Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənbər ŞƏMŞİROĞLU: Ətri də gedibdi, xoş görkəmi də, daha bənövşəni görə bilmirəm!

Tarix: 16-11-2017 12:34     Baxış: 21 166 A- / A+
Qənbər ŞƏMŞİROĞLU: Ətri də gedibdi, xoş görkəmi də, daha bənövşəni görə bilmirəm!

Bu gün Dədə Şəmşir ocağında dünyaya göz açan Qənbər Şəmşiroğlunun doğum günüdü.

Qeyd edək ki, Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdabankəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.
1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri olub. Gədəbəy və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Qənbər Şəmşiroğlu ədəbi yaradıcılıqla da məşğuldu. Bir neçə şeir və publisistik kitabların müəllifidi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, dəyərli ziyalımızı doğum günü münasibətilə təbrik edir, uzun ömür diləyirik. Növbəti doğum gününü Kəlbəcərdə keçirməyi arzulayırıq.


Manevr.az Qənbər Şəmşiroğlunun bir neçə şeirini oxuculara təqdim edir:


BƏNÖVŞƏ

Dağlarda güllərin müjdəçi qızı,
Gətir elimizə bahar, bənövşə!
Xoş ətirin qəlbimizi oxşasın,
Bizi intizardan qurtar, bənövşə!

İnsanı cəlb edir xırda görkəmin,
Qovursan hər kəsin kədərin, qəmin.
Gözəllər gözəli bütün aləmin
Hamı səni əziz tutar, bənövşə!

Oldun sevənlərin ilk vəfadarı,
Qalmayıbdı hansı kəsin tutarı.
Öyrənmək istəsən pərəstişkarı
Məni də unutma, axtar, bənövşə!

Qüssədən, kədərdən biz uzaqlaşaq,
Gəl əl-ələ verib yal-yamac aşaq.
Səni çox bitirən dağlara qaçaq,
Olsun məskənimiz dağlar, bənövşə!

Nəğməkarlar odlu nəğmə deyəllər,
Qulaq asıb dinləyəcək bülbüllər.
Səni sevən gözəl qızlar, gəlinlər
Qom-qom edib dəstə bağlar, bənövşə!

Öz arzusu, öz diləyi hər kəsin,
Yaxşı bağban əsirgəməz meyvəsin.
Qarışarsa nəfəsinə nəfəsin
Qənbər şirin-şirin yatar, bənövşə!

NİGARANAM

Anamın məzarı başında deyilmiş şeir

Dərdim böyük, həsrətim çox,
Sonam, səndən nigaranam!
Pərvanəyəm, nur şölənə
Qonam, səndən nigaranam!

Nisgillərim yenə çin-çin,
Sızlayıram için-için.
Məzarın da dərd, mən üçün,
Anam, səndən nigaranam!

Kəlbəcər qəmə bələnib,
Yaş gözümdə gilələnib.
Qaçqın düşüb, səpələnib,
Obam, səndən nigaranam.

Ağdabanım qan içində,
Ürək dözmür can içində.
Qənbər, alış-yan içində.
Yaman səndən nigaranam!
Anam, səndən nigaranam!
Aman, səndən nigaranam!

GƏLMƏDİ

Gözüm yolda qaldı, qulağım səsdə,
Nə kağızın, nə də səsin gəlmədi.
İki cümlə yazmaq çətin iş deyil,
İstəmədin, ya həvəsin gəlmədi?

Qoy sevinsin bizi birgə bilənlər,
Daldalarda rişxənd edib gülənlər.
Düz deyirmiş boş söhbətdi deyənlər,
Təkrar-təkrar bir də gülsün, gəlmədi.

Zəhmət çəkib inciməyim çox əbəs,
Aydındır ki, ara vurdu müxənnəs.
“Ölüm olsa öləcəyəm!” – deyən kəs
Car çəkəcəm hamı bilsin, gəlmədi.

Söz verməyin özü böyük qərardı,
Əməl etməyin də qaydası vardı.
Görsək gəldi – bir həqiqət olardı,
Verdiyi qərarı silsin, gəlmədi.

Qənbər, biçarəyə artıq nə deyək?
Hər kəsin işini seyr edir fələk.
Aşikar bilindi qurduğu kələk,
Özü doyanacan gülsün, gəlmədi.

BİLMİRƏM

Ətri də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə bilmirəm!
Kolların dibində qaldı ömürlük,
Uzaqdı, yaxındı – gələ bilmirəm!

Vaxt var idi çəmənlərə gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə bilmirəm!

Tale bizi yaman ayrı salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə alıbdı,
Necə yaşayıram-hələ bilmirəm!

Mən bir gün yox olanda kölgələr təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə əkin,
Axı o çiçəksiz ölə bilmirəm.

Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə bilmirəm!

LALƏSƏN

Görürəm ki, laləsən!
Yanaqların lalədən hələ bir az gözəldi
Gözündəki od-alov külək vurdu, közərdi,
Duruşun, oxşayışın lalədəndə betərdi.
Lap lalənin özüsən
Gözəllərin gözüsən
Lalə kimi bəzərsən
Çəməni sən, çölü sən
Amma qoy deyim yenə
Lalə olmaq şərt deyil
Lalənin ləçəkləri o qədərdə bərk deyil
Dərən kimi soluxar
Nə də ətir qoxuyar
Gül gərək gözəl olsun
Həm də cənnət qoxusun!
Güllərdəki gözəllik
Nə qədərdə bol olsa
Onun nə qiyməti bar
Əgər ətri yoxdusa!
Səndəcə bax beləsən
Ətrin qoxun tükənib
Adın dillərə gəlib
Xeyli tərif edillər
Lap gül kimi yalvarıb
Arxanca sürünüllər
Deyəsən bilməyillər
Güldə gözəllik bolsa
Bir gün komada qalsa
Tez əzilib solpusa
Alax iyi qoxusa
O nəyimə gərəkdi
Belə güllər, çiçəklər
Bəzəkli kəpənəkdi
Bir anlıq göz oxşayar
Qanadlanıb uçanda
Ətri, qoxu qalmayır
Ürəkləri odlayır, özü uçub gedəndə
Nişanəsi olmayır!
İncisəndə sözündən, belə deyəcəyəm mən
Sən ətirsiz çiçəksən
Lalələrdən qəşəngsən!

DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ

Məyus olar hər bir bəndə,
Dost düşmənə çevriləndə!
Dözüm gərək səndə, məndə,
Dost düşmənə çevriləndə!

Özünə arxa sanırsan,
Fəxr edirsən, şadlanırsan
Danışmağa utanırsan
Dost düşmənə çevriləndə!

Bilmirsən nə eyləyəsən,
Dərdi kimə söyləyəsən,
Oğulsan tab eyləyəsən,
Dost düşmənə çevriləndə!

Qalay gedib, çıxır paxır,
Tənələr qəlbini yaxır,
Hamı sənə əyri baxır,
Dost düşmənə çevriləndə!

Təmənna çoxdursa əgər,
Qəm-qüssəyə düşmə hədər,
Kişi kimi tab et, Qənbər,
Dost düşmənə çevriləndə!

BU HƏSRƏT

Çoxdandı görüşmürük,
Həsrətini çəkirəm.
Nə gözəldi bu həsrət,
Niyə başa düşmürük,
Nə gözəldi bu həsrət?!
Eşitmişdim, deyəllər:
Filankəsin həsrəti.
Məni tamam öldürüb-
Yəqin onlar bilmillər,
Nə gözəldi bu həsrət!
Gözlərini görmürəm,
Tellərin əllərimlə
Sığallayıb hörmürəm.
Etiraf eyləyirəm:
Nə gözəldi bu həsrət.
Həsrətlə yaşamağın
Özü də bir ləzzətdi!
Düşünürəm o günlər
Nə yaman ötüb getdi.
Məni narahat edən
Yadigar məhəbbətdi.
Məhəbbətin vüsalı
Çəkdiyim bir həsrətdi.
Həsrət mənə təsəlli,
Həsrət mənə qismətdi.
Deyirəm, yəqin bu da
Özü bir səadətdi.
Bu həsrəti yaradan
Nakam bir məhəbbətdi.
Nə gözəldi bu həsrət
İlahidən bir qismət!
Nə gözəldi bu həsrət!
Nə gözəldi bu həsrət!

GƏZƏR

Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!

İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!

Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.

Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Allahu-Əkbəri, sübhanı gəzər!

Rəbbim, özün saxla, eləsi də var
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.

GÜNAH BİZDƏDİ

Dünyanı günahkar sayırıq niyə?!
Dünyada günah yox, günah bizdədi.
Çoxlarının izi-tozu qalmadı,
Çünki onu ana torpaq gizlədi.

Bizə töhfə edib Ayı, Günəşi,
Qayğımıza qalmaq olubdur işi,
Belə xəlq edibdi xəlq edən Kişi,
Qartal zirvələrdə, ceyran düzdədi.

Bircə yaxşılığı yüz görmürüksə,
Hər nəyə qiyməti düz vermiriksə,
Yaxşını-yamanı düz görmürüksə,
Biclik ürəkdədi, xəta gözdədi.

Dünyada şahidi olduq nələrin:
Sonunu çox gördük nadan kəslərin.
Haqqa, ədalətə yol seçənlərin
Şeytan gəlib ləpirini izlədi.

İnsanda insana olsa məhəbbət
Olmaz düşmənçilik, olmaz xəyanət.
Yol azana lənət, əyriyə lənət,
Qənbər sizə nə dedisə, düz dedi.

VAR

Gözə görünmədən Haqq olan kəsin
Zühr edib bilinmək təcəllası var.
Yaratdığı hər bəndənin ayrıca
Özünə məxsusluq iştahası var.

İnsanı yaşadan duzdur, çörəkdir,
Halal zəhmət çəksən, O verəcəkdir.
Doğruçu, qeyrətli olmaq gərəkdir,
Bizlərdən beləcə təmənnası var.

Oğruya, əyriyə, yalana lənət,
Ürəyinə şeytan dolana lənət.
Aralığa nifaq salana lənət,
Hər işin oxşarı, öz qaydası var.

Atdığımız hər addımı izləyər,
Səbri çox böyükdü, dözər, gözləyər,
Qərara gələndə bir cümlə deyər:
Cümlənin xəbəri, mübtədası var.

İstəsə, hər şeyi aşıb-daşdırar,
Boy verər, bəzən də aşıb-daşdırar.
Ya göyə ucaldar, ya dolaşdırar,
Belə edər-etməz intəhası var.

Sərkərdələr sözdə bir olsa əgər
Qələbə gətirər, zəfər gətirər.
Axşam-səhər deyin: “Allahu-əkbər!”
Qənbərin sözünün bu mənası var.

SARILDI DAĞLAR

Yollar bağlanandan yol çəkir gözüm,
Yollara baxmaqdan yoruldu dağlar.
Bir anda dəyişdi gərdiş, ruzigar,
Bu nə qurğu idi quruldu, dağlar?!

Hər gün axıdıram gözümdən yaşı,
Bulaqlar olubdu könlüm sirdaşı.
Yüz yerdən oxlanıb bağrımın başı,
Səsimi duyanda yarıldı dağlar.

Atasız, anasız yetiməm, yetim,
Mən dərdimi açıb kimə söyləyim?!
Sənin həsrətindən çinar qamətim
İkiqat əyilib qırıldı dağlar.

Zirvədə olsa da şanım, şöhrətim
Qənbərəm, canımda çoxdu möhnətim.
Gördüm, tanımadı, “Oğlunam!” – dedim,
Anamtək boynuma sarıldı dağlar.

ÜSTÜNƏ

Özün xəlq etmisən, böyük Yaradan,
Nəzər sal, nur çilə yerin üstünə.
Elə əvvəllərdən qayda olubdu:
İnamla gedəllər pirin üstünə.

Qəlblərdə şeytanlar yuva salıbdı,
Şər ilə, böhtanla dünya dolubdu,
Artıq insan oğlu aciz qalıbdı,
Pərdə çəkə bilmir şərin üstünə.

Mane olan olmaz alsan, ya versən,
Ədalətin vardır – tədbir görürsən.
Xaliqsən, Vahidsən, Qadirsən, Birsən!
Hamı yön çevirir birin üstünə.

Öz güclü əlini atmasan əgər
Nadanlıq, nankorluq baş alıb gedər.
Hər kəs dərk edəcək nəsihət göndər,
Dərdə düşmüş bu bəşərin üstünə.

Qənbərin xahişi belədir, belə:
Dünyanı tutmasın xəsarət, bəla.
Yolumuzu sədaqətə tuş elə,
Hamı gedə bilsin xeyrin üstünə.

ANA DİLİM

Yurdum Azərbaycan, elim Kəlbəcər,
Bu yurdsuz yaşamaq bir qəm, bir kədər.
İstədim sözümü deyəm bir qədər,
Öz ana dilimdə, şirin dilimdə,
Bu dil ana dilim, bu dil şipşirin.

Doğulduğum kəndin adı Ağdaban,
Dağları yamyaşıl, meşələr duman,
Bu kənd söz diyarı, ümmandı-ümman,
Burda eşitmişəm yüzlərlə dastan,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə dünyaya açdım gözümü,
Bu dildə eşitdim Vətən sözünü.
Bu dildə tanıdım elə özümü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Həsənoğlu gözəl meyl oyatdı,
Nəsimi, Nəimi çox əziz tutdu.
Xətai bu dilli dövlət yaratdı.
Bu dil ana dilim, bu dil şip-şirin,
Öz dilim şirindi, öz dilim şirin.

Nəsimi, Füzuli sehirsə, sirsə,
Seyidi, Sabir sənətdə pirsə,
Üzeyir bu dildə mahnı deyirsə,
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dillə sevmişik eli-obanı,
Səməd Vurğun yazıb “Azərbaycan”ı,
Şəhriyar söylədi “Heydərbaba”nı.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə şəcərəm nəğmə oxuyub,
Babam sözlər ilə ilmə toxuyub,
Bu dilin sözləri cənnət qoxuyub.
Bu dil şeir dili Dədə Şəmşirin,
Bu dil ana dilim, bu dil şipşirin.

Nənələr bu dildə nağıl söyləyib,
Analar beşikdə laylalar deyib,
Bu dili yaradan şəkər eyləyib.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.
Müstəqil dövlətin dili bu dildi,

Bu dildə azadlıq sözü deyildi,
Bizi sevməyənlər çatladı, öldü.
Bu dil ana dilim, bu dil şipşirin,
Öz dilim şirindi, öz dilim şirin.

Bu dildə yazarlar minlərdi, minlər,
Heç biri birindən geri deyillər,
Var olsun bu dilə mənim deyənlər.
Bu dil ana dilim, bu dil öz şirin,
Öz dilim şirindi, öz dilim şirin.

DƏRDİ

Taleyin hökmüdür, bəxtin gərdişi,
Canıma doldurub gecədə dərdi.
Elə bil ki, göndərdiyi bəs deyil,
Tovlayıb gətirir gücə də dərdi.

Deməyə, açmağa qorxu çəkirəm,
Göz yaşımı ürəyimə tökürəm.
Ağrı gəlir, dizlərimi bükürəm,
Bəs açıb söyləyim necə də dərdi.

Yəqin qismətimdi, payımdı bu da,
Mənə töhfə etdin bu gün yuxuda.
Sənin əlindədi, ey böyük Xuda,
Yox edib salarsan heçə də dərdi.

VERİR

Yadda saxla sözlərimi:
İstedadı Allah verir.
Bəzimizə cılız, arıq,
Bəzimizə gümrah verir.

Quru daşdan su süzülür,
Ətrafına gül düzülür.
Çox zaman hədər gəzilir,
Payı Böyük Dərgah verir.

Qənbərin sözünə inan,
Naşükürlük etməz insan.
Mərhəmətə gələn zaman
Əsirgəməz, billah, verir.

Qənbər ŞƏMŞİROĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar