Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dəyanət Osmanlı:"AYB-də qruplaşmalar həmişə olub" -MÜSAHİBƏ

Tarix: 11-09-2019 22:29     Baxış: 3523 A- / A+
Dəyanət Osmanlı:"AYB-də qruplaşmalar həmişə olub"

“Bəzən gerçəyi deyəndə bunu tərəfkeşlik, yarınmaq, əks halda isə qərəzli tənqid, populizm kimi anlayanlar var”

“Hətta ictimai rəydə Anarın əleyhinə səngiməyən kampaniyalar da AYB-də yeri möhkəmlənmiş qrup başçıları tərəfindən planlanır və həyata keçirilir”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsinə cəmi bir neçə ay qalıb. AYB-nin yaydığı məlumata görə, qurultayın keçirilməsi gələn ilin martına planlaşdırılıb. Bəzi məlumatlara görə isə AYB-nin növbəti qurultayının bu ilin noyabr ayında keçirilməsi ehtimalı daha böyükdür.

Qurultayın vaxtı daraldıqca, AYB və Birlik sədri ilə bağlı mətbuatda müxtəlif qalmaqallı fikirlər yayılır, qurum sədri vəzifəsinə namizəd kimi müxtəlif şəxslərin adları çəkilir. Məlumatlara görə, qurultay öncəsi artıq AYB-nin daxilində və xaricində müxtəlif qruplaşmalar mövcuddur və onların bütün güclərini Anarın Birlik sədri seçilməməsi üçün səfərbər etdikləri bildirilir.


AYB-dəki vəziyyəti bu dəfə tanınmış şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, AYB üzvü Dəyanət Osmanlı ilə birgə müzakirə etdik.

Manevr.az Baki Xeber-ə istinadən müsahibəni təqdim edir:

- Dəyanət bəy, qarşıdan Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı gəlir. Başqa ictimai qurumlardan fərqli olaraq, AYB də hər zaman qurultay öncəsi ajiotaj yaşanır. AYB-nin bu dərəcədə maraq kəsb etməsi nə ilə bağlıdır?

- Düzdür, AYB bir ictimai qurumdur, ancaq eyni zamanda, ictimai rəyə təsir göstərən bir adlı-sanlı qurumdur. Bu birliyin bir çox üzvü var ki, həmişə ədəbi-mədəni, elmi, eləcə də ictimai aktuallıq daşıyan sferalarda fəal vətənçi, dövlətçi mövqeləri ilə seçilirlər. Ona görə də AYB-nin nüfuzu və statusu digər qurumlarla müqayisədə üstündür. Yazıçı bir fərd kimi də, yaradıcı şəxs kimi də xalqın, dövlətin marağı ilə tən olmalıdır. Həm də bu, belə də olmalıdır.
Azərbaycanda ədəbiyyata həmişə dövlət səviyyəsində yüksək qayğı olub. Başqa ölkələrdə bu münasibət ya yoxdur, ya da heç bizdəki səviyyəyə yaxınlaşa bilməz. Yaradıcı insanların sosial problemlərinə diqət göstərilir. Cənab Prezident İlham Əliyevin yaradıcı insanlarla builki görüşü çox qiymətli hadisədir. Dövlət başçısının böyük səmimiyyəti ilə keçən görüşdə Xalq yazıçısı Anar tərəfindən qaldırılan təkliflərin hamısı gerçəkdən aktual ehtiyacları ifadə edir. Eyni zamanda, Prezidentin böyük xeyirxahlığı sayəsində yazıçılar üçün yaşayış binasının tikintisinə torpaq sahəsi ayrıldı. Yazıçılar Birliyinə 850 min manat vəsait verildi. Yaradıcılıq evlərində bərpa-tikinti işlərinin aparılması məsələsi qərara alındı. Dövlətin ədəbiyyat siyasəti böyük humanizm, ədəbi-mədəni irsə sahiblik prinsiplərinə söykənir.

- Ədəbi mühitdə baş verən canlanmanı necə qiymətləndirmək olar?


- Ədəbi mühitdə canlanma həmişə olub və olması yaxşı haldır. Amma gəlin görək bu, ədəbiyyat naminə canlanmadırmı, yoxsa imtiyazlar uğrunda canfəşanlıqdırmı... Çoxlarının isə könlündən ədəbiyyata xidmət yox, ədəbiyyatı idarə etmək keçir. Gənclik dinamikadır. Şübhəsiz, gəncliyə imkanlar yaratmaq lazımdır ki, özünü göstərə bilsin. Ancaq bunu kütləvi şəkildə etmək mümkün deyil, həm də bir təşkilat çərçivəsində. Eyni zamanda, istedadından, haqlı və haqsızlığından asılı olmayaraq, ədəbi cameədə gərginlik axtaran və bunun üçün səy göstərən adamlar var. Sizin bayaq toxunduğunuz ajiotajın və ondan da mürəkkəb situasiyanın AYB-də baş verməsini istəyən qruplar var. Onlar üçün fərq etməz, yaxşıya, ya pisə, təki dəyişiklik olsun.

- Keçən qurultaydan əvvəl deyilirdi ki, “Anar getməlidir, o getsə AYB xilas olacaq". Lakin yazıçı və şairlər yenidən Anara etimad göstərib onu birlik sədri seçdilər. Bəzi qüvvələrin Anara qarşı apardığı kampaniya nəyə xidmət edir?


- Təkcə qurultay ərəfəsində yox, adi vaxtlarda belə bu fikirlər maraq güdən yazarlar tərəfindən ortaya atılır. Onların nə istədikləri bəzən özlərinə də aydın olmur. Mən razıyam, hər hansı vəzifə daimi deyil və heç kimin adına yazılmayıb. Kiminsə işləmək imkanı məhdudlaşıbsa, o öz yerini təyin etməlidir.

Bəzən gerçəyi deyəndə bunu tərərəfkeşlik, yarınmaq, əks halda isə qərəzli tənqid, populizm kimi anlayanlar var. Gerçəyi deyəndə mən bu kimi iradlara qəti fikir vermirəm. Anar təkcə böyük yazıçı deyil, həm də böyük patriotdur. Keçən əsrin 90-cı illərində və elə ondan öncə də SSRİ-nin ən yüksək tribunasından xalqa qarşı törədilən cinayətləri, haqsızlıqları çəkinmədən pisləyib. Onda o, kimi düşünürdü? Əlbəttə, özünü yox, millətini. Bundan başqa, o, AYB-nin rəhbərliyinə ən çətin zamanlarda, özü də yazıb-yaradıb dünya miqyasında tanınandan sonra gəlib və bundan da mürəkkəb vəziyyətlərdə qurumu məhv olmağa qoymayıb. Bunlar ki, gözümüzün qabağında baş verib. Hamı çəkilib gedəndə o, qalıb, AYB-nin, ədəbiyyatın və yazıçıların taleyini düşünüb. Eləcə də bu gün Yazıçılar Birliyi ilə bağlı görülən müsbət tədbirlər bir şəxs üçün deyil, bütövlükdə, ədəbiyyat, yazıçılar üçündür.

Onun əleyhinə gedənlərin, demək olar ki, hamısını AYB-yə Anar qəbul edib. Məqsədli gəliblər, müəyyən dividendlər qazanmaq, məşhurlaşmaq istəyiblər. Bunlar olmayanda, Anarı təhqir ediblər. Azərbaycanda və bəlkə də dünyada Anar qədər haqsız təhqirə, qərəzə məruz qalan ikinci bir yazıçı yoxdur. Onun yerinə başqa adam olsaydı, günü qalmaqallı məhkəmələrdə keçərdi. Anarın böyüklüyü məhz müdrikliyində, rəhmli olmağındadır. Həm də yazıçı-sədr Anarın müdrikliyi ondadır ki, hətta onu təhqir edib AYB-dən gedənlərin ardınca qapını bağlamayıb, səhvini anlayıb qayıdanda da onlara əl uzadıb. Sədrin qapısı həmişə hər kəsə və maraqlı təşəbbüslərə açıq olub. Millətini sevən insan da milləti üçün bu qədər zəngin irs yaradan bir mütəfəkkirin dəyərini bilməzmi? Yəni anlaşılmazlıq bax bunda, - insanın düşüncəsində, özünə münasibətindədir.

Açıq deyim, o “xilaskar”ların əksəriyyətinin də yazdıqlarının heç bir ədəbi dəyəri yoxdur. Mən başa düşmürəm, nəyi xilas etmək lazımdır? O adamlar öz içlərində vicdanlarıyla və bir-birilə gizlin intriqadadırlar. Hələ sən bir yaxşı əsər yaz, cəmiyyətin, dövlətin üst dəyərlərinə, alt yapılarına cavab versin. İddaların da gerçəyi yansıtsın. İntriqaçı nəyisə, tutaq ki, Yazıçılar Birliyini idarə edə bilərmi?! Əksinə, orada elə xaos yaradar ki, özü də içində boğular. Elə onda onun özünü xilas etməyə ehtiyac yaranar. Həm də AYB idarəçiliyi belələrinə tapşırılsa, qurum özünü doğrultmayan adi, mənasız qeyri-hökumət təşkilatı səviyyəsinə düşər.

- Bu gun AYB əleyhinə xüsusi qruplaşmalar yaradıldığı haqqında məlumatlar dolaşır. Onların məqsədi nədir, Anarı devirmək, yoxsa "ədəbiyyatı ağ günə çıxarmaq"dır? Bəziləri niyə yaradıcılıqla məşğul olmaq əvəzinə, AYB-yə daş atmaqla məşğul olur?


- Vaxtilə AYB-ni ən çox tənqid edənlərdən biri mən olmuşam. Lakin tənqidi fərdi keyfiyyətlər üzərində qurmamışam. İşə, idarəçiliyə münasibətimi qərəzə, təhqirə yol vermədən bildirmişəm. Düzdür, AYB-də islahatlar aparılmalıdır. Mən həmişə bunu demişəm. Gənclərə, xüsusən də istedadlı gənclərə imkan yaradılmalıdır. Bəzi hallarda yaradılır da. Təəssüf ki, istedadsız sui-istifadəçilər bu imkandan daha çox faydalana bilir. Bu da var ki, hamı özünü istedadlı sayır. Elə bir istedad meyarı yoxdur ki, ölçəsən. Amma daha hamının tələbini, istəyini təmin etmək də mümkün deyil.

Son illər ədəbiyyata sosial şəbəkələrdən gəlirlər. Çap olunmaq imkanı da kifayət qədərdir. Kim nə yazır, eləcə də çap olunmaq istəyir və olunur. Bəzən heç özləri də yazdıqlarını oxumurlar. Ədəbiyyata kütləvi axın getdikcə dərinləşən və amansızlaşan gizli ədavətçi qruplara sərf edir. Hətta ictimai rəydə Anarın əleyhinə səngiməyən kampaniyalar da AYB-də yeri möhkəmlənmiş qrup başçıları tərəfindən planlanır və həyata keçirilir. Sonra bu zirək yazarlar təqaüd, vəzifə, mükafat istəyir və alırlar da...

Ortada bir əməlli yazı-pozusu olmayan, özü kimilərdən dəstə yaradıb haqq eləmədiyi vəzifə, yardım, mükafat alanlarım kiçikçaplı oyunları da göz qabağındadır. Buyur, bir irad bildir, üstünə tökülüşəcəklər.

AYB-də qruplaşmalar həmişə olub. Hesab edin, hər kəsin əlində də qələm var. Amma həqiqi ədəbiyyat və ədəbiyyatçılar bundan mənəvi travma alıb. Qruplaşmalara qoşulan gənclərə tövsiyəm budur: yazıb-yaratmaq haqqında düşünün, sənəti siyasətə dönüşdürməyə çalışan "ədəbiyyatçı-siyasətçi-millətçi" vampirlərə vaxtınızı, istedadınızı, haqqınızı yedirtməyin. Kiminsə marağına vasitə olmayın. Və lütfən, vasitəyə çevrilməyin ki, yaradıcılıq potensialınızı və şəxsi özəlliklərinizi qoruyub saxlaya və enerjinizlə ədəbiyyata, millətə fayda verə biləsiniz...

- Qurultaydan gözləntiləriniz? Yeni sədr haqda danışmaq olarmı? Çünki AYB sədri postunu tutmağa iddialı olanlar var...


- İddialar, arzular olmalıdır və normal haldır. İddiası olmayan adamın, demək ki, özündə bir problem var. Bunsuz inkişaf da olmaz. Amma iddia mütləq haqqa əsaslanmalıdır. Belə düşünürəm ki, növbəti qurultay AYB-nə yeniliklərlə müşayiət olunan islahatlar gətirəcək. Bu proses mütləq olmalıdır. İslahatlar birliyin aparatında, ədəbi orqanların strukturunda, eləcə də AYB üzvləri arasında, üzvlük məsələsində və s. getməlidir. Təsadüfilər də coxdur, ədəbiyyata bir cümlə fayda verməyiblər. Amma istəkləri başdan aşır, elə hey tələb edirlər…

AYB sədri postuna gəlincə, düşünürəm ki, quruma elə Anar kimi bir mütəfəkkir yazıçı, yüksək idarəçilik təcrübəsi olan vətənpərvər ziyalı başçılıq etməlidir. Anar Yazıçılar Birliyini özünün dünyada tanınan nüfuzu səviyyəsinə qaldırıb. Bu işdə ona uğurlar diləyirəm.

İradə Sarıyeva


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar