Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"İmran Qasımov Anyanın boyat çayını içməyi belə tərgitdi..."- Arifə Əliyevanın xatirələri

Tarix: 20-04-2020 17:43     Baxış: 32 082 A- / A+
"İmran Qasımov Anyanın boyat çayını içməyi belə tərgitdi..."- Arifə Əliyevanın xatirələri

1981-ci il, 20 aprel... Həyatımın ən ağır günlərindən biri deyə bilərəm. Heç unutmadım. Sədrin qəbul otağına girdim, gördüm Elmira ağlayır. Nə üçün ağladığını soruşmağa qorxdum, hər an bəd xəbər gözləyirdim. Özü dilləndi: "İmran müəllim rəhmətə gedib". İnsan doğmasını itirəndə necə olur? Mən də elə oldum. Dünya başıma dolandı və qulaqlarımda öz səsim səslənirdi:"Yazıları yarımçıq qaldı. Yazılarını kim yazacaq..." İmran müəllimin özünə heyfim gəldiyi qədər, yaza bilmədiklərinə də heyfim gəlirdi...

Dünya etibarsız, qədirbilməz insanlarla doludur. İmran Qasımov kimi şəxsiyyətin adını çəkən yoxdur. İmran müəllim həyatım boyu tanıdığım ən mədəni iki-üç insandan biridir. Son dərəcə həyalı, ədəbli və həqiqi ziyalı idi. O vaxtlar biz referentlər - mən və Elmira Axundova sədrin qəbul otağında otururduq, bizdən əvvəl də milyonçu qızı Kubra xanım Dadaşova bu otaqda 35 il külüng vurub (bu da ayrı bir mövzudur). İmran müəllim səhər qəbul otağından ötüb öz kabinetinə keçirdi. Bir saatdan sonra tyotya Anyanı çağırmağı xahiş edirdi. Tyotya Anya xidmətçi idi, bütün günü idarədə olurdu, indi Xalqbankın yerləşdiyi sahədə birotaqlı mənzili vardı. Kimsəsizdi, Birliyin ərköyün tyotya Anyası idi. İmran müəllim ondan çay gətirməyi xahiş edirdi. Tyotya Anyanın nikel çaydanı qazın üstündə fasiləsiz qaynayırdı, çayı isə çox vaxt dünənki olurdu. İmran müəllim fərqinə varmazdı, çayı alıb, tyotya Anyaya təşəkkür edərdi. Bir neçə ay birtəhər dözdüm, İmran müəllim bir də tyotya Anyanı çağıranda, cəsarətimi toplayıb sorşdum:"İmran müəllim, çay gətirim?" İmran müəllim mütəvazi bir təbəssümlə: "Zəhmət olmasa", dedi. Mətbəxə gedib çay dəmlədim. O vaxtdan İmran müəllimə tyotya Anyanın boyat çayını içməyə imkan vermədik.

İmran müəllim haqqında zabitəli idi demək olmaz, amma onun mədəniliyi qarşısında insanlar istər-istəməz özlərini yığışdırırdılar. Sakitcə salam verib keçərdi. Elə bilərdin ki, işçiləri görmür, tanımır, heç kimə əsəbiləşməzdi, yüksəkdən danışmazdı, hamını qəbul edər, səbrlə dinləyər və problemləri həll etməyə çalışardı. Yazıçıların da nüfuzlu vaxtları idi. Heydər Əliyevin ona böyük hörməti vardı. Bəzən bizi çağırıb deyərdi ki, hələlik heç kimi buraxmayaq otağına, Heydər Əliyeviçə zəng edəcək və ya dövlət başçısından zəng gözləyir. Belə bir insanın biz sadə əməkdaşları fərq etməməsi normal sayıla bilərdi. Amma belə deyilmiş... İmran müəllimin vəfatını eşidən kimi əməkdaşları toplayıb evinə getdik. Musiqili Komediya Teatrının yanındakı binada ikiotaqlı evi vardı(təsəvvür etməzsiniz, qırx mərasimində Fikrət Əmirovun mənzilində oturmuşduq, onun mənzili nisbətən geniş idi). Həyat yoldaşı Minarə xanım bizi doğmaları kimi qarşıladı. Elmira qızları təqdim etdi. Mənə çatanda Minarə xanım dedi: " İmran müəllim Arifə üçün deyirdi ki, bizə bir qız gəlib, Minarə, baxarsan, iki ildən sonra o necə işçi olacaq, çox tərifləyirdi onu". Minarə xanımın səsi hələ də qulaqlarımdadır. Özümü saxlaya bilmədim, hönkürüb ağladım. Təsəvvür etdiyimdən də böyük insan itirmişdim. İmran müəllim hər şeyi görürmüş, hər şeyin fərqindəymiş. İmran müəllim haradasa Mixayloya (" Uzaq sahillərdə" filminin ssenari müəllimlərindən biri İmran Qasımovdur, bir də onun " İtalyan mozaikası" əsəri var, təkrar-təkrar oxumuş, hər dəfə də ağlamışdım, hələ məktəbli olanda, " Fransız qobeleni" də yeni bir mövzu idi) bənzəyirdi, onun kimi mədəni, onun kimi təvazökar, onun kimi işıqlı. Deyilənə görə, Mehdi Hüseynzadə od-alov, səslu-küylü, diribaş olub. Bəlkə Nodar Şaşıqoğlunun da təsəvvüründə Mixaylo İmran Qasımov kimi canlanırmış, onu səsləndirən Əli Zeynalov da İmran müəllim kimi dilləndirib qəhrəmanını? Elə düşünürəm ki, İmran Qasımovu şəxsən tanımayanlar bu gün xalqımızın bir ziyalı oğunu tanıdılar. Xalq yazıçısı İmran Qasımov rus dilində yazırdı, amma iliyinə qədər Azərbaycanlı idi.

*Şəkildə əlində qovluq olan İmran Qasımovdur.

"İmran Qasımov Anyanın boyat çayını içməyi belə tərgitdi..."- Arifə Əliyevanın xatirələri
Arifə Əliyeva
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar