Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Həyəcan siqnalı ilə Mingəçevirə, oradan da Laçına yola düşdük..." - Döyüş Xatirələri

Tarix: 18-05-2019 11:51     Baxış: 3447 A- / A+
"Həyəcan siqnalı ilə Mingəçevirə, oradan da Laçına yola düşdük..." - Döyüş Xatirələri


Bədnam qonşularımız tərəfindən işğal edilmiş qədim yurd yerlərimizdən biri də Laçın rayonudur. Bu rayon “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnaklarının təcavüzkar siyasətinin acı nəticəsi olaraq 1992-ci ilin may ayının 18-də işğal olunub...

İşğal nəticəsində rayon sakinlərindən 264 nəfəri şəhid olmuş, 65 nəfəri girov götürülmüş, 103 nəfəri isə əlil olmuşdur. Erməni vəhşiliyi ilə bağlı doğma ata-baba ocaqlarını tərk etmək məcburiyyətində qalaraq respublikamızın müxtəlif şəhər və rayonlarına pənah gətirən laçınlı soydaşlarımızın Vətən həsrəti, iyirmi ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də hər birimizin, hər bir azərbaycanlının qəlbini göynədir...Laçın rayonunun bir sıra yaşayış məntəqələrinin, eləcə də yüksəkliklərin müdafiəsi uğrunda gedən döyüşlər zamanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti də fəal iştirak etmiş, erməni daşnaklarına sarsıdıcı zərbələr vuraraq, düşməni geri çəkilməyə məcbur etmişlər.

Bu döyüşlər zamanı qoşunların onlarla hərbi qulluqçusu şəhid olmuş, 4 nəfəri itkin düşmüş, 11 nəfəri isə yaralanmışdır.

Onu da qeyd etmək lazımdır ki, Daxili Qoşunların döyüş yolu tarixində özünəməxsus yeri olan və bu rayonun müdafiəsi uğrunda gedən hərbi əməliyyatlarda şəxsi heyətin göstərdiyi qəhrəmanlıqlar təəssüflər olsun ki, bu gün çox az adama məlumdur.

Beləliklə, Daxili Qoşunların vaxtı ilə Laçında yerləşən 15013 saylı hərbi hissəsinin tərkibində xidmət etmiş hərbi qulluqçularımızın – polkovnik Əhliman İlmazovun, polkovnik-leytenant Aydın Zahidovun, baş gizir Elşən Sadıqovun, eləcə də qoşunların veteranları; ehtiyatda olan polkovnik-leytenant Namaz Qasımovun və çavuş Rövşən Göyçəyevin burada gedən döyüşlərlə bağlı xatirələrini sizlərə təqdim edirik.

ƏSGƏRLƏRİMİZ QƏHRƏMANCASINA VURUŞURDULAR…

İlk müsahibim vaxtı ilə “baş leytenant” hərbi rütbəsində Daxili Qoşunların Laçın rayonunun müdafiəsində iştirak edən hərbi hissəsinin komandirinin tərbiyə işləri üzrə müavini olmuş polkovnik Əhliman İlmazovdur (hazırda Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandiri - A.Ə). Aradan xeyli müddət keçməsinə baxmayaraq, polkovnik Ə.İlmazov o günləri yaxşı xatırladığını deyir: “1992-ci ilin noyabrın 7-də taborumuz həyəcan siqnalı ilə qaldırılaraq, Mingəçevirə, oradan da Ağdam-Ağdərə-Kəlbəcər yolu ilə Laçına gətirildi. O vaxt tabora kapitan Akif Məmmədov komandirlik edirdi. Biz burada bir gecədə postlarda mövqe tutan könüllü döyüşçüləri dəyişməli olduq. Bu döyüşçülərdən bəziləri hətta postu təhvil verəndə, göz yaşını saxlaya bilmirdilər. Bizim sıralarımızda gənc, təcrübəsiz əsgərlər üstünlük təşkil edirdi. Onlar deyirdilər ki, ermənilər bizim postları gənc əsgərlərə təhvil verdiyimizi bilsələr, ürəklənib hücum edəcəklər. 500-dək könüllü döyüşçünü 200 nəfərə yaxın hərbi qulluqçu ilə dəyişərək postlarda mövqe tutub Fingə kəndinin müdafiəsində dayandıq. Bir həftədən sonra həqiqətən də qızğın döyüşlər başladı. Döyüşçülərimizin qəhrəmanlığı sayəsində bu hücumların qarşısını ala bildik.

Bizimlə Daxili Qoşunların Baş İdarəsi arasında demək olar ki, rabitə və ya digər hər hansı bir əlaqə yox idi. 1993-cü ilin yanvar ayında tərkibində o zaman qoşunların qərargah rəisinin müavini olmuş mayor Qabil Zamanovun, rəhmətlik polkovnik-leytenant Siyavuş Rüstəmovun, kapitan Bayram Xankişiyevin və leytenant Namiq Poladovun da olduğu Baş İdarənin bir qrup zabiti axtara-axtara gəlib bizi Laçında tapa bildilər. Bundan sonra taborumuz 15013 saylı hərbi hissə kimi yenidən formalaşmağa başladı. Bununla əlaqədar Təzəkənddə yerləşən qərargahımızda tədbir də təşkil olunmuşdu. Tədbirdə hərbi hissənin yaradılması barədə müvafiq əmr şəxsi heyətə elan olunduqdan sonra, Baş İdarədən gəlmiş nümayəndələr tərəfindən döyüşlərdə fərqlənən bir qrup hərbi qulluqçularımız Daxili Qoşunlar Komandanı adından qol saatı və digər qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Təminatımıza gəlincə, bu o qədər də yaxşı deyildi. Bizim silahımız yalnız avtomatdan ibarət idi. Lakin sonradan düşməndən qənimət kimi əldə etdiyimiz bəzi silah növləri ilə müdafiəmizi nisbətən gücləndirə bilmişdik. Hərbi qulluqçuların qidalanmasının vəziyyəti də yaxşı deyildi. Ərzaq sarıdan çətinliyimiz daha çox idi.

Lakin bütün bunlara baxmayaraq, əsgərlərimiz qəhrəmancasına vuruşurdular. Vətən yolunda canından keçərək şəhid olmuş silahdaşlarımız da oldu...

Mən 1993-cü ilin mart ayınadək Laçında qaldım. Martın 8-də isə vəzifəmin dəyişməsi ilə əlaqədar Bakıya qayıtmalı oldum”.

ŞƏXSİ HEYƏTİN DÖYÜŞ RUHU YÜKSƏK İDİ...

O zamanlar “leytenant” hərbi rütbəsində bölük komandiri kimi xidmət etmiş polkovnik-leytenant Aydın Zahidov şəxsi heyətin göstərdiyi qəhrəmanlıqları unutmayacağını və Vətənimizin belə qeyrətli oğulları ilə qürur duyduğunu bildirdi: “... Laçın rayonunun Fingə, Qozlu, Haqnəzər kəndlərinin və Sarıbaba dağının müdafiəsi uğrunda gedən döyüşlərdə Daxili qoşunların şəxsi heyəti əsl qəhrəmanlıqlar nümayiş etdirərək, erməni qaniçənlərinə layiq olduqları cavabı vermişlər.

Sarıbaba dağı bölüyümüz tərəfindən müdafiə olunan və hərbi-strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən məntəqələrdən biri idi. Belə ki, burada yerləşən postlarımızdan “Laçın dəhlizi” (Ermənistandan Dağlıq Qarabağa gedən qısa və əsas magistral yol Laçın rayonu ərazisindən keçdiyi üçün belə adlanır. Bu dəhlizin ermənilərin nəzarətinə keçməsi ilə ərazilərimizin işğalı prosesi sürətlənmiş oldu - A.Ə.) aydın görünürdü. Onu da qeyd edim ki, Sarıbaba dağındakı postlarımıza gedən yol Təzəkənddə yerləşən qərargahımızdan xeyli uzaqda və relyef baxımından çətin keçilə bilən məsafədə yerləşirdi. Bundan əlavə, şəxsi heyətin sayı nisbətən az olduğundan, müdafiə xəttini təşkil edən postlar arasındakı məsafə də geniş idi. Təbii ki, məsafənin xeyli uzaq olması və nəqliyyat vasitəsinin yoxluğu şəxsi heyətin təminatında bir çox çətinliklərə gətirib çıxarırdı. Ona görə də sursatların və ərzağın postlara daşınması əsgərlər tərəfindən piyada yolla həyata keçirilirdi. Lakin, bu kimi çətinliklərə baxmayaraq, şəxsi heyətin döyüş ruhu olduqca yüksək idi. Düşmənin dəfələrlə Sarıbaba dağındakı postlarımıza etdiyi hücumların cəsur döyüşçülərimiz tərəfindən qətiyyətlə alınması bunu deməyə əsas verir. Bu baxımdan, qeyd etdiyim yaşayış məntəqələrinin, həmçinin bir sıra yüksəkliklərin müdafiəsi zamanı şəxsi heyətin göstərdiyi qəhrəmanlıqları hərb tariximizin şanlı səhifələri kimi qiymətləndirmək olar”.

HƏR QARIŞI ŞƏHİD QANI İLƏ YOĞRULAN VƏTƏN TORPAĞI...


Baş çavuş Elşən Sadıqov da vaxtı ilə Laçının müdafiəsində dayanan hərbi hissəmizin tərkibində “sıravi” hərbi qulluqçu kimi xidmət edib (hazırda Daxili Qoşunlarda xidmətini davam etdirir – A.Ə.). Rayon ərazisindəki Sarıbaba dağının, eləcə də Ərikli, Qozlu, İpəkli və Fingə kəndlərinin müdafiəsi uğrunda erməni daşnaklarına qarşı döyüşüb. Baş çavuş E.Sadıqov Laçında vuruşaraq qəhrəmancasına şəhid olmuş döyüşçü yoldaşlarının xatirəsini heç zaman unutmayacağını, onların intiqamını erməni daşnaklarından almağa hər zaman hazır olduğunu bildirdi: “...1992-ci ilin iyulunda müstəqil ölkəmizin vətəndaşı kimi həqiqi hərbi xidmətə çağırılmışam. Həmin ilin noyabrın əvvəllərində isə Daxili Qoşunların əsgəri kimi doğma Laçınımızın müdafiəsinə yollanmışam.

Bir neçə gündən sonra, rayonun Fingə kəndi yaxınlığında erməni təcavüzkarlarına qarşı ağır döyüşümüz oldu. Baş vermiş bu döyüşdə şəxsi heyətin qətiyyəti və güclü müqaviməti nəticəsində düşmən çoxsaylı tələfat verərək geri çəkilmək məcburiyyətində qaldı. Sonralar Laçının digər yaşayış məntəqələri və yüksəkliklərinin müdafiəsində iştirak etdim.

İştirakçısı olduğum bu döyüşlərdən mənim həyatıma ən çox təsiri olan, Fingə kəndi yaxınlığındakı 10 nəfərlik postumuza düşmənin qəfil hücumu olub. Daşnakların bizdən qat-qat çox olmasına baxmayaraq, onlara qarşı güclü müqavimət göstərə bilirdik. Lakin, döyüşlərin gedişində mövqelərimizin minamyot atəşinə tutulması nəticəsində 8 nəfər şəhid verməklə, postu tərk etmək məcburiyyətində qaldıq... Döyüşdə bel nahiyəmdən yaralandığımdan, İlham adlı əsgər yoldaşımın köməkliyi ilə birtəhər Qozlu kəndinə gətirildim. O dövrdə hərbi hissəmizin ayrıca tibb məntəqəsi yox idi. Bu baxımdan tibb məntəqəmiz sakinləri tərəfindən tərk edilmiş kənddəki evlərdən birində yerləşirdi”.

Bu arada baş çavuş E.Sadıqov Laçın döyüşlərindən tək xatirə olaraq saxladığı və burada vuruşan konüllülərdən ibarət Laçın taborunun döyüşçüləri ilə birgə çəkdirdiyi fotoşəkili mənə göstərir. Bir müddət fikirli halda şəkilə baxdıqdan sonra, yenidən sözünə davam edir: “... Hərbi qulluqçularımızın bir çoxu Laçının müdafiəsi zamanı qəhrəmancasına həlak oldu. Səngərlərdə şəhid olmuş döyüşçü yoldaşlarımın səsləri bu gün də qulaqlarımdan getmir... Bakıdan Ağabala İbrahimov, İlham Məmmədov, Kürdəmirdən Rauf Misirov, Hacıqabuldan Əzizağa Əsədov, Naxçıvandan Babək (soyadını unudub – A.Ə.) və Zaqataladan Samir Süleymanov məhz belə döyüşçülərimizdəndir.

İnanıram ki, hər qarışı şəhid oğullarımızın qanı ilə yoğrulmuş müqəddəs Vətən torpaqlarının azad ediləcəyi gün uzaqda deyil. Şəhidlərimizin intiqamını mənfur düşmənlərimizdən almağa, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda bu gün də döyüşməyə hazıram...”.


ƏN AĞIR DÖYÜŞÜMÜZ TƏZƏKƏNDDƏ OLDU...


Daxili Qoşunların veteranı, Şamaxı rayonunun Poladlı kənd sakini (hazırda bu kənd Qobustan rayonunun tərkibindədir – A.Ə.) Rövşən Göyçəyev o dövrdə “çavuş” rütbəsində qoşunların Laçının müdafiəsində dayanan 15013 saylı hərbi hissəsində taqım komandiri kimi xidmət edib. Hərbi hissənin yaranması ilə əlaqədar Təzəkənddəki qərargahda təşkil edilmiş mərasimdə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı adından qol saatı ilə mükafatlandırılmış cəsur döyüşçülərimizdən biri də məhz Rövşən olmuşdur.

R.Göyçəyev indiyədək qoruyub saxladığı cibb dəftərçəsini çıxarıb, Laçında xidmət etdiyi dövrdə öz xətti ilə yazdığı qeydləri mənə göstərir. Dəftərçədə tabeçiliyində vuruşan əsgərlərin adlı siyahısı, ünvanları, eləcə də xronoloji ardıcıllıqla baş vermiş döyüşlər barədə qiymətli məlumatlar qeyd olunub:

“... 07 noyabr 1992-ci il. Həyəcan siqnalı ilə Mingəçevirə, oradan da Laçına yola düşdük.

10 noyabr 1992-ci il. Axşam Fingə kəndinə gəldik. Noyabrın 11-də bizi İpək-1 kəndinə, oradan da Sarıbaba dağına gətirdilər.

19 noyabr 1992-ci il. Saat 10-00-da ermənilər bizim mövqelərə hücum etdilər. Döyüş axşam saatlarınadək davam etdi. Biz bu döyüşdə dəqiq sayı yadımda deyil, təxminən 8-10 nəfərədək şəhid verdik. Bir o qədər də döyüşçü yoldaşımız müxtəlif dərəcəli güllə yarası aldı. Həmin axşam biz Qozlu kəndinə geri çəkilməli olduq.

23 noyabr 1992-ci il. Haqnəzər kəndi ətrafındakı yüksəkliklərdə yerləşən postlarımızda mövqe tutduq.

24 noyabr 1992-ci il. Mən və bir-neçə əsgər yoldaşım baş leytenant Əhliman İlmazovun rəhbərliyi ilə Haqnəzərdən Qozluya qayıtdıq. Məqsəd buradakı postlarımızdan birini əldə saxlamaq idi. Lakin həmin vaxt ermənilər Qozlu kəndini müxtəlif növ silahlardan, o cümlədən minamyotlardan güclü atəşə tutduğundan, burada az bir qüvvə ilə qalmaq mümkün olmadı. Düşmənə nisbətən bizim silahımız yalnız avtomatlardan ibarət idi. Ermənilər isə silah və texnika sarıdan bizdən qat-qat üstün idi. Bizim isə yaralı əsgərimizi qospitala aparmağa belə maşınımız yox idi. Bu səbəbdən biz yenidən Haqnəzər kəndinə qayıtmalı olduq. Lakin bir müddət sonra Haqnəzər kəndi də düşmənin güclü hücumuna məruz qaldı. Təpədən-dırnağadək silahlanmış düşmənin hücumu qarşısında 25.11.1992-ci il tarixdə döyüşə-döyüşə Təzəkənd istiqamətində geri çəkilməyə məcbur olduq”.

Laçında iştirakçısı olduğu döyüşlərin içərisində ən ağırının məhz Təzəkənddə baş verdiyini deyən Rövşən, əsgərlərimizin qətiyyəti nəticəsində düşmənin xeyli itki verərək, geri çəkildiyini bildirdi: “... Təzəkənddə Daxili Qoşunlardan əlavə, könüllülərdən ibarət olan Laçın taboru da yerləşmişdi. Bizdən fərqli olaraq, Laçın taborunun döyüş əməliyyatlarını müvəffəqiyyətlə aparması üçün lazım olan silah və hərbi texnikası vardı. Bir sıra döyüşlərdə düşmənin məğlub edilərək geri çəkilməsində bu taborun bizə (Daxili Qoşunlara - A.Ə.) dəstəyi böyük olmuşdur. Yaxşı yadımdadır, 1992-ci ilin noyabrın 29-da ermənilər Təzəkənd istiqamətində bizim mövqelərə yenidən hücuma keçmişdi. Məhz bu taborun bizə dəstəyi nəticəsində daşnaklar bu dəfə də xeyli itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bu məğlubiyyətin əvəzini çıxmaq üçün qarşıdakı günlərdə düşmən dəfələrlə bizim mövqelərə hücum çəksə də, şəxsi heyətin qəhrəmanlığı sayəsində hər dəfə də burunları ovularaq geri çəkilməyə məcbur olurdu.

Təzəkənd istiqamətində ən şiddətli döyüşlər isə 1993-cü ilin yanvarın 5-də səhər saat 7-də başladı. İki gün gecə-gündüz davam edən bu döyüşlərdə düşmən qüvvə baxımından bizdən xeyli üstün olsa da, Daxili Qoşunların və Laçın taborunun döyüşçülərinin birgə fəaliyyəti nəticəsində ermənilər canlı qüvvə və texnika sarıdan xeyli itki verdilər. Məğlub olmuş düşmən geri çəkilərkən, Sarıbaba dağının ətəyində bir tankı və xeyli sayda canlı qüvvəsi məhv edildi. Onu da qeyd edim ki, döyüşlər gedən müddətdə əsgərlərimiz iki gün ac qalmalarına baxmayaraq, hər biri qəhrəmancasına vuruşurdular.

Mənim taqımımın əsgəri, snayper Saleh Hüseynov bu döyüşdə 9 erməni yaraqlısını öldürmüş, 7-sini isə yaralamışdır. Bu döyüşdən sonra, onun igidliyi və şücaəti nəzərə alınaraq, manqa komandiri təyin edilmişdi.

Ümumiyyətlə, Laçında gedən bir sıra döyüşlərdə taqımımın fərqlənmiş əsgərlərindən Şamaxıdan Mübariz Əliyevin, rayonun Məlikçobanlı kəndindən Asimin, Çölbağırlı kəndindən Hafiz Allahverdiyevin, Quşçu kəndindən Misir Hüseynov, Balakənin Hənifə kəndindən Mübariz Şeyxovun, Şəkidən Arazın, bu rayonun Qoxmuq kəndindən Vüqar Qədirovun, Göyçay rayon Hacalı kəndindən Əhliman Salmanovun, Sabirabad rayon Şəhriyar kəndindən İlham Hüseynovun, həmin rayonun Minbaşı kəndindən Nizami Qəhrəmanovun, Tovuz rayonu Dondar-Quşçu kəndindən Bayram Paşayevin, Neftçala rayonu 2-ci Qaralı kəndindən Taleh Həsənovun, Biləsuvar rayonundan Saleh Hüseynov və Əhəd Bəyalıyevin, Bərdənin Məmmədli kəndindən Füzuli Əliyevin, həmin rayonun Yeni Əyrici kəndindən Ziya Hüseynovun, Lerikin Soru kəndindən Daşqın Abbasovun, Qusar rayon Urva kəndindən Polad Eyvazovun, Saatlının Smadakəndindən Gülalı Bədəlovun, Bakının Əmircan kəndindən Fəxrəddinin və Bakıxanov qəsəbəsindən Mehdi Xəlilovun adlarını qeyd edə bilərəm”.

Rövşənin cib dəftərçəsində diqqətimi çəkən ən maraqlı qeydlərdən biri də 1993-cü ilin martın 26-da Təzəkənddə taqımın hər bir döyüşçüsü üçün yazılmış 14 bəndlik şeir oldu (Şeirdə adları qeyd olunan, həmçinin Rövşənin döyüşlərdə hər zaman fərqlənmiş əsgərlər kimi xatırladığı Saleh Hüseynov və Əhəd Bəyalıyev sonralar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar – A.Ə). Şeirin iki – ilk və son bəndlərini sizə təqdim edirəm:

Biz Fingədə qardaş olduq,

Təzəkənddə qardaş olduq.

Ermənidir düşmənimiz,

Vuruşuruq ürəklə biz.


Bir-bir keçir günlərimiz,

Qardaş olduq beş ayda biz.

Biz möhkəmcə dostlaşmışıq,

Sanki bir anadanıq.

R.Göyçəyev martın 12-dən 25-dək on nəfər əsgər yoldaşı ilə birgə məzuniyyətə buraxıldığını, Laçına qayıtdıqdan sonra, burada qızğın döyüşlərin getdiyini bildirdi: “... 1993-cü il martın 24-də biz Yevlaxa, 25-də isə oradan helikopterlə Laçına gəldik. Artıq Laçında qızğın döyüşlər başlamışdı. Martın 27-dən 31-dək Təzəkənd uğrunda qanlı döyüşlər oldu. Bu döyüşdə taqımımın əsgəri Taleh Həsənov düşmən snayperinə tuş gələrək, topuğundan yaralandı. Martın 31-i gecə saat 00:15-də bizə ermənilərin Kəlbəcəri işğal etməklə, “Tunel yolu” (Sıldırım qayaların altından keçən və 180 metr uzunluğu olan bu tunel Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən yeganə avtomobil yolu idi – A.Ə.) deyilən ərazini tutduqlarını və bununla da mühasirəyə düşdüyümüzü bildirdilər. Bundan sonra, gecəykən ayrı-ayrı qruplar şəklində ərazini tərk etməli olduq. Onu da qeyd edim ki, hərbi hissəmizin qərargah rəisi olmuş baş leytenant Namaz Qasımovun özü də Laçını ən son tərk edən belə qruplardan birinin tərkibində idi. Bizim 3 nəfərlik qrup Murov dağı istiqamətində təxminən bir sutka yol qət etdikdən sonra, Kəlbəcər rayonunun əhalisi tərk edilmiş kəndlərindən birinin girəcəyinə çatanda, yaxınlıqdakı evlərin birindən səs eşitdik. Yaxınlaşıb, diqqətlə qulaq asanda, evdə olanların azərbaycan dilində danışıqlarından bildik ki, hərbi hissəmizin əsgərləridir. Yaxınlaşanda gördük ki, baş leytenant N.Qasımov 7-8 nəfər hərbi qulluqçumuzla buradadır. O, ayaqları şişdiyindən bizə artıq yeriməyə taqətinin olmadığını və burada qalmaq istədiyini bildirərək, göstərdiyi istiqamətdə getməyimizi təkid etdi. Lakin, bizim ona: “Komandir, sizsiz heç yerə gedən deyilik!”-deyə sözümüzdə israr etdiyimizi görüb, hamımızın birlikdə gedəcəyimizə razı sala bildik. Bundan sonra, baş leytenant N.Qasımovla birgə 6 sutka ac-susuz, şaxtalı havada, gecə-gündüz qarlı-palçıqlı yollarla Murov dağına, oradan isə Xanlar rayonuna (indiki Göygöl rayonu – A.Ə.) gəldik...”.


EŞİTDİKLƏRİMƏ İNANA BİLMİRDİM...

O zamanlar “baş leytenant” hərbi rütbəsində 15013 saylı hərbi hissə komandirinin 1-ci müavini-Qərargah rəisi olmuş Namaz Qasımovun (hazırda Daxili Qoşunların veteranı, e.o. polkovnik-leytenant - A.Ə) fikirləri məhz Qoşunların döyüş yolu tarixində mühüm yeri olan Laçın döyüşləri barədə geniş təsəvvür yaradır.

Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə 1993-cü ilin yanvar ayında bu vəzifəyə təyin olunduğunu deyən N.Qasımov, həmin ilin aprel ayının əvvəllərinədək, yəni hərbi hissə ləğv edilənə qədər bu vəzifədə xidmət etdiyini bildirdi: “... Düzdür, aradan xeyli müddət keçsə də, Laçınla bağlı xatirələr heç zaman yaddaşımdan silinməyib. Laçına yola düşməyimiz, şəxsi heyətin erməni silahlılarına qarşı fədakarcasına vuruşması, nəhayət Kəlbəcər ərazisindən keçən yolun daşnakların nəzarətinə keçməsi nəticəsində düşmən əhatəsində qalan bölmələrimizin mühasirəni yararaq oradan çıxması və s. yaşadığımız o ağrılı-acılı günlər indi də xatirimdədir...

Yaxşı yadımdadır, 1993-cü ilin yanvar ayında Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsindən 40 nəfər sıravi döyüşçü ilə birgə Hacıqabuldakı hərbi hissəyə gəldik. Oradan da 2 baş atı xizəklə birlikdə maşına yükləyib, Ağdərə rayonunun Ortakənd kəndinə yola düşdük. Bura çatdıqdan sonra, Ağdərə-Kəlbəcər yolu ilə Laçın istiqamətində hərəkətimizi davam etdirdik. Sumqayıtdakı hərbi hissədə xidmət edən və əslən Kəlbəcər rayonunun Mollabayramlı kəndindən olan sıravi İsmayıl İsmayılovu gedəcəyimiz yola bələdçilik etməsi üçün özümüzlə aparırdıq. Həmin yolda maşın karvanımız iki dəfə düşmən atəşinə məruz qalsa da, biz təkidlə yolumuza davam edirdik. Nəhayət, gecə saat 02:00-da Kəlbəcər rayonuna gəlib çatdıq. Güclü qar yağdığından,maşın karvanının Laçın rayonunun Təzəkənd istiqamətində irəliləməsi çətinləşmişdi. Kəlbəcər rayon icra nümayəndəsinin köməkliyi ilə ayrılmış traktorla yol qardan təmizləndikdən sonra, maşın karvanı təyin olunmuş yerə gəlib çatdı”.

Bu arada N.Qasımov indiyədək qoruyub saxladığı və Laçını xatırladan 3 ədəd fotoşəkli göstərib, sözünə davam edir: “Gördüyün bu fotolar 1993-cü ilin fevral ayının 3-də Təzəkənddə yerləşən qərargahımızın önündə hərbi hissəmizin yaranması münasibəti ilə təşkil olunmuş mərasimdə çəkilib...

Bu fotoşəkil, o zaman Daxili Qoşunların Qərargah rəisinin müavini olmuş mayor Q.Zamanov tərəfindən müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağını mənə təqdim edərkən çəkilib. Tədbirdən öncə, onunla birgə səngərləri yoxladıq, müdafiənin daha etibarlı təşkil olunması ilə əlaqədar müvafiq tapşırıqlarını verdi. Həmin müddətdə Daxili Qoşunların tibb xidmətinin rəisi olmuş rəhmətlik polkovnik S.Rüstəmov şəxsi heyəti müayinədən keçirərək, ehtiyacı olanlara yerindəcə tibbi yardım göstərirdi...

Bu fotoşəkildə isə, DQBİ-dən gələn nümayəndə heyəti tərəfindən hissə komandirimiz kapitan Akif Məmmədova qiymətli hədiyyə təqdim olunur...

Sonuncunu isə qərargahımızın önündə hissənin döyüşçüləri ilə bigə, kollektiv olaraq çəkdirmişdik...”.

Çəkdirilən sonuncu bu fotoşəkilə diqqətlə baxdıqda, qəhrəman döyüşçülərimizin üzlərindəki təbəssümü açıq-aydın görmək olur. Kollektiv arasında yüksək döyüş və vətənpərvərlik əhval-ruhiyyəsinin olduğundan xəbər verən bu təbəssümün arxasında həmçinin düşmən üzərində qələbə çalacaqlarına inam hissi də duyulur...

Veteran silahdaşımız Kəlbəcərdən keçən yolun tutulması ilə əlaqədar düşmən mühasirəsində qalan bölmələrimizin Laçındakı mövqeləri tərk etmək məcburiyyətində qaldıqları o ağrılı-acılı günləri heç zaman unutmayacağını bildirdi: “...1993-cü ilin martın 28-də hərbçilərimiz Təzəkəndə sursat və ərzaq təminatını gətirmək üçün Kəlbəcərin Kürdhacılı kəndinə getdilər. Həmin günün axşamı idi, təqribən saat 22 olardı. Tabor komandirimiz kapitan Akif Məmmədov mənimlə rabitə əlaqəsi saxlayaraq, Müdafiə Nazirliyinin Kəlbəcərdə olan hissəsinin Kürdhacılı kəndindən çıxdığını və bu rayona köməyə getdiyini bildirdi. Mən eşitdiklərimə inana bilmirdim. Belə çıxırdı ki, bizim Laçındakı mövqelərimiz düşmən mühasirəsinə düşüb. Dərhal ikimizin arasında olan parolu soruşdum. O, parolu dedikdən sonra, səngərləri tərk etməyimiz barədə əmr verdi. Bununla yanaşı, sağ və sol cinahlarımızın boşalması barədə məni məlumatlandırdı. Beləliklə, Kəlbəcərdən keçən yolun ermənilərin nəzarətinə keçməsi ilə əlaqədar, bizim Laçında müdafiə olunan bölmələrimiz düşmənin mühasirəsinə düşmüş oldu...

Hissə komandirinin əmrinə əsasən, mən bölük komandirlərinə müvafiq tapşırıqları verdim. Beləliklə, 29.03.1993-cü il tarixdə saat 03-də Vaqazin kəndi istiqamətində 4 dəstəyə bölünərək hərəkətə başladıq. Saat 12 radələrində Zavod kəndinə gəlib çatdıq. Bizim qərargahımız artıq bu kənddə yerləşirdi. Tam tərkibdə gəlməyimiz barədə hissə komandiri kapitan A.Məmmədova məruzə etdim. Növbəti duracaq yerimizin Laçının Kəlbəcər istiqamətində yerləşən Ərikli kəndi olacağı barədə tapşırıq verildi. Biz bir neçə saatdan sonra Ərikli kəndində mövqelərimizi tutduq. Düşmən bizi təqib edirdi. Piçənis kəndində Müdafiə Nazirliyinin Laçın alayının şəxsi heyəti onların qarşısını döyüşərək aldılar. Ərikli kəndindən gecə saat 04-də (30.03.1993-cü il tarixdə) Kəlbəcər istiqamətində hərəkətə başladıq və axşam tərəfi Kəlbəcər rayonunun Zülfüqarlı kəndinə gəldik. Martın 31-də bu kənddə olarkən bizə məlumat verdilər ki, “Tunel yolu” ermənilər tərəfindən tutulub. Axşam komandirimiz toplantı keçirtdi və yaylaq yolu ilə çıxmağımıza qərar verdi. Biz Qoçdaş deyilən dağın zirvəsinə çatanda, Kəlbəcər şəhərinin od-alova büründüyünü gördük. Mühasirədə olduğumuzu və getdikcə həlqənin daraldığını açıq-aydın hiss edirdik. Quzeyçirkin kəndində bir neçə saat dayanmağı qərara aldıq. Kəşfiyyat gözətçi qrupu Kəlbəcər-Ağdərə yolunu yoxlamaq üçün müşahidə aparmağa göndərildi. Müşahidənin nəticələri aydın olduqdan sonra, Qamışlı körpü düşmən tərəfindən nəzarətə götürüldüyünə görə, Çaylı və Qılınclı kəndini keçib, Nadirxanlı kəndindən Murovdağ tərəfə qalxmağa məcbur olduq. Nadirxanlı kəndi ətrafında iki dəstəyə bölündük. Daşkəsən istiqamətində gedən birinci dəstəyə kapitan A.Məmmədov, Murovdağ istiqamətində hərəkət edən digər dəstəyə isə mən rəhbərlik etməli oldum...

Biz aprelin 4-də Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində görüşdük. Daxili Qoşunlar Komandanının 15013 saylı hərbi hissəsinin ləğv edilməsi barədə müvafiq əmri hərbi hissəyə daxil olduqdan sonra, hissəmizin şəxsi heyətini və silah sursatını qoşunların Gəncədə yerləşən hərbi hissəsinə təhvil verdik...”.

Beləliklə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Laçının müdafiəsi uğrunda 1992-ci ilin noyabrın 7-dən etibarən başlayan döyüş yolu, çox təəssüflər olsun ki, 1993-cü il martın 31-də Kəlbəcər rayonu ərazisindəki “Tunel yolu” deyilən ərazinin erməni daşnaklarının əlinə keçməsi nəticəsində Laçında döyüşən bölmələrimizin düşmən mühasirəsini yarıb çıxması ilə sona çatmış oldu...

Məlumat üçün qeyd edək ki, Daxili Qoşunların Arxivində saxlanılan «1992-1994-cü illərdə Daxili Qoşunlar üzrə şəhid olmuş hərbi qulluqçuların siyahısı»nda 4 nəfər, «1992-1994-cü illərdə döyüş əməliyyatları zamanı itkin düşmüş hərbi qulluqçuların siyahısı»nda 4 nəfər, həmçinin «1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralananların siyahısı»nda isə 13 nəfər hərbi qulluqçumuzun Laçın rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olması, itkin düşməsi və yaralanması faktları öz təsdiqini tapıb.

İnanırıq ki, digər tarixi yurd yerlərimiz kimi, doğma Laçınımız da düşmən tapdağından azad ediləcək, laçınlı soydaşlarımız öz ata-baba torpaqlarına qayıdacaqlar...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar