Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"13-cü qurultay AYB-nin yenidən doğuluş ili olacaq"- Emil Rasimoğlu

Tarix: 28-08-2019 11:45     Baxış: 2432 A- / A+
"13-cü qurultay AYB-nin yenidən doğuluş ili olacaq"- Emil Rasimoğlu


Son günlər Azərbaycan Yazıçılar Birliyinin rəhbər heyəti 13-cü qurultayda namizədliklərini verəcəyini elan etmiş gənclərə qarşı apardıqları "soyuq savaşı" daha da "buzlaşdırmaqdadır". Sədrlik postuna iddialı gənclər gah istedadsız adlandırılır, gah da fikirlərini ifadə edə bilməməkdə suçlanır.

Baş verənlərə sədrlik postuna iddialı 3 gənc şairdən biri, Prezident təqaüdçüsü Emil Rasimoğlu ilə aydınlıq gətirməyə çalışdıq.

-Azərbaycan Yazıçılar Birliyinin idarə heyətində təmsil olunanların gənclərə güvənsizliyini nə ilə əlaqələndirərdiniz?

- Bilirsiniz, əslində istedadlı, bacarıqlı, igüzar, məsuliyyətli, dürüst gəncə heç bir idarəçilik rəsmisinin güvəncsizliyi yoxdu, eləcə də AYB idarə heyətində təmsil olunanların. Sadəcə, onlar ictimaiyyət içində özləri güvəncsizlik təsüratı yaradır ki, bu da bəlli məsələdir. Deyəcəksiniz ki, o bəlli olan nə məsələdir?! Açığını desək, bu gün Yazıçılar Birliyində dəhşətli durum mövcuddur. Postu tutan şəxslər əvəz olunmaq istəmir. Baxın, məsələ də buradadır. Bu onların çıxışlarından da açıq-aydın görünür. Tərəflərindən gələn bütün təpkilərin, təzyiqlərin və gənclərə qarşı bu kimi bəyanatların kökündə məhz bu səbəb dayanır.

-Ümumiyyətlə, sədrliyə iddialı olan gənclər daha çox təcrübəsizlikdə günahlandırılır. Amma sovet dövründə Yazıçılar İttifaqının 28, 29, 34 yaşlarında sədr seçilən namizədləri də olub. Nə deyə bilərsiniz?

- Bilirsiniz, bu günahlandırmanın da arxasında öz maraqlarına xidmət edən nəsnələr dayanır. Əgər bu gün sədrliyə 3 gənc yox, ədəbi gəncliyin hamısı iddialı olsaydı yenə bu və ya bu kimi günahlandırmalar olacaqdı. Çünki Yazıçılar Birliyinin heç bir rəsmisi kadr axtarmaq cəhdindən o sözü demir, yalnız o sözü kadrı zərərsizləşdirmək cəhdindən deyir. Ölkədə gedən kadr islahatları Yazıçılar Birliyinə sanki yaddı. Axı, niyə?!

Digər məsələyə gəldikdə isə doğru vurğuladınız. Dönüb XX əsr ədəbiyyat tarixindəki Yazıçılar Birliyinin idarəçilik sisteminə baxırsan, sadəcə təəssüf edirsən. Məmmədkazım Ələkbərli 29, Rəsul Rza 28, Seyfulla Şamilov 34 yaşında sədr kimi dəyərləndirilib. Hələ digərlərinin xəbərdar olmasını demirəm, bu faktları hörmətli Anar müəllim bilmirmi? Bilir! Həm də çox əhatəli şəkildə. Amma acınacaqlı durum buradadır ki, bu tarixi faktları bilə-bilə bu günün 28, 30, 33 yaşında ədəbi gəncinə "üçü birdən sədr olar" - deyib ironiya edir, gülür. Amma o dövr nə Məmmədkazım Ələkbərlisinə, nə Rəsul Rzasına, nə Seyfulla Şamilovuna nə də istedadı, potensialı olan hər hansı bir gəncinə ironiyə edilməmişdi. Dəyər verilmişdi, yol açılmışdı.

-Rəşad Məcid namizədliyini elan edəcəklərini açıqlayan gəncləri istedadsız adlandırır. Təxminən 2 ay öncə elə adıçəkilən AYB katibinin təşkil etdiyi “bir cümləlik hekayə” müsabiqəsində Tural Turan birinci yer tutmuşdu. Digər tərəfdən, sədrlik postuna iddialı olan hər üç gənc Prezident təqaüdçüsüdür. Amma nədənsə bu ittihamlara cavab vermədiniz. İttihamlarla razılaşırsınız?

- Öncə onu deyim ki, məzmunundan asılı olmayaraq hər hansı bir fikir, söz ittiham xarakteri daşıyırsa, mən onu nə qəbul edirəm, nə də onunla razılaşıram. Çünki bu mənim əqidəmə, yoluma, həyat və ədəbiyyat prinsipimə ziddi.

Gələk Rəşad Məcidin çıxışlarına. Ümumən Rəşad Məcid mətbuat vasitəsilə bizim namizədlik məsələmizlə bağlı bir neçə dəfə çıxışlar etdi və o çıxışlara da yetərincə arqumentli şəkildə bizim (mənim) cavablarımız oldu. Rəşad Məcidin çıxışları ancaq ittiham, müdafiə və mətləbdən kənar mövzulara ədalətsizcəsinə toxunuşlardı. Onun çıxışlarında katibi olduğu birliyin üzvlərinin hüquqları, bu hüquqların qorunması və müstəqillik statusu daşıyan ölkənin rəsmisinin görkəmi dayanmır. Təvəzökarlıqdan uzaq olmasın Rəşad Məcidin istedadsız adlandırdığı gənclər kifayət qədər potensialı, istedadı, mənəvi tutumu və ədəbi fəaliyyəti olan imzalardı. Həmin imzaların uğurlarının bir neçəsini də siz sadaladınız. Tural Turanın adını çəkdiniz. Savadı, intelekti, istedadı, istər ədəbiyyatda, istər peşəsi olan jurnalistikada nəsldaşları sırasında danılmaz xidməti və özünəməxsus yolu, izi olan gəncdi, aydındı. Rəşad Məcidin danmağı ilə deyil ki...

Qaldı ki, mənim bu məsələdə Rəşad Məcidə cavab verməməyimə. Bilirsiniz, o sözü Rəşad Məcid sosial şəbəkədə müzakirələr zamanı demişdi. Mən də əksər hallarda sosil şəbəkədə münaqişəyə çəkilən, əsassız müzakirələrə münasibət bildirmirəm.

-AYB nizamnaməsinə görə katiblik postuna iki dəfə seçilmək mümkündür. Amma bu posta 2 dəfədən də çox seçilən namizədlər var. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu birmənalı şəkildə qanun pozuntusudur ki, bu da yol verilməzdir. Bilirsiniz, inanıram ki, ümumiyyətlə bu 13-cü qurultay AYB-nin yenidən, ikinci dəfə doğum ili olacaq.

-AYB-dən sizə təhdidlər olunduğunu söylədiyiniz. Namizədliyinizin qeydə alınmayacağı təqdirdə hansı anoloji addımları atacaqsınız?

- Bəli, biz AYB-dən təhdidlər aldıq. Təhdidlər qarşıdakı aylarda adekvat addımların olmasından ibarət idi. Bu barədə öncəki müsahibələrimdə söz açdığım üçün idi təkrar bu mövzuya qayıtmaq istəmirəm. Namizədliyimizin qeydə alınmasına gəldikdə isə qanunvericiliyə görə qeydə alınmaması mümkünsüzdür. Əgər belə hal olacaqsa qeyri-qanuni yolla olacaq. Artıq sizə də, bizə də, ictimaiyyət nümayəndələrinə də bəlli məsələdir ki, təhdidlər almışıq. Mən müstəqillik statusu daşıyan ölkədə yaşayıram. Əgər bizə qarşı bu kimi neqativ hallar olarsa ölkə qanunvericiliyi var, ölkə rəhbəri var...

-32 il sədr postunda əyləşmiş yazıçı Anara qarşı vahid namizədliklə getmək mümkündürmü? Daha uğurlu nəticə əldə etmək, səslərinizin parçalanmaması üçün heç bu haqda düşünmüsünüzmü?

- Öncə deyim ki, səslərin parçalanması, vahid namizəd məsələsi haqqında da düşünmüşəm. Vahid namizəd ideyası da ola bilər. Amma öncə burada hələ namizədlər bir araya gəlməlidir. Görək də...Yəqin ki, seçkiqabağı elə bir qərara gəlinəcək ki, uğur əldə edilsin. Bu məsələnin bir tərəfi.

Anara qarşı vahid namizədlə gedib-getməməyə gəlincə isə əlbəttə getmək mümkündü. Niyə mümkün olmasın, axı?! Vahid namizədlə getmək də olar, hətta seçkini udmaq da.

Yəni, burada qeyri-adi heç nə yoxdu. Hamısı seçkidə səslərdən asılıdı. Namizədliyini verəcəyi halda Anar müəllim də olacaq qurultaydakı namizədlərdən biri...

-Sədrlik postuna namizədliyini elan etmiş üç gənc şair arasında kimin şanslarını daha yüksək qiymətləndirirsiniz?

- Tam səmimi deyim. Mənim üçün üç şəxsin üçü də şanslıdı. Bu baxımdan üçünün də şansını yüksək qiymətləndirirəm. Amma zaman kimin daha şanslı olmasını və o şansın yüksək qiymətli olmasını özü göstərəcək.

O şəxs mən olmasam belə yenə əl sıxacam. Çünki o əl ruhu, içi diri və duru, işıqlı olan gəncliyin əlidi!

Türkay Məmmədzadə

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar