Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Yusifoğlunun YENİ ŞEİRLƏRİ

Tarix: 07-04-2020 22:23     Baxış: 2736 A- / A+
Rafiq Yusifoğlunun YENİ ŞEİRLƏRİ

Görkəmli şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu Manevr.az -ın elektron poçtuna günümüzün aktual problemləri ilə bağlı bir silsilə uşaq şeirləri göndərib. Həmin şeirləri oxuculara təqdim edirik:

KORONAVİRUS

Hamı düşüb təşvişə,
Koronavirus gəlir.
Ehtiyatlı olun ha,
Gizli bir casus gəlir...

Dünyanın o başından
Əsib qara yel kimi,
Yurdumuza uzanır
O, bir qara əl kimi...

Təmizlər təslim olmaz,
Sənin çirkli orduna.
Rədd ol, koronavirus,
Qayıt get öz yurduna!

Hiyləgər çaqqal kimi
Sən bizdən nə umursan?
Güclülərdən qorxursan,
Zəiflərə cumursan.

Göz dikmə qocalara,
Çəkil get, ay qurumsaq!
Anam xörəyimizə,
Vurub soğan, sarımsaq...

Sabunlayıb yumuşuq, –
Əllərimiz tərtəmiz.
Sənin qorxunc ordunla
Döyüşə hazırıq biz.

Ay cəhənnəm elçisi,
Oxşatdın bizi kimə?
Qayıt öz xarabana,
Yurdumuza üzükmə!

Alnı açıq, üzü ağ
Çıxarıq bu sınağı.
Bizi Allah qorusun,
Nə karəsən sən axı...

03.03. 2020


SEHRLİ FIRFIRA

Bizim bu Yer kürəsi
Gecə-gündüz fırlanır.
Gah bu üzü nurlanır,
Gah o üzü nurlanır...

Günəşin şəfəqləri
Onu bələyir zərə...
Gözümüzü oxşayır,
Neçə gözəl mənzərə...

Uca-uca dağları,
Çiçəkli yamacı var.
Qoynunda hər bir dərdin
Dərmanı, əlacı var.

Nəhəng okeanları,
Gölləri göz oxşayır.
Dənizində, çayında
Hər cür balıq yaşayır.

Yamacında, düzündə
Açır əlvan çiçəklər.
O yan, bu yana uçur
Arılar, kəpənəklər...

Göz oxşayır, çəmənıər,
Zümrüd donlu meşələr.
Ətir saçır dörd yana
ərgizlər, bənövşələr...

Bülbülər oxuyanda,
Adamın gedir huşu...
Dünya necə saxlayır
Bu qədər gözəl quşu?!

Ucan gülə bənzəyir,
Qırqovul, kəklik, turac...
Ceyran, cüyür qaçanda
Sevinir dərə, yamac...

Şəlalələr oxuyur,
Çaylar kükrəyir, daşır...
Sevimli dünyamıza
Gözəllik çox yaraşır.

Çiçəyində, otunda
Hər dərdin dəvası var.
Bizi yaşatmaq üçün
Suyu var, havası var.

Sünbüllü zəmiləri,
Meyvəsi, tərəvəzi...
Bizim Yer kürəsinin
Deyin, varmı əvəzi?

O, təzə don geyinib,
Dəyişdikcə fəsılllər.
Qoynunda məskən salıb,
Neçə-neçə nəsillər.

Onun hər imkanı var
Bizi xoşbəxt eləsin.
Yerin isti qoynunda
Öz yeri var hər kəsin...

Kim burda yaşayırsa,
Çox xoşbəxtdi, bəxti var.
Qoynunda ola bilib,
Hamı xoşbəxt, bəxtiyar...

Yer bizim anamızdı,
Təbəssümü çiçəkdi.
Yerin yerini bilək,
O, kainatda təkdi...

Könlünü xoş eləyər
Ona könül bağlamaq.
Hamımızın borcudu
Yeri təmiz saxlamaq.

Min ildi, milyon ildi
Fırlanmağı da sirdi.
Bizi yaşatmaq üçün
O, əsirdi, yesirdi...

Əgər anamız Yeri
Yoluxdursaq virusa.
Qoynunda həyat sönər,
Nəğməkar quşlar susar.

Unutmayın, adamlar,
Bu sehrli fırfıra,
Hamımızı tərk edib,
enə bilər sıfıra...

28.03.2020


TƏZƏ XORTDAN

Hamı düşüb təşvişə,
Şəhərə Xortdan gəlib...
Girib virus cildinə,
Xortlayıb gordan gəlib.

Özünüzü qoruyun,
Gəzməyin veyil-veyil.
Zarafatı xoşlamır,
O, adi Xortan deyil.

Asanlıqla aşır o,
Sərhədləri, sədləri,
Dərələri, dağları,
Bərələri, bəndləri..

Minib süpürgəsini
Gəlir hey uça-uça.
Tanımır arvad, uşaq,
Tanımır cavan, qoca.

Vecinə də almır o,
Bu varlıdı, ya kasıb.
Hamını evə yığıb,
Hamını küncə qısıb.

Vəziyyət çox gərgindi,
Davam etsə “Evdə qal”,
Məktəb tez açılmasa,
Çox düşəcək evdə qal...

Görünməsə də gözə,
Başında bir tacı var.
Ancaq qorxma, dünyada
Hər dərdin əlacı var.

Əllərini yumasan,
O, haray qoparacaq.
Küçəyə çıxanları
Özüylə aparacaq...

Qoy həkimlər tapsınlar
Bu dərdin əlacını.
Alıb yerə çırpsınlar
Onun qorxunc tacını!

Biryolluq məhv etsinlər
Bu koronavirusu.
Hər azardan, bezardan
Bizi Allah qorusun...

31.03.2020


KEÇİ

Gah o tərəfə keçir,
Gah bu tərəfə keçir,
Bezdiribdir hamını
Bu keçi oğlu keçi...

İndicə bəyirəcək,
Qulağı keçsə ələ.
Böyüyüb, uzanacaq,
Yazıq olacaq pelə...

Hələ heç kəs çəpişdə
Görməyib belə qulaq.
Dəcəllik etməsəydi,
Olmazdı peləqulaq...

Buynuz atır, sürtüşür
Çobanın çombağına.
O dünyalıq olacaq
Dəysə bir çombaq ona...

03.04.2020


QOTUR KEÇİ

Hey hoppanıb düşürsən,
Ürəyindən nə keçir?
Bir sürünün adını
Batırsınmı bir keçi?

Qanmazın biri qanmaz,
Niyə sözə baxmırsan?
Sən ağzına, burnuna
Heç maska da taxmırsan.

Bilmirsənmi virus var,
Qoturun biri qotur.
Bəsdir gəzdin örüşdə,
Get xarabanda otur...

Yoluqdurma sürünü,
Yoluqdurma naxırı.
Heç yaxşı olmayacaq
Bu işlərin axırı...

03.04.2020


ŞÜŞƏDƏN BİR
CİN QAÇIB


Ayıq olun uşaqlar,
Şüşədən bir cin qaçıb...
Gah o ölkəyə uçub,
Gah bu ölkəyə uçub...

Şüşədən cini qaçan
Yerin adı Ufandır.
Ordan dünyaya gələn
Bir heybətli tufandır....

Qorxusu yox polisdən,
Qorxusu yox qoşundan!
Gəlir virus ordusu
Dünyanın o başından...

Şüşədən qaçan cinin
Gəldiyi yer Ufandır,
Girir nəfəs yoluna,
Nə qorxuncdu
Uf, andır!

Heç görünmür gözə o,
Xırdaca, bir tikədi.
Özü kicik olsa da,
Cinayəti yekədi...

Əllərini sabunla,
İstifadə et geldən.
Virusların hamısı
Gen qaçır təmiz əldən.

Maska taxandan sonra
Sən nəfəs al dərindən.
O cin keçə bilmir ha,
Təmiz üz sipərindən...

Özgədən haray yoxdu,
Bu bizlikdi, qorxmayın.
Ən yaxşı silahımız
Təmizlikdi, qorxmayın...

Virusu ram etməyə
Qadirdi bizim ellər.
Bu dərdin dərmanıdır,
Təmiz su, təmiz əllər...

06.04.2020


EVDƏ QAL

Deyirlər ki, evdə qal,
Qalaq, nə deyirəm ki.
Elin dərdinə şərik
Olaq, nə deyirəm ki...

Ancaq boş durmaq olmaz,
Gərək oxuyaq, yazaq.
Şəkil çəkək, rəqs edək,
Virusa qəbir qazaq.

Yenə dərs başlayacaq,
O günlər deyil uzaq.
Dönəcəyik məktəbə,
Alnıaçıq, üzü ağ...

06.04.2020


ÇAĞIRILMAMIŞ QONAQ

Ehtiyatlı ol, bala,
Koronavirus gəlir.
Ağzını boş-boş açıb,
Çox danışma, sus, gəlir...

O çox sırtıq qonaqdı,
Qətiyyən üz vermə ha!
Bircə kəlmə danışıb,
Dilinə söz vermə ha!

Sən öz sağlamlığının
Durmasan keşiyində,
İçəri girə bilər
O, açar deşiyindən...

Sabunla yu əlini,
Qoyma düşə ovcuna.
O, gədadı, şah deyil,
Aldanma ha tacına...

Qapını dost-tanış yox,
O taclı virus döyür.
Hey yalvarıb yaxarır,
Aç, qonaq gəlim, – deyir .

Dilə tutur hamını,
Deyir: –Yer verin qonaq!
–Öz kisəsindən yeyər,
Çağırılmamış qonaq...

Zərrəcə fərq də qoymur,
O, arvada, kişiyə.
İçəri girsə, bizi
Salar yorğan-döşəyə.

Qoymayın heç qapıdan
Onun həniri gəlsin.
İçəri buraxmayın,
Küçədə qalıb ölsün!

07.04.2020

Rafiq Yusifoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar