş kremlərinin də dəriyə zərər verdiyini deyirlər...
- Əbəttə, məhsul keyfiyyətsiz hazırlanıbsa, zərəri olacaq. Lakin bu məhsulların istehsal edildiyi bir çox ölkələr keyfiyyətə həssas yanaşır. Həmin kremlərdən istifadə zərərli hesab olunmur. Ad çəkib reklam etmək istəmirəm, lakin mən özüm də günəş kremlərindən istifadə edirəm. Bir məqam da var ki, bəzi insanların dərisi həssas olur və kremlərin tərkibindəki hər hansı komponentə reaksiya verə bilir. Ancaq bu kremin zərərli olduğu anlamına gəlməməlidir.
- Saç tökülməsi də dəri problemidir. Deyərdim ki, son vaxtların ən aktual problemlərindən biridir. Bəzən heç bir üsul bu prosesi müsbət təsir etmir...
- Bu problemin qarşısını almaq üçün əvvəlcə səbəbi bilmək lazımdır. Saç tökülməsinin ocaqlı, total, ümumi seyrəlmə formaları var. Bunların hər bir fərdi yanaşma tələb edir. Saç tökülməsində qidalanma, ekoloji, endokrinoloji faktorlar mühüm səbəblərdəndir. Ən çox da endokrinoloji dəyişikliklər səbəbindən saçlar tökülür. Xalq arasında zob kimi tanınan xəstəlik, hətta siflis xəstəliyi, saçların tökülməsinə səbəb olur. Bu xəstəlikləri müalicə edəndən sonra tökülmə dayanır. Həmçinin bədxassəli şişlər zamanı bəzi dərmanların qəbulu da saç tökülməsinə səbəb olur. Eyni zamanda endrogenik saçların tökülməsi problemi də var ki, bu da hormonlardakı problem səbəbindən yaranır. Bu səbəbdən qaynaqlanan problemi də aradan qaldırmaq mümkündür.
- Son dövrlər tökülən saçların yeri əkdirməklə doldurulur.
- Saç əkdirmək texnologiyasına ehtiyatla yanaşmaq lazımdır. Məsələn, saç tökülməsi sebariya xəstəliyi səbəbindən baş verirsə, birinci xəstəliyi müalicə etmək lazımdır. Saç tökülməsinə səbəb olan xəstəliyi müalicə etməsək, bədən əkilmiş saçı da qəbul etməyə bilər. Çoxları isə insanlar problemin dərinliyinə varmadan addım atırlar.

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


- Dərinin qocalmasını gecikdirmək son dövrlərin aktual mövzularındandır. Düzdür, bu xəstəlik deyil. Təbii prosesdir, lakin insanlar üzündə qırış görmək istəmir və bunun üçün müxtəlif üsullara əl atırlar. Tez-tez müəyyən qidaların qocalmanı gecikdirməsi barədə oxuyuruq. Bu yanaşma nə qədər doğru ola bilər?
- Süni surətdə dərinin qaraldanda o quruyur, nəfəs almasını çətinləşir və dəridə qırışlar əmələ gəlir. Təcrübəmdə də müşahidə etmişəm ki, sürücülər uzun müddət eyni istiqamətdə Günəş şüalarının təsirində olduqlarından üzlərinin bir tərəfinin dərisi daha çox qırışır. Eləcə də, vitaminləri qəbul etməklə dərini qidalandıra bilirik. Qəbul etdiyimiz qidalar dərinin qurumasının qarşısını alır və qocalmaya təsir edə bilir.
- Bəzi gəncləşdirici kremlər reklam edilir. Onların qırışları aradan qaldırdığı deyilir. Bunlar nə qədər təsirli olur?
- Qidalandırıcı kremlər dərinin qan dövranı, sinir uclarını qidalanmasına müsbət təsir göstərir. Dərinin funksiyalarına təsir edir və özünübərpa prosesi daha da sürətlənir. Nəticədə dəri cavan görünür.
- Qidalar və kremlərlə yanaşı mezoterapiya kimi üsullar da tətbiq edilir. Bu üsul barədə nə deyə bilərsiniz? Hansı yaşdan sonra istifadə daha doğrudur?
- Bu cür kosmetoloji üsulları inkar etmirik. Bəzi qadınlar qırışlarla barışa bilmir və odur ki, mezoterapiyaya üz tututur. Kremlərlə birlikdə mezoterapiyanın müsbət tərəfləri var. Bu cür proseslər üçün konkret yaş olmasa da, 30 yaşdan sonra edilməsi daha məsləhətli olar.

Bir gecəlik həzzdən gələn xəstəliklər və məhv olan genefondumuz


- Əvvəllər müşahidə edilməyən hansı dəri-zöhrəvi xəstəliyinə artıq ölkəmizdə rast gəlirsiniz?
- Düzünü desəm belə bir xəstəlik ağlıma gəlmir. Lakin bəzi dəri-zöhrəvi xəstəliklərinin rast gəlinmə tezliyi artıb. Sudurja, pepifus, siflis xəstəliyi so vaxtlar azərbayvcanda artıb. Burada ekoloji və irsi faktorları rolu böyükdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar