Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

"17 yaşlı qızı əvvəl dizindən vurdu, sonra da alnından…" – Azərbaycan qadınının müharibə hekayəti

Tarix: 10-07-2018 12:02     Baxış: 3360 A- / A+
"17 yaşlı qızı əvvəl dizindən vurdu, sonra da alnından…" – Azərbaycan qadınının müharibə hekayəti




Bir qız təsəvvür edin. Məktəbdən, dərsdən qaçıb, böyüklərlə birlikdə mitinqdə "Azadlıq" deyə qışqıran 15 yaşlı bir məktəbli...

... Bir qız təsəvvür edin. İnstituta daxil olsa da, bir dəfə belə, ora ayaq basmayan, əvəzində könüllü şəkildə hərbi hospitalda işləyib, yaralı əsgərlərin qayğısına qalan 17 yaşlı bir yeniyetmə...

... Bir qız təsəvvür edin. Qarabağda döyüşə getmək üçün günlərlə hərbi komissarlığın qarşısında oturan, onu aparmırlar deyə əsəbdən benzin töküb, həyəti yandırmaq istəyən dəli-dolu bir qız...

... Bir qız təsəvvür edin. Hərbi hospitala gələn döyüşçüyə qoşulub, ailəsindən gizli Şuşaya döyüşməyə gedən, ürəyi vətən eşqilə döyünən 18 yaşlı bir gənc...

... Bir qız təsəvvür edin. Qorxub, çəkinmədən bir ermənini öldürən, ikisini yaralayan, hətta buna görə həbsxanada yatan kişi kimi bir qız...

Təsəvvür edə bildiniz? Əslində, heç təsəvvür eləməyə gərək də yoxdu. Çünki xəyali yox, real qəhrəmandı bu xanım. Bu dəfə sizə məhz onun döyüş yolunu təqdim edəcəm.

"19 yaşım tamam olmamış evdən qaçdım"

Kəmalə Əliyeva 1973-cü il fevralın 21-də Bakıda dünyaya gəlib. Ramanada 252 saylı orta məktəbdə təhsil alıb. Azadlıq hərəkatı başlayanda məktəbin son sinfində oxuyurdu.

- Meydan hərəkatı başlayanda təhsilin "daşını atdım". Bütün fikrim-zikrim mitinqlərdə idi. Dərsdən qaçıb, gedirdim mitinqə. Məktəbdə, evdə hamı məni axtarışa verirdi ki, bu qız hara yoxa çıxdı. Biləndə mitinqə gedirəm, danlayırdılar ki, uşaqsan, sən nə bilirsən azadlıq, etiraz, mitinq nədi. Belə baxanda 15 yaşım vardı da, uşaq idim. Yaşıdlarımın başı kitab-dəftərə qarışmışdı, mən isə o yaşda azadlıq mücadiləsinə başlamışdım. O vaxtkı hadisələri, siyasi xəbərləri izləyirdim. 1990-cı il 20 yanvar hadisələri baş verəndə isə özümə yer tapa bilmirdim. Məni ən çox 13 yaşlı məktəblilər - Larisa Məmmədova və İlqar İbrahimovun ölümü sarsıtmışdı. Amma o hadisə həyatımda həlledici rol oynadı. Ermənilərə, sovet ordusuna o qədər nifrət edirdim ki, onlara qarşı döyüşəcəyimə söz vermişdim. Həmin il Bədən Tərbiyəsi İnstitutuna girmişdim. Amma bir dəfə də ora getmədim. Məqsədim Qarabağa döyüş bölgəsinə getmək idi. Ona görə də getdim Hərbi Komissarlığa ki, məni Qarabağa göndərin. Dedilər, uşaqsan, get təhsil al, oxu, sən institutu bitirənə kimi müharibə də bitər. Etiraz elədim. Günlərlə "voenkomat"ın həyətində otururdum. Ağlayıb özümü yerə çırpırdım ki, məni də aparın, aparmırdılar. Bir gün gördüm əsgərlərlə dolu avtobus yola düşür. Qaçıb mindim ki, mən də gedirəm. Yenə qoymadılar, zorla məni avtobusdan düşürtdülər. O qədər əsəbiydim ki, bilmirdim neyləyim. Getdim yanacaqdoldurma məntəqəsinə, benzin aldım. Girdim komissarlığın həyətinə, benzini tökdüm divarlarına. Dedim, məni döyüşə göndərməsəz, hər yeri yandıracam. Kibriti çəkmək istəyəndə tutdular məni. Amma heç nə eləmədilər. Yenə təsəlli verdilər ki, get evə, müharibə qurtaracaq tezliklə. Gördüm bunlar məni aparan deyil, Papanində yerləşən Hərbi Hospitala gəldim. Orda tibb bacıları kimi işləyən Sevda və Mərziyə ilə tanış oldum. O vaxt hospitalda xadimə, sanitar işçisi, tibb bacıları çatmırdı. Mən onların yanında loru dillə desəm, şagirdlik edirdim. Hər işə əl atırdım. Yaralıları daşımağa kömək edirdim, nəsə lazım olurdu, buyururdular, gedib alırdım. Şəhidləri, yaralıları Badamdara gətirirdilər. Ora gedib, yaralıları hospitala yerləşdirməyə yardım edirdim. Xəstələrin altını təmizləyirdim, paltarını dəyişirdim, yəni heç nədən çəkinmədən, özümə əskiklik bilmədən, canla-başla əlimdən gələn köməyi əsirgəmirdim.

Ordakı yaralı əsgərləri, şəhidləri görəndən, xəstələrin söhbətlərini eşidəndən sonra qəti qərarımı verdim ki, nə yolla olur-olsun mütləq Qarabağa gedib ermənilərə qarşı vuruşacam. Elə 1991-ci ilin mayında, hələ 19 yaşım tamam olmamış, evdə heç kimə heç nə demədən, gizli şəkildə hospitala gələn döyüşçülərin birinə qoşulub getdim Şuşaya.

"Atam bir neçə il məni dindirmədi, evə də buraxmırdı"

Bununla da Kəmalə Əliyevanın döyüş yolu başlayır. 7 ay Şuşada Nail Kazımovun komandir olduğu könüllülər batalyonunda, sonra Şuşada N saylı hərbi hissədə xidmət keçir.

- Nə yalan deyim, təzə gedəndə silah səsindən qorxurdum. Düzdü, məktəbdə hərbi hazırlıq dərsində silah görmüşdük. Tir də atırdıq. Özü də o qədər xoşum gəlirdi ki, məktəbdən sonra tək də gedib atırdım. Amma ilk dəfə əsl silah səsləri eşidəndə vahimələndim. Bəlkə də o həyatı yaşamamışdım deyə mənə çətin gəlirdi. Güllə səsindən o qədər qorxurdum ki, deyirdim, məni geri qaytarın. 10 gün sonra məni Bakıya qaytarmaq istədilər, qayıtmadım. Çünki artıq alışdım o səsə, o həyata. Getdim komandirə dedim ki, məni döyüş bölgəsinə buraxın. İcazə vermədi, dedi, bizim dəstədə kişilər ola-ola qadın posta çıxmaz. Orda olanda bir gün gördüm döyüşçülər yığışıb. Dedilər erməni əsir tutmuşuq. İlk dəfə onda gördüm erməni döyüşçü. Əvvəl inanmadım, elə bildim mənimlə zarafatlaşırlar. Çünki ermənilərə necə nifrət etdiyimi bilirdilər. Amma gördüm yox e, zarafat deyil. Bıçağı götürüb hücum edəndə tağım komandirim Rövşən Əkbərov gəldi, qoymadı. Təpiklə vurdu, bıçaq əlimdən düşdü.

Yuxarıda dediyim kimi, Kəmalə Şuşaya gedəndə evdə heç kimə deməmişdi. Təbii ki, ailəsi narahat olur, hər yerdə onu axtarmağa başlayır. Bir neçə gündən sonra evə zəng vurub, döyüş bölgəsinə getdiyini anasına bildirir. Bundan sonra atası Kəmalədən üz döndərir.

- Döyüş bölgəsinə getdiyimi evdə desəydim, valideynlərim icazə verməyəcəkdilər, əlbəttə. Əsas da atam çox mühafizəkar kişiydi. Ona görə də gizli getdim. Atam biləndən sonra məndən küsdü. Təxminən 4 il döyüş bölgəsində olmuşam. O müddətdə atam mənimlə danışmadı. Mən tərxis olunandan bir neçə il sonra barışdı.

"Əynimdəki köynəyi cırdım, içalatını qarnına yığıb sarıdım"

Döyüşçü kimi posta ilk dəfə Kosalar kəndində çıxıb. Bir neçə ay Kosalarda qalandan sonra Laçında yuxarı Qışlaqda, Ağdam, Füzulidə xidmət edib.

- Kosalarda hərbi hissə məktəbdə yerləşmişdi. 1992-ci ilin mart ayında ağır döyüş olmuşdu. Nə qədər şəhid gətirmişdilər. Hamısını bir sinif otağında üst-üstə yığmışdılar, çünki yer, şərait yox idi. Ceyranla gedib otağın qapısını açdım. O mənzərəni görüb, dəhşətə gəldim. Ondan sonra səngərə çıxdım. Həm döyüşürdüm, həm yaralılara kömək edirdim, onları döyüş bölgəsindən çıxarırdım. Yadımdadı, Kosalarda döyüş gedirdi. Gördüm bir əsgərimiz yaralı vəziyyətdə zarıyır. Yaxınlaşdım yanına, dedi, su istəyirəm, ölürəm, bir qurtum su ver. Elə bir yerdəydik ki, su da yox idi. Qar yağmışdı. Qarı sürtürdüm ağzına ki, yanğısı azalsın. Dedi, qar istəmirəm, su istəyirəm. Yaxınlıqda bir balaca gölməçə vardı, içinə su yığılmışdı. Fikirləşdim ki, ordan bunun yanına suyu necə gətirim? Qab, stəkan yoxdu. Ovcuma doldurub gətirsəm, yanına çatana kimi tökülüb gedəcək. Əynimdən koftamı çıxartdım, saldım o suyun içinə, amma sıxmadım. Aparıb sıxdım üzünə, su ağzına töküldü, içdi, sonra da şəhid oldu. Nə qədər cavan uşaq gözümün qabağında şəhid olub. Yalvarırdılar ki, qoyma ölüm. Kömək edə bildiyimə edirdim, sağ qalırdı, eləsi də olurdu heç bir yardım fayda vermirdi. O anda necə çarəsiz olduğumu, əzab çəkdiyimi təsəvvür edin. Bir dəfə də gördüm döyüşçü can verir. Tək idi, yanında heç kim yoxuydu. İçalatı tökülmüşdü çölə, ağzından köpük gəlirdi. İlk dəfəydi elə dəhşətli şey görürdüm. Başqa döyüşçülər də yığışdı yanına. O vaxtı ağ cızıqlı gəmiçi maykaları geyinirdik. Əynimdən köynəyimi çıxarıb cırdım. Əlimlə içalatını yığdım qarnına, köynəklə möhkəm sıxıb bağladım ki, meyit o vəziyyətdə qalmasın. Döyüş zamanı elə bir psixoloji durumda olurduq ki, sözlə ifadə eləmək olmur. Bircə döyüş yoldaşının həyatını xilas edə bilmək üçün öz canından keçməyə də hazır olursan. Bir döyüşçüyə qan lazım idi. Elə bilmişəm ki, qolumu doğrayıb, axan qanı toplasam, ona qan verəcəm. Heç nəyə baxmadan götürüb qolumu doğramışam. Bıçağı əlimdən alıblar ki, qanı belə vermirlər.

Bəzən o qədər şəhid olurdu ki, məsciddə meyiti yuyub qüsullamağa adam tapılmırdı. Özümüz girib meyitləri yuyub çıxırdıq. Fikirləşmirdik ki, bu, qadındı, ya kişidi. Hamısı evimizin, elimizin adamıydı, canımızdan bir parçaydı bizim üçün.

Hərdən o vaxtla indini müqayisə edirəm - yerlə göy qədər fərq var. İndi orduda hər şey yerli-yerindədi. Amma bizim vaxtımızda nə normal döyüş forması, nə silah-sursat, texnika, nə də yemək, şərait olub. O dövrdə silah, şərait olsaydı, heç bir torpaq əldən getməzdi. Bir silahı 7 nəfər işlədirdi. Biz rahatçılıq görməmişik. Sevda, Mərziyə və mən - üçümüz bir yataqda yatırdıq. İkisi baş-ayaq yatırdı. Mən postda qalırdım. Sonra növbəylə birimiz yatıb, birimiz dururduq. Bir-birimizin paltarını geyinirdik. Ac qaldığımız günlər çox olub. Elə olurdu, maşın, məsələn, Daşaltıdan keçib yemək gətirə bilmirdi. Eləcə qatılaşdırılmış süd yeyirdik ki, şirəsi mədəmizi aldatsın.

"İsgəndər Həmidov məni o ki var döydü"

Xanım döyüşçü orduda xidmət etdiyi illər ərzində müxtəlif hadisələrlə, problemlərlə, çətinliklərlə qarşılaşıb. Amma bu hadisə ona o qədər pis təsir edib ki, ölənə qədər gözünün qarşısından getməyəcək. Deyir, o hadisəni mənə unutduran olsa, dünyanın ən xoşbəxti olaram.

- 1992-ci il sentyabrın 8-i idi. Bakıya dəfn etmək üçün 28 şəhid gətirmişdik. O şəhidlərdən 10 nəfərinin şəxsiyyəti məlum idi. Amma 18-nin cəsədi elə dəhşətli vəziyyətdəydi ki, şəxsiyyətlərini müəyyənləşdirə bilməmişdik. Həmin 10 şəhidi Şəhidlər Xiyabanında dəfn etdik. 18 şəhidə isə yer vermədilər. Meyitlər qaldı əlimizdə. Hava istiydi, iri milçəklər yığışırdı cəsədlərin üstünə. Artıq az qalmışdı havalanaq əsəbdən. Getdik Prezident Aparatının qarşısına, başladıq etiraz eləməyə ki, yer verin, şəhidlərimizi basdıraq. Bizi qəbul etmədilər. Mühafizədə Tofiq adlı şəxs vardı, mənimlə əl-qolla danışdı, kobudluq etdi. Arxadan girdim içəri – indi ora qəbul otağıdır - şüşələri sındırdım, stolları dağıtdım. Gəlib bizi tutdular. Allahşükür Paşazadə gəldi. Danışıb Şəhidlər Xiyabanında yer ayırdılar, şəhidlərimizi naməlum şəhidlər kimi dəfn etdik. Dəfndə fatihə verib çıxırdım ki, gördüm yanımda bir nəfər dayandı, əlində də avtomat. Məni maşına oturtmaqla avtomatın arxasıyla boynumdan vurmağı bir oldu. O biri yoldaşlarımızı tutmuşdular. Sən demə, həmin gün Marqaret Tetçer Bakıda səfərdə imiş. Ona etiraz olaraq mitinq keçirilmişdi. Bizim o səfərdən, mitinqdən heç xəbərimiz yox idi. Amma bizi də mitinq iştirakçıları kimi tutmuşdular. Gətirdilər bizi Səbail rayon polis şöbəsinə. Orda İsgəndər Həmidov gəlib məni o ki var döydü. Sonra bizi Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Ürəyi soyumadı, orda da məni futbol topu kimi təpiklədi. Bədənim göm-göy idi. 1993-cü ilin fevral ayına kimi həbsdə qaldım. Məhkəmədə təqsirim olmadığı aydınlaşdı və 2 il şərti iş verib buraxdılar. Artıq mart ayında Şuşada - Kosalarda xidmətdəydim.

Kəmalə Əliyeva Füzulinin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Hətta o zaman kontuziya da alıb.

- Ağır döyüşlər gedirdi. Hər iki tərəfdən itkilər vardı. Yaralıları döyüş bölgəsindən çıxarmağa çalışırdıq. Bir neçə əsgərimiz qayanın başında idi, biz də aşağıdan yaralını götürüb qaldırmalıydıq yuxarı. Amma nə qədər edirdik, qaldıra bilmirdik. Yoxuş idi deyə sürüşüb düşürdük aşağı. Bilmirdik neyniyək. Kəndir də yox. Axırı yuxarıdakı əsgərlər şalvarlarını soyunub, balaqlarını bağladılar bir-birinə, kəndir kimi salladılar aşağı. Ondan tutub yaralını çiynimizdə yuxarı qaldırdıq. Orda mən qayadan sürüşüb yıxıldım. Başım daşa dəyib, huşumu itirdim. Ayılanda gördüm xəstəxanadayam. Bir müddət xəstəxanada yatdım. Kontuziya almışdım. Xəstəxanadan çıxandan sonra havalanmışdım sanki. İndiyə kimi də o zədənin fəsadları məndə qalır. Bir döyüşdə də ayağımdan qəlpə yaraları almışam. Amma birbaşa atəşdən yaralanmamışam.

"O qızın meyitini özüm gətirdim"

Bir hadisəni də danışır xanım döyüşçü. Amma bu dəfə fəxrlə, sevinərək, peşmançılıq çəkmədən.

- Şuşada olanda bir erməni döyüşçünü əsir tutduq. Onu Bakıda Müdafiə Nazirliyinə aparmalı idilər. Amma məni ermənini "oğurladım", UAZ-la gətirdim Bakıya, şəhid olan döyüşçü qadın Rəhilənin qəbri üstündə öldürdüm onu. Polislərə xəbər verdilər. Tutub apardılar məni. 15 gün təcridxanada qaldım. Dedilər, erməni olmasa, anan ağladı, o, ləzgidi. Mənə məsləhət gördülər ki, özünə vəkil tut. Dedim, ehtiyacım yoxdu. 15 gündən sonra rəis məni yanına çağırdı. Səhv xatırlamıramsa, Adil Məhərrəmov idi. Onda saçım qıvrım idi, oğlana oxşayırdım. Dedi, gəl, əyləş, qardaşım. Qorxudan, həyəcandan gülə də bilmədim. Dedi, hansı əlinlə ermənini öldürmüsənsə, o əlini qoy stolun üstünə. Əlimi uzatdım, amma əllərim əsdi, çəkdim dala. Dedi, dur, gəl yanıma. Gəldim. Bir seyfi vardı, açdı oranı. Dedi, hansı əlinlə öldürmüsənsə, o əlinlə də istədiyin qədər pul götür. Cəsarətimi toplayıb dedim, mən pula görə öldürməmişəm. Götürüb mənə 1 paçka yüzlük verdi. 2 polisi də qoşdu yanıma. Tapşırdı düşün nə istəyir alın, yola salın getsin. Elə sevinirdim ki... Qapıdan çıxanda təzədən geri qayıdıb onu öpdüm, qaçıb getdim. Düşdük aşağı. İdarə Təzə bazarın yanında yerləşirdi. Çoxlu dükanlar vardı ətrafda. Xeyli maykalar, alt paltarları, corablar, dərmanlar, formanın yaxalığına tikmək üçün rulonla ağ çit, siqaret, ehtiyacımız olan hər şeyi aldım. Ordan gəldim Hərbi hospitala. Anamı atamdan gizlin çağırdım ora. Bazarlıq eləyib, verdim anama. İri qazanlarla yemək bişirdi, payladım xəstələrə.

Amma bir şeyə görə özümü heç vaxt bağışlamayacam. Kosalardan hospitala yaralı gətirdik. O gün Kəmalə Qəhrəmanovanı da hospitala yaralı gətirmişdilər. Hər dəfə xəstəxanaya gələndə qonşuya zəng edirdim, anamı çağırtdırıb danışırdım. Anam özü yığıb xəstəxanaya ki, Kəmalədən nə xəbər var. Deyiblər, Kəmaləni indi gətiriblər, yaralıdır. Bunu qonşunun qızı da eşidib. Anasından icazə alıb ki, gedim Kəmaləyə baş çəkim, anası qoymayıb getməyə. O da evdən gizli çıxıb, döyüşçülərə qoşulub Tərtərə getmişdi. 17 yaşı vardı. Anası yalvardı ki, tap qızımı. Getdik Tərtərə hərbi hissəyə. Şəklini göstərdim. Getdiyi 3-4 gün idi, snayperlə vurub öldürmüşdülər. Əvvəl dizinə, yıxılanda da alnına vurmuşdular. Gətirdim meyitini, Şəhidlər Xiyabanında dəfn etdik. O qızın ölümündə özümü günahkar bilirəm, çünki mənə görə getdi ora. Ondan sonra köçdüm Beyləqana. Çünki anasını görəndə pis olurdum. İndiyə kimi də orda yaşayıram. Hərdən ailəmi görmək, hansısa tədbirə qatılmaq üçün Bakıya gəlirəm.

"Kaş ölmədən Şuşanı görəydim"

Kəmalə Əliyeva sonuncu dəfə Füzulidə xidmət edib. Rayon işğal olunandan bir müddət sonra döyüş bölgəsindən öz istəyilə ayrılıb.

- Bilirsiz niyə getdim? Şəraitsizlik, laqeydlik məni bezdirdi. Həm də kontuziya almağım da mənə təsir etmişdi. Tərxis olunub, xəstəxanada nə qədər yatdım. Psixoloji problemlərim yaranmışdı. Almatıya da apardılar məni, əsəblərimi müalicə etdirdim. Müharibə, döyüş mənim bütün həyatımı dəyişdi. Cavanlığımı, səhhətimi qurban verdim vətən uğrunda. Ürəyimdə çox arzular qaldı. Gəncliyimin ən gözəl illərini döyüş bölgəsində keçirdim. Halbuki o vaxt çoxları Bakıda öz kefində idi. 1999-cu ildə ailə qurdum. Övladım da olmadı, istəmədim olsun. Fikirləşirdim ki, müharibə yenidən başlayacaq, döyüşə gedəcəm, uşağım qalacaq başsız. Vaxtında istəmədim, sonra da ki... Sonrakı peşmançılıq fayda verməz. Amma mən döyüşə getdiyimə görə heç vaxt peşman olmadım. Nə qədər əziyyət, çətinlik də çəksəm, ürəklə, vətən eşqilə getdim, nə elədimsə canla-başla elədim. Sadəcə, torpaqları itirdiyimizə görə heyfsilənirəm. Elə olmamalıydı. Biz o torpaqları qoruyub, geri almaq iqtidarındaydıq axı. Nəsə... Mənim bircə arzum var. Özüm bakılı olsam da, illərdir Şuşanın həsrətilə yaşayıram. Şuşanı o qədər sevmişdim... Həyatımın ən gözəl illəri orda keçib. Kaş ölmədən bircə dəfə gedib Şuşanı görəydim. Hətta ölsəm də, Allah məni bir quşa çevirsin, uçub, oranın havasını alım, sonra ölüm.

... Bir qadın təsəvvür edin. Şəhidlərimizi dəfn etməyə yer ayırsınlar deyə etiraz edən və o ki var döyülən, həmin günləri xatırlayanda zərbə dəyən əzaları yenidən sızıldamağa başlayan bir qadın...

... Bir qadın təsəvvür edin. Döyüş yoldaşına qan vermək üçün sadəlövhcəsinə qolunu doğrayan, qolunu bilərziklə deyil, həmin çapıq izlərilə "bəzəyən" bir qadın.

... Bir qadın təsəvvür edin. Gəncliyini, sağlamlığını torpaq uğrunda qurban verən, yaşadığı stressin, əsəbin, gərginliyin səhhətində qoyduğu izləri ömür boyu daşıyacaq qadın.

... Bir qadın təsəvvür edin. Müharibənin sərtləşdirdiyi, görünüşündən, səsindən, hərəkətlərindən belə, kişiyə bənzətdiyi kişi kimi qadın.

... Bir qadın təsəvvür edin. Bu gün də haqsızlığa dözməyən, ədalətsizlik görəndə irəli atılan, səhvi olanı yeri gələndə tutub döyən, erməni adı gələndə əsəbdən bədəni əsən dəli-dolu bir qadın.

... Bir qadın təsəvvür edin. Yenidən müharibəyə gedəcək deyə bətnindəki övladına qıyıb tələf etdirən, hələ doğulmayan körpəsini vətənə qurban verən, bir də heç vaxt ana ola bilməyəcək qadın...

Təsəvvür edə bildiniz? Əslində, heç təsəvvür eləməyə gərək də yoxdu. Xəyali yox, real qəhrəmandı axı bu qadın. Elə qəhrəman kimi qadın.\.lent.az





Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar