Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Nöbədənkənar seçkilər dövlətin artıq oturuşmuş ictimai dayaqlarını zədələyə bilər”

Tarix: 08-08-2016 10:39     Baxış: 3646 A- / A+
“Nöbədənkənar seçkilər dövlətin artıq oturuşmuş ictimai dayaqlarını zədələyə bilər”
Manevr.az

“Gülən hərəkatının Azərbaycan rəhbərliyinə rəğbət bəsləmədiyi məlumdur”

Azərbaycanın siyasi gündəminin əsas mövzusu 26 sentyabra təyin edilmiş referendumdur. Ölkə konstitusiyasına çox ciddi əlavə və dəyişiklikləri nəzərdə tutan qərar ətrafında fərqli fikirlər, mülahizələr var. YAP-ın sıravi üzvü, sabiq deputat Alqış Musayevlə (Həsənoğlu) söhbətimizdə də əsasən referendumdan danışdıq.

- Alqış bəy, söhbətimizin əvvəlində istərdim təsis etdiyiniz 28-may.az saytı barədə soruşum. Nədənsə saytda operativlik problemi var, yenilənmələr çox az-az hallarda olur. Hələ komanda qurmadığınıza görə belədir, yoxsa başqa səbəbi var?

- Düzdür, sayt təsis olunub, aradabir yenilənir. Hələ ki, kollektiv formalaşmayıb. Mən də müəyyən səbəblərdən özümü bütövlükdə sayta həsr edə bilmirəm. Bu istiqamətdə işlər gedir. Konturları cızmışıq. Planlarımız var. Calışırıq ki, işlərimizi yekunlaşdırıb fəaliyyətə başlayaq.

- Referendum təşəbbüsü gündəmə əlavə bir mövzu da gətirib: növbədənkənar prezident seçkilərini. Mümkündürmü ki, referendumdan sonra yeni seçki təyin edilsin?

- Mən düşünürəm ki, bu gerçəklikdən çox uzaq, eyni zamanda çox ziyanlı bir iddiadır. Düzdür, referendum aktına təqdim olunmuş layihədə dövlət başçısınin növbədənkənar prezident və parlament seçkiləri təyin etmək, zərurət olarsa, parlamenti buraxmaq hüququ tanınır. Amma heç kim bu məqamdan - müstəsna hallara hesablanmış hüquqi konfiqurasiyadan çıxış edərək uzağa aparan və nəticə etibarı ilə zərərli siyasi mülahizələr səsləndirməyə tələsməməlidir. Mən hesab edirəm ki, nöbədənkənar seçkilər dövlətin artıq oturuşmuş siyasi düzənini məcrasından çıxara, onun ictimai dayaqlarını zədələyə bilər. Razılaşaq ki, prezident seşkisi sıradan, adi səsvermə proseduru deyil.

Dövlətin tarixində və xalqın həyatında taleyüklü əhəmiyyət daşıyan bir hadisədir. Axı, fövqəladə nə baş verib ki, nəvbədənkənar seçki qaçılmaz olsun? Nəzərə alaq ki, bu gün ölkənin siyasi səhnəsi İlham Əliyevin tam və şəriksiz nəzarəti altındadır. İctimai fikir birmənalı olaraq prezidentin xeyrinədir. Siyasi komanda mütəşəkkil və çevik fəaliyyət göstərir. Azərbaycanın bölgədə nüfuzu artır, mövqeyi möhkəmlənir. Dünyanın mövcud siyasi konyunkturasından irəli gələn hansısa diktə və maneə yoxdur. Sual yaranır, belə bir əlverişli mühitdə hansı növbədənkənar seçkidən söhbət gedə bilər?

- Görünən budur ki, referendumun keçirilməsinin özü də birmənalı qarşılanmır. Fərqli yanaşmalarla bağlı sizin mövqeyiniz necədir?

- Niyə də birmənalı qarşılansın ki? Layihə müzakirəyə çıxarılmaq məqsədilə mətbuatda dərc olunub. Hər kəs, hər bir siyasi təşkilat fərqli yanaşa, öz rəğbətini və ya etirazını bildirə bilər və bildirir də. O başqa söz ki, əks mövqedən çıxış etmək istəyənlərin məhdud imkanları açiq-aşkar hiss olunur. Elə bu səbəbdən, hələ ki, müxalif düşüncənin referenduma qarşı dayanmaq cəhdi uğursuz alınır. Ən yaxşı halda bu, müxalif siyasi kəsimin öz əleyhinə işləyir. Məsələn, az-çox intellekti ilə seçilən İlqar Məmmədovun yazısı bu qəbildəndir. O yazır ki, xarici dəstək, beynəlxalq razılıq olmadan prezident belə bir təşəbbüsü irəli sürə bilməzdi. Halbuki, əks düşərgə son 10 ildir, hətta bu günün özündə prezidentin beynəlxalq dəstəkdən təcrid edildiyini, iqtidarın təkləndiyini iddia və təbliğ edir. Müəllifin bu mövqeyi və həm də etirafı müxalifətin indiyə kimi apardığı təbliğatı və mübarizəni heçə endirir...Və əminəm ki, istənilən bu məzmunlu cəhd heç bir səmərə verməyəcək.

- Müxalif fikri təkcə İlqar Məmmədov təmsil etmir. Yəqin ki, mətbuatı izləyirsiniz, xeyli fərqli və maraqlı yanaşmalar var...

- Mən bu mövzuyla bağlı açıqlamaların əksəriyyəti ilə tanışam. Deyim ki, ictimai rəyə çevriləcək, yaxud ictimai rəyi silkələyə biləcək hər hansı açıqlamaya rast gəlməmişəm.

- Niyə ki, bu referendumu konstitusiyalı monarxiya kimi dəyərləndirən siyasilər, ekspertlər də var...

- Bu, ümumiyyətlə, absurddur. Konstitusiyalı monarxiyanın klassik, çox sadə və aydın tərifi var. Monarxın bir sıra səlahiyyətləri konstitusiya ilə məhdudlaşdırılır və bu, olur konstitusiyalı monarxiya. Peferendum aktı kimin, nəyin, haranın səlahiyyətlərini əlindən alır? Digər tərəfdən, bu fikir referendum təşəbbüsünə ictimai nifrin yaradıb təbliğat-təşviqat prosesində kardinal dönüş yarada biləcək arqument gücündə deyil. Çünki konstitusiyalı monarxiyanın Böyük Britaniya, Norveç kimi parlaq nümunələri var.

- Ancaq İngiltərədə konstitusiyalı monarxiyanın mövcudluğu, kraliçanın rəhbərliyi simvolik xarakter daşıyır...



“Dövlət maşını hansı sürət rejimində irəliləməlidir - bunu ancaq sükan arxasında dayanan şəxs dəqiq müəyyən edə bilər”


- Mən bu fikirlə razılaşmıram. Heç kimin şübhəsi yox ki, ingilislər kifayət qədər ağıllı, dünyaya diktə etməyə iddialı və bir çox müstəvidə buna nail olmağı bacarmış bir toplumdur. Onda nəyə görə belə bir sivil cəmiyyət heç bir məna daşımayan, simvolik siyasi institutdan bərk-bərk yapışıb? Bir neçə il əvvəl kraliçanin yubiley tədbirlərini keçirmək üçün İngiltərə hökumətinin qərarı ilə büdcədən 800 milyon funt-sterling həcmində vəsait ayrılmışdı. İngilislərin heç biri rolu olmayan simvol üçün bu qədər pul xərcləmələri heç də inandırıcı deyil. Gəlin əksini götürək, qəbul edək ki, elə deyilən kimidir. İngiltərədə monarxiya, kraliça simvolik xarakter kəsb edir. Bu, özü də çox düşündürücü bir incəlikdir. Deməli, zəngin dövlətçilik, böyük idarəçilik, demokratiya təcrübəsi olan mütərəqqi bir millətin həmin simvola ehtiyacı hələ də qalır. Bu isə adi bir simvol yox, İngiltərə dövlətçiliyinin ali mənbəyi, ingilislərin fəxri və milli dəyəridir. Ona görə də həmin institutu qoruyub-saxlayır və yaşadırlar.

- Siz az qala konstitusiyalı monarxiya quruluşunun tərəfdarı kimi çıxış edirsiniz...

- Tarix sübut edir ki, konstitusiya hüququ-siyasi sənəddir, ideoloji örtükdür. İdeolojinin dəyişməsi mümkündür. Dövləti ideoloji-siyasi örtüklər yox, mahiyyətdə dayanan dövlətçilik ənənəsi yaşadır. Ənənədən imtina edən dövlət sıradan çıxır. Ənənəyə söykənib, onu inkişaf etdirən və zaman-zaman müasirləşdirən dövlət yaşayır və rəqabətə davam gətirə bilir. Gerçəklik bundan ibarətdir...

- Referendum aktına sizin şəxsi münasibətinizi bilmək istərdim...

- Mənim yalnız bu mövzuya deyil, dövlətçiliklə, milli maraqlarla bağlı bütün məsələlərdə prinsipial və ardıcıl münasibətim var. Əvvəl dövlət olmalıdir, sonra aşkarlıq. Dövlət olacaqsa, hər şey olacaq. Dövlət yoxdursa, heç nəyə nail ola bilməyəcəyik. Əvvəl bürokratiya olmalıdır, sonra demokratiya. Təcrübə göstərir ki, bürokratiyasız demokratiya hasil olunmur. Bürokratik müdaxiləsiz demokratik dəyərlər cəmiyyətdə özünə yer tapa, yaşam hüququ qazana bilmir. Hər bir milli dövlət milli xarakterin ifadəsi və davamıdır. İstənilən idarəçilik formatı və mexanizmi milli xarakterin cazibəsindən kənara çıxa bilməz və heç çıxmamalıdir da. Milli xarakterin cazibəsindən qopmağa meyil edən idarəçilik həmişə cəmiyyətə siyasi təlatümlər yaşadır. Bu baxımdan mən referendum aktını milli maraqlarımıza xidmət edən bir addım kimi dəyərləndirirəm. Əminəm ki, daha çox mərkəzləşdirilmış hakimiyyət, daha mobil idarəçilik dövlətin inkişafı üçün güclü təkan verəcək.

- 26 sentyabr referendumunu Türkiyədə baş verənlərlə əlaqələndirənlər də var. Hətta gülənçilərin Azərbaycanda çevriliş etmək potensialından danışılır. Bu təhlükə nə dərəcədə realdır?

- Bu, bir ehtimaldır və şübhəsiz ki, elə ehtimal olaraq da qalacaq. Təbii ki, Gülən hərəkatının Azərbaycanın siyasi rəhbərliyinə rəğbət bəsləməməsi məlumdur. Səbəb isə aydındır, Azərbaycan prezidenti bütün siyasi dönəmlərdə Türkiyənin indiki rəhbərinə və hökumətinə birmənalı dəstək verib. Fətullah Gülənin ölkəmizdə çevriliş etmək imkanı yoxdur. Ancaq onun media qurumları ilə işləmək təcrübəsi və əlaqələri genişdir. Xarici mətbuatda, xüsusilə Amerika nəşrlərində ölkəmiz, prezidentimiz haqqında gedən qərəzli yazıların təşkilatçılarından biri qismində Gülən hərəkatı müzakirə predmeti ola bilər. Yeri gəlmişkən, qardaş ölkənin keçdiyi inkişaf yolu milli xarakter və idarəçiliyin bir-birini tamamlamasına aid ibrətamiz nümunədir. Türkiyə Cümhuriyyəti böyük Atatürkün əsgəri şücaəti ilə bahəm siyasi dühasının məhsuludur. Xilafət Türkiyəsi ləğv olunur, ənənə rədd edilmir. Onun yerində dünyanın qəbul etdiyi bir cümhuriyyət - Atatürk Türkiyəsi yaradılır. Yəni dövlətçilikdə istinadgah kimi şəxsiyyət amili inkar olmur. Cümhuriyyətin təməlində Mustafa Kamal Paşa dayanır. Və siyasi etika imkan verirsə, demək olar ki, Atatürkə münasibət monarxa münasibətdən o qədər də fərqlənmir. Elə yaxşı da ki, fərqlənmir.

- Layihədə prezident və parlament seşkilərində iştirak etmək üçün yaş məhdudiyyətinin aradan qaldırılması müzakirəyə səbəb olan bəndlərdən biridir. Yəqin ki, diqqətinizdən kənarda qalmayıb, hakim partiya rəsmisinin bu təklifi təhlil edərkən Xətaini örnək kimi göstərməsi də bəzi dairələrdə qıcıqla qarşılandı.

- Xətai tarixi şəxsiyyətdir, bu, bir faktdır. Bu fakt referendumla bağlı müzakirələrə hansı səviyyədə yarayır, - bu çək-çevir mövzusu ola bilər. Amma müxalif mətbuat alternativ kimi nə təklif edir, nə deyir və nə yazır? “Azadlıq” qəzetinin manşet xəbərində oxuyuruq: “Əli Kərimlinin oğlu Amerikada mühüm görüşlər keçirdi”. Mən heç kimi və heç nəyi təftiş etmək fikrində deyiləm. Amma bizim doğrudan belə, Amerika kimi mürəkkəb bir dövlətdə mühüm görüşlər keçirə bilən gəncimiz və ya gənclərimiz varsa, müxalifət və müxalif mətbuat yaş senzinin götürülməsinə nədən, hansı məntiqlə etiraz edir?

- Bəzi iqtidar müdafiəçiləri əmindirlər ki, referendumdan sonra hakim komandada ciddi islahatlar olacaq, komanda gəncləşəcək, daha çevik hökumətin yaradılmasına qərar veriləcək. Siz bu mənada nələri proqnozlaşdırırsınız?

- Cənab prezidentin yaxşı bir sözü var. O, həmişə vurğulayir ki, nəyi nə zaman və necə etməyi biz özümüz yaxşı bilirik. Siyasi komandanı dövlət başçısı formalaşdırır. Bu məsələlər birbaşa prezidentin səlahiyyətləri çərçivəsinddədir. Komanda həmişə yenilənir. İndinin özündə idarəçiliyə kifayət qədər gənc kadrlar cəlb olunub. Onlarla nümunə göstərmək olar. Onu da deyim ki, hökumətin işgüzarlıq dərəcəsini yaş həddi müəyyən etmir. Hər şey nəticədən asılıdır. Necə ki, bu gün iqtidarın ictimai-siyasi obrazı “ASAN xidmət” müstəvisində müsbət və çox cəlbedici görünür.

- Siz də hesab edirsinizmi ki, mövcud komandanın sürəti islahatlarla bağlı sərəncamlara adekvat deyil?

- Çox maraqlı bir sualdır. Mənim anlamımda sürət söhbəti bir qədər mübahisəli və nisbidir. Çünki fərqli məkanlarda fərqli düşüncələr olur. Birinci mərtəbənin sakini ilə 10-cu mərtəbənin sakini heç vaxt eyni mənzərəni müşahidə edə bilməz. Mən başa düşürəm, hərdən sürətlə “oynamaq” əyləncəli görünə bilir. Diqqət etmisinizsə, yol kənarlarında, bəzi digər yerlərdə belə bir deyim yazılır: “Sürət rejiminə əməl etsəniz, mənzil başına vaxtında çatarsınız”. Bu, o deməkdir ki, sürəti artırmaq hədəfə vaxtında və sağ-salamat yetişmək üçün kifayət deyil. Hakimiyyətin yükü çox ağırdır. Dövlətin, xalqın məsuliyyəti prezidentin və onun komandasının çiyinləri üzərindədəir. Kənardan təkliflər, şirnikləndirici çağırışlar ola bilir. Dövlət maşını hansı sürət rejimində irəliləməlidir - bunu ancaq sükan arxasında dayanan şəxs dəqiq müəyyən edə bilər.(musavat.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar