Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Osman Fərmanoğlunun Etibarlı xatirələri...

Tarix: 22-08-2019 18:15     Baxış: 3633 A- / A+
Osman Fərmanoğlunun Etibarlı xatirələri...
SƏN ETİBARLI ETİBARSAN
(Gəzişmələr)

1976-cı il idi. İnstituta təzə daxil olmuşdum. Binalara baxa- baxa Hüsü Hacıyev küçəsi ilə gedirdim. Yolun o biri üzündən bir polis yolu keçərək mənə yaxınlaşdı… Yəqin, kəndçiliyimi duymuşdu.

-Gədəbəydənsən? Hansı kənddən?

Çəkinə- çəkinə yerimi dedim və fikirləşdim ki, işə düşdüm… O lətifə vardı ha, neçə mərtəbə saymışdın?- yadıma düşdü , neyləyəcəyimi düşünmək istəyirdim ki…

-Adım Famildi, şeirlə aran necədi?- gedək səni bir şairlə tanış edim,-dedi. (Sonralar da bu geniş ürəkli insanla bir neçə dəfə görüşdük. Heyif, dünyasını tez dəyişdi.)
Bu sözləri birnəfəsə söyləyərək, məni bir tərəfinə, Azərnəşr” , digər tərəfinə “Gənclik nəşriyyatı” yazılan qapıdan içəri çəkdi. Yuxarı qalxdıq, bizi görəndə gənc bir oğlan çölə çıxdı.

-Musa Məlikoğludu, tanış ol -dedi. Mən imzasını tanıyıb, özünü görmədiyim şairlə tanışlığıma çox sevindim. Bilmirəm kimin sözüdü, “ilk dəfə “diri” şair görürdüm”.
Belə uzaqdan başlamağımın Etibar Etibarlıya dəxli odur ki, kitab mağazasından aldığım (kitabı Musa Ələkbərliyə görə almışdım) “Səhər şəfəqləri” almanaxında bir sıra istedadlı imzalarla yanaşı Etibar Etibarlının şeirlərinə də yer vermişdilər. Xalq şairi Bəxtiyar Vahabzadə ön sözdə bu gənclər haqqında, xoş, ümidverici sözlər söyləmiş, böyük yola çıxmalarında uğurlar diləmişdi… Və mən Etibar Etibarlı imzasını ( qəribə səslənsə də) yaddaşıma yazdım…
İllər keçdi… Ara- sıra şeirlərinə rast gəlir, oxuyurdum. Müstəqillik illərində dostum Hüseyn Əfəndi “Xalq qəzüti”ndə işə düzələndən sonra bir yerdə işlədiklərini bildim.
Bizim böyük ölçüdə tanışlığımız Feyzbukda oldu. Mətbuatın müəyyən zümrələrə ximət elədiyi vaxtda, azad qalan Feyzbukdur, -desəm, bəlkə də, səhv etmərəm.
Beləcə Etibar dünyası ilə tanışlığım başladı. Virtual tanışlığımızın ilk günlərindən qaynayıb qarışdıq… Şeirlərim haqda ən dolğun fikirləri ondan alırdım, heç kimin tuta bilmədiyi nöqtələri tuturdu. Təkcə mənə deyil, hamıya qarşı diqqətli idi. Həssas insan idi, həssaslığı ilə də tez özündən çıxırdı. Bir dəfə tələbə yoldaşlarım Güloğlan və Rəfaellə bir- birimizə “ilişirdik”. Zarafatla bir-birimizi sancırdıq… Bir də gördüm ki, böyük bir şərh və şərhdə bu iki dostuma tənəli və xətirə dəyəsi sözlər… Yazdım ki, Etibar müəllim nə olub? Dedi:

-Görmürsən nələr yazırlar?

-Fikir vermə… indi dincələrlər.

-Yox, o gün biri də ”şor” yazıb, Şamaxılılara rişxənd eləyirdi.

Hələ üstünü vurmadım ki, bunun biri Şamaxılıdır.

-Nə olar, şorla kartof, yanında da kələm turşusu, əsil “Stalin troykası”dır, neçə litrin desən anasını ağladarlar… Əsəbiləşmə.

Doğrudan da, əsəbiləşmişdi… Qanqaraçılıq düşməsin deyə yazdım ki, Etibar bəy, bunlardan biri Cəyirli Aşıq Abbasın kəndçisi ( bəlkə də, qohumu), digəri isə Yardımlı Şamaxılısıdır, külək aparıb ora salıb. Mənim tələbə yoldaşımdırlar .

“Sağ olmuş, belə de də, elə bildim səni təkləyiblər”,-yazdı.

Hardasa, iki il bundan əvvəl rəhmətlik ( Unudulmaz dostları rəhmətlik deyə xatırlamaq çox ağırdır.) Hüseyn Əfəndi barədə yazı yazmışdım. Yazı “Modern. az “ saytında yayımlanmışdı. Yazını oxuyandan sonra mənə yazırdı:

“ Hüseynlə Füzuliyə ezamiyyətə getmişdik, Horadizin yuxarısında dayanmışdıq, Hüseyn gözünü Horadizin üstündən o tərəfə zilləyib baxdı, baxdı və bir hönkürtü qopardı ki, mən də ona qoşuldum. Ikimiz də kirimək bilmirdik. Sən demə, Hüseynin kəndi lap əlimizin içində imiş… amma nə fayda, əlimizi uzada bilmirdik.”
Etibar bəy Hüseyn barədə o qədər ürəklə, səmimi danışırdı ki…Sonra yeni redaktorun gəlişi, onları hər addımda sıxması və s., ikisinin də o redaksiyadan getməsi…
Mən tanıyandan sonra paylaşdığı, ağrılı (özü də ağrıyırdı, torpaqlar da ağrı içərisində, yiyəsiz, dərmansız qalmışdı.) şeirlərini, Ağdama yazdığı poemanı, dolanışıq ucbatından pis yola düşən qadın haqqında şeirini “Bəxt” kitabından” yazaraq paylaşırdı… Bəlkə də öz bəxti hesab eləyirdi o kitabı…
Hər dəfə hansısa saytda, dərgidə yazılarım gedəndə birinci rəy bildirənlərdən idi, rəyini görməyəndə narahat olurdum. Fikirləşirdim, görəsən, nə olub.
“DƏLİDAĞ" Ədəbi Birliyi şeirlərimi vermişdi, şeirləri 5-6 cümlə ilə elə təhlil eləmişdi, elə bil bir monoqrafiya yazmışdı:
"Bəri başdan deyim ki, OSMAN FƏRMANOĞLU şeir yazmaq xatirinə şeir yazmır. Təqdim olunan şeirlərinə diqqət yetirsəniz, görərsiniz ki, Osmanın şeirlərində fikir yükü çox ağırdır, hətta bəzən sözlər də bu fikrin ağırlığını büruzə verir. Onun yazdıqlarında ifadə olunan fikirləri bəzən bir daha oxumağa məcbur olursan, nə əl çəkə bilirsən, nə də əlini yelləyib ötə bilirsən. İkincisi, ən maraqlı cəhət və özünəməxsusluq isə Osmanın xalq dilindən istifadə etdiyi sözləri, deyimləri səliqəli şəkildə poeziyaya gətirməsidir: əl havasına getmək, dərdlərini didmək (yun kimi), çənəni bağlamaq, urcah olmaq...və s. və i. nə qədər istəsən belə qanadlı söz və ifadələrə rast gələrsən. Bəzən şairlər ağına-bozuna baxmadan belə ifadələri kor-kobud şəkildə, hətta bəzən yersiz işlədirlər. Osman isə dilə bu baxımdan çox həssasdır. Ədəbi dil şifahi dilin incəliklərindən belə şairlərin hesabına bəhrələnir. Maraqlıdır ki, Osman sərbəstdə də uğurlu nümunələr yaradıb. Mən şair dostuma uğurlar arzulayıram!!!"
Deyirdi, elə sizinlə görüşmək istəyirəm ki… şeirlərini mənə göndər… Göndərdim, yazdım ki, xoşuna gəlsə, bir yazı yaz, ön söz edəcəm. Kitabın adını da yazdım: "Gəldim, gördüm, gedirəm”. Yazdı ki, “Gəldim, gördüm…” olsun, getməyə tələsmə… imkan eləyim yazacam…
İmkan elədi, amma yazmağa yox,əcəlini qarşılamağa.
Hələ də ölümünə inana bilmədiyim dostum, Nəsiminin dərisini soyurlar Hələbdə…
Ruhun şad olsun!

Osman Fərmanoğlu
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar