Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Könlüm pərvazlanır “Kəlbəcər” –deyə -MÜSAHİBƏ

Tarix: 02-04-2017 12:31     Baxış: 22 194 A- / A+
Zərraf Şirinov: "Orda bizim gorumuz var! Gorumuza sarı gedək!"
Könlüm pərvazlanır “Kəlbəcər” –deyə


Dünyada insan yaddaşına həkk olacaq, xatırlanacaq hadisələr çoxdur. Bu müxtəlif xalqlara məxsus və fərqli zamanlarda baş verən, lakin müəyyən dövrdən sonra unudulan mənfi və müsbət hadisələr ola bilər. Lakin elə hadisələr də var ki, onu unutmağa, unutdurmağa nə tarixin qüdrəti, nə də insanlığın şərəfi yol verir. Belə hadisələr dünya sivilizasiyasına həm fiziki, həm də mənəvi itki və fəlakət gətirən müharibələrdir. Müharibə-yalnız ölüm deyil. O, həm də kütləvi mənəviyyatsızlıq və depresiya deməkdir.
Yaşadığımız ölkə-Azərbaycan artıq 30 ilə yaxındır ki, belə bir bəlaya düçar olmuşdur. 1988-ci ildən başlayıb, bu gün də davam edən bir münaqişənin , Dağlıq Qarabağ müharibəsinin cərəyan zonasına çevrilmişdir. Təbii ki, hələ ki, məğlub tərəf kimi həm çoxsaylı şəhidlər və 20% torpaq itkisinə məruz qalmışıq. Aprel ayının 2-si Azərbaycanımızın cənnət guşəsi olan Kəlbəcərimizin işğalı günüdür. Elə bu səbəbdən ürəyində Kəlbəcər daşıyan insanların yurd niskilini dindirmək, o yerlərə bir də qayıtmaq arzusu ilə “kürəkləri qovuşan” kəlbəcərliləri dinləmək istədik.

Bugün sizə təqdim edəcəyim şəxs Kəlbəcər elinin ziyalı oğlu, şair, akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin “Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahiyyə şöbəsinin müdiri, Tibb elmləri doktoru, professor Zərraf Təhməz oğlu Şirinovdur.

Z.Şirinov 1962-ci il sentyabr ayının 5-də Kəlbəcər bölgəsinin Kilsə kəndində dünyaya gəlmişdir. 1980-ci ildə Kəlbəcər rayonu İstibulaq kənd orta məktəbini bitirmişdir
.

Evlidir. Bir qız, iki oğul atasıdır.

Söhbətimiz Zərraf həkimin çalışdığı şöbədə baş tutdu. Bütün cərrahlara xas olan zəhmli görünüşünə rəğmən, çox sadə, səmimi bir insandır. Öncədən deyim ki, bir-birimizi tez anladıq və başqa cür də ola bilməzdi. Hər ikimiz üçün doğma olan torpaq yanğısı söhbətimizin səmimi ortamda baş tutmasına səbəb oldu.

-Doktor, özünüzü Manevr.az-ın oxucularımıza, sizi tanımayan insanlara necə təqdim edərdiniz?

-Mən ixtisas baxımından həkiməm və sənətimi çox sevirəm. Onu da deyim ki, ATU-da təhsil aldığım illərdə müəllimlərimin diqqətini cəlb etməyə müvəffəq olmuşdum. Çalışqanlığım universitet rəhbərliyinin nəzərindən qaçmamış, 1990-cı ildə akademik Böyükkişi Ağayevin təklifi ilə internatura keçmədən klinik ordinator kimi klinikada saxlanmışdım. Həkimlik fəaliyyətinə başladığım ilk gündən mənə “doktor Şirinov” kimi müraciət edirlər. Mən də bu adı şərəflə daşımağa və doğrultmağa çalışıram.

-Bəs, doktor Şirinov doğmalar üçün kimdir?

-Doğmalar üçün mən Zərrafam: oğul Zərraf, qardaş Zərraf, kimiyə əmi, kimiyə dayı.. Və ən şərəfli bir missiyam da ata Zərraf olmağımdır.

-Həyatda insanın itirdiyi dəyərlər, məncə, ən azından, qazandığı qədərdir. Vətən itkisi isə bütün itirdiklərimizin fövqündə durur. Bu itki mənə də çox tanış olduğu üçün, onun necə ağrılı bir hiss olduğunu, təbii ki, dadmış, “vətəndə vətənsizlər” statusunu qəbul etmişlərdən biriyəm. Və mənə maraqlıdır: Siz Kəlbəcərin işğal olunması xəbərini harada aldınız və ilk reaksiyanız necə oldu?

-Bilirsiz, o günləri xatırlamaq çox ağrılıdır. Indi də hər dəqiqə o anı yaşayıram. Evimizdə yeganə adam mənəm ki, o qaçqınlığın canlı şahidi olmamışam. Təbii ki, müharibənin başlanması, məni də bir vətəndaş kimi narahat edirdi. Amma hadisələrin daha da kəskinləşməsi, öncə Laçının işğalı, ardınca Kəlbəcərin düşdüyü çətin vəziyyət Bakıda yaşayan bütün kəlbəcərlilər kimi məni də üzməyə bilməzdi. Xəbəri eşitdiyim an mən də kəlbəcərlilərin təşkil etdiyi “Murovdağ” cəmiyyətinə müraciət etdim və maşınlarla Murovdağa qədər gedə bildik. Dağın o biri üzü düşmən əlində olduğu üçün Yol evi aşırımında gözləməyə, doğma yurdundan ayaqyalın, başıaçıq qovulan tanıdığımız və tanımadığımız insanları ölümün pəncəsindən xilas etməyə çalışdıq. Mənim doğmalarım da bu insanların arasında idi. Doğrudur, mən həmin müddətdə silaha sarıla bilmədim. Amma əmim Şirinov Əzimin iki oğlu: Mahir və Muğan yenidən geri, Kəlbəcərin müdafiəsində iştirak etmək üçün qayıtdılar. Mənim doğulduğum kənd çox böyük olmasa da, bu mübarizədə yetərincə dirəniş göstərdi. Könüllülərdən ibarət dəstələrdə mənim həmkəndlilərim çox idi.

Könlüm pərvazlanır “Kəlbəcər” –deyə


-Doktor, mən illərdir belə bir qənaətdəyəm ki, Qarabağın iki ərazisinin: Şuşanın və Kəlbəcərin işğalı, müharibənin gedişini düşmənin xeyirinə dəyişdi. Hər ikisi də dağın qoynunda və çox əhəmiyyətli strateji nöqtələrdir. Bu söylədikləriniz belə bir sual doğurdu məndə: Kəlbəcərin müdafiəsi lazımınca təşkil olunmuşdumu?

-Təbii ki, mən siyasət adamı deyiləm. Sadəcə, keçmiş SSRİ dağılmış, yeni qurulmuş dövlət isə bu qarışıq zamanın nəbzini tuta bilməmişdi. Hakimiyyət çox səriştəsiz insanların əlinə keçmişdi. Bu məqamda biz əsil düşmənimizi erməni olaraq tanısaq da, ona havadarlıq edən, ona bu şəraiti yaradan imperiya siyasəti yürüdən Rusiya dövləti idi. Bunun nəticəsidir ki, XXI əsrin bir addımlığında biz doğma yerlərimizi itirdik. Doğulduğumuz torpaq, uşaqlığımızın keçdiyi o yerlər bizim üçün əlçatmaz xəyala çevrilib. Yaxınlarımızın məzarını ziyarət etmək belə mümkünsüz olub. Düşünürəm ki, bu belə qala bilməz.

-Biz burada, öz vətənimizin paytaxtında- Bakıda çalışırıq, rahat söhbət edirik. Ancaq ən doğma hisslər sizi Kəlbəcər, məni İrəvanla bağlayır. Və istər-istəməz Nəbi Xəzrinin “Qürbətdə yuxular köməyə gəlir, Arzular, xəyallar köməyə gəlir. Səsi olanın da, olmayanın da, Qürbətdə bayatı deməyi gəlir” misralarını xatırlayıram. Sizin könlünüz Dəlidağ arzusu ilə havalananda yadınıza hansı şeirlər, bayatılar düşür?

-Bilirsiz, son zamanlarda məni daha çox torpaq həsrəti, torpaq niskili çəkir özünə. Və bu vaxt cinas bayatılar doğulur içimdə.

Daşına,
Qoymuyaq yurd daşına.
Dönüb yurdda yaşıyaq.
Çevrilək yurd daşına.
Yurda sarı,
Yollanaq yurda sarı.
Yurd sevənin gərəkdir
Poladdan yurd hasarı.
Qartala,
Bir arzum var qartala.
Zirvələrdə yaşaya,
Zirvələrdə qartala.


-Zərraf həkim, 1993-cü ildən bu yana tarix üçün çox kiçik, bizim üçün çox böyük zaman axını baş verdi. Və yeni kəlbəcərlilər, laçınlılar, irəvanlılar nəsli yetişdi. Sizcə, bu nəsil azad olunmuş torpaqlara qayıtmaq həvəsindədirmi? Axı, onlar şəhərdə: Bakıda, Gəncədə və digər şəhərlərdə böyüyüblər. Belə bir “xəstəlik” qorxusu vamı?


-Bilirsinizmi, mənim ailəmdə, eləcə də ətrafımda müşahidə etdiyim, yaxşı bələd olduğum gənclər yetişib və yetişməkdədir. Onların göstərdikləri vətənpərvərlik coşğusu, soyköklərinin yaşadığı torpaqla öyünmələri belə bir qorxunun olmadığını göstərir. Təvazökarlıqdan uzaq olmasın, mənim böyük oğlum, eləcə də onun döyüş yoldaşlarının 2016-cı il aprel döyüşlərində göstərdikləri rəşadət, onların bu torpağa nə qədər bağlı olduqlarını sübut edir.

Könlüm pərvazlanır “Kəlbəcər” –deyə

Bir şeyi də demək istəyirəm ki, ordumuzun bugünkü vəziyyəti məni bir valideyn, bir vətəndaş kimi çox qane edir. Hətta, onların hərbi hissələrindəki nizam-intizam, səliqə-sahman, qidalarının keyfiyyəti tək məni deyil, hamını razı salmaqdadır. Bunu əsgərlərimiz də dönə-dönə vurğulayırlar.

-Məclislərin birində şair dostumuz Namiq Dəlidağlı anası Əsginaz xanıma yazdığı “Aparammıram” adlı qoşma söylədi. Şeir “Namiq adlı oğlun ölsün, ay ana, Səni Kəlbcərə aparammıram” misraları ilə bitir. Təbii ki, çox ağrılı bir hissdir bu həqiqəti boynuna almaq. Ancaq həyatın acı, qaçılmaz məqamları var. Doktor, sizin valideynləriniz haradadır?

- Onlar 1994-cü ildən bugünədək Goranboy rayonunun Ağcakənd deyilən ərazisində yaşayırlar. Bu atam Təhməz Şirinovun istəyi oldu. O, Kəlbəcər havasının duyulduğu bir yer arzuladı və istədiyinin az bir hissəsini burada tapdı. Və ən maraqlı cəhət odur ki, burada məskunlaşan əhali, əsasən, Kəlbəcər, Xocalı və İrəvan camaatından ibarətdir. Ancaq heç kəs öz ölüsünü bu torpaqda dəfn etmir. Bunu əvvəl bu ərazidə ermənilərin yaşaması ilə əlaqələndirirlər.

Sizə bir həqiqəti də deyim ki, biz kəlbəcərlilər, eləcə də digər qaçqın və məcburi köçkünlərimiz, öz dəfn olunmuş adamlarımızı torpağa əmanət kimi tapşırırıq. Hamımız bu qənaətdəyik ki, yaxın zamanda torpağımıza qayıdıb, bu məzarlarımızı da doğma yerlərimizə daşıyacağıq. Indi isə onlar hələ ki, burada əmanətdirlər. Bizi yaşadan da bu ümiddir.

-Sizin haqqınızda araşdırma apararkən belə bir cəhətlə qarşılaşdım ki, siz tək cərrah bıçağı ilə deyil, həm də qələmlə dostluq edirsiz. Gözəl şeirlər müəllifisiniz...

-Doğrudur, mən həkiməm, mənim işim tibb sahəsi ilə bağlıdır. Ancaq elə anlar olur ki, insan hansısa bir hissinmi, hadisəninmi təsiri ilə “dolur”. Belə məqamda yaranır şeirlər. Ümumiyyətlə, doğulduğum torpaq Bəhmən Vətənoğlu, Sücaət, Şəmşir kimi insanların vətənidir.

-Azərbaycan xalqının “Zaman ən gözəl həkimdir” kimi bir kəlamı var. Ancaq bugünkü gündə biz bu deyimlə razılaşa bilərikmi?

-Tibbin özündə belə bu deyim yolverilməzdir. Həqiqi mənada götürdükdə belə işlək yaralar istər cərrahi, istərsə də medikamentoz üsulla, həkimlər demiş, işlənməlidir. Çünki nəzarətdən kənarda qalmış hər hansı bir yara-problem, növbəti, daha böyük fəsadlara yol aça bilər. Torpaq məsələsi də belədir: operativ və zamanında həllini tapmalıdır. Qarabağ problemində də gözləmə zamanımız bitmişdir. Ən azından babalarımız Uzun Həsən, Qara Yusif, Xətaidən qalan bu torpağı biz də gələcək nəslə itkisiz təhvil verməliyik.

-Sizcə, torpaqlarımızın tezliklə azad olması üçün daha nələr etmək lazımdır?

-Azəbaycan bütün dünyaya Qarabağ həqiqətlərini çatdırmağa müvəffəq olub. Lakin bu işlərdə də tempi salmaq, təbliğatı yarıda qoymaq olmaz. Düzdür, buna mane olmaq istəyən qüvvələr yetərincədir. Ancaq dövlətimiz bütün siyasi gücüilə, buna bizim qüvvə və imkanlarımız çatır, bu məsələni qabartmalı, bir an belə gündəmdən düşməyinə yol verməməlidir.

Eyni zamanda Ermənistan deyilən siyasi qurum da Qarabağ məsələsinin həllinin Kəlbəcərdən keçdiyini gözəl bilir. Tezliklə ilk addım atılmalı, Kəlbəcər azad olunmalıdır. İnanın ki, bu bizim böyük qələbəmizin başlanğıcı olacaq.

-Zərraf həkim, mənim fikrimcə, çox maraqlı, həm də səmimi bir söhbət alındı. Bunun üçün sizə minnətdarlığımı bildirirəm. Sizin yurd sevgisinə köklənmiş ürəyinizdən gələn bir şeir istərdim sonda. Belə kövrək, eyni zamanda həm də mübariz bir insan olan Zərraf həkim öz yerlilərinə, ümumiyyətlə, torpaq niskili daşıyanlara nə demək istəyir?

- Təbii ki, söhbətimiz səmimi, həm də kövrək notlar üzərində quruldu. Amma bu döyüşkən, mübariz, həm də niskildən doğan kövrəklik idi. Ellilərimə isə “Gedək” şeiri ilə səslənirəm:

Ehey.. atlanın ər igidlər!
Dəli, hünərvər igidlər!
Papaq altda yatdıq, yetər.
Namusumuz, arımız var
Arımıza sarı gedək!

Deməsinlər qaçaq soyuq.
Biz ər soyuq, qoçaq soyuq.
Qəribə hər bucaq soyuq
Yurdda yanan qorumuz var
Qorumuza sarı gedək!

Dədələrdən bizə qismət.
Altı sərvət, üstü zinət
Kimsəyə qıyılmaz cənnət
Torpaq adlı varımız var
Varımıza sarı gedək!

Dünya işin bilmək olmaz!
İzimizi silmək olmaz!
Buralarda ölmək olmaz!
Orda bizim gorumuz var!
Gorumuza sarı gedək!

Zərraf, yandıq bu həsrətdən,
Qurtulaq hər cür töhmətdən.
Şəhid olaq məhəbbətdən!
Bizi doğan Vətən adlı
Yarımıza sarı gedək!

Arımıza sarı gedək!
Varımıza sarı gedək!
Elliklə durun, dostlar
Gorumuza sarı gedək!!!!


-Doktor, bizə vaxt ayırdığınız, səmimi söhbətiniz üçün minnətdarlığımı bildirirəm. Bu an sizin, mənim və eləcə də milyonlarla yurd həsrətli qardaş-bacımzın ürəyindən keçən yurda qayıtmaq arzusuna “Amin” deyib, sizinlə vidalaşıram. Allah milyon ürəkdən qopan bu istəyimizə xeyir-dua versin. Sağolun.


Nailə Mirzəyeva,
filologiya üzrə fəlsəfə doktoru


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar