Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış şair nazirlik əməkdaşını plagiatlıqda suçlayır – Qalmaqal

Tarix: 04-09-2019 18:38     Baxış: 3145 A- / A+
Tanınmış şair nazirlik əməkdaşını plagiatlıqda suçlayır – Qalmaqal

Şair Elşən Əzim Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı, ssenarist, rejissor Elşad Ərşadoğlunu plagiatlıqda suçlayıb.

Manevr.az xəbər verir ki, şairin kulis.az-a bildirdiyinə görə, çəkilişləri yenicə başa çatan “Açar” filminin motivləri vaxtı ilə yazdığı “Qıfıl” şeirindən götürülüb.

Müəllifin bildirdiyinə görə, “Qıfıl” 2004-cü ildə yazılıb və populyarlaşıb.

Xatırladaq ki, şeirdə də, filmdə də söhbət işğal olunan kənddəki evinin açarlarını saxlayan qəhrəmandan gedir.

Ssenarist-rejissor Elşad Ərşadoğlu isə səslənən ittihamla bağlı bunları deyib:

“Elşən Əzimin şeirini bir neçə il qabaq oxumuşam, hətta bir neçə dəfə, hər rastıma çıxanda oxumuşam. Filmə gəldikdə, bu mövzuda uydurma yoxdur. Filmdə hadisə eynilə öz ailəmizdə baş verib. Aktyor Qurban İsmayılovun oynadığım obrazın prototipi mənim öz babamdır. Biz Füzulidən qaçqın gələndə mən 6 yaşında uşaq idim. Bizim evimizin o topa açarı yadımdadır. Hətta yadımda idi hansı açar hansı otağın açarıdır. 90-ların əvvəlində açar itdi. Və bu xüsusən babam üçün böyük dərd oldu. Bu tamamilə mənim xatirəmə əsaslanıb. Mənim təxəyyülüm isə ondan ibarətdir ki, biz İsmayıllıda yaşamışıq, amma mənim filmimdə hadisələr Bakıda yataqxanada baş verib. Ən maraqlısı odur ki, biz məkan axtaranda, ordakı sakinlərə süjeti deyəndə məlum oldu ki, hamı evinin açarını saxlayır. Bu, bir milyon insanın dərdidir. Mən Elşən Əzimi oxuyanda təsəlli tapırdım ki, bu, tək bizim dərdimiz deyil, başqaları da bunu yaşayıb. Mənim məqsədim bu dərdi kino dili ilə dünyaya çatdırmaqdır. Qısası, Elşən Əzimlə mən Allahın müəllifi olduğu və bizə "bəxş etdiyi" bu mövzuya fərqli sahələrdə, başqa-başqa prizmalardan yanaşmışıq.”

“Qıfıl” şeirini diqqətinizə çatdırırıq.

Bizimlə bir dəstə açar gəlibdi,
Məhlənin açarı, evin açarı.
Kefim qıfıllanıb üzümə mənim,
Qalıb evimizdə kefin açarı.

İnadım əyilib, vüqarım sınıb,
O da qalaq-qalaq il altındadı.
Bilirəm, qapımız o vaxtdan yanıb,
Qıfıl bir kalafa kül altındadı.

O qıfıl gül açar günün birində,
Sükutun içində çürüyür, itir.
Onun torpaq dolmuş açar yerində,
Hər bahar bir həsrət çiçəyi bitir.

Qapılar görmüşəm, o vaxtan bəri
Bu dərdin işığı içəri düşmür.
İndi mən neyləyim ayrı qapıya
Bizim qapımızın açarı düşmür.

Hayana üz tutdum qıfıl göyərdi,
Ümid qıfıllıdır, arzu qıfıllı.
Bərəkət qıfıllı, ruzi qıfıllı,
Bu tale, bu qismət, yazı qıfıllı.

Tətiyi qıfıllı silahımızın,
Tətiyi çəkəsi əlim qıfıllı.
“Susuram, başımı saxlamaq üçün”,
Ağzım qıfıllıdır, dilim qıfıllı.

Çaşdımı, tərk etdi oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu
Bir paslı qıfıla tapşırıb gəldik.

Çaylar qayalardan asılı qaldı,
Bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin, bu boyda dərdin
Açarı burdadı, kilidi orda.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar