Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əsl ANS-çilər mənimlədirlər" — Vahid Mustafayev

Tarix: 20-12-2018 20:40     Baxış: 2622 A- / A+
"Əsl ANS-çilər mənimlədirlər" — Vahid Mustafayev


"Komandamızın üzvlərinin hamısı öz yerindədir"


ANS Şirkətlər Qrupunun prezidenti, tanınmış rejissor Vahid Mustafayev demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənliyə müsahibə verib.

Manevr.az həmin müsahibəni oxuculara təqdim edir:

- Vahid müəllim, zəhmət olmasa bu gün təqdim etdiyiniz Azərbaycanın ilk milli saat brendi və gələcək planlarınız haqda məlumat verərdiniz...

- Biz saat sahəsində artıq 20 ildir fəaliyyət göstəririk. İndiyədək bir çox nailiyyətlərimiz olub. Dünyanın qabaqcıl saat istehsal edən şirkətləri ilə əməkdaşlığımız var. Demək olar ki, hər il 20-dən çox müxtəlif treninqlərdə iştirak edirik. Şübhəsiz ki, bizim saatlarla bağlı çox zəngin biliklərimiz var.

Qeyd edim ki, saatların da milli mənsubiyyətləri olur. Bu milli mənsubiyyət bir növ öz izini də nümayiş etdirir. Misal üçün, bu gün Azərbaycan daha çox İsveçrə saatlarına meyllidir. Yəni Avropa mənsubiyyətinə meyl göstərir. Asiya ölkələrində isə daha çox yapon saatlarına üstünlük verilir. Azərbaycan Asiya ilə Avropanın arasında körpü rolunu oynayan dövlətdir. Bu dövlətin çox güclü potensialı mövcuddur.

Ötən 20 il ərzində araşdırma apardıq ki, bizim mənsubiyyətə daha uyğun olan hansı saatdır, ancaq onu tapa bilmədik. Nəticədə belə bir qərara gəldik ki, özümüz milli saat brendi yaradaq. Bu isə Azərbaycana və onun yerləşdiyi regiona daha uyğun olsun. Bu məsələdə bir çox amillər öz rolunu oynayır.

Ümumiyyətlə, dünyada saat sferası iki yerə bölünür: çox bahalı və və çox ucuz saatlar. Ucuz saatlar sadəcə olaraq vaxta baxmaq üçün istifadə olunur. Bahalı saatlar isə həm də onun sahibinin zəngin, imkanlı olması haqqında informasiya vermək rolu oynayır. Bundan da daha çox böyük biznes adamları istifadə edirlər. Beləliklə, uğur qazanan insanların imkanı olur ki, bu cür bahalı saatlar taxsınlar. Mən düşünüb belə bir qərar verdim, necə etmək olar ki, uğur yoluna ilk addımları atan insanlar üçün də belə bir saat markası olsun. Axı bu adam uğur qazanmaq üçün ilk addımlarını atır, bankirlərlə görüşür və bunun qolunda bahalı saat yoxdur. Ona görə də biz düşünüb belə bir Azərbaycan markası yaratdıq.

Bizim saatlarımız çox gözəl, amma qiymət baxımından münasibdir. Yəni uğur yoluna qədəm qoyan hər bir biznesmen, incəsənət nümayəndəsi və digər insanlar bu saatları ala bilərlər. Bununla da onlar cəmiyyətdə öz sözlərini deyib, imiclərini göstərə bilərlər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, biz uğur qazana bildik. Artıq biz bu mərasimdə 12 kolleksiya təqdim etmişik. Bu kolleksiyalar olduqca çox gözəl dizayna malikdir. Çox gözəl zövqlə hazırlanan bu saatlar Avropa və Asiyanın elementlərini də özündə birləşdirir. Bizim də əsas məqəsdimiz milli mənsubiyyətimiz olan Azərbaycan kompazisiyalarını qotuyub saxlamqdır. Bunlardan biri muğam, digəri isə naxışdır. Bizim kolleksiyanın adları da "Mirvari", "İrs", "Naxış" və digər türk sözləri ilə adlanır.
Düşünürəm ki, bu brendin gələcəyi çox böyük olacaq. Artıq İran, Türkiyə və Orta Asiyanın iki ölkəsi ilə müqavilələr imzalanıb. Həmin ölkələr bizim brendi almaq istəyir.

Bu saatlar Azərbaycanda istehsal edilir. Dizaynı da özümüz edirik, sonra İsveçrə də təsdiq edilir. Saatların bəzi hissələrini xaricdən alırıq. Amma əsas məqsədimiz yaxın 5 ildə bütün istehsalı Azərbaycanda etməkdir. Yəni, saatın bütün xammalını ölkəmizə gətirib burada istehsal etməyi qarşıya məqsəd qoymuşuq. İnşallah, bütün bunları edəndən sonra yeni iş yerləri də açılacaq və bu sahə inkişaf etməyə başlayacaq. Artıq Azərbaycanın da saat üzrə mütəxəssisləri olacaq.

"Əsl ANS-çilər mənimlədirlər" — Vahid Mustafayev


- Bir qədər mövzudankənar sual vermək istəyirəm. Tanınmış rejissor kimi son illər Azərbaycanda çəkilən filmlər sizi qane edirmi?

- Bilirsiniz, rejissor kimi mənim ən son çəkdiyim film "Qanlı yanvar" filmidir. Bu film 2015-ci ildə çəkilib. Həmin film 4 qitədə təqdim edildi. Biz bu filmi çox yaxşı səviyyədə dünyaya təqdim etdik və milli ruhumuzu, azadlıq uğrunda döyüşən gənclərimizi göstərdik. Bu mənim üçün də çox vacib idi. Çünki 20 yanvar hadisələrinin iştirakçısı olaraq mən heç zaman "bizi gəlib əzdilər" kimi tezislərlə razılaşmamışam. Xeyr, bizi heç kim gəlib əzməyib. Sadəcə olaraq, biz vuruşub azadlığımızı qazandıq. Bunu belə qəbul etmək lazımdır. Mən özüm də o vaxtı vuruşmuşam. Kim deyirsə ki, bizi gəlib vurub əziblər və sair, onlar mən vuruşanda yanımda olmayıblar. Mən onları tanımıram.

O ki qaldı rejissor kimi fəaliyyətimə, son iki ildə mən bu saatların üzərində işləmişəm. Saatlardan da gördüyünüz kimi, onların üzərində böyük rejissor işi var.

Film çəkilişlərilə əlaqədar gələn il bizim böyük planlarımız var. Bu barədə də gələcəkdə sizə geniş məlumat verərəm. İki maraqlı bədii film çəkəcəyəm. Bunlar da beynəlxalq səviyyəli filmlər olacaq.

Azərbaycanda film istehsalı sahəsində vəziyyətə gəldikdə isə mən özümü buna qiymət vermək iqtidarında olan insan hesab etmirəm. Çox şadam ki, Azərbaycanda Eldar Quliyev, Oqtay Mirqasımov, Cənnət Səlimova kimi tanınmış rejissorlar hələ ki, var. Onlar nəfəs alıb yaşayırlar, bizim yanımızdadırlar. Onlar bizim milli sərvətimizdirlər. Yeni rejissorlar da yaranır, onlar da çalışırlar, istəyirlər nə isə etsinlər. Bu adi proses deyil, bu xəmir hələ çox su aparacaq. İnkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da da qeyri-peşəkar, kiminsə səviyyəsiz hesab etdiyi filmlər var. Ona görə də onların "Qızıl moruq" və sair kimi festivalları keçirilir. Hər bir filmin öz alıcısı olur. Ona görə də mən bu cür müqayisələri lüzumsuz hesab edirəm. Hər adam öz bacarığına görə iş görür. Hər adamın da günəş altında yeri var. Kimisə tənqid etməyi özümə rəva görmürəm, bu düzgün deyil. Hər kəs öz işilə məşğul olmalı və hərənin öz tamaşaçısı olmalıdır. Gün və ay var. İndi biz ayı işdən çıxara bilmərik ki, qaranlıq olsun.

Az öncə dediyim kimi, Azərbaycanın peşəkar rejissorları var. Sadəcə olaraq onların sifarişləri kifayət qədər deyil. Onlara sifariş verilsəydi, sözsüz ki, işləyərdilər. Artıq bu sifarişləri niyə və kim vermir, bunu dəqiq deyə bilmərəm.

Şəxsən mən filmlərimi öz puluma çəkirəm. Bir növ bu sahədə heç kimdən asılı deyiləm. Amma bir sıra peşəkar rejissorlarımız var ki, onlar kimdənsə asılıdırlar. Sifarişləri olmadığından onlar normal fəaliyyət göstərə bilmirlər. Bu sahədə sifarişin olması çox vacibdir. Ümid edirəm ki, bu sahədə də inkişaf olar.


- Telekanallarımızın indiki vəziyyəti sizi qane edirmi?


- Sözün düzü, vəziyyətdən razı olub-olmamaq iqtidarında deyiləm. Yəni mən kiməm ki, buna qiymət verim. Sadəcə olaraq, elə məsələlər var ki, sıravi Azərbaycan vətəndaşı kimi bu mənim də xoşuma gəlmir. Buna baxmayaraq mən bu barədə danışmaq haqqımının olduğunu da hesab etmirəm.

Düşünürəm ki, bu sahədə çalışan hər bir Azərbaycan vətəndaşı xalqına qulluq etmək üçün əlindən gələni əsirgəməməlidir. Bu sahədə əsas iş - xalqa qulluq etməkdir, xalqın tələbatını ödəməkdir.

Digər tərəfdən isə televiziya daha çox avanqard olmalıdır, maarifləndirmək və texnologiya nöqteyi-nəzərdən irəlidə olmalıdır. Hər bir ölkədə televiziyanın işi cəmiyyəti tərəqqiyə doğru aparmaqdır.

Düşünürəm ki, Azərbaycanda bu elə də asan məsələ deyil. Burada çox ciddi peşəkarlar olmalıdır, onlar bütün canını, həyatını buna həsr etməlidirlər.

Mən, sadəcə olaraq, özümə görə cavabdehlik daşıya bilərəm. Bizim vaxtımızda, sadaladığım məsələlərə çalışırdıq ki, nail olaq. Deyə bilmərəm ki, bunların hər birinə 100 faiz nail ola bilmişdik. Bizim də çox səhvlərimiz var idi. Amma heç kəs "ANS xalqa qulluq etməyə çalışmırdı" deyə bilməz.

Bizim "İç xəbər" verilişimizdən tutmuş "Xəbərçi" verilişinə qədər bütün proqramlarımız xalqa düzgün məlumat verməyə istiqamətlənmişdi. Məqsədimiz bir növ xalqı maarifləndirmək idi. ANS TV-nin 7 xarici ölkədə - ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, İran, Böyük Britaniya və Çində müxbir məntəqələri var idi. Buna görə dövlət bizə pul vermirdi, hamısını öz vəsaitimiz hesabına etmişdik. Demək, bunu indi də etmək olar. Özü də indi çox asandır. Vaxtilə biz bundan yaxşı pul da qazanırdıq. Bizim adi rejissorumuz 1200 dollar maaş alırdı. Amma indi eşidirəm ki, onlar az maaş alırlar.

Bundan başqa, ANS TV olaraq, biz ermənilərə qarşı informasiya müharibəsində öndə gedirdik. Şəxsən mənim bu məsələdə məsuliyyətim var! Bu məsuliyyətim də ondan ibarət idi ki, mənim qardaşlarımın, dostlarımın və şəhidlərimizin qarşısında borcum var. Mən indi də utanıram ki, onlar şəhid olublar, ancaq mən sağ qalmışam. İnanın ki, bununla bağlı mənim heç bir günahım yoxdur. Müharibənin ilk günlərindən mən Qarabağda gedən döyüşlərdə iştirak etmişəm. Müharibədə yaralanmışam, ağır yaralar almışam, amma ölməmişəm. Mənim borcum idi bunu etmək. Mən oradan çıxmışam və başqa cür ola bilməzdim. Mən indi də beləyəm. Görürsünüz, saat kolleksiyalarımda Şuşa və digər kompozisiyalar var.

Mən hər gecə Şuşanı, Qarabağı yuxumda görürəm. Mən ömrümün sonunadək şəhidlərimizin qarşısında borclu olacağam. Bütün həyatımı, fəaliyyətimi ona həsr edəcəyəm ki, Milli Qəhrəmanlarımız, Şəhidlərimiz yaddan çıxmasın. Onlar bizim qəhrəmanlarımızdır! Biz onlara görə yaşayırıq - onlar bizə görə öz canlarını veriblər. Mən bütün filmlərimdə də onları canlandırıram. Sanki hər dəfə mən onlara olan borcumu yerinə yetirirəm. Bu gün hamımız hər aldığımız nəfəsə görə məhz şəhidlərimizə borcluyuq. Amma bu borcdan çıxmaq mümkün deyil. Ömrümüzün axırına qədər biz şəhidlərimizin ruhunun əziz tutulması üçün iş görməliyik. Bu çox vacib məsələdir. Kim bunu dərk edirsə, onun dəst-xəttinin fərqli olduğu görünür. Bunu nəzərə almasaq, biz informasiya müharibəsində zəif görünəcəyik və ya ümumiyyətlə, məğlub olacağıq.

- Televiziya fəaliyyətini davam etdirmək planlarınız varmı?

- Bu məsələ bizdən asılı deyil. Baxmayaraq ki, ANS TV-nin efir yayımı dayandırılıb, ancaq biz televiziyamızı bağlamamışıq. Hazırda ANS Şirkətlər Qrupu fəaliyyət göstərir. VMF şirkətinin özü də ANS Şirkətlər Qrupunun bir hissəsidir. Biz indi də işləyirik, media fəaliyyətini göstəririk, filmlər çəkirik, müxtəlif hasilat və son hasilat işləri ilə məşğul oluruq. Milli animasiya studiyası yaratmışıq. Uşaqlar üçün 4 serial çəkmişik.

Bu yaxınlarda "Azercell" şirkətinin sifarişilə internet təhlükəsizliyi məsələsilə bağlı böyük layihə işləmişik. Regionda ən böyük əski kinolent rəqəmsallaşması, bərpası və rənglənməsi studiyasını yaratmışıq. Artıq bir sıra Orta Asiya dövlətlərindən sifarişlər almışıq. Eyni zamanda, milli filmlərimizin bərpasına da başlamışıq və sair və ilaxır. Bütün işləri sadalamağa vaxt yoxdur. Bu vaxtı işə sərf etsək, daha faydalı olar.

Yenə deyirəm ki, biz televiziyamızı bağlamamışıq. Sadəcə olaraq, yayım lisenziyamızı alıblar. İnanın ki, bu bizdən asılı olan məsələ deyil. Bizim imkanımız olsa, bu dəqiqə ANS TV-nin yayımına başlayar və Azərbaycanda və ondan kənarda milyonlarla insanları şad edərik, onlara dəqiq, qərəzsiz və vicdanlı məlumat verərik. Komandamızın üzvlərinin hamısı öz yerindədir. Məhz əsl ANS-çilər mənimlədirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar