Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngilanın işğalı Cəbrayıl və Qubadlı rayonlarının süqutu ilə başlamışdı

Tarix: 28-10-2019 21:18     Baxış: 3801 A- / A+
Zəngilanın işğalı  Cəbrayıl və Qubadlı rayonlarının süqutu ilə başlamışdı

İşğaldan 26 il keçir...

Hər il olduğu kimi yenə də yaramızın qaysağını qopardıb yaddaşımızı təzələyirik, nə qədər dirəniş göstərilsə də sonda işğalla nəticələnən hərbi əməliyyatları kino lenti kimi göz önündə canlandırırıq.
Zəngilan Dağlıq Qarabağla həmsərhəd olmayan işğala məruz qalan yeganə rayondur.
Ermənistanın iki: Meğri və Qafan rayonları ilə həmsərhəd idi. Cəbhə zolağının uzunluğu 157 kilometrə çatırdı. Dağlıq Qarabağla və Ermənistanla həmsərhəd ikinci bir rayon yoxdur ki, cəbhə zolağı bu qədər böyük olsun. Vətənin başının üstünü qara buludlar alanda Dağlıq Qarabağ ətrafı və Ermənistanla həmsərhəd olan digər rayonlar kimi Zəngilanda da özünümüdafiə hərəkatı başladı. Kəndlərdə könüllü dəstələr növbə ilə qarovul xidməti yaratdılar ki, ermənilər basqın edib örüşdə çobanı öldürməsin, əsas təsərrüfatı heyvandarlıq olan rayonun xırda davar və iribuynuzlu mal-qarasını yığıb aparmasın. Sonra Milli Ordunun yaranması ilə əlaqədar 1991-ci ilin dekabrından həmin könüllü dəstələr birləşdirilərək Ərazi Özünümüdafiə taboru formalaşdırıldı.
Rayonu müdafiə edən tabor 1992-ci ilin avqust ayınadək Füzuli, sonra isə Qubadlı briqadasının əməliyyat tabeçiliyində olub. Müxtəlif vaxtlarda mərkəzin ögey münasibəti ilə üzləşib. Belə ki, qonşu rayonlarda alay, briqada yaradılanda, Zəngilanda 360 nəfərlik Özünümüdafiə Taboru yaradılmasına icazə verilirdi. Silah-sursat, texnika təminatında da ciddi problemlər yaşanırdı.
Tez-tez atışmalar olsa da ilk ciddi döyüş 24-26 aprel 1992-ci ildə baş verdi. Vertolyotların müşahiyəti ilə hücuma keçən ermənilər rayonun Qazançı və Dərəli kəndlərini işğal etsələr də cəsur Zəngilan döyüşçüləri düşmənin hücumunu dəf edib, kəndləri işğaldan azad etməyi bacardı.
İkinci ciddi döyüş 17-18 iyun 1992-ci ildə baş verdi. Vejnəli və Ağbənd kəndlərini köçürmək məqsədilə 3-4 kilometr boyunca uzanan Sürtün silsilə dağlarını zəbt etmiş ermənilər zəngilanlı döyüşçülərin taktiki gedişləri əsasında həmin dağlardan düşürdüldü. 18 gün uzanan aramsız döyüşdə hakim yüksəkliklər əldə saxlanıldı. Burada xüsusilə qeyd etmək yerinə düşərdi ki, həmin döyüşdə Ağbənd və Vejnəli kəndindən olan əli silah tutan kişilərin əksəriyyəti döyüşçülərlə bərabər idi.
Üçüncü ciddi toqquşma 22 avqust 1992-ci ildə Kolluqışlaq kəndi cəbhə ərazisində baş verdi. Ayın sonunadək uzanan aramsız döyüşdə yerli döyüşçülər nəinki ərazini qoruyub saxlaya bildilər, hətta özlərindən güclü olan düşmənə sarsıdıcı zərbələr endirdilər.
Nəhayət, bütün cəbhə boyu döyüşlərin qızışdığı məqamda Zəngilanda şəxsi heyətin sayı 2300 nəfərdən çox olmayan alay yaradılmasına icazə verildi. 1 dekabr 1992-ci ildən yaranışına başlayan alayda müdafiə altında olan ərazilərin taborlar arasında bölgüsü, yeni ştat strukturuna keçid və başqa təşkilati məsələlərə baş qarışdığı bir zamanda rayonun Qafanla həmsərhəd olan bölgəsi ermənilərin güclü hücumuna məruz qaldı.10 dekabr 1992-ci ildə səhər tezdəndən hücuma keçən ermənilər günün sonuna kimi rayonun 12 kəndini işğal etdilər. Axşam saatlarında geri çəkilən qüvvələrin bir hissəsini səfərbər edən qərargah əks hücum təşkil etdi və gecə ilə ərazinin müdafiəsinə cavabdeh olan taborun qərargahı yerləşən Şayıflı qəsəbəsi işğaldan azad olundu. Ertəsi gün əks-hücumu davam etdirən qərargah Aşağı Gəyəli, Bürünlü və Şərikan kəndlərini də düşməndən azad etdi. Lakin yeni yüksəkliklərdə möhkəmlənən düşməni oradan çıxartmaq mümkün olmadı. 19-22 dekabr 1992-ci il tarixlərində Quyudərə Xəştab – Yuxarı Yeməzli kəndləri tərəfdən təşkil olunan hücumlar da nəticə vermədi. Həmin 8 kənd sonadək ermənilərin işğalında qaldı.
10 aprel 1993-cü ildə ermənilərlə daha böyük miqyasda döyüş əməliyyatı keçirildi. Kolluqışlaq cəbhəsi istiqamətində hücum edən ermənilər Hənd və Kilsə kəndlərinədək geri oturduldular.
1993-cü ilin 23 iyul tarixində qonşu Cəbrayıl, 31 avqust tarixində isə Qubadlı rayonlarının işğal olunması Zəngilana, bəlkə də, müharibə dövrünün ən ağır zərbəsi oldu. Belə ki, müdafiə xətti daha 40-50 kilometr böyüdü və cəbhə zolağı 200 kilometrə yaxınlaşdı. Zəngilan alayı həmin əraziləri də müdafiə etmək, qorumaq məcburiyyətində qaldı.
Elə həmin vaxtdan son günə kimi, yəni rayon bütövlükdə işğal olunana kimi intensiv döyüşlər səngimədi. Ermənilər işğal olunmuş Qubadlı və Cəbrayıl rayonları ərazilərindən davamlı hücumlar edir, eyni zamanda rayonun cəbhə kəndlərini Qafan və Meğri tərəfdən atəş altında saxlayırdılar. Bütün çətinliklərə baxmayaraq, alayın döyüşçüləri mətinliklə vuruşur, ermənilərin qarşısını alır, dinc əhalinin çıxmasına şərait yaradırdılar.
Əsasən Mincivan, Baharlı və Bartaz qəsəbələrində Araz qırağına toplaşan dinc əhali çayı keçib qarşı tərəfə adlaya bilmirdi. Bir tərəfdən, İran İslam Respublikasının sərbazları icazə vermir, digər tərəfdən, çayın suyunun bol olması maneçilik törədirdi. Həm də sanki təbiətin qəzəbi tutmuşdu, soyuq hava, aramsız yağan yağış əhaliyə yeni-yeni problemlər yaradırdı.
Nəhayət, iki ölkə rəhbərliyinin müdaxiləsi nəticəsində əhali qarşı tərəfə keçə bildi.
Uzun illərdir ki, belə bir sual səsləndirirlər: Zəngilan işğal olunmaya bilərdimi? Xeyr! Zəngilanın işğalı qonşu Qubadlı və Cəbrayıl rayonlarının süqutu ilə başlamışdı. Horadiz yolunun bağlanması bu prosesi bir az da tezləşdirdi. Ölkə paytaxtı və ümumiyyətlə, hər yerlə əlaqənin kəsilməsi, ərzaq qıtlığı yaranması, sursat təminatının olmaması rayonun işğalını labüd etmişdi.

Əli Rzaquliyev,
ehtiyatda olan mayor, keçmiş döyüşçü,
müharibə veteranı

Manevr.az
Zəngilanın işğalı  Cəbrayıl və Qubadlı rayonlarının süqutu ilə başlamışdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar