Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sözün kədər köynəyi - Namiq Dəlidağlı

Tarix: 21-06-2020 15:26     Baxış: 4629 A- / A+
Sözün kədər köynəyi - Namiq Dəlidağlı

Namiq Dəlidağlının yaradıcılığına boylananda orada bir tifili gördüm: yurd-yuva həsrətli, yetim baxışlı - niskilli, duman-çiskinli...

Necə də yerində deyilib bu fikir: "…Yazılanlara tərif və ya tənqid hər bir şəxsin fikir və dünyaya baxış pəncərəsindən görüntülər olduğu üçün bu fərdlər heç zaman şair qəlbinin dərinliklərinə baş vura bilməzlər".
Peşəkar qələm və söz adamının bədii yaradıcılıq nümunələrinə fikir bildirmək, haqqında bir neçə kəlmə yazmaq çox da asan deyil. Dəfələrlə olub ki, qələm mənim qəlbimə, qəlbim isə duyğularıma sığal çəkə-çəkə yalvarıb. Ona görə yox ki, kiminsə xoşuna gələcək nəsə qələmə alım.
Kəlbəcər ədəbi mühitinin formalaşmasında sözü və izi olan qələm sahiblərinin bəzilərinin yaradıcılığına yaxından bələd olsam da, hələ onların hamısı haqqında ürəyim istədiyi kimi yazmaq, onları olduğu kimi ayrı-ayrılıqda təqdim etmək imkanım olmayıb, vaxt baxımından. Yazmaq mənim borcumdur, axı, əksəriyyəti sözün əsl mənasında şairdir – söz əhlidir, baxmayaraq ki, «özümüzünkülər»dən bəziləri buna dodaq büzür. Ona görə də bir vaxtlar «Dəlidağın nəğmələri»ndə qəlbimə yol tapan, əsl söz və qələm dostlarımdan üzr istəyirəm. İmkanım çatanların, təqdimata ehtiyacları olmasa da, bəzilərinin yaradıcılığının geniş oxucu auditoriyasına çıxarılmasında əlimdən və dilimdən gələnləri əsirgəməmişəm. 300-dən artıq kəlbəcərli söz adamının yaradıcılıq nümunələrini toplayıb nəşr etdirdiyimiz "Kəlbəcər: yüz şairin bir kitabı" antologiyası və "Kəlbəcər: sazın-sözün harayı" almanaxı da bunun təsdiqidir. Mən Kəlbəcərin ədəbi mühitini arayıb-axtarıb tədqiq etmək məqsədi ilə olmasa da, çap etdirdiyim kitablarım əsas verir deyim ki, bu sahədə vicdanıma sığınıb, adamı, imkanı, pulu olmayan istedadlılarımızı unutmamışam. Amma elə dostlarım var ki, üzümə çəkməsələr də belə, onlar məndən heç olmasa, bir məqalə umublar, özü də çox haqlı olaraq.

“Çiçəklər dərdin götürüb çıxır torpağın üzünə..."

Son otuz ilə yaxındır ki, Kəlbəcər ədəbi mühitinin yaranması və formalaşması həyatımızın ağır və məşəqqətli – qaçqınlıq-köçkünlük illərinə təsadüf etdiyindən, bu mövzu hər bir qələm və söz əhli olan kəlbəcərlinin deyərdim ki, yaradıcılığının ana xəttini təşkil edib. Ağdabanlı Qurban, Dədə Şəmşir, Bəhmən və Sücaətdən başlamış, ilk kitabını («Vaxt olsa…») utana-utana təqdim etməyə özündə cəsarət tapan Elnur Bayramadək (şair qardaşımız məni bağışlasın ki, ona da yazı borcumu hələ verə bilməmişəm) hər birinin cümləsinin mübtədası da, xəbəri də yaralıdır…
Niyə Elnur Bayramın adını çəkdim? Görün bir necə mənzərə yaradır bu dərddən boylanan bənövşə boylu şairimiz:

Çiçəklər dərdin götürüb
Çıxır torpağın üzünə.
Baxır, göz yaşları tökür,
Tökür yarpağın üzünə…


Fikir verdinizmi, mən klassiklərimizdən nümunə çəkmədim. Onlar daim istinad yeri olublar. Amma, nə gizlədim, gəncliyimizi qocaltdıqdan sonra yada, fikirlərinə nəzər salırıq. Bu dəfə ənənəyə sadiqliyi bir tərəfə qoyub, tanınmamış, kölgəyə çəkilib yerini özgələrinə verənlərə müraciət etməyim səbəbsiz deyil: bizim gəncliyimizin təravətli poetik nəfəsində də bir klassizm duyulmaqdadır.
Məqsədim kəlbəcərli qələm sahiblərinin yaradıcılığına bütövlükdə bir aynadan baxmaq deyil, onların arasından və sırasından seçib birinin qəlb döyüntülərini eşitməkdir.
Hələ Kəlbəcərdə yaşadığımız o bəxtəvərli günlərimizdən tanıdığım, şeiriyyətinə və mənəviyyatına bələd olduğum Namiq Dəlidağlı bu gün qəlbimin, fikrimin, hissimin qonağıdır. Yəni, Namiq Dəlidağlını hələ onun uşaqlıq, mənimsə gənclik illərimdən tanıyıram. Ailəsini, qohum-əqrabasını görməsəm də, sözü ilə mənə doğmalaşıb. Dəlidağın ətəklərində dünyaya göz açan Namiq həyatın ağrı-acısını çox erkən yaşlarından dadmağa başlayıb. Bunu haradasa, kiməsə birbaşa deməyib. Qəlbindəkilər misralananda oxumuşuq onun dərdini.
Namiq Dəlidağlı çox istedadlı olması ilə erkən yaşlarından diqqəti cəlb edirdi. Kəlbəcərin zirvə obalarının birində - qədim türk məskənlərindən olan Çovdar kəndində dünyaya göz açıb. Oğul var ki, doğulduğu yurdun adını şərəflə yaşadır və o yurdla tanınır. Oğul da var ki, nəslini və doğulduğu kəndini tanıdır. Məsələn, Bəhməni və Sücaəti heç kim soruşmayıb ki, haralıdır. Onlar Kəlbəcərdə doğulub Türk dünyasına söz şəfəqlərini saçan, günəş kimi parlayan, Ay tək zülmət gecələrə nur səpən oldular. Dillər əzbəri olan belə yaradıcılarımız əbədiyyət qazanırlar. Hər iki şairdən kimsə doymadı. Yaşayanda, yaradanda da belə olmalısan.
Kəlbəcərdə doğulub söz adamı kimi tanınanların heç də deməzdim ki, hamısı bu zirvəni fəth edir. Ustad ozanlarımızdan başlamış bugünkü istedadlı gənc nəsillərədək keçilən ədəbi yolda axsayanlar, kimlərinsə “misralarından yapışıb”, ona bənzər söz yığını yazıb özlərini şair kimi sırıyanlarımız da az olmayıb. Lakin bircə bəndi ilə dillər əzbəri Namiq Dəlidağlı kimi könül adamlarımız da oldu, az olsalar da.
Onlardan yazanda qələmim və qəlbim dil açıb, yazda gül-çiçək açan kimi.
Oxuculara xatırladım ki, Namiq Dəlidağlı haqqında ötən illər ərzində çox fikirləşmişəm yazmağa. Çünki layiq olmayanlar haqqında dəfələrlə qələmimi gücə salmışam və sonradan peşman olmuşam. Mənə ciddi iradlar da tutulub: “…heyf ki, o portret-oçerki filankəsə həsr eləmisən, onun bədii yaradıcılığı olsa da, ədəb-ərkanı ki, yoxdu…”
Haqqında dəfələrlə məqalə yazdığım Kor Bəsti, Dədə Şəmşir, Cavid Qurbanov, Ənvər Rza, Əyyub-Yaqub qardaşları, Qəmkeş Allahverdi, Aşıq İmran Başlıbelli, Yusif Hüseyn, Sücayət, Seyid Əli, Vəli Çiçəkdağlı, Elnur Bayram, Əmrah Qəmxar… söz sərraflarım olub. Onlardan yazanda qələmim və qəlbim dil açıb, həm də yazda gül-çiçək açan kimi. Çünki poeziyaları, sənətləri ilə könülləri fəth ediblər, şəxsiyyətləri də öz yerində...
Açığı, bəziləri olub ki, hətta, məndən yazı umublar, amma, yaza bilməyəcəyimi deyə bilməyib, “yaxşı, olar, inşallah, sizdən daha məşhurlar yazar” deməklə can qurtarmışam.
Namiq Dəlidağlı ilə ilk tanışlığım, qeyd etdiyim kimi, hələ Kəlbəcərdə olub, söylədim: mən gənc, o isə məktəbyaşlı bir istedadlı idi. Hamiq Dəlidağlıya qədər Kəlbəcərdə bir neçə istedadlı məktəbli kəşf eləmişdim, bircə misrası, ya da məqaləsi ilə. Onların arasında daha çox yaddaşıma yazılan şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, alim qardaşım, “Bütöv Azərbaycan” qəzetinin redaktoru İlham Məmmədli, “Press-fakt” qəzetinin yaradıcısı Məqsəd Nur, “Modern.az” saytının yaradıcısı, Parlament Jurnalistləri Liqasının prezidenti Elşad Eyvazlı, “Türkistan.info”nun və “Türkistan” qəzetinin yaradıcısı və baş redaktoru Aqil Camal… və adlarını sadalaya bilmədiyim neçə-neçə qələm və söz adamları olublar.
Namiq Dəlidağlı haqqında çoxdan yazmaq istəsəm də, buna ya vaxt olmamışdı, ya da mən hələ fikrimi tam formalaşdırmamışdım, baxmayaraq ki, biz yaradıcılıq yollarında bir-birimizin uğurlarını az izləməmişik. Namiq Dəlidağlı yalnız şair deyil. Onun şairliyi kəlbəcərli olmasından, ilahi təbdəndir, yəni Tanrı vergisidir.
Mənim budəfəki oçerkimin qəhrəmanını rəsmi tanıtmağa ehtiyac ona görə duydum ki, o, indiyə kimi heç yerdə, heç bir tədbirdə, hətta, kitablarının təqdimatlarında da bədii, yaxud rəsmi tərcümeyihalını dilə gətirməyib. Bircə kəlmə ilə kifayətlənib: “Tərcümeyihalım Kəlbəcərdə qalıb”
Amma, necə deyərlər, mən onun “saqqızını oğurlayıb“ (bu da mənim jurnalistlik təcrübəmdən irəli gələ bilər-M.N.) tanıtması ilə sizləri də tanış edirəm: 1970-ci ildə Kəlbəcərdə anadan olub. İxtisasca jurnalist-filoloqdur. Hələ orta məktəbdə oxuduğu illərdən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və respublika mətbuatında dərc edilib. 1993-cü ildən dövri mətbuatda çalışır. Müxtəlif qəzetlərdə müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, ”Hər şey sizin üçün”, “Gəncliyin səsi” , “Dəlidağ” qəzetlərinin baş redaktoru olub.
Ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”,“Murovdağ”, “Vaxt”, “Yeni Dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və. s qəzetlərdə, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali Ziya”, “Xəzan” və digər dərgilərdə, internet saytlarında yayılıb, sevilə-sevilə oxunub. Bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb.
Beş publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeirlər kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və digər ali ədəbi və media mükafatlarına layiq görülüb. Hazırda “Manevr.az” MMC-nin direktoru, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarı, Prezident təqaüdçüsüdür.
Bunlar Namiq Dəlidağlının obrazını, portretini sözlə cıza bilməz. O, ötəri yerə deməmişdi: “Tərcümeyihalım Kəlbəcərdə qalıb”.
Onun bədii yaradıcılıq nümunələri ilə tanış oduqca gözlərimiz önündəki o bir az fağır, bir az da utancaq kənd uşağı böyüyür, sözün hikmətində ucalır, "qocalır". Ona görə də bir vaxt demişdim ki:

Yarpaq-yarpaq, budaq-budaq boy atıb,
Ucalanda ucalasan beləcə.
Kəlmə-kəlmə, misra-misra əriyib,
Özün kimi, qocalasan beləcə!


Əslində, bu il gəncikən müdrikləşmiş şair qardaşımızın yubiley yaşıdır. Bu ilin payızağzı Namiq Dəlidağlının 50 illik yubeliyidir. Harada və necə qeyd edəcəyini bilmirəm. Vallah, biz kəlbəcərlilərin bütün gözəl məclisləri Kəlbəcərdə qalıb, Namiq Dəlidağlının da uşaqlıq, yeniyetməlik çağları. Elə özü etiraf edir ki, onun tərcümeyihalı yoxdu, Kəlbəcərdən sonra nə yaşadı ki, nə gün gördü ki, yaddaşa, tarixə həkk edilsin? Amma, illərə nə var ki, öz yolunda, izindədir və bizi öz karvanı arxasınca çəkib aparır.

“Çölümdə mən kiçilirəm, içimdə dərdim böyüyür...”

Namiq Dəlidağlı haqqında o qədər ürək sözlərim var ki, sanki onun yaradıcılığını əzbər bilirəm. Heç vaxt özünü poeziya dili ilə təqdim eləmədiyini deyən şair bəlkə də bunu təvazökarlıqdan edir. Lakin şairin hər şeirinin sətiraltısından bir Namiq Dəlidağlı da boylanır:

Bu dərd çəkdikcə qurtarmır,
Çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.


Bayaq dedim ki, bizim gözlərimiz önündəki Namiq şeirlərində bir özgə cürdür. Sözün gücü yetərmi bu dərdi çözələsin? Amma Namiq Dəlidağlı düşüncələri hiss etdirir ki, onu tanımaq üçün oxumaq lazımdır. Türkçülüyü ilə qürur duyan qardaşım poeziyasının bayrağına da elə TÜRK emblemi həkk edib baş sözlərlə:

Bölgə-bölgə Turandı,
bütün ölkə Turandı,
dünya Türkə Turandı,
Tanrı Türkü qorusun!

Nə yoruldum, nə durdum,
sevgim çox sənə, yurdum,
yaşar olsun Boz Qurdum –
Tanrı Türkü qorusun!


Namiq Dəlidağlı yalnız milliliyinə qapılıb qalmır. O, bəşəri duyğuları ilə də özünü sevdirən şairdir. Yaradıcılığındakı modernzmə meyillilik buradan qaynaqlanır desək, səhv olar. Onun şeirləri vəznlərin standart, basmaqəlibinə sığmır. Buna görə də şeirləri sərbəstlikdə özünü daha oxunaqlı olduğunu təsdiqləyir. Deyim ki, Kəlbəcər ədəbi mühitində əsasən klassik aşıq ədəbiyyatı nümunələri daha çox işlənib, buna inanın. Hətta, ötən əsrin səksəninci illərinədək Kəlbəcərdə sərbəst vəzndə şeir yazan kimsə olubsa (Ənvər Rza istisna olunmaqla. Çünki ölməz şairimiz Avropanın ən məşhur klassiklərini poeziya dili ilə çevirəndə, təbii ki, sərbəst vəzni kamil bilməsi olduqca vacib idi), sonralar Yusif Hüseyn və bugünkü gənc qələm sahibləri də bu janrı bildiklərini öz bədii lövhələri ilə təsdiqləmişlər. Elşən Əzimi, Xəqani Həbiboğlunu, Milli Daşqın Ziyəddinoğlunu... nümunə göstərsəm, digər qələm və söz adamlarımız, xüsusən də Ələmdar Cabbarlı inciməsin...
Namiq Dəlidağlı da sələfləri və xələfləri üçün örnək olacaq bədii sənət nümunələri yaradıb. Onun da yaradıcılıq boyu sərbəst vəznin imkanlarından bəhrələnməsi yalnız təbin və istedadın deyil, həm də elmi ədəbiyyatın bilicilərindən biri olmasını isbatlayır. Lakin bu, o demək deyil ki, şair klassik şeir növlərindən olan heca vəzninə müraciət etməyib. Namiqin heca vəznində də qələmə aldıqlarında yeni deyim və ifadələr yetərincədir. Yəni, özünəməxsusluğu yaradıcılıq boyu özünü təsdiqləyir. Sərbəst vəzn şairin poetikasını, lirikasını isə bir özgə cür təqdim edir, “Şəkilli şeir”ində olduğu kimi:

Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin....


“İçim, çölüm çox azad, dərdim, qəmim kəm idi”

Mən bu şeirdən bircə bəndi də nümunə göstərə bilərdim. Lakin bu sərbəst vəzndə qələmə alınan nümunə tələb edir ki, şeiri bütövlükdə yazasan. Qoşma, gəraylı, divani, təcnis, müxəmməs... klassik şeir janrları kimi yetərincə işlədiliblər, mövzu baxımdan da, janr etibarı ilə də. Saysız-hesabsız dağlar, Vətən, ana, həsrət, sevgi... ünvanlı şeirlər bu vasitə ilə özünü sevdirib. Köhnə mövzuya yeni deyim forması gətirmirsənsə, sən Aşıq Ələsgərdən, M.P.Vaqifdən, S.Vurğundan, Ağdabanlı Qurbandan, yaxud digər klassiklərimizdən -M.Arazımızdan, M. Aslanımızdan da güclü poetik dilə məxsussan ki, onlardan yaxşı yazasan? İnandırıcı deyil. Namiq Dəlidağlının “Etiraf”ında da bunu açıq-aydın hiss edirik:

Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.

İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.

Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.

Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.


Namiq Dəlidağlı şeir yazanda bu eybəcər, bozüzlü cəmiyyətdən qaçıb bir dağın başına çıxmaq istəyir, ya da ki, tənha söyüdün altını Vətən bilir, Bəhmən Vətənoğlu kimi. Ona görə də şeirlərinin birində deyir ki:

Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.
Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti,
bədbəxti olur,
yaşayanı da var,
öləni də…


Məncə, bu mövzu şeirin başqa janrlarında belə ifadə edilməzdi. Şeirin qafiyə, heca… tələbli çərçivəsinə sığmazdı bu sərbəst fikir. Ona görə də sırf Namiq Dəlidağlının özünəməxsus üslub və ifadəsi ilə yazılıb.
Şairin fikirləri mənsur şeir kimi sərbəst formada elə sadə, səmimi, ürəyəyatımlı səslənir ki. Sanki onu sən yazmısan. “Ağ gecənin nağılı”nda bu fikrimi əsaslandıra bilərəm:

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına.
...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq
bu ağ karvan.
...Bu bir ağ nağılıydı,
bu nağılda ağ elədim,
buna heç kəs inanmaz.


Namiq Dəlidağlının qələmində sevgi də, nifrət də, sevinc də, qüssə-qəm də eyni ahənglə yazılır. Dərdin ağırlığı, qəmin niskili, sevincin təbəssümü bir-birinə o qədər oxşayır ki, sanki bunlar bir dibçəkdə cücərdilib. Namiq Dəlidağlı həsrəti vüsal qədər sevir. Ona görə də poeziyasında bu təzadlar natarazlıq yaratmır. Filosoflar deyirlər ki, qəlbin o qədər geniş olmalıdır ki, sevgini nifrət kimi, həm də əksinə oxucuya çatdıra biləsən. Namiq Dəlidağlının yaradıcılığnda insan amili, yurd, torpaq həsrəti eyni məxrəcə gətirilir:

Düşmən gülləsindən qaya çapılıb,
Həsrətdən dağların qaşı çatılıb.
Sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.


Bu bircə bənddəki itirilmiş yurd yerinin dərdinin ağırlığını hiss eləməmək, diz çökməmək olarmı? Bax, bədii əsərin siyasi, publisistik düşüncələrdən fərqi də budur: oxucuya fikrini çatdıra bilmək məharəti. Mən bu bəndi damcılayan göz yaşlarımla oxudum.

“Torpağa bir tabut söz basdırdılar”…

Azərbaycan dilinin şəhdi-şirəsinin dadını şeiriyyətinə hopdurmuş Məmməd Aslanın yoxluğuna elegiya yazan Namiq Dəlidağlının misraları doğrudan da sanki ağıdı, sızıltısı sətirlərə hopub. Fikrin ağırlığına baxın: “Torpağa bir tabut söz basdırdılar”:

İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.

...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz".
Uca kürsülərdən şeir deyirlər,
"söz satıb" nə qədər çiçək alırlar,
şairlər güllərdən şirə çəkirlər,
şeir hörürlər...

..Şairlər üzünə söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına və ayağına...
Bir az yüngül olur şair cəzası,
sözə bağışlanır nə günahı var...
....şair öldü!


Mən bu şeiri kəsib bircə bəndini təqdim edə bilmədim. Bu misralar bir-birinə qulac saç kimi burum-burum hörülüb. Sözlər Məmməd Aslan tabutu ilə məzara sallanan söz düyünçəsidir, yumaqdır sanki, kələf kimi dolaşmayıb. Qıymaq olar onları ayırasan?! Var ol, Namiq Dəlidağlı!
Ədəbiyyat həyat hadisələrini bədii boyalarla özündə əks etdirən güzgüdür,-deyirlər. Məncə, bu fikir bir qədər bəsitləşib. Ədəbiyyat ilk növbədə həyatın özüdür, ona bədii boyanı verən isə xilqətdəndir. Kim ki Tanrının söz peyğəmbəridir, o, sözün su kimi lətafətliliyini duyur və sözə ehya verir ki, dəyərdən düşməsin. Söz Tanrının yadigarı, Peyğəmbər səxavətlidir. Söz Tanrının göndərdiyi ən ülvi ünsiyyət vasitəsidir - dillə, qələmlə ifadə edilir. Kim ki sözünün yiyəsidir, o həm də Tanrının sevimli bəndəsidir.
Namiq Dəlidağlı da Tanrının yerdəki söz peyğəmbərlərindən biridir: ilahi vergili, ədəb-ərkanlı, mədəniyyətli, mərifətliliyi ilə…
Bir “Ağrı” baş qaldırdı duz basdığımız yurd, bütöv Azərbaycan yaramızdan, Göyçə, Təbriz həsrətimizdən. Namiq Dəlidağlının “Ağrı”sı mənim də qəlbimi sızıldatdı. Demək, ürəkdən, qəlbdən süzülüb gəlib. Elə “ağrılı-ağrılı” da yazıb, ona görə də ağrılı oxunur:

Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə….
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni….
duz basdığım yaralarım….
Of, canım göynəyir…


Namiq Dəlidağlı dağların balası olduğunu elə “dəli”liyi ilə təsdiqləyir. İlk cümləsindən, hələlik son xəbərinə kimi özünü oxudur, düşündürür. Düşüncələrimin yorğunluğu çıxır Namiqi oxuyanda.

50 illik ömür yolunda…

Namiq Dəlidağlı, Kəlbəcərdəikən əlinə qələm alıb fikrini nəzmə çəkəndən Dəlidağın balası olduğunu təsdiqləmisən! Halalındı, qardaş! Bu il Sənin 50 illik yubileyindir. Bilmirəm hansı şəraitdə, necə qeyd edəcəksiz, öz işiniz və bir də üzvü olduğun Yazıçılar və Jurnalistlər birliklərinin, ədəbi ictimaiyyətin borcudur ki, bu əlamətdar tarixi unutmasınlar. Qaldı ki, qələm və söz adamı kimi, sevilə-sevilə oxunmağınıza, bu, bir ellin və ilk yaradıcılıq bar-bəhrəni mətbuata çıxaran müəllimlərindən biri kimi (xatırladım ki, o zamanlar Kəlbəcərdə “Dəlidağın nəğmələri” ədəbi birliyi fəaliyyət göstərirdi. Mərhum şair-alimimiz Şamil Əsgər həmin birliyin sədri, mən isə mətbuat üzrə müavini idim. Redaksiyada həmin şeirlərin ilk oxucusu mən olurdum, çapa gedəndə) səninlə, qələmin, özün və ədəbi sözünlə sevilirsən o vaxtlardan!
50 illik ömür yolunda qazandıqların halalın olsun, itirdiklərinə heyfsilənir, qazanacağın uğurlara sevinmək üçün gözləyirəm. Ömür və yaradıcılıq yollarında daim yaşıl işıq yansın. Dedi-qodulara baş qoşma. İstedadsızlar istedadlılara daima tor hörmək, onun qazandıqlarını itirməsi üçün bədniyyətli hərəkətlərindən qalmırlar! Dəlidağ kimi bundan sonra da vüqarlı ol!

Sözün kədər köynəyi - Namiq Dəlidağlı




























Məhəmməd NƏRİMANOĞLU
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar