Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xəqani Həbiboğlu - O balaca qızdan ötrü darıxmağın əfsanəsi

Tarix: 04-04-2020 12:20     Baxış: 3917 A- / A+
Xəqani Həbiboğlu - O balaca qızdan ötrü darıxmağın əfsanəsi

Əfsanə Rəvanın " Amma bağışladım baxışlarına" kitabını oxuyarkən...

Su bulağın gözündən uzaqlaşdıqca ilinir, isinir, donur, bulanır,-bir sözlə əvvəlki təravətin itirir. Köz ocaqdan aralandıqda istiliyindən olduğu kimi.
Su bulağı itirəndən sonra yanan dodaqları, allanan yanaqları da itirir. Köz ocağı itirib küləklərdə sovrulan kül taleyiylə barışdığı kimi. Görən külək qırımından duyurmu ki, kül köz vaxtı onu sevirdi. Külək əsdikcə alov çiçək açırdı. Sevdiyinin soyuq nəfəsində daşlara çırpılmaqdı şair taleyi!

Necə deyərlər:

Mən solan çiçəyə baxa bilmirəm,
Çünki unutmadım qönçə vaxtını.


İnsan da belədir,gəncliyindən aralandıqca sevgisi korşalır(təkcə sevgisimi?!). Bulağı gözündə,ocağı közündə sevdiyimdən,gəncləri daha çox oxumaq istəyirəm.

Bir də "gənclər gələcəyimizdir" fikri yaddı mənə, sabab sabahkı gənclərindir, gənclər bu günümüzdür!

İlləri ömrə bölməyimə, mərhələlərində gəzməyimə səbəb gənc və istedadlı şair Əfsanə Rəvanın şeirləri oldu. Əfsanənin şeirlərini bircə sözlə ifadə edəsi olsaydım, deyərdim ki, adam onları oxuduqca yüngülləşir! Məncə dünyaya üç əsas baxış mövcuddu: dini, elmi, yaradıcı.
Din- deyilənə mütləq mənada əməli, elm-isbatı sevir. Yaradıcılıq-sərbəst səhifədir, azadlıqdı. Ona görə yaradıcı insanlara həmişə maraq olub.
Xəqani Həbiboğlu - O balaca qızdan ötrü darıxmağın əfsanəsi

Nəsimi deyirdi ki,

Üzün məndən nihan etmək dilərsən?
Etməgil!


Yəni, məndən üz çevirmə, nolar?! Üz çevirəni nə cəhənnəm hədəsi gözləyir, nə elmin qəliz isbatları.

Əfsanənin şeirləri Allaha duadı:

Hərdən məni də eşit,
Oyan,yuxudan oyan!
İzn vermə,İlahi,
Dualarıma qıyam!


Şair dualarının müstəcəb olmamasından çox, Yaradana dua gözəllikdə bərəkətin çatmamasından qorxur.

Bəlkə də dərdlərimi
eşitsən, əvəzimə
bir ömür qəm çəkərsən.
Tanrı, özünü qoru,
Mən bir az gözü sulu,
Gözümdən nəm çəkərsən!


Su müqəddəsdir, ancaq suların ən təmənnasızı, açıqürəklisi, romantiki, muştuluğu yağış suyudur. Yağış suyu bu qədər ki, mənalıdı, mələklərin göz yaşıdır bəlkə...
Su dövr edib göylərə qayıdır. Göyləri bu qədər gözəlləşdirən gözəllərin göz yaşları ola bilməzmi?! Göz yaşının salavat vermədiyi, paklığa çıxarmadığı bəndə günahı tanımıram! Hərdən Günəşin gülümsəməyini, həzin yağışı göylərin Yerə üzrxahlığı kimi qəbul edirəm!
Xəqani Həbiboğlu - O balaca qızdan ötrü darıxmağın əfsanəsi

Əfsanənin yazılarında ütü gəzənlərə demək istəyirəm ki, onlardan Kəlbəcərdəki bağımızda yumadan, qoluma silib yediyim almaların tamı gəlir:

Sən gedəndən,ay gözümün qarası,
Danışmağı,gülməyi də ar etdim.
Tutunmağa tapmayınca bir ətək,
Darıxmağı qollarıma yar etdim.


Bəndin dördüncü misrasının poetik yükünə diqqət etdiniz yəqin.

Əfsanə Rəvanın balaca qızın zorakılığa məzuz qalması haqqında təsirli bir hekayəsi var. Özgəsinin başına gəlmiş olsa belə, bu mövzunu işləmək cəsarət istəyir. Bu mövzu dünya səviyyəsində aktualdı. O balaca qızın faciəsini yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, çox zaman müəllifi qınamaqla məşğul oluruq. Bu gərgin söhbəti duzlu bir lətifəylə yumşaldaq:

"Qatar səfalı meşədən keçir, quşların səsi, çiçəklərin ətri açıq pəncərədən içəri dolur. Kupedə əyləşən xanımla kişi gözlərini bir-birlərindən çəkə bilmirlər, bayırdakı gözəlliklər veclərinə də deyil. Qəflətən xanım soruşur:

-ürəyinizdən nə keçir?

-Sizin ürəyinizdən keçən-deyə, kişi cavab verir və xanım tərəfindən təhqirə məruz qalır:

-mən sizi tərbiyəli insan sanmışdım!"

Əfsanı aktual olan, ürəyimizdən keçən mövzuları yazır. Hansı ki, biz o sərhədləri keçə bilmədik. Onsuz da əvvəl-axır gənclər deyən olacaq. İnsan zaman keçdikcə müdrikləşir iddiasını hətta yaşca böyük şahmatçının özündən cavana uduzması faktı çoxdan darmadağın edib.

Sevgi şeirləri şairin cavanlıq şəklidi. Sevgidən yazılan şeir pis ola bilməz. Bizim cavanlıq şəklimiz gənclərin özüdü,necə deyərlər,-"halvaçı qızı daha şirin!"

Gecələr xəyal qurub,gün ağlayır özünə,
Yuxular yastığını deşir səhərə kimi.
Ovuc-ovuc dualar göndərir göy üzünə,
Görən gəlib çatırmı sizin şəhərə kimi?!


Əfsanənin yaradıcılığı barədı ətraflı yazardım,şeirləri imkan verir buna.Ramiz Qusarçaylı və Vasif Süleyman məhz bunu uğurla etdiklərindən dəyərli
ziyalımız Əlövsət Ağalarovun fikrinə soykəndim:-" Balın dadını bilmək üçün barmaq batırmaq bəs edir...!"

Bal demişkən, Sabir Əliyev Məmməd Aslanın poetik dili haqqında deyirmiş ki, Məmmədin dili o qədər şirindi, ağzını arı çalacaq!

Əfsanənin dili şirindi.

Sevgi paralel düz xətlərə bənzəyir, sevənlər qovuşmur, paralellər kəsişmədiyi kimi. Allah onları bircə buta vasitəsiylə görüşdürür- eyni vaxtda yuxular görürlər. Bir də səmimi şairlərin sevgi şeirlərində ...

Əfsanə Rəvana darıxdığı o balaca qızı unutmayacaq qədər ömür , özümüzə də "neynədiniz o balaca qız üçün?" -deyə Allah soruşanda, barı bircə savab arzusuylayıram!

Xəqani Həbiboğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar