Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi / MÜSAHİBƏ - FOTOlar

Tarix: 31-08-2017 14:50     Baxış: 5620 A- / A+
"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayırlar.

Manevr.az bildirir ki, azvision.az Tağıyevin vəfat etdiyi 1 sentyabr (1924) tarixi ərəfəsində onun qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dimitri Sarayev ilə həmsöhbət olub.

Qeyd edək ki, Hacı Zeynalabidin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Bizim müsahibimiz Dimitri Sarayev Lev Sarayevin oğludur. Uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.

- Azərbaycan dilində danışa bilirsinizmi?


- Bəli. Amma çox da yaxşı danışa bilmirəm. Elə sözlər var ki, başa düşmürəm.

- Tağıyevin nəvələri - Sara Tağıyevanın oğulları indi harada yaşayırlar, nə ilə məşğuldurlar?


- Nənəm Sara Xanımın bir oğlu Oleq hazırda Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni mənim atam Lev isə hazırda Ryazan şəhərində yaşayır. Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib.

- Onlar Azərbaycana gəlmək istəyirlərmi?


- Əmim Oleq Nikolayeviçin fikirini bilmirəm. Amma atam yaşalandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb.

- Hazırda hansı işlə məşğulsunuz?


- Mən podpolkovnikəm, uzun müddət polis orqanında çalışmışam, indi isə pensiyaya çıxmışam.

- Nənəniz Sara xanım necə bir həyat yaşayırdı?..


- Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, ay nənə, nə lazımdır? Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, "Dima, bir bax gör, evin polunu necə yumuşam? Gör, hər yer təmizdirmi?" Deyirdi ki, "Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm".

Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt kiməsə verib, indi tapa bimirəm. O kasetdə nənəmin çoxlu fikirləri vardı. Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə çapdan çıxarım. Çünki, nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm. Məktubları rus dilində yazırdı.

Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdıq. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım.

- Siz azərbaycanlısınızmı?


- Xeyr. Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyətimiz rusdur.

- Hacı Zeynalabidin Tağıyev haqqında nələr bilirsiniz?


- Yəqin, Hacı Zeynalabidin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrdur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.

Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabıma yemək yeyə bilər.

Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, deyib ki, mənə bir balıq tutun. Barmağındakı üzüyü çıxarı,b balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.

Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.

Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb...

- Sara xanımın həyat yoldaşı ilə bağlı danışaq...


- Babamız Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirdmiş. Nənəmlə orada tanış olublar. Babam müharibədə həlak olub.

- Nənəniz Sara xanım övladlarını atıb, Bakıya gəldiyini deyirlər. Bu, nə dərəcədə doğrudur?


- Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı.
Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı..

- Bəs atanız, əminiz öz anaları Sara xanımdan inciməmişdilər ki?


- Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib.

- Bəs siz niyə Azərbaycanı tərk etdiniz?


- Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum.

- Bəkə sizi incidirdilər?


- Mən Bakıda anadan olmuşam. Bizi kimsə incitməyib.

- Deyirlər ki, o vaxt nənəniz dilənçilik edirdi, çörək pulu yox idi... Doğrudurmu?


- Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, "Dima bir, yoxsa iki manat pul verim?" Deyirdim ki, "Nənə, mənə pul lazım deyil. Əsas sənə pul lazımdırsa, de, istədiyin qədər verim..." Nənəm belə bir insan idi.

- Nə yaxşı, Azərbaycan dilini unutmamısınız?


- Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Axı mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumlarını ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur.

- Bakı üçün darıxırsınız?


- Əlbəttə. Mən Bakıda anadan olmuşam, böyümüşəm, əsgərliyə getmişəm... İndi isə 49 yaşım var.

- Bakıdan getdiyinizə görə peşmansınızmı?


- Əlbəttə, peşman oluram. Belə gətirdi ki, çıxıb getdik. Amma ora qayıtmaq istəyirəm.

"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi
"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi
"Bakıdan getdiyimə görə peşmanam" - Hacı Zeynalabdinin nəticəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar