Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır“ -Hikmət Hacızadədə

Tarix: 17-07-2017 10:51     Baxış: 4706 A- / A+
“Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır“


Manevr.az Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadədənin kulis-az-a verdiyi müsahibəsini ixtisarla təqdim edir:

- Hikmət bəy, şeirə münasibətiniz necədir?

- Çox gözəl. Sevirəm şeiri. Bilirəm ki, indi dünyada poeziya süquta uğramaq üzrədir. Poeziya keçib mahnılara. Mahnıların güclü mətnləri olur. Mən də o mətnləri oxuyuram.

- Bizdə sevdiyiniz şairlər kimlərdir?

- Ramiz Rövşən, məsələn. Sonra Mirzə Sakit. Xuliqan fason oğlandır, amma mövzularının genişliyi, onun yumoru, sarkazmı xoşuma gəlir.

- Sabiri də sevərsiniz...

- Əlbəttə. Mən sadəcə müasirlərin adını çəkdim. Sabirdi, Mikayıl Müşfiqdi. Mən bunları sevirəm. Bircə Səməd Vurğundan başqa...

- Səməd Vurğunu sevmirsiniz?

- Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, səmimi və doğru şairlərimiz əzab-əziyyət içində ölüb. Hüeyn Cavid, Müşfiq... Ancaq indi istəyirəm müasir ədəbiyyatdan danışım. Bizdə qadın poeziyası əmələ gəlib. Onları oxuyuram və sevirəm.

- Kimləri?

- Nərmin Kamal, Günel Mövlud. Biri də var... Treu.

- Hə... Günel Treu...

- Ay sağ ol. Belə də... Oxuyuram hamısını... Addım-addım səmimiləşir qadın poeziyası. Daha azad olur. Cəmiyyətimiz azadlığını göstərir. Və mən də buna sevinirəm.

- Qadın poeziyası dediniz. Çox vaxt bunu seksist yanaşma hesab edirlər. Siz necə baxırsınız buna? Doğurdan bir bölgü varmı?

- Mənə elə gəlir ki, elə şey var. Onlar ictimai statusda bərabərdirlər. Ancaq qadın hissi başqadır, kişi hissi başqa. Qadın ürəyi başqadır. Ümumiyyətlə, kişi ürəyi varmı ki? (gülür) Kişi əsgərdir, ancaq qadın sülhdür. Məsələn, bir yamacda quzu görəndə kişi kababı düşünür, amma qadın bu mənzərəyə baxanda körpə ağlına gəlir. Mən qeyd-şərtsiz bərabərliyin tərəfdarıyam. Ancaq kişi ilə qadını ayıran təbiətdir.



- Hikmət bəy, Füzuliyə münasibətiniz necədir?

- Füzuli ən gözəl şairdi. Amma ömrü boyu yaradıcılığını məhəbbətə həsr eləyib. Ona görə də bir o qədər xoşum gəlmir (gülür).

- Onda Axundova haqq qazandırırsınız. Füzuliyə qarşı çıxmışdı...

- Bəli. Axundov çox nəhəng şəxsiyyətdir. Onun fikri ilə də razıyam. Füzuliçilik bizi boğaza yığdı. Axundovun bu fikri vacib idi. Azərbaycanın görkəmli ziyalısıdır Axundov. Hərdən Füzulini muğamda oxuyurlar. Axı üzdəki xal haqqında nə qədər yazmaq olar? (gülür.) O dövrlər Avropada baxın görün nələr vardı. Servantes “Don Kixot”u yazmışdı. Şekspir vardı.

- Sizcə, Füzuli Şekpir qədər böyük deyil?

- Şekspirin sonetləri var. Ola bilsin ki, o Füzulinin qəzəllərindən geri qalır. Ancaq o sonetlərdə başqa şeylər var. Şeksiprdə Hamlet kimi obraz var. Şekspirdə ideyalar var, humanizm var. Füzulidə isə bunlar yoxdur. Füzuli şair kimi Şekspirdən güclüdür. Amma ümumən götürəndə Şekspir nəhəngdir. “Kral Lir”, “Hamlet” indiyə qədər tamaşalara qoyulur.

- Hikmət bəy, Orxan Pamuk, Salman Rüşdi, Xalid Hüseynini oxuyursunuz? Necədi onlara münasibətiniz?

- Onlara münasibətim müsbətdir. Görünür ki, onlar yaradıcılıqlarında çox böyük çətinliklərlə rastlaşıblar. Adını çəkdiyiniz üç müəllif də divarı başı ilə yarıblar. Ancaq buna görə onlara hörmət ola bilər. Pamuk mənim üçün bir az darıxdırıcıdır. Çox uzun yazır. Müasir zamanda vaxt tez uçur. Amma ümumən Pamuk müsbət fiqurdur. Ola bilər, Pamuk Folknerdən aşağı səviyyəli yazıçıdır, ancaq fakt budur ki, Pamuk Türkiyədə konservativ mühitdə böyüyüb, buna baxmayaraq yazırsa, deməli o, böyük adamdır. Və ona Nobel haqlı olaraq verilib.

- Deyəsən, siz müasir ədəbiyyata daha çox bağlısınız.

- Əlbəttə, müasir ədəbiyyatı daha çox sevirəm. Müasir ədəbiyyat çox fərqlənir. Ümumiyyətlə, dünya çox dəyişib... Üzr istəyirəm, sizin neçə yaşınız var?

- 25...

- Çox cavansınız. Mənim 62 yaşım var. Siz 60-cı illəri görsəydiniz, bilərdiniz ki, Azərbaycanda və dünyada nələr dəyişib, çox təəccüblənərdiniz. Köhnə filmlərə bir yerdə baxsaq mən bu dəyişikliyi sizə göstərərəm. İndi azadlıq çoxalıb, qəddarlıq, savadsızlıq azalıb. Dəlilər azdır indi. O vaxtlar bilirsən nə qədər dəli gəzirdi küçədə? Və o dəlilər romanların obrazlarına çevrilirdilər. Yazıçılar dəlilərdən yazmağı çox sevirdi. İndi çəpgöz adamlar yoxdur. Görmüsən belə adamlar? Düzəldiblər gözünü. Ancaq 60-cı illərdə elə adamlar hansısa romanın qəhrəmanları idilər. O çəpgöz gözünə görə xeyli əziyyət çəkirdi, sonra hansısa qız ona vurulurdu. Vəziyyət əməlli-başlı dəyişib yəni. Düzdü, indi də çətinliklər var. Ancaq 60-cı, 70-ci, 80-ci illər ümumiyyətlə dəhşət idi. Məsələn, sən indi Parisin Eyfel qülləsini təsvir edən köynək geyinmisən, saqqalın da var. O vaxtlar səni küçədə görən ağsaqqal deyəcəkdi ki, bu nədir, niyə saqqal saxlamısan. Sən heç nə cavab verməyəcəkdin, bir saat onun boş-boş danışığına qulaq asmağa məcbur olacaqdın. Amma indi bir yaşlı adam cavan birinə elə desə dəyəcək ki, get işinin dalınca da, ağsaqqal.

- Və bu dəyişiklik müasir ədəbiyyata da yansıyıb...

- Bax mən də onu deyirəm. Ona görə müasir ədəbiyyat oxuyuram. Keçmişdə olanları bilirəm, görmüşəm, artıq onlar mənə maraqlı gəlmir. Müasirlik, xüsusən Qərbdən gələn müasirlik çox maraqlıdır.

- Onda gəlin müasirlərdən danışaq. Rus müasirləri. Pelevin, Sorokin, Limonov...

- Sorokin çox güclü yazıçıdır. Pelevin yox, elə-belə yazıçıdır. Limonov əclafın biridir. Amma Venedikt Yerofeyev çox yaxşı yazıçıdır. Onun “Moskva-Petuşki” əsəri əladır.

- Bizim müasirlərə keçək...

- Bizimkiləri oxumağı sevirəm. Məsələn, Rasim Qaraca. Murad Köhnəqala qabaqlar çox yaxşı yazırdı. Sonra nəsə oldu, zəiflədi. Yumoru, sarkazmı vardı, yazmağa qorxmurdu. Rasim Qaracanın son romanı “On bir gecə” Azərbaycan üçün misilsiz əsərdir. Rasim bəy bu romanda antropoloji tədqiqat aparıb. Mən ona məsləhət verdim ki, qadınların da ilk məhəbbətindən yazsın. O da dedi, çətin işdir. Amma inanıram ki, bir yol tapıb yazacaq. Seymur Baycanı da oxumuşam. Ancaq o elə də yüksək səviyyədə deyil.

- Siz özünüz hekayə, şeir yazmısınız?

- Mənim “Vergül” adlı absurd pyesim var. Xalq Cəbhəsi haqqındadır. Yumoristikdir. Bir pyesim də var, Hamleti müasirləşdirmişəm. Dostlarım üçün. Sonra özümüz səhnələşdirmişik. Yığışıb rolları bölmüşüb, tamaşanı oynamışıq. Şeir də ki, gənclikdə yazmışam. Gənc vaxtı hamı şeir yazıb. Kim ki, şeir yazmayıb onun ürəyi yoxdu demək. Özüm üçün yazmışam, çap eləməmişəm.

- Sizcə yazıçının ictimai-siyasi hadisələrə münasibəti olmalıdır, yoxsa bu hadisələr sadəcə onun əsərlərində öz əksini tapmalıdır?


- Niyə də olmamalıdır? O da vətəndaşdır. Hər vətəndaşın ictimai-siyasi proseslərə münasibəti olmalıdır. O münasibət olmasa o yazıçını oxuyan olmayacaq. Ölkədə bu qədər hadisə baş veir, sən heç nə demə, gəl mənə qəzəl oxu. Sənin qəzəlinə ehtiyac var? Nə üçün sənin ürəyində bu hadisələr əks-səda vermir? Əgər vermirsə, demək ki, sən yenə üzdəki xaldan şeir yazmağa davam edəcəksən. Çox qəribə də olsa...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar