Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Kəlbəcərdə şəhid olmadığım, o torpağa bu yolla qovuşmadığım üçün xəcalət çəkirəm" -Əlövsət Ağalarov-MÜSAHİBƏ

Tarix: 02-04-2017 22:19     Baxış: 31 492 A- / A+
"Kəlbəcərdə şəhid olmadığım, o torpağa bu yolla qovuşmadığım üçün xəcalət çəkirəm"

2017-ci il aprelin 2-də doğma Kəlbəcərimizin işğalının 24 ili tamam olur. Təbii ki, hər bir guşəsi cənnət olan Azərbaycanımızın köksündə Kəlbəcər yarası bugün də qan verməkdədir. Bütün həyatı bu yurdla bağlı olan neçə ağsaqqal və ağbirçəyimiz dünyaya “Kəlbəcər” deyərək vida etdi. Neçə könül korun-korun alışdı bu həsrətdən. Nə keçən bunca zaman, nə ölkəmizin digər bölgələrinə sığınmaq (yaxşı şəraitdə yaşasalar belə), nə də beynəlxalq qurumların verdiyi yalançı vədlər bu ağrını ovutmadı, unutdurmadı xalqımıza. Məkrli düşmən bu torpağı almaqla, nələr qazandığını çox gözəl bilir. Can dərmanı olan bulaqlar, zəngin əlvan metal yataqları, gözəl və təkrarolunmaz təbiət və daha nələr... nələr... və ən nəhayət, Dağlıq Qarabağ qapısının qızıl açarı...

Bəli, Kəlbəcər bütün müharibənin taleyini həll edən ən mühüm strateji bölgədir. Bu ərazi Qarabağ müharibəsini düşmənin xeyrinə həll edən üç rayondan biridir (Şuşa, Laçın, Kəlbəcər).

Manevr.az-ın əməkdaşnın bugünkü müsahibi bütün həyatı, fəaliyyəti ilə Kəlbəcərə bağlı olan, bu istiqamətdə yorulmadan çalışan, torpalaımızın azad olunmasında müharibə yolunun qaçılmaz olduğunu dəstəkləyən, I çağırış (1995-2000) Milli Məclisin sabiq deputatı, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarovdur.

- Əlövsət müəllim, sizi xoş gördük. Mənim aldığım məlumatlara görə siz Kəlbəcər camaatının özlərinə dayaq, ağsaqqal bildiyi insanlardansınız. Hələ müharibədən əvvəl, elə müharibə başlayandan sonra da harada olmağınızdan asılı olmayaraq, hər zaman yerliləriniz sizin ətrafınıza cəm olub, sizdən dəyərli məsləhətlər alıb.
"Kəlbəcərdə şəhid olmadığım, o torpağa bu yolla qovuşmadığım üçün xəcalət çəkirəm"


-Dediyiniz xoş sözlər üçün təşəkkürümü bildirirəm. Doğrudur, mən hər an öz yerlilərimin yanında, onların sırasında olmağı düşünürəm. Əvvəllər bu, sadəcə, tətil və bayram günlərində el-obamı, doğmalarımı ziyarət etmək məqsədi daşıyırdısa, Qarabağ müharibəsi başladıqdan sonra sırf onun qorunması, son zamanlarda isə Kəlbəcərin azad edilməsi ilə bağlıdır. Etdiyim bütün işlər vətən qarşısında ödəyəcəyim borcdan başqa bir şey deyil.

-Doğma Kəlbəcərimizin işğalından 24 il keçir. Çox ağrılı bir məqam, çəkilməz dərddir. Ancaq, izninizlə, sizə belə bir sual ünvanlayım: Kəlbəcər savaşdan öncə sizin üçün nə idi? İndi nədir?

-Çox doğru qoydunuz sualı. Kəlbəcər mənim fəxr, güvənc yerim idi. Bütün həmyerlilərim kimi mən də o torpaqla nəfəs alır, onun eşqilə yaşayırdım. Indi isə o torpaq mənim üçün utanc yeridir. Mən bu gün də orada şəhid olmadığım, o torpağa bu yolla qovuşmadığım üçün xəcalət çəkirəm.

-Hamımıza məlumdur ki, Kəlbəcər dağlıq rayondur. Onun belə asanlıqla düşmən əlinə keçməsinə səbəb nə oldu? Biz o torpağı lazımınca qoruyaraq döyüşüb məğlub olduq? Yoxsa, heç bir dirəniş göstərmədən silahı yerə qoyduq?

- Mən deyərdim ki, müharibənin başladığı ilk gündən kəlbəcərlilər bütün lazımi vasitələrdən istifadə edərək, torpağı saxlamağa çalışdılar. Kəlbəcər beş il işıqsız yaşadı. Sıravi insanlar əllərində qalan ən köhnə model silahlardan istifadə etməyə, bunlarla müdafiə olunmağa məcbur oldular. Sadəcə, o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlər, hərbi döyüş taktikasından xəbərsiz olan müdafiə naziri və onun generallarının yarıtmaz siyasəti və laqeydliyi Şuşanın, Laçının Kəlbəcərin işğalına səbəb oldu. Düşmən rus hərbi qüvvələrinin köməyi ilə 1992-ci ilin fevral ayında Xocalı, aprel ayında Ağdaban faciələrini törətməklə digər bölgələrin əhalisini qorxutmaq və doğma yerlərdən qaçmasına nail olmaq istəyirdi. Bəli, bəzi insanlar bundan təsirlənmiş və ölkənin aran rayonlarına getməyə hazırlaşmışdılar. Lakin böyük əksəriyyətin heç yerə hazırlaşmadığını görüb, elin qınağından qorxaraq, geri dönmüşdülər. 1992-ci ilin sonlarından vəziyyət daha da kəskinləşmiş, Kəlbəcər rayonu icra hakimiyyəti o zamankı prezident Əbülfəz Elçibəydən uşaq, qadın və qocaları rayondan çıxarmaq üçün helikopter istəməyə məcbur olmuşdu. Əbülfəz Elçibəy bir neçə dövlətdən, o cümlədən qardaş Türkiyənin prezidenti Süleyman Dəmirəldən helikopter istədi, onlar təəssüf ki imtina etdilər.

-Bəs, rayonun əhalisi özünümüdafiə dəstələri yaradarkən, ən primitiv silahlarla başdan-ayağa silahlanmış düşmənlə üz-üzə qalarkən hərbçiərimiz nə edirdi? Düzdür, müharibə ölkənin böyük bir ərazisində gedirdi, lakin bu qədər əhəmiyyətli yüksəkliklərin müdafiəsi təmin edilməli idi.

-Tamamilə doğrudur. Bilirsinizmi, 1992-ci ilin mayında Laçının işğalı baş verdi. Bu zaman Kəlbəcərin yeganə çıxış yolu Murov dağının “Yol evi” aşırımından idi. Və biz yeganə xilas yolumuz olan bu aşırımda keçid məntəqəsi qurub, orda post yerləşdirdik. Məqsəd camaatımızın köçüb getməsinə yol verməmək idi. Ən böyük bəla özbaşınalıq və orduda nizam-intizamın olmaması idi. Hərdən düşünəndə mat qalmamaq olmur. Şuşa sırf xəyanət nəticəsində verildi. Çünki onun dolanbac yolları ilə tankların hərəkəti mümkün deyildi, düşmənə bir qədər müqavimət göstərən qüvvələr olsaydı, Şuşanı heç bir halda işğal etmək mümkün olmayacaqdı. Laçın və Kəlbəcərdə isə vəziyyət başqa idi. Düşmən işğal etdiyi əraziləri əldə saxlamaq, Ermənistandan hərbi yardım almaq üçün mütləq bu rayonları tutmaqda israrlı idi. O zaman ölkəmizdə həm hərbi nazirlik, həm də generallar var idi. Ancaq bununla belə 20% torpağımız işğal edildi. Ən maraqlısı da odur ki, bu qədər laqeydlik göstərən, minlərlə günahsız insanın öldürülməsinə, əsir düşməsinə səbəb olan şəxslərin heç biri məsuliyyətə cəlb olunmadı. Əksinə, bu gün də azad-asudə yaşamaqda davam edirlər.

- Əlövsət müəllim, 1993-cü ildə, bəlkə də bütün insanlığı sarsıdan xəbər yayıldı. O günlər mənim də çox yaxşı yadımdadır. Hadisə şahidləri söylədilər ki, 30-a yaxın kəlbəcərli qadın düşmən əlinə keçməmək üçün özlərini qayadan atıb intihar etmişlər. Siz bütün olanların şahidisiniz.

-Bəli, belə hadisələr olub. Hətta o zaman Kəlbəcər icra başçısının müavini Səyyarə Rəsulova zəng edərək, ağladı və bildirdi ki, qadınlarımız özləri ilə şüşələrdə benzin götürürlər. Mənim qardaşım da təsdiq etdi ki, qadınlarımız erməni quldurlarının əlinə keçməmək üçün edirlər bunu. Düşmən tərəfindən kütləvi hücum olarsa, qadınlarımız ölməyi çıxış yolu seçmişdilər.

-Bu gün torpaqlarımızın azad edilməsi yolunda görülən işlər sizi qane edirmi?

-Belə deyərdim: məni xalqımızın, camaatımızın soyuqqanlıığı pərişan edir. Biz bütün vasitələrdən: kütləvi toplantılardan, xatirə və anım günlərindən istifadə edib çağırış, bəyanat, qətnamə qəbul etməliyik. Onlar ölkə başçısına, ATƏT, Minsk qrupu və digər təşkilatçılara ünvanlanmalıdır. Dünya görməlidir ki, biz torpağımızı istəyirik. Bu gün Kəlbəcərin işğalından 24 il keçir. Bu münasibətlə yürüş keçirilməli idi. Xalq arasında təbliğat aparılmalı, bütün səylərimiz bu məqsədin reallaşmasına yönəldilməlidir.

- Əlövsət müəllim, müharibənin çox amansız qanunları var. Ancaq insan bütün hallarda insan olaraq qalır. Nə böyüdüyü torpağı, nə də doğmalarını unuda bilmir. Ən ağrılısı isə düşmən əlində qalmış, bayramlarda üzərində dua oxunmayan, ziyarət edə bilmədiyimiz məzarlarımızın dərdidir. Bu məqamda, təbii ki, erməni əsirliyində olan Dilqəm ilə Şahbazı xatırlamamaq olmur. Bildiyim qədərilə siz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarının Müdafiəsi komitəsinin sədrisiniz. Onu da soruşum ki, Rusiya vətəndaşları olan bu şəxslərlə Rusiya dövləti maraqlanırmı?

- Bəli, doğru buyurursunuz. Mən həmin komitənin sədriyəm. Üç gün əvvəl bu məsələ ilə bağlı Gürcüstanda olduq. Burada əsir düşmüş həmyerlilərimizin azad olunması yönündə bir çox danışıqlar apardıq. Hətta Gürcüstanın dini rəhbərindən belə yardım istədik. Nə üçün həmvətənlərimiz ifadəsini işlətim, sizin də dediyiniz kimi Dilqəm və Şahbazın xanımı Rusiya vətəndaşlarıdır. Və o dövlətin hər iki məhbusu: Dilqəmi də, Şahbazı da Ermənistandan tələb etmək ixtiyarı var. Ancaq nədənsə bu istiqamətdə fəaliyyətsizlik göstərir.

Yuxarıda sizin də dediyiniz kimi 24-25 ildir insanlar doğmalarının məzarını ziyarət edə bilmir. Dilqəm 7 dəfə Kəlbəcərə geib və qayıdıb. Bizə isə, açığını deyim, 5000 nəfər Dilqəm kimi vətəndaş lazımdır: cəsarətli, döyüşkən. İnanın ki, düşmən o qədər xain və xofludur ki, kiçik bir həmlədən belə qaçmağa hazırdır.

-Əlövsət müəllim, torpaqlarımızın tezliklə qayıtması üçün nələr etməliyik. Sizin sözlərinizdə pessimist notlar hiss olunur. Bir ağsaqqal nəsihəti istərdim sizdən.

- Son döyüşə hazırlaşmaq gərək. Gözləmə zamanı çoxdan bitib. Hər kəs daxilən şəhidliyə hazır olmalıdır. Yenə deyirəm: son və müzəffər döyüşə hazırlaşmaq və qalib gəlmək lazımdır. Belə bir deyim var:”Qaliblər mühakimə olunmur”. Ən əvvəl vicdanımızın mühakiməsindən qurtulmalıyıq. Çünki ilk hesabatı o istəyir bizdən. Gələcək nəslin gözünə dik baxmaq, didərgin ruhlarımızı el-obamıza qaytarmaq üçün ancaq irəli, ancaq qələbəyə doğru getmək lazımdır. Deyəcəyim də, nəsihətim də budur.

-Əlövsət müəllim, sizin söylədiyiniz bu sözlər hər bir azərbaycanlının köksündə yatan vətən niskilini dilləndirəcək. Inanıram ki, siz, mən və bizim kimi milyonlarla soydaşımız qadir Allaha üz tutaraq bu yolda bizə təpər, dözüm verməsi, ancaq daha səbir verməməsi üçün dua edəcək. Ürəkdən gələn dualarımız qəbul olunsun!

Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru

Manevr.az

"Kəlbəcərdə şəhid olmadığım, o torpağa bu yolla qovuşmadığım üçün xəcalət çəkirəm"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar