Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluq ötən ili də uğurla başa vurmuşdur

Tarix: 11-02-2020 11:17     Baxış: 2351 A- / A+
Hərbi Prokurorluq ötən ili də uğurla başa vurmuşdur


Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ildən ilə daha da qüdrətlənən dövlətimiz 2019-cu ili də müvəffəqiyyətlə başa vurmuşdur.
Belə ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə saysız-hesabsız nəhəng işlər görülmüş, bütün sahələrdə mütərəqqi islahatlar aparılmış, o cümlədən müxtəlif dövlət qurumlarında struktur və kadr islahatları həyata keçirilmişdir. Bütün bunların nəticəsində ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Eyni zamanda əhalinin pul gəlirləri, minimum əməkhaqqı, minimum pensiya və bəzi müavinətlər artmış, həmçinin manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Nəticədə təbii olaraq əhalinin sayı da artaraq on milyonu keçmişdir. Sadalananlar dövlətimizin daha da qüdrətlənməsini və xalqın rifahının hərtərəfli yaxşılaşmasını şərtləndirmişdir. Vurğulanmalıdır ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Belə ki, Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə Azərbaycan dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Qeyd olunmalıdır ki, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin davamlı qüdrətlənməsinə və ötən il ölkəmizin əldə etdiyi ardıcıl uğurlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti böyük töhfələr vermişdir. Mehriban xanımın istər ölkə daxilində, istərsə də ölkə xaricində gördüyü böyük işlər, reallaşdırdığı əhəmiyyətli layihələr hamı tərəfindən rəğbət və sevinclə qarşılanmış, insanlığın və ədalətin təntənəsinə xidmət edən çoxsaylı təşəbbüsləri və xeyirxah əməlləri isə ona hər kəsin sonsuz məhəbbətini qazandırmışdır.

“Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam” ifadəsini 16 il ərzində xalqa ləyaqətli xidməti ilə tam sübuta yetirmiş cənab İlham Əliyev hər zaman millətinə bağlı olmuş, müntəzəm olaraq vətəndaşlarla bilavasitə görüşməklə onların qayğıları ilə maraqlanmış, insanların müraciətlərinə xüsusi həssaslıqla yanaşaraq onların ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməklə qarşılaşdıqları bütün çətinliklərin aradan qaldırması üçün müvafiq dövlət orqanlarına və səlahiyyətli şəxslərə tapşırıqlar vermişdir. Bütün bunlar dövlətin və rəhbərinin vətəndaşlarına verdiyi yüksək dəyərin, göstərdiyi qayğının və xalq iqtidar birliyinin təcəssümüdür. Ötən il dövlət başçısının imzaladığı yüz minlərlə insanın problemini həll etməklə, onların rifahın əhəmiyyətli dərəcədə yaxşılaşdıran “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amilinin dayandığının növbəti təzahürü olmuşdur.

Qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə də islahatların dərinləşdirilməsinə rəvac vermişdir. Buna görə də dövlət başçısı cənab İlham Əliyev, məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarını daha da genişləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsini təmin etmək, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirləri gücləndirmək olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərman imzaladı. Vurğulanmalıdır ki, cəmiyyət tərəfindən böyük məmnunluqla qarşılanan sözügedən fərmanın icrasından sonra vətəndaşların hüquqlarının və qanuni mənafelərinin məhkəmə müdafiəsinin effektiv təmin olunması, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi, daha ədalətli məhkəmə qərarlarının qəbul olunması, bununla da məhkəmələrə olan ictimai etimadın bir qədər də artması müşahidə olunmaqdadır.

Dövlətimizin hərtərəfli inkişafı Silahlı Qüvvələrin daha da qüdrətlənməsinə zəmin yaratmışdır. Son illər möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilmiş, şəxsi heyyəti hərtərəfli hazırlıqlı peşəkar hərbçilərlə komplektləşdirilmiş, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılmış, mənəvi-psixoloji hazırlıq və döyüş əhval-ruhiyyəsi artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşdırılmışdır. Bu uğurlu proses ötən il də davam etmişdir. Təsadüfi deyil ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2019-cu il üçün olan hesabatında Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutmuşdur.

Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də əvvəlki dövrlərdə olduğu kimi, ötən il də səmərəli olmaqla Silahlı Qüvvələrdə ntizam-intizamın davamlılığına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına yönəlmişdir. Xüsusi vurğulanmalıdır ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilmiş, cinayət təqibi zamanı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilmiş, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində ötən il qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.

Qeyd olunmalıdır ki, səbəbindən asılı olmayaraq Silahlı Qüvvələrdə baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanılmış, bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı, həmçinin, cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir.

Fəaliyyət istiqamətləri üzrə görülən digər işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə müxtəlif sahələr üzrə bir neçə metodik tövsiyələr və digər maarifləndirici vəsaitlər hazırlanmış və hərbi qulluqçulara çatdırılmışdır. Bundan başqa, əsgərlərin, xüsusən də hərbi xidmətə yeni başlayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə tam məlumatlandırılmasını, o cümlədən bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmasını, nizam-intizamın daha da möhkəmləndirilməsini və onların hərtərəfli biliklərə malik olmalarını təmin etmək məqsədilə “əsgər kitabçası” broşüraları hazırlanaraq, aidiyyatı üzrə çatdırılmışdır.

Bundan əlavə, hərbi qulluqçuları müraciət hüququnu asanlaşdırmaq məqsədilə hərbi hissələrin ərazisində ən münasib yerlərdə “Etimad qutuları” qoyulmuş və onların üzərində müvafiq ərazi hərbi prokurorluqlarının məsul işçilərinin, növbətçi hissələrinin, habelə Respublika Hərbi Prokurorluğunun növbətçi hissəsinin əlaqə nömrələri yerləşdirilmişdir. Qeyd olunmalıdır ki, həmin nömrələr vasitəsilə edilən müraciətlər və hərbi prokurorluq əməkdaşları tərəfindən qutulardan götürülmüş ərizələr rəsmi qeydə alınmaqla, onlara qanunamüvafiq qaydada baxılmışdır.

Yerigəlmişkən, həmçinin qeyd edilməlidir ki, cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə, dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan Hərbi Prokurorluq əməkdaşları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə yüksək nəzakətlə yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş və həyata keçirilməsi üçün hər cür şərait yaradılaraq bütün zəruri tədbirlər görülmüşdür.

Vurğulanmalıdır ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olmuşdur. Belə ki, hələ ilin əvvəlindən birgə hazırlanmış müxtəlif tədbirlər planları əsasında sadalanan qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə il ərzində mütəmadi olaraq müxtəlif xarakterli birgə tədbirlər həyata keçirilmiş, səmərəli işlər görülmüş, eləcə də, müntəzəm olaraq hərbi qulluqçularla ümumi və fərdi görüşlər təşkil olunmuşdur. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi qurumların, qeyri-hökumət təşkilatlarının və müvafiq rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilmiş, həmin tədbirlərdə həmçinin hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılmış və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunmuşdur. Bundan başqa, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi hər altı ayda bir dəfə ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa dövlət orqanlarının rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir.

Bütün bunların nəticəsində də 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınmış cinayətlər ümumilikdə 2%, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər
6,8%, az ağır cinayətlər 10,9%, xüsusilə ağır cinayətlər isə 44,4% azalmışdır. Ötən il qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin-özünü öldürmə həddinə çatdırma cinayətlərinin, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin, xuliqanlıq cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin, həmçinin hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin, qulluğa səhlənkar yanaşma cinayətlərinin və digər cinayətlərin dinamikasında da əvvəlki illə müqayisədə azalma müşahidə olunmuşdur.

Xüsusi vurğulanmalıdır ki, hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmamışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi ilə bağlı da 2019-cu ildə xeyli işlər görülərək, obyektiv həqiqətlər-Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və ictimai təşkilatlara müvafiq məktublar göndərilmiş və muzeyi ziyarət edən 2300 nəfərdən çox şəxsin ekskursiyası təmin olunmuşdur.

Bundan başqa, ötən il Hərbi Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı müasir tələblərə cavab verən səviyyədə qurulmaqla, bu sahədə işin səmərəliliyi daha da artırılmış, o cümlədən prokurorluğun fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, cinayətkarlığın vəziyyəti, ictimai maraq doğuran cinayət işlərinin istintaqı barədə dövri mətbu nəşrlər, televiziya və teleradio vasitələri, informasiya agentlikləri və saytlar vasitəsi ilə ictimaiyyətə müntəzəm olaraq məlumatların verilməsi təmin edilmiş, həmçinin kütləvi informasiya vasitələrinin sorğuları qanunvericiliyin tələbləri çərçivəsində mütəmadi olaraq cavablandırılmış, habelə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri tərəfindən “20 yanvar” faciəsi və “Xocalı” soyqırımı, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi, Azərbaycan Xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi, Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 101 illiyi, ümummilli lider Heydər Əliyevin anım günü, eləcə də, yeni qanunvericiliyin, hərbi qulluqçuların hüquq və vəzifələrinin izahı ilə bağlı və digər müxtəlif mövzularda kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir.

Təbii ki, yuxarıda sadalananlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 2019-cu ildəki fəaliyyətini tam ehtiva etmir və ötən il ərzində, hərbi prokurorluq orqanları tərəfindən qanunun aliliyi prinsipi rəhbər tutulmaqla digər işlər də görülmüş, o cümlədən qanun pozuntularına və cinayətkarlığa qarşı ciddi mübarizə aparılmışdır.

31 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə geniş kollegiya iclası keçirilmiş və 2019-cu ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Kollegiya iclasında Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən mükəmməl siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini, dövlət başçısının rəhbərliyi ilə ölkədə görülən böyük işləri və həyata keçirilən mütərəqqi islahatları, nəticədə dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın rifah halının hərtərəfli yaxşılaşdığını, həmçinin ölkəmizin əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaqla bildirmişdir ki: “...Hərbi Prokurorluğun kollektivi dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artırmaqla, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.”.

Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prokurorluğa göstərilən yüksək qayğının və böyük etimadın doğruldulması, eləcə də verilən vədə əməl edilməsi üçün Hərbi Prokurorluğun bütün əməkdaşları işə son dərəcə məsuliyyətlə yanaşaraq, daha əzmlə çalışmaqla, xidməti vəzifələrini layiqincə icra edəcəklər.

Firad Əliyev,
Azərbaycan Respublikası Hərbi prokurorunun
böyük köməkçisi-Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri,
ədliyyə müşaviri, hüquq üzrə magistr.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar