Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qurban kəsilən xəstəlik: Azərbaycanda əvvəl yox olub … Sonra yenidən peyda oldu

Tarix: 30-09-2017 22:13     Baxış: 4738 A- / A+
Qurban kəsilən xəstəlik: Azərbaycanda əvvəl yox olub


Məktəblər açılıb, uşaqlar arasında xəstəliklərin kütləvi yayılması üçün münbit şərait yaranıb. Qızılca, suçiçəyi, qrip və hava-damçı yolu ilə keçən digər xəstəliklərlə bağlı valideynlərdə narahatlıqlar yaranmağa başlayıb.
“The Telegraph” yazır ki, Britaniya ilk dəfə olaraq qızılca xəstəliyini ləğv edib. Bunun dəqiq təsdiqlənməsi üçün növbəti 36 ayda yeni xəstəlik halları qeydə alınmamalıdır.Məqalədə deyilir ki, Birləşmiş Krallıq bu nəticəyə artıq 1990-cı illərdə çox yaxın idi, lakin o zaman işləri peyvənd kampaniyasındakı fasilələr pozmuşdu. Səhiyyə rəsmiləri bidirirlər ki, 5-yaşlılar arasında xəstəliyin qarşısı 95 faiz alınıb. Avropa Regional Qiymətləndirmə Komissiyası bəyan edib ki, Britaniya 2016-cı ildən bəri qızılcasız ölkə statusu qazanıb. Rəsmilər bildirirlər ki, bu nailiyyətin əldə edilməsi üçün uşaqların peyvənd edilməsi 95 faizə çatdırılıb. 1990-cı illərdə qızılca vaksinlərinin guya autizmə səbəb olduğu barəsində iddialar valideynləri uşaqlarını peyvənd etdirməkdən çəkindirmişdi. Lakin sonrakı illərdə bu iddianın tamamilə əsassız olduğu təsdiqlənmişdi.

7 ayda olmayıb, bəs sonra?
Bəs Azərbaycada qızılca ilə bağı vəziyyət necədir? Ekspertlər vəziyyəti qiymətləndirmək üçün tədris mövsümünü ən uğurlu zaman hesab edirlər. Yəni, uşaqlar arasında qızılcanın hansı səviyyədə yayılmasını məhz məktəb və uşaq bağçalarında müəyyən etmək daha asandır. Rəsmi məlumatlara görə, 2017-ci ilin 6 ayı ərzində respublikada idarə olunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirlib ki, hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi xəstəlikləri qeydə alınıb. Kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunub.
Yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib. Ümumilikdə immunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339, difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946, difteriya-tetanus əleyhinə vaksini ilə 1715, inaktivləşdirilmiş poliomielit vaksini ilə 1074, qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807, hepatit əleyhinə vaksinlə 326, pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunub. Ümumiyyətlə, nazirlik bildirir ki, Nazirlər Kabinetinin 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı”ndan sonra son 3 ildə xəstəliyə yoluxma minimuma enib. Halbuki, 2017-ci ilin yanvar ayında Avropada 500 qızılca halı qeydə alınıb. Hətta Rumıniyada 20-yə yaxın ölüm hadisəsi qeydə alınıb.
Yox oldu və yenidən peyda oldu
Maraqlısı budur ki, 2009-cu ildən başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmırdı. Əhali arasında peyvəndlənmənin buna müsbət təsirindən rəsmi qurumlar ağızdolusu danışırdılar. 2013-cü ildə Avropa regionunda qızılca sürətlə yayılmağa başladı və Azərbaycandan da yan keçmədi. Həmin il Azərbaycanda qızlcaya yoluxma halları qeydə alındı. Məktəblərdə xəstəliklə əlaqədar kütləvi şəkildə dərsdən yayınmalar qeydə alındı. Rəsmilər vəziyyətin gərgin olmadığını, nəzarət altında olduğunu bildirsələr də, valideynlərdən narahatlıq dolu çıxışlar səsləndi. Lakın bir neçə ay sonra qızılca “kabusu” ortadan qalxdı. “2014-cü ildən etibarən ölkədə qızılca xəstəliyi qeydə alınmayıb. Biz hətta adi səpkili xəstələrin də müayinəsini aparırıq. Laborator müayinələr göstərir ki, Azərbaycanda qızılca xəstəliyi yoxdur”,- deyə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi.

Qurban kəsilən xəstəlik
Qızılca virus xəstəliyidir. Bu infeksiya hava-damcı yolu ilə yayılır. Xəstə asqırdıqda, öskürdükdə, danışdıqda (ağız suyunun mikroskopik damcılarıyla) ətraf mühitə yayılır. İnfeksiyanın mənbəyi yalnız xəstə insan sayılır, yəni infeksiya 3-cü şəxslərdən, ümumi məişət əşyalarından, oyuncaqlardan və s. yollarla xəstə insandan sağlam insana keçir. Xəstəliyin inkubasiya dövrü (xəstəliyə yoluxmadan xəstəliyin ilkin əlamətləri meydana çıxan müddət) təxminən 7-14 gün təşkil edir. Xəstə hərarət qalxdığı gündən səpmənin 4-cü-5-ci gününə kimi ətrafdakıları bu infeksiyaya yoluxdura bilər. Səpmənin 5-ci günündən xəstə yoluxucu sayılmır. El arasında bu xəsətliyə “qırmızı xəstəlik” deyilir. Qədimlərdə qızılcaya yoluxan insanın olduğu otaqda qırmızı pərdə asar, ətrafa qırmızı rəngli əşyalar qoyar, həttə xəstəni qırmızı parçaya bükərdilər. Qırmızı rəng işığın birbaşa uşağın gözünə düşməsinin qarşısını alırdı. Qədimlərdə qızılcanı “Allahın lütfü” kimi qəbul edirdilər. Uşaq qızılca olanda qoçun başına qırmızı bağlayırdılar, qurban kəsirdilər. Bu xəstəliyin müalicəsi üçün heç bir tədbir görülməzdi. Nəticədə ölüm halları artardı.
Beynin iltihabına aparan yol
Xəstəliyi keçirən insanın orqanizmində bu xəstəliyə qarşı ömürlük və davamlı immunitet yaranır. Lakin bəzi istisna hallarda (immunitetin kəskin düşməsi və s.) insan bu xəstəliyə təkrar yoluxa bilər. Milli peyvənd təqviminə görə, Azərbaycanda bütün uşaqlar bu xəstəliyə qarşı peyvənd olunur. Pediatr Nazlı Səmədovanın sözlərinə görə, peyvənd olunmuş uşaq da qızılcaya yoluxa bilər. Lakin peyvənd olunmuş uşaqlarla müqayisədə peyvənd olunmamış uşaqlarda bu infeksiya daha tez-tez hallarda müxtəlif və bəzən çox ağır fəsadlara səbəb olur: “Əsasən orta qulağın iltihabı, korluq, pnevmoniya, laringit, stomatit, boyunun limfatik düyünlərinin iltihabı, hətta beyinin iltihabı da müşahidə oluna bilər”.
Səpməzdən əvvəl…
Xəstəliyin əlamətlərinə gəlincə, bədəndə qırmızı nöqtələr görünməyə başlamazdan əvvəl hərarət 38-39 dərəcəyə yüksəlir. Halsızlıqdan, iştahanın kəskin azalması, başağrısı başlayır. Xəstədə zökəm, quru, kobud öskürək, gözün selikli qişasının iltihabı inkişaf edir. Xəstəliyin 2-3-cü günü yanaqların selikli qişalarında səpgilər əmələ gəlir. Xarici görünüşünə görə bu səpgilər manna yarmasına bənzəyir. Xəstəliyin 4–5-ci günləri çəhrayi rəngdə xırda, sıx-sıx səpgilər əmələ gəlir. Əvvəl səpgilər xəstənin qulaqlarının arxasında və alnında, daha sonra isə üzündə, boynunda, bədənində və ətraflarında əmələ gəlir. Səpgilər ləkələr formasında ola bilər, ləkələrin arasında sağlam dəri sahələri görünür.
Səpmənin maksimal dövründə hərarət yenidən yüksək rəqəmlərə (39-40°C) qalxa bilər. Səpgilər 4-7 gün ərzində qalır və daha sonra yox olmağa başlayır. Səpgilərin yerində qəhvəyi rəngdə qabıq verən piqmentasiya ocaqları qalır. Təxminən 2 həftədən sonra dəri tam təmizlənir. Onu da nəzərinizə çatdıraq ki, xəstəliyi keçirən insanın immuniteti yalnız 1 aydan sonra bərpa olunur. Bu səbəbdən qızılcanı keçirmiş insan bu müddət ərzində özünü qorumalıdır. Qızılcaya yoluxan xəstələr adətən, ev şəraitində müalicə alır. Xəstəlik ağır keçdikdə xəstə stasionar şəraitdə müalicəyə cəlb olunur. Həkim bildirir ki, xəstəliyin xüsusi müalicəsi yoxdur, müalicə simptomatik xarakter daşıyır. Hərarəti aşağı salan, bəlğəmgətirici dərmanlar, göz və zökəm əleyhinə damcılar təyin olunur. Xəstəyə çoxlu miqdarda maye və sulu yeməklər verilməli və yataq rejimində müalicə edilməlidir. Antibiotik dəstəyi ancaq xüsusi ağırlaşmalar olduqda təyin edilir. Xəstə insan mütləq halda təcrid edilməlidir. Məktəbə, uşaq bağçasına göndərmək xəstəliyin yayılması deməkdir. Xəstə olan otaq gündə bir neçə dəfə silinməli, otağın havası tez-tez dəyişilməlidir.
Peyvənd təhlükəni önləyir
Unutmaq olmaz ki, qızılca kəskin yoluxucu xəstəlikdir. Onunla uşaqlar və böyüklər xəstələnə bilərlər. Bu xəstəlik zəif və raxitli uşaqlar üçün xüsusən, 2-3 yaşına qədər çox qorxuludur. Qızılca keçirən uşaqlar başqa yoluxucu xəstəliklərə də çox asan tutula bilərlər. Qızılcanın törədicisi olan viruslar xəstənin yuxarı tənəffüs yollarında və gözün selikli qişasında yerləşir. Ağırlaşma xəstəliyin həm başlanğıcında, həm də sonrakı günlərdə baş verə bilər. Orqanizmi zəif olan uşaqlarda qızılca agciyərin iltihabı ilə başlayır və 2-3gün sonra səpki əmələ gəlməyə başlayır. Bu qısa müddət uşaq üçün çox təhlükəlidir.
Həkim uşaqların bu təhlükədən vaxtında xilas olması üçün peyvəndə xüsusi diqqəti vacib hesab edir. Valideynlərə isə uşaqlarına peyvənd etdirməkdən yayınmamaq tövsiyə olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar