Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlığım ermənidə girov qalıb... – Ələmdar Cabbarlı

Tarix: 03-07-2017 08:56     Baxış: 3582 A- / A+
Uşaqlığım ermənidə girov qalıb...

O, Kəlbəcərdə doğulub. Yaşı 40-ı haqlayıb. Üzündən təbəssüm əskik olmaz, qəlbindən qübar... Müşahidələrim belə deyir. Oxuduğum şeirləri, hekayələri bunları mənə nəql edir.

Bu dəfə Kult.az-da AYB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı ilə həmsöhbət oldum.

- Çoxdandır görünmürsən, elə bildim dağlara çəkilib partizanlıq edirsən...


- Əslində, lazım olan yerlərdə görünürəm. Ədəbi fəaliyyətim davam edir. Şeirlər, hekayələr yazıram. Yazılı və elektron mətbuatda çap olunuram. Kitablarım çap olunur, onlar haqqında yazırlar. Bu günlərdə xalq şairi Səməd Vurğun haqqında 10 ildən artıq apardığım tədqiqatların nəticəsi kimi monoqrafiyam çap olunub.

- Yəni monoqrafiyanı çap etdirmisən…


- Bu monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olundu. Yəni demək istəyirəm ki, həm ədəbi, həm də elmi-pedaqoji sahədə fəaliyyət davam edir.

- Deyəsən, “görünmürsən” deməyim xətrinə dəydi axı...


- Yox, əlbəttə. Məsələ burasındadır ki, mənim xarakterim belədir, heç vaxt özümü reklam eləmirəm, sakitcə oturub işimlə məşğul oluram – belə olanda düz deyirsiniz, adamı o qədər də görmürlər və ya görmək istəmirlər. İndi ədəbi mühitdə görünmək də çox vaxt fərqli meyarlarla ölçülür. Həmin meyarlardan yanaşsaq, əgər fəal olmaq, ədəbi mühitdə görünmək yaşlı yazıçılara söz atmaqdırsa, kimlərinsə əleyhinə məqalə yazmaqdırsa, mən heç vaxt o cür görünməyəcəm. Qaldı dağlara çəkilmək məsələsinə - kaş elə dağlara çəkiləydim. Bir şeirimdə də yazmışam ki:

O dağlarda bir möhtəşəm qalaydım,
Polad idim – nə mis, nə də qalaydım.
Gərək elə o dağlarda qalaydım –
Bu səfər, bu güzar mənlik deyilmiş.

- Hə, dağlara çəkilmədiyinə görə üzülmə, elm-təhsil ocaqlarında olmaq da bir qəhrəmanlıqdır, elmimizə verəcəyin töhfə və töhfələr hansılardır?

- Vallah, töhfə barədə bir şey deyə bilmərəm. Qısaca onu deyə bilərəm ki, bədii yaradıcılıqdan başqa həm elmi, həm də pedaqoji fəaliyyətlə məşğulam. Görkəmli ədəbiyyatşünas alim, professor Şirindil Alışanlının rəhbərliyi ilə xalq şairi Səməd Vurğun haqqında namizədlik işi müdafiə eləmişəm. Hazırda da xalq şairi Bəxtiyar Vahabzadə haqqında doktorluq işi yazıram. Çalışıram ki, hər iki böyük sənətkarın yaradıcılığı haqqında orijinal söz deyə bilim. Allah nə qədər qismət eləyəcək, o qədər də olacaq.

- Millət vəkili Cavid Qurbanovun yanında görünürsən. Cavid müəllim yenə də şeir yazır?


- Cavid müəllim mənim də seçici olduğum dairədən Milli Məclisə deputat seçilib. O, bir millət vəkili kimi həmişə seçicilərinin yanında olduğu kimi onun seçiciləri, o cümlədən mən də arada yox, elə həmişə əziz millət vəkilimizin yanındayıq. Qaldı ki şeir yazmaq məsələsinə - siz özünüz də şairsiniz, yaxşı bilirsiniz ki, şeir yazan - əlbəttə ki, söhbət şeirdən gedir – adətən həmişə yazır, bəzən müxtəlif fasilələr olsa belə. Əslində Cavid müəllimin şeir yazmağı çox təbiidir. O, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ağdabanlı şair Qurbanın nəticəsidir, ustad sənətkar Dədə Şəmşirin nəvəsidir, şair-publisist Qənbər Şəmşiroğlunun övladıdır. Bu cür ədəbi mühitdə, eyni zamanda Kəlbəcərdə böyüyən adamın şeir yazması çox təbiidir. Qənbər müəllimin bir şeiri var, deyir ki, bizə şair deməsinlər, Kəlbəcər özü şairdir.

- Ələmdar, sən doğrudan da təbli şairsən, elmi-publisistik yazıların da müzakirə olunur, oxunur. Bu, yaxşı haldır. Daha nələrlə tay-tuşlarından fərqlənə bilirsən?


- Vallah, bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki mənim nədə fərqləndiyimi kənardan daha yaxşı görə bilərlər. Bu mənada deyə biləcəyim bir şey yoxdur.

- Kəlbəcərli şairlərdən daha çox kimin yaradıcılığı sənə təsir edib: Aşıq Şəmşir, Bəhmən Vətənoğlu, Sücaət, Məmməd Aslan, Adil Cəmil…


- Əlbəttə ki, adlarını çəkdiyiniz və çəkmədiyiniz şairlərin hər birinin yaradıcılığıma təsiri olub, bu gün də onları oxuyuram, onlardan öyrənirəm. Bilirsiniz, Kəlbəcərdə bir ədəbi mühit var idi, sazla sözün vəhdətindən yaran bir mühit və bu mühit əlbəttə ki, mənə təsir edib, məni formalaşdırıb. O cümlədən də Kəlbəcərin şairanə təbiəti. Şeir və saz kəlbəcərlilərin həyat tərziydi. Biri sevgilisinə məktub yazanda da mütləq məktubun axırına Sücaətdən bir bənd yazmalıydı.

- Uşaqlıq illərin Kəlbəcərdə qaldı, ötənlərin şirinliyini xatirələrində tapa bilirsən, yoxsa mərmi səsləri sonradan unutdurur hər şeyi?


- Uşaqlığım Kəlbəcərdə girov qaldı, mən uşaqlıq yaşamadım. Hətta uşaqlığımla yanaşı, uşaqlıq şəkillərim də girov qaldı. Universiteti bitirəndə venetkaya uşaqlıq şəkli verməliydim, yox idi. Çünki uşaqlığım kimi uşaqlıq şəkillərim də doğulduğum kənddə girov qalmışdı, şəhid olmuşdu, qanına qəltan edilmişdi. Və mən o venetkaya məndən heç seçilməyən bacım oğlunun şəklini verdim. Bu çox ağrılı məsələdir, yəni uşaqlığımın bir nişanəsi də yoxdur. Və bu, doğulduğum yurdun itkisindən də ağır itkidir, ona görə ki, biz heç şübhəsiz o yurdlara dönəcəyik, orada yarımçıq qalan həyatımızı, dağıdılmış evlərimizi bərpa edəcəyik – necə ki, bu gün Cocuq Mərcanlıya insanlar qayıdır – amma o dağılmış, yandırılmış evin qalıqları altından mənim uşaqlıq şəkillərimin heç külü də tapılmayacaq… Bununla belə heç nə unudulmayıb, mərmi səsləri heç nəyi unutdurmayıb - ən əsası da intiqam hissini!

- Adama elə gəlir ki, sən ancaq kəlbəcərlilərin şairisən, bu niyə belə anlaşılır?


- Açığı, mən belə düşünmürəm. Amma belə olsa da, çox yaxşıdır. Kəlbəcərlilərin ədəbi zövqü o qədər yüksəkdir ki, kəlbəcərlilərin şairi olmağı bacarmaq da elə qəhrəmanlıqdır.

- Kimləri oxumaq istəməzsən?


- Ədəbiyyat adına özünü ədəbiyyata sırıyanları. Təəssüf ki, indi onların da və onları tərifləyənlərin də sayı çoxdur.

- Xatirələrinin ən şirin qatında kim durur?


- Xatirələrimin ən şirin qatında dünyasını dəyişən əzizlərim, o cümlədən atam durur. Allah hamısına rəhmət eləsin. Onların da məzarları pərən-pərən düşdü. Məsələn, atamgil 5 qardaşdır, amma məzarları ayrı-ayrı qəbristanlıqlardadır. Bu da çox böyük faciədir, məncə.

- Ələmdar, özünü ədəbi mühitin hansı pilləsində hiss edirsən?


- Bilirsiniz, insan özünü çox yerdə hiss edə bilər. Amma əsas məsələ o deyil ki, sən özünü harda hiss edirsən, əsas odur ki, sən hardasan. Ədəbiyyat adamları üçün bu sualın cavabını isə oxucu deməlidir.

Faiq Balabəyli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar