Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rafiq Ələkbər: "Göy imiş bəlkə də əzəl qismətim..." -ŞEİRLƏR

Tarix: 25-08-2019 10:33     Baxış: 2460 A- / A+
Rafiq Ələkbər: "Göy imiş bəlkə də əzəl qismətim..."

Rafiq Ələkbər 25 aprel 1964-cü ildə Yardımlı rayonunun Alar kəndində anadan olub. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İndiyə qədər ona yaxın kitabı işıq üzü görüb. Son illərdə ölkəmizdə çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda dərc olunan şeirləri və iki il qabaq Türkiyənin İstanbul şəhərində çap edilən “İrfan-ı Aşq” adlı şeirlər kitabı müəllifin ədəbi nailiyyətlərindən soraq verməkdədir. Şair dostumuzu 55 illik yubileyi münasibəti ilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

Manevr.az Rafiq Ələkbərin şeirlərini təqdim edir:

“NƏSİMI TALEYİ-VƏTƏN TALEYİ”

(Azərbaycanda 2019-cu il ölkə başçısı cənab İlham Əliyev
tərəfindən Nəsimi ili elan edilmişdir
)


Şairlər ruhudur qoca tarixin,
Tarixin özünə şairlər hakim.
Faciə anıdır şair ölümü,
Onda asılan kim, güllələnən kim.

Qəfil qarşıladı gülləni Müşfiq,
Vaqifi asdıran şirin diliydi.
Puşkini dueldə öldürən Dantes,
O vaxtın daş qəlbli bir qatiliydi.

Böyük Fizulinin ilahi ruhu,
İlahi eşq ilə danışdı,dindi.
Turan böyük haqqın özüdür elə,
“Turan-haqq” – qışqırdı Cavid əfəndi.

Ədalət axtardı dahi Nizami,
Qəlbində haqq-Tanrı bəsləyən şair.
Bütün sarayları,hökmdarları,
Haqqa-ədalətə səsləyən şair.

Günah toxumudur dünyanın özü.
Bu toxum göylərdən cəzatək axdı.
Haqqı axtarmağa bir gərək varmı,
Ən mütləq həqiqət Cənabi-Haqdı.

Kimsə arzuladı bir anlıq haqqı,
Fələyin qarğışı tutdu o, kəsi.
Kimlərsə lal olub haqqı danarkən,
Dünyanı bürüdü “Ənəlhəqq “ səsi.

Bu səs qeybdən gələn insan səsimi,
Bu sirdən halıdır yalnız Yaradan.
İlahi səsdirsə elçisi hanı,
İnsansa bu səsin yurdu harada?

Şahlar, hökmdarlar təşviş içində,
Onların taxt-tacı bitirmiş sanki.
Həmişə zalımlar bəsləyən dünya,
Bu səsdən başını itirmiş sanki.

Bu səsin sədası qüdrətli idi,
Bu səs vicdan səsi, bu səs gələn haqq.
Dünyaya nur verən iki səs vardı,
Azan sədaları, bir də “Ənəlhəqq”

Cəlladlar xəbərsiz idi bu səsdən,
Bu səs yeri-göyü silkələyirdi.
Nəsimi çarmıxa çəkilən zaman
Bu səs çoxlarının qəddin əyirdi.

Sığmayan kimdir ki, iki cahana,
Ruhuna bir sərhəd qoyulsun gərək.
Şahlar fətva verdi şair Nəsimi,
Təpədən dırnağa soyulsun gərək.

Tarix görməmişdi belə faciə,
Tarix yaddaşlarda belə qalmayıb.
Nə qədər şairlər öldürülüblər,
Dərisi soyulan hələ olmayıb.

Şair, axı nəydi günagın sənin?
Hələbdə gör, kimə qıydılar, Allah!.
Vətəndir insanın cismi, bədəni,
Onu uzaqlarda soydular, Allah!

Yurdun o ucundan qalxan bu haray,
Sal daşı, qayanı əridəsiydi.
Elə bil Dərbənddən Hələbə qədər,
Hönkürən yurdumun xəritəsiydi…

Tarix utandımı sən soyulam gün,
Sənə yas saxladı min illik Vətən.
Vətən də soyulur o, gündən bəri,
Kərküklü, Təbrizli, Ərbilli Vətən.

Belə tüğyan edən bir ruh olmayıb,
“Ənəlhəqq” haraylı o qəlb yox oldu.
Şirvandan Hələbə üz tutan, şair,
Dərbəndi itirdik, Hələb yox oldu.

Düşməyib heç zaman adın dilimdən,
Ulu bir diyarın haqq səsi idin.
Qorxmadın vədəsiz gələn ölümdən,
Susmayan azadlıq nəğməsi idin.

Özün də bildin ki, bir ərən kimi
Haqqın dərgahına gedən yaşayır.
Sənin soyulduğun gündən, ay şair,
Qəmli taleyini Vətən yaşayır.

GÖYLƏRDƏ EV UCALT SƏVAB DAŞINDAN

Ömür dediyimiz qaraçı köçü,
Beşiyi məlumdur, məzarı harda?
Sonda barışırıq taleyimizlə,
Onu biz yaşadıq, Yazarı harda?

Harada gizlədək sevincimizi,
Həyat itirməsin bu incimizi.
Vuraq qayalara külüngümüzü,
Görək, qəm-kədərin azarı harda?

Ruhum dil açmasa sərtləşir ürək,
Ağır əzablara qatlaşır ürək.
Yatdıqca yuxuda yadlaşır ürək,
Bilinmir gileyi-güzarı harda

İki əllə yapış ömür yaşından,
Bəzən o ayırmır yazı qışından.
Göylərdə ev ucalt səvab daşından,
Soruşma bu yerin bazarı harda

ÖMRÜN NİŞANLARI

Vergülü sevmədim, cümlələrim də
Sözə yamaq vuran, söz saxlayandır.
Bəzən düşündüyün yarımçıq qalır,
Fikri-düşüncəni buxovlayandır.

Vergülü süvmədim həyatımda da,
Durğunluq anıdır ömrümə onlar.
Mənə kədər verən, mənə qəm verən,
Çox vaxt iztirabdır vergüllü anlar.

Onsuz da bu həyat qısadır, qısa,
Onda xoşbəxtlyə bəs necə çataq?
Cümlələr vergülə məhkumdur, bəlkə,
Ömürdən vergülü biryolluq ataq.

Bilirik gözəldir sevib-sevilmək,
Hardasa həyatın xoş anlarıdır.
Cümlələrdə durğu işarələri,
Elə bil ömrün də nişanlarıdır.

Həyatda cürbəcür oyunlar olur,
Udmaq şansın varsa bəxtə qoyulur.
Oynayıb qurtarcaq sən öz rolunu,
Oyun sona çatır-nöqtə qoyulur.

Sən ömür yolunda zirvəyə qalxsan,
Burada mütləqdir Tanrı diqtəsi.
Çalışın zirvədən uçurulmayın,
Uçmaq təhlükəsi nəzər nöqtəsi.

Cümlədə vergülə rəqibdir nida,
Cümlədə vergülü nidalar udur.
Əgər fəth etmisən qız ürəyini,
Deməli qalibsən bax, nida budur.

Bir yola köklənib yol gedən kimi.
O yolda nə qədər ağrı-acı var.
Bizi bu dünyaya bağlayan nədir,
Yəqin ki, yəqin ki, bağlayıcılar.

Günah buraxmayın həyatınıza,
Onlar cəhənnəmə təlaş səsidir.
Ömür dastanında nöqtəli vergül,
Sevinclə kədərin bölüşməsidir.

Tirelər vergülün doğmalarıdır,
Əzablı bir ömür daşımısan sən.
Gör, əgər ömrünüzdə nidalar çoxsa,
Deməli uğurlu yaşamısan sən.

Dünyaya göz açan, doğulan körpə,
Onun ilk gülüşü dan nöqtəsidir.
Ölümü nidaya qatmayın dostlar,
Ölüm bü dünyanın son nöqtəsidir.

GÖYLƏR QİSMƏTİMDİR

Yenə üz tutmuşam kədər dağına,
Dağ saxlamaz dərdi, əlacı göydə.
Ömrüm sanki dönüb göy qurşağına,
Bir ucu yerdədir, bir ucu göydə.

Yaşamaq özü də zülümdür, Allah,
Közərən ümidlə hələ gedirəm.
Ömrün son mənzili ölümdür, Allah,
Mən oraya gülə-gülə gedirəm.

Göy imiş bəlkə də əzəl qismətim,
Günəşə baxıram, Aya baxıram.
Bu yer qurtaracaq günahdan çətin,
Günahı olmayan Göyə baxıram.

Bəlkə də arıya bənzəyək bir az,
Günah əməllərin onda sonu var.
Arı pətəyində ilahi nizam,
Arı dünyasının öz qanunu var.

Tanrı göy üzünü qorumaq üçün,
Təmizlik bəxş etdi ançaq göylərə.
İlahi mələklər göylərdə sakin,
Öz şər mələyini göndərdi yerə.

Pozulur dünyyada haqqın gərdişi,
Bu dünya fırlanır, çox nəhs fırlanır.
Qiyamətə qalıb dünyanın işi.
Çünki dünyamızda İblis fırlanır.

Göydə ulduz payım, göydə bürc payım,
Taleyim, qismətim göylərə bağlı.
Ruhuma Tanrıdan gələn güc payı,
Mütləq Yaradanı dərk edən ağlım.

Nədən sıxılıram, İlahi, nədən,
Deyəsən cismimə bu dünya evdir.
Tapmıram bu sirrin izahın nədən,
Yerdə yaşasam da, göyləri sevdim.

Yenə üz tutmuşam kədər dağına,
Dağ saxlamaz dərdi əlacı göydə.
Ömrüm sanki dönüb göy qurşağına,
Bir ucu yerdədir,bir ucu göydə.

O QIZIN GÖZLƏRİ YOL ÇƏKİR HƏLƏ

Belə tənhalığa yovuşa bilmir,
İçindəki qəmdən sovuşa bilmir.
O qız sevdiyinə qovuşa bilmir
O qızın gözləri yol çəkir hələ.

Hələ boynu bükük gülə bənzəyir,
Sözünün üstündə durub gözləyir.
Ürək üsyan edir, ağıl “döz” deyir,
O qızın gözləri yol çəkir hələ.

Sevənlər son məktub yazıb gedirlər,
Bəxtdən gileylənib, susub gedirlər.
Qapıdan elçilər küsüb gedirlər,
O qızın gözləri yol çəkir hələ.

Eşqin atəşində yanıb bişəcək,
Üç il belə getdi, gözlər beşəcən,
Bəxti göy zənbillə göydən düşəcək,
O qızın göləri yol çəkir hələ.

TƏNDİR

Niyə həyətlərdə təndir azalır,
Bəlkə od payımız yaddan çıxıbdır?
Bizim yurdumuzun od ürəyi var,
Bizim çörəyimiz oddan çıxıbdır.

Tanri bu torpağa od ruhu verib,
Odlar diyarını odla yaşadar.
Tanrı yaradıbsa ruh verib demək,
Hətta torpağa da, hətta daşa da.

Müqəddəs təndirdə odla oynamaq,
Hörmüzə, Odərə hörmət işidir.
Həyətdə tikilən təndir, qardaşım,
Yurdun oda olan sitayişidir.

Təndirdən od çıxır, oddan tullanım,
Onda itəcəkdir hər ağrı-acım.
Kündəni təndirə yapdığı anda,
Oda, bərəkətə əyilir bacım.

Tanrı bu torpağa od ruhu verib,
Bəxtini yazmaqsa yaddan çıxıbdır.
Təndirdə həm od var, həm də bərəkət,
Bizim çörəyimiz oddan çıxıbdır.

EHTİYACIM VAR

İndiiki sevginə ehtiyacım var,
İstəsən qına sən sonra da məni.
Əlimyandıdayam təmiz sevgiyə,
Sən sevsən, sevəcək Tanrı da məni.

Rəhm eləyib dilə mənə amanı,
Qovum üfüqlərdən çəni-dumanı.
Sevgim sevindirsin göyü, səmanı,
Sən sevsən, sevəcək Tanrı da məni.

Tanrı kömək durar hər anımızda,
İlahi nur vardır inamımızda.
Göylərdən gələcək ənamımlızda,
Sən sevsən, sevəcək Tanrı da məni.

QONŞU QIZ

Mən duyuq düşəndə artıq gec idi,
Artıq göz altdaydı qonşunun evi.
Mənə xəbər verdi məhlə dostlarım,
Mənim sadiq dostim qonşu qız sevir.

Deməli həyətda sevmək var imiş,
Bu duyğu ilk dəfə qəlbimi sıxdı.
Mən ona nə qədər oyun öyrətdim,
Sevməyi öyrətmək yadımdan çıxdı.

Ağacdan çaparaq at düzəldərdik
Yarış düzəldərdik dağlar qoynunda.
Mənimlə gizlənpaç oyunu quran,
İndi başqasıyla eşq oynunda.

Bu həyat nə qədər amansız imiş,
Gülü də qoymurlar gültək açmağa.
Ona yol vermişəm, qapı açmışam,
O gedib özgəyə ürək açmağa….

…Bu gün gəlin köçür qonşu qız daha,
Necə rəvac verdi yadın olmağa.
Mənim məhlə dostum, uşaqlıq dostum,
Gedir başqasına qadın olmağa…

… Niyə gəlin köçdün, ay qonşu gözəl,
Bizim məhləmizdən gül qoparırsan.
Sənin bu gedişlə öz diləyin var.
Bəs, mənim ömrümdən nə aparırsan?

Başı toy-düyünə qarışan gözəl,
Kimdən alacaqsan de, sorağımı.
Getdin bir ocaq da çıraq olmağa,
Apardın mənim də uşaqlığımı.

GÖZÜMDƏN DÜŞƏRSƏN, GÖZƏL

Yelləmə o yan, bu yana,
Gül kimi saçı, sevdiyim.
Baxmağı da günah bildin,
Olma xırdaçı, sevdiyim.

Deyəsən gözüm açıldı,
Çəkən tək ona tətiyi.
Gəl gir gözümə indi də
Qorusun səni kirpiyim.

Qorxma gözümün odundan,
Uzağı bişərsən, gözəl.
Sözümü yerə salma ha…
Gözümdən düşərsən, gözəl.

QUCAĞIMDA GÜL GƏLİRDİM

Qucağımda gül gəlirdim,
Məndən yox, gülümdən tutdun.
Sənə bir söz deyəcəydim,
Heyf ki, dilimdən tutdun.

Daşımışam hər bir dərdi,
Həsrətinə kim dözərdi?
Əlim saçında gəzərdi,
Bəs, niyə əlimdən tutdun?

Qarşında öldüm ey, qadın,
Ölümümə ağlamadın.
Dirimə bel bağlamadın,
Öləndə belimdən tutdun.

Rafiq Ələkbər

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar