Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Ən yaxın dostlarımı Qarabağ müharibəsində qazanmışam" -Sultan Bəndəliyev

Tarix: 16-05-2017 20:59     Baxış: 51 345 A- / A+
"Ən yaxın dostlarımı Qarabağ müharibəsində qazanmışam"

Manevr.az Laçın rayonunun işğalının 25 illyi ilə bağlı silsilə yazılar təqdim edir. Budəfəki müsahibimiz peşəkar hərbiçi Sultan Orduxan oğlu Bəndəliyevdir.

İndi hansı peşəkar hərbçidən “Batya”nı tanıyırsanmı?” soruşsaq, çöhrələrdə təbəssüm və inam nişanələri görünər. Bu həm Əfqanıstan döyüşçülərinə, həm də Qarabağ müharibəsi iştirakçılarına aiddir. “Batya”-ata adı nahaqdan verilməyib ona. O döyüşdüyü yerlərdə əsgərlərə əsil ata qayğısı göstərib. Çox az komandirin etdiyini edib əsgərləri üçün və gənc döyüşçülər belə rəhbər üçün canlarından belə keçməyə hazır olurlar. Bugünkü müsahibim Azərbaycan Bayrağı Ordenli, Əfqanıstan, Qarabağ müharibələrinin fəxri veteranı, istefada olan polkovnik-leytenant Sultan Bəndəliyevdir.

İlk məlumat üçün onu deyim ki, Sultan Orduxan oğlu Bəndəliyev 1943-cü ildə Laçının Novruzalılar kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Politexnik Institutuna daxil olub. İnstitutu bitirdiyi il hərbi xidmətə çağırılıb və hərb sahəsindəki xüsusi bacarığı peşəkarların nəzərindən yayınmayıb.
Əvvəl Kazanda Kiçik Komandirlər məktəbini, bir qədər sonra isə Kalininqrad Ali Hərbi Komandirlər Məktəbini bitirir. Almaniya Demokratik Respublikası, Zaqafqaziya Hərbi Dairəsi, Ukrayna 1-ci Zərbə ordusunda xidmət etməklə yanaşı, Kuba, Fələstin, Somali kimi ölkələrə hərbi ezamiyyətə göndərilir. Sovet ordu sıralarından 1989-cu ildə tərxis olunan cəsur komanir, 1991-1998-ci illər arasında Azərbaycan milli ordusunun formalaşdırılmasında , Qarabağ müharibəsinin bütün cəbhəyanı ərazilərində gedən döyüşlərdə igidlik göstərir. 1993-cü il dekabrın 19-da Gəncə aeroportu ərazisini minalardan təmizləyərkən partlayış baş verir. Bu partlayış bir neçə əsgərimizin həyatına son qoyur. Sultan müəllim isə sol ayağını itirir. Ancaq bundan sonra da döyüş bölgəsini tərk etmir, tam 5 il əsgərlərimizə “ Batya”-ata , ordumuza layiqli komandir kimi xidmətini davam etdirir.
"Ən yaxın dostlarımı Qarabağ müharibəsində qazanmışam"

Söhbətimizə belə başladıq:

-Sultan müəllim, sizin şanlı döyüş yolunuz haqda məlumat topladıqca, bir insanın bu qədər mətin və inadkar olduğuna heyran oldum. Siz “Milli qəhrəman” adına layiq görülmüsünüzmü?

-Bilirsiniz, mən vətən uğrunda döyüşə atılarkən qarşıma qəhrəman olmaq kimi bir məqsəd qoymamışdım. Bu sualla çox müraciətlər olur mənə. Doğrudur, həm Əfqanıstan, həm də Qarabağ müharibələrində çox döyüşlərdə iştirak etmişəm.

Dəfələrlə yaralanmış və ölümlə üz-üzə gəlmişəm. 1993-cü ildə isə mina partlaması nəticəsində ayağımı itirmişəm. Bu itki vətənimə olan sevgimin nişanəsidir.

-Amma, Sultan müəllim, deyərdim ki, bu adı haq edənlərin ən canlı nümunəsi sizsiniz. Mən ümid edirəm ki, ölkə prezidenti cənab İlham Əliyev tezliklə bu adın sizə verilməsi haqda fərman imzalayacaq.

Sultan müəllim, Laçın işğal olunanda siz harada və hansı vəzifədə idiniz?

-1991-ci il 24 fevral tarixindən Ağdamın düşməndən müdafiəsi işində yorulmadan fəaliyyət göstərməkdə idim. Təbii ki, Ağdam da istər ərazisinə, istərsə də əhali sayına görə böyük bölgələrimizdəndir. Mən həm də orada yeni yaranmaqda olan ordumuzun qərargah rəisi vəzifəsini yerinə yetirirdim.

Laçına gəldikdə isə atrıq xeyli vaxt idi ki, rus-erməni hərbi hissələri oranı mühasirəyə almışdılar və hər an Laçın üzərinə irimiqyaslı hücumun olacağı gözlənilirdi. 1992-ci il 17-18 may tarixində Laçın kimi strateji bir bölgə düşmən əlinə keçdi. Bu isə hərbi əməliyyatların genişlənməsinə, Qarabağ ətrafında olan bölgələrin də düşmən əlinə keçməsinə səbəb oldu.
"Ən yaxın dostlarımı Qarabağ müharibəsində qazanmışam"

-Bir peşəkar hərbçi kimi bu proseslərin baş verməsində kimləri günahkar bilirsiniz? Torpaqlarımız səhlənkarlığın, məsuliyyətsizliyin, yoxsa satqınlığın nəticəsində düşmənə verildi?

-Ancaq o zamankı rəhbərliyin diletantcasına apardığı siyasətin nəticəsində bu hadisələr baş verdi. Çünki istər böyük, istərsə də kiçik dövlət olsun, hər iki halda dövlət rəhbərləri öz “yerindədirsə”, deməli, o dövlət yaşayacaq.

Bildiyiniz kimi imperiya yeni dağılmış, bir çox ölkələrdə yeni qüvvələr hakimiyyətə gəlmişdi. Deyərdim ki, bu istiqamətdə Azərbaycanın bəxti gətirmədi. Hakimiyyətə siyasi və idarəçilik savadı olmayan bir qrup –AXCP gəldi. Necə səs-küylə gəldilərsə, eləcə də getdilər. Ancaq ölkəyə, dövlətimizə, xalqımıza onların düşünülməmiş hərəkətlərinin acısını yaşamaq qaldı.

-Deməli, “çörəyi çörəkçiyə vermək” prinsipi özünü doğrultmadı.

-Tamamilə doğrudur. Dövlət quruculuğu boş söz-söhbətlə deyil, əməli işlə aparılır. Bu çox çətin işdir. Hər bir işdə düzgün kadr siyasəti olmalıdır. Xüsusilə də, milyonlarla insanın həyatına cavabdeh olan dövlətçilikdə.

-Sultan müəllim, eşitdiyimə görə kişi cinsinə mənsub olan insanlar ən yaxın dostlarını birlikdə hərbi xidmət keçdikləri insanların arasından seçirlər. Ancaq sizdə vəziyyət bir qədər başqadır. Əfqanıstan müharibəsi, Almaniya, Kuba və nəhayət Azərbaycan, Dağlıq Qarabağ və daha nələr.. Döyüşçü yoldaşlarınızla əlaqə saxlayırsınızmı? Əsgərləriniz neçə il onlara atalıq etmiş Sultan müəllimi tez-tezmi xatırlayırlar?

-Deyərdim ki, mənim onlarla gündəlik görüşüm var. Hamısının adlarını bir-bir sadalasam, bəlkə də vaxt çatmaz. Amma inanın ki, Azərbaycanın dörd bir yanında, keçmiş Sovetlər İttifaqının hər guşəsində döyüşçü yoldaşlarım var. Təbii ki, ən yaxın dostlarımı isə Qarabağ müharibəsində qazanmışam.

-Ordumuzun müasir vəziyyəti sizi qane edirmi?

-Əlbəttə. Indi ordumuz həm silah-sursat, həm də əhval-ruhiyyə baxımından çox irəliləmişdir. Yaxşı zabit kadrlarımız yetişib və yetişməkdədir. Yeni silahlarımız var. Məncə, kənar təsir və təzyiqlər olmasa, biz düşmənlə çox gözəl hesablaşarıq.

-Müharibənin ağırlığını içindən keçirmiş bir hərbçi kimi zabitlərə nəyi məsləhət görərdiniz?

-İlk növbədə, cəsarət və mətinlik. Tabeliklərində olan gənc əsgərlərlə səmimi, həm də qayğıkeş olmalarını məsləhət bilirəm. Çünki belə komandiri əsgərlər sevir və onun əmrlərinə tabe olmaqdan həzz duyurlar.

-Bəs bizim Manevr.az və Sumqayıtfakt.az saytının oxucularına nə demək istərdiniz?

-İlk öncə hamıya, elə özümə də, sülh arzulayıram. Həm dövlətimizin, həm xalqımızın inkişafı üçün bizə sülh hava-su kimi lazımdır. Birlik arzulayıram. Biz ancaq bir olmaqla bütün çətinliklərin öhdəsindən gələ bilərik.

Bilirəm ki, internet xidmətindən ən çox gənclərimiz istifadə edir. Bilik, savad hər bir müşkülün açarıdır. Onlara savadlı olmağı arzulayıram.

-Sultan müəllim, Sizə minnətdarlığımı bildirirəm. Maraqlı söhbət və dəyərli məsləhətləriniz üçün çox sağolun.

Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar