Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Laçından başlayan ömür yolu... Polkovnik "Batya" -"Xocalıdan olan anaya dedim ki, sənin qisasını ..." - FOTOLAR

Tarix: 07-03-2017 21:58     Baxış: 62 121 A- / A+
Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


Onu Azərbaycanda çox adam tanıyır. I Qarabağ savaşında bu və digər formada iştirak edənlərin demək olar ki, hər biri tanıyır. Bu təkcə onun o dövrdə Azərbaycanda olan azsaylı peşəkar hərbçilərdən biri, bu peşəkarlığı sayəsində göstərdiyi yüksək xidməti ilə bağlı deyil. Onu məşhurlaşdıran, hamının özünü tanımasa da, ləqəbini eşidən kmi “Hə, tanıdım” dediyi ayamasıdır. Onu hər kəs “Batya” deyə tanıyır və tanıtdırır. Hətta bir çoxları onu əsl adı ilə deyil, ləqəbi ilə tanıyır.

Beləliklə, Manevr.az-ın qonağı Azerbaycan Bayragi Ordenli, Əfqanıstan Qarabağ və Silahli Qüvvələr Veteranı, I Qrup Qarabağ Müharibəsi Əlili, istefada olan Polkovnik-Leytenant, Qarabağ müharibəsi qazisi məşhur “Batya” – Sultan Bəndəliyevdir.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


İlk sualımız da elə ləqəbi ilə bağlı olur:

-Bu ləqəbi mənə hələ Sovet ordusu sıralarında Əfqanıstanda xidmət edərkən veriblər. Bu adın verilməsi iki səbəblə bağlıdır. Birincisi, soyadıma görə, ikincisi isə bu ləqəbdə məşhur bir Sovet generalı olub, xüsusi qabiliyyətləri ilə seçilən, mənim fəaliyyətimi onunla müqayisə etdikləri üçün bu adı mənə də verdilər.

Haşiyə:

Bəndəliyev Sultan Orduxan oğlu - 7 oktyabr 1943-cü ildə Laçın rayon Novruzalılar (Güləbird) kəndində anadan olub. 1949-60-cı illərdə orta təhsil alıb. 1962-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Mexanika fakültəsinə qəbul olunub. Elə həmin ildən həm də hərbi xidmətə çağırılıb. Kazan şəhərindəki Kiçik Komandirlər Məktəbində oxuduqdan sonra Almaniya Demokratik Respublikasında yerləşən Sovet ordusunda üç il hərbi xidmətdə olub.

Xidmət dövründə göstərdiyi yüksək hərbi qabiliyyətinə görə yenidən onu Kalininqrad Ali Hərbi Komandirlər Məktəbinə göndərilir və 1969-cu ildə oranı zabit olaraq bitirir. Bundan sonra o zamankı Zaqafqaziya Hərbi Dairəsinə xidmətə göndərilir, indiki Göytəpə ərazisində yerləşən hərbi hissədə leytenant olaraq xidmətə davam edir.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


1972-ci ilin avqust ayında yenidən Almaniyadakı 3-cü Zərbə Ordusuna xidmətə göndərilir. Buradakı xidməti dövründə bir neçə dəfə Kubaya, Fələstinə və Somaliyə hərbi ezamiyyətə göndərilib. Burada beş il qulluq etdikdən sonra 1977-ci ildə Ukraynadakı 1-ci Zərbə Ordusunda xidmətini davam etdirib.

1982-ci ildə Baş Qərargah rəisinin əmri ilə Sovet ordusu sıralarında Əfqanıstana göndərilir. İki il burada xidmət etdikdən sonra 1984-cü ildə yenidən Zaqafqaziya Hərbi Dairəsinə qaytarılır. Bu dəfə xidmətini Bakı Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrində davam etdirir. 1989-cu ildə Sovet ordu sıralarından tərxis olunur.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


-Sultan müəllim, Sovet ordusundan tərxis olunduqdan sonra müstəqil Azərbaycana xidmət dövrünüz başlayır. O illər həm müharibənin qızğın dövrü, həm də ordu quruculuğunun çətin mərhələsi idi...

-1991-ci ilin son aylarında biz ilk özünümüdafiə batalyonlarının yaradılmasına başladıq. İkinci könüllü batalyonu mənim komandirliyim altında Şıxovda toplandı.

1992-ci ilin fevral ayında mənə Agdamdan zəng olundu. Həmin vaxt orada olan Tamerlan Qarayev özü mənimlə danışdı və bildirdi ki, deyirlər sən xüsusi təyinatda xidmət etmisən, burada sənə ehtiyac var. İsa Qənbərin də adından mənə zəng etmişdilər, axtarmışdılar.
Beləlikə, mən fevralın 23-də evdə ordunun yaranmasını gününü həmişəki kimi özüm üçün qeyd edirdim. Zəng gəldikdən sonra həmin günün axşamı qatarla getdim Ağdama və 24-ü saat 9-da orada oldum.

-Sizin gedişiniz Xocalı soyqırımının baş verdiyi günlərə təsadüf edib. Həmin günlərdə vəziyyətin ağırlığı hiss edilmirdi?

-Mənim vəziyyətlə tanış olmağım üçün vaxt lazım idi, vəziyyət isə gərginləşmişdi. Mən ilk növbədə həmin gün orada, əsasən, rabitə əlaqəsinin qurulması üçün müəyyən işlərlə məşğul oldum. Bu sahəni bilən azsaylı hərbçilərdən biri kimi mənim üzərimə ilk növbədə bu düşürdü. Ərazidəki hərbi qüvvələrin rabitə əlaqəsinin qurulması vacib idi.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"

Həmin günlərdə mən Xocalı ilə daim radiostansiya vasitəsilə əlaqədə olurdum. Orada əlaqə saxladığım adamlar mənə deyirdilər ki, Xocalıda vəziyyət həddindən artıq ağırdır və bizə kömək lazımdı. Bütün bu məlumatları həm Prezident Aparatına, həm Daxili İşlər Nazirliyinə, həm də Müdafiə Nazirliyinə müntəzəm çatdırırdım.

Fevralın 25-i axşam saat 11-də mənim orada danışdığım şəxsin birdən-birə səsi kəsildi. Lakin radiostansiya açıq qaldığından mən bir müddət oradakı səs-küyü eşitdim. Ağır texnikanın gurultusu, insanların fəryadları bir müddət aydın eşidilirdi. Bu fəryadlar hələ də qulağımdan getmir.

Həmin axşam Ağdamda indi adını unutduğum MTN-in yerli şöbəsinin rəisinin yanına getdim və vəziyyəti ona çatdırdım. O da cavabında dedi ki, bütün radiostansiyalar dağılıb, Xocalı ilə əlaqə qurmaq mümkün deyil. Mən ona dedim ki, buradakı özünümüdafiə batalyonlarını toplayaq bir iş görək. Rəis isə cavabında bildirdi ki, bu, mümkün deyil, çünki Ağdamda yerləşən batalyonların hər birinin özünün komandiri var, onların arasında vahid komandanlıq yoxdu, başqa-başqa yerlərə tabedirlər.

-Beləcə Xocalının fəryadına yetən olmadı...

-Bəli...

“Oradakı əraziyə gələndə mənzərənin dəhşətindən vahiməyə düşdüm”

-Sonra nə baş verdi?

-26-sı saat 9-10 arası biz getdik Şelli kəndinin arxasına, Əsgəranla üzbəüz. Oradakı əraziyə gələndə mənzərənin dəhşətindən vahiməyə düşdüm. Yüzlərlə meyid səpələnmişdi həmin əraziyə, xocalıların meyidləri. Saat 11 radələrində həmin ərazidən iki dənə yük maşını keçirdi, mən onların kim olduğunu dəqiq bilmədim, ancaq səhv etmirəmsə məhkumlar idilər. Onlara əməlli başlı yalvarırdım ki, gəlin kömək edin bu meyidləri toplayaq. Bəziləri bizə kömək etməyi qəbul etdilər. Lakin bu zaman ermənilər bizi atəşə tutdular və buna imkan vermədilər.

Sonra Agdamdan ratsiya ilə əlaqə saxladılar ki, artıq erməni komandirlərlə razılaşdırılıb və atəş dayandırılb, meyitləri götürmək olar.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


-Həmin günlərdə o proseslərin çəkilişini aparanları xatırlayırsız? Bu barədə son vaxtlarda bəzi mübahisələr də oldu...

-Səhv etmirəmsə, məncə dəqiq ayın 28-i idi Çingiz Mustafayev bir qrup jurnalistlə gəldi oraya. Kimsə deyə bilməz ki, biz hadisə vaxtı orada olmuşuq, çəkmişik filan... Ancaq ayın 28-də ilk gələn Çingiz Mustafayev olmuşdu, lakin onunla oaraya gələnlər barədə dəqiq bir şey deyə bilmərəm, çünki mən öz işimlə məşğul idim. Bəlkə də başqaları da olub, amma mən onu gördüm.

-Soyqırımı qurbanlarının nəşlərinin hamısın toplaya bildinizmi?

-Əsasən, hə. Həmin bölgədə artıq çox az sayda, bəlkə də 5-10 meyit qalmışdı, mənə Ağdamdan xəbər gəldi ki, təcili getməliyəm. Bizim hərbi hissəni dağıdırlar.

-Kimlər?

-Camaat, mülki adamlar...

O zaman Ağdamda Sovetlərdən qalan hərbi hissəsini məna həvalə etdilər ki, komandiri sən olacaqsan və hərbi hissəni formalaşdır. Biz meyidləri toplayarkən mənə xəbər gəldi və təcili hərbi hissəyə qayıtdım. Gəlib gördüm ki, mülki adamlar, camaat hərbi texnikanın hissələrini daşıyıb aparırlar. Bunları deməkdə məqsədim odur ki, fikrimcə, cəmiyyətimiz də müharibəyə tam hazır deyildi. Bir sözlə hərc-mərcilik, nizamsızlıq var idi...

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


“Rövşən Cavadovla orada tanış oldum”

-O günlərdə orada olan XTPD-nin komandiri Rövşən Cavadovla da görüşdüm. Ancaq o vaxta qədər biz tanış deyildik, mən bilmirdim o kimdi. Sadəcə laçınlı olduğumu bilmişdi və mənimlə tanış olmaq istəmişdi. Səhərisi günü onları başqa yerə göndərdilər.


“O anaya verdiyim sözə görə qalıb döyüşməyə davam etdim”

-Mən peşəkar hərbçi kimi etiraf edim ki, müşahidə etdiklərimlə barışa bilmirdim və geri qayıtmaq istəyirdim. Lakin bir hadisə məni fikrimdən daşındırdı...

O günlərdə Ağdam məscidinin qarşısında böyük izdiham vardı. Xocalıdan gələn bir qadın qucağında balaca bir uşaqla meydanda hər kəsi söyürdü. Onun sol tərəfindən güllə dəymişdi, yaralı idi. Eləcə ortalığa “biqeyrətlər, şərəfsizlər, bizi qırdırdınız!” deyib fəryad edirdi. Etiraf edim ki, yaranmış xaosa görə mən o hərbi hissədə qalmaq istəmirdim. Lakin o qadını görəndən sonra fikrimi dəyişdim, gəlib onun qarşısında diz çökdüm və dedim ki, ana, sənin qisası almayınca mən buradan qayıdan deyiləm!

O andan qaldım Ağdamda və həmin hərbi hissəni qəbul etdim. Lakin onu formalaşdırandan sonra mənə bildirdilər ki, hərbi hissənin komandiri “Fred Asif” deyilən biri var, o olsun, sən ol qərargah rəisi. Mən etiraz etmədim, dedim ki, mənim üçün fərqi yoxdu, əsas torpağımızın müdafiəsidi.

Mən hissənin bütün sənədlərini nizamlayıb Müdafiə Nazirliyində təsdiq etdirdim. Bu vaxta qədər isə bizə 365 nəfər məhkum vermişdilər, əsgər kimi... Onlarla isə nizami ordu yaratmaq çətin idi..

-Xocalılı anaya verdiyiniz sözü tuta bildinizmi?

-Gücüm çatan qədər, bəli, deyə bilərm ki, az da olsa onların qisasını ala bildim.

Çətinliklə də olsa hərbi hissəni formalaşdıra bildik. Bundan sonra biz ermənilər qarşı bir neçə uğurlu əməliyyat həyata keçirdik. Ağdamın Abdal-Gülablı, Aranzəmin kəndləri istiqamətində. Bu əməliyyatlar zamanı bir dəfə 45, bir dəfə 15 ermənini məhv etdik, 27 nəfər də girov götürmüşdük, lakin onların çoxu mülki şəxslər olduğuna görə, biz onlarla pis rəftar etrmirdik. Bu, hərbçi qüruruna yaraşan hərəkət deyil. Bunu ancaq ermənilər edə bilər.

Sonra da bir sıra əməliiyatlar keçirdik, bir neçə ağır texnika, 2BMP, qranatamyot və sair qənimət kmi əlimizə keçdi.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"



-Bayaq mərhum Milli Qəhrəman Çingiz Mustafayevdən danışdınız. Onun vurulma anının da şahid olmusuz, deyəsən...

-Səhv etmirəmsə, 1992-ci il iyunun 14-ü, ya 16-sı idi. Ç. Mustafayev çəkiliş qrupu ilə bizim yanımızda oldu, onunla xeyli söhbət etdik, vəziyyətin ağırlığını çatdırdım və dedim ki, Bakıda dövlət orqanlarına bu barədə bildirsin.

Bizdən aralaşdan bir az sonra bir əsgər qaçaraq gəldi ki, Çingizi vurdular. Minamyot mərmisi düşmüşdü, 1 əsgər şəhid olmuşdu, ikisi yaralanmışdı, Çingiz də ağır yaralanmışdı,böyründən... Onu BMP-nin içinə qoymayıblar ki, təhlükəli olar, eləcə yaralı vəziyyətdə uzadıblar BMP-nin üstünə, oralar da dağlıq ərazilər idi. BMP sərt bir dərədən sürətlə keçəndə Çingiz yaralı vəziyyətdə sürüşüb düşür o dərədəki daşların üstünə. Yerə pis dəydiyindən həyatını elə oradaca itirir. Bəlkə də ölməyə bilərdi. Sonra vertolyotla onun nəşini yola saldıq Bakıya.

-Ayağınızı harada itirdiniz? Bu barədə danışmaq çətin deyilsə...

-Bundan sonra məni göndərdilər Qubadlı-Laçın istiqamətinə. 1992-ci ilin yayından 1993-ün avqustuna qədər 706-cı briqadada xidmət etdim. Həmin ilin dekabrında 19-da bizim briqadanı yenidən formalaşdırmaq məqsədilə göndərdilər Gəncəyə. Burada MN-dən göstəriş gəldi ki, ərazidə yerləşən silah anbarlarının çevrəsi minalanıb və təmizləmək lazımdı. Briqada komandiri də məni məsləhət bilib. Həmin ərazi Gəncə aeroportunun Qərb tərəfində yerləşirdi. 15 nəfər əsgərlə gəldik oraya.

Oranın kim tərəfindən minalandığını bilmirəm... Bəziləri deyirdi ki, ruslar eləyib, kimi deyirdi Suraət Hüseynov elətdirib...

O ərazini təmizləyərkən orada minaya düşdüm və ayağımı itirdim..

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


Orada izahını verə bilmədiyimiz bir hadisə də baş verdi. Biz təmizlik apararkən kim olduğunu bilmədiyimiz bir əsgər pulemyotla bizi atəşə tutdu. O güllənin bir neçəsi də mənə dəydi, iki nəfər də həlak oldu. Bizim əsgərlər onu vurub öldürdülər və kim olduğunu öyrənə bilmədik..

Oradakı minalardan biri partladı və ağır yaralandım, onun nəticəsi olaraq ayağım amputasiya olundu.

85 gün qospitalda müalicə alandan sonra bir ayağımla öz xahişimlə gəldim Füzuli bölgəsinə. Həmin dövrdə mərhum prezidentimiz Heydər Əliyev də gəlmişdi oraya, mən onunla görüşmürdüm ki, məni bu vəziyyətdə görməsin, yoxsa xidmət etməyimə icazə verməz..

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


1995-ci ilin yanvarına qədər orada xidmət etdim.

-Sizcə bizim müharibəni uduzmağımızın səbəbi nə idi?

-Mən elə düşünürəm ki, digər çətinliklərlə yanaşı, həmin dövrün siyasi rəhbərliyinin apardığı yanlış siyasətin nəticəsi idi. Əbülfəz Elçibəy yanlış xarici siyasət yürüdürdü və buna görə də müəyyən xarici qüvvələr Azərbaycanı cəzalandırdılar.

-Haqqınızda bir neçə sənədli film çəkilib. Deyəsən bu yaxınlarda biri də çəkilib...

-Bəli. Son film Sumqayıtdakı Dünya-TV tərəfindən hazırlanıb və “Cəsarətin sultanı” adlanır. Filmin maliyəsini isə “Qartal” firmasının rəhbəri, bizim həmyerlimiz Şahin müəllim öz üzərinə götürdü. Mən həm Şahin müəllimə, həm də filmin hazırlanmasında əməyi olan hər kəsə buradan bir daha minnətdarlığımı bildirirəm.

Laçından başlayan ömür yolu... Polkovnik "Batya"


-Sultan müəllim, maraqlı söhbət üçün Sizə təşəkkür edirik.

-Sağ olun.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar