Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşad Məcid: "Dünyanın ən gözəl şairi sənsən, Dünyanın ən gözəl şeiri sənindi!"

Tarix: 21-08-2019 18:54     Baxış: 2563 A- / A+
Rəşad Məcid: "Dünyanın ən gözəl şairi sənsən, Dünyanın ən gözəl şeiri sənindi!"

Hər təzə şeirində yenidən doğulur şairlər! Bu mənim illərdi düşündüyüm və dəyişməyən fikrimdi. Fiziki doğuluşlarının əlbət bir tarixi, günü, ayı var. Ancaq şeirlə doğulmaq başqadı. Bu gün SÖZ dünyasına seçilən imzasıyla qədəm qoymuş bir insanın- Rəşad Məcidin doğum günüdü. Yarım əsrin o tayından boylanan xatirələr, sevinclər, kədərlər, uğurlar, ağrılar, əzablar, gözəlliklər və ən nəhayətində SÖZ məkanında qala bilmək, özünü təsdiq etmək bacarığı... illərin keşməkeşindən, əzabların ortasından, uğurların başgicəlləndirici şöhrətindən diri çıxmaq, üstəlik "yaxşı adam", "gənclərin dostu" kimi heç bir titula dəyişilməyəcək adlar qazanmaq ürək istər, ürək! Tanıyanlar bir də "dəyişməyən adam" kimi təqdim edirlər onu. Tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq missiyası, amalı, əqidəsi dəyişməyən adam! Zəhmli, qaraqabaq olduğunu deyənlərin fikrini təsdiqləyə bilməyəcəm. Hər gördüyümdə üzündə xoş təbəssümünün, ətrafındakılarla xoş münasibətinin, illərin dostu kimi hal-əhval tutduğunun şahidi olmuşam. Çoxlarına maddi-mənəvi dayaq olduğundan, dərdini götürüb üstünə gələnləri ovutduğundan, bir kimsəni naümid, könlüqırıq yola salmadığından danışanların sayını itirmişəm. Demək ki, adam 55 il boşuna yaşamamış, boşuna "yaxşı adam" adı qazanmamış. Elektron tanıtımda (Vikipediya) Ağcəbədidə doğulduğu qeyd olunub. Nə gözəl...Qarabağdan başlanan ömür yolu belə işıqlı, belə gözəl varmalıydı 55-inə. Əslində dağ vüqarının səbəbi dağlaroğlu olmasıymış sən demə... Laçınmış doğum yeri, dünyaya göz açdığı əsrarəngiz məkan, dağların qoynunda cənnət. Doğum gününüz mübarək, cənnət oğlu!

Manevr.az olaraq bu gün 55 yaşını qeyd edən şair, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidi təbrik edir, ona can sağlığı, gözəl günlər və yaradıcılıq uğurları arzulayırıq.

Sevinc Qərib


VƏTƏN

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni.

Qəlbimə sıxılıb qaynayır qanım,
Tərsinə kükrəyən vulkan kimiyəm.
Üzümdə daşlaşıb, içimdə yanıb,
Qədim dərdlərimin od heykəliyəm.

Dərəsi, təpəsi, düzü, dağıyla
Köksümə, qəlbimə yerləşən Vətən.
Nə vaxtdı bölünən bölünməzliyi
Bir namərd baxışlı göz deşən Vətən.

Tarixi gizlənib qala daşında,
Boylanır bu günə əli qaşında.
Bir vaxt var yığımı, var savaşında
Sorulmuş nar kimi büzüşən Vətən.

«Arzudu – daddıqca o dadlanandı».
İkiyə bölünüb bir adlanandı.
Bu tayda sevinci qanadlanandı,
O tayda vuruşan, döyüşən Vətən.

Dikələn qayası, ucalan dağı –
Əyilməz bürcüdür, yanan çırağı.
Yayılıb Kür boyu, Araz qırağı
Arazlaşan Vətən, Kürləşən Vətən.

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyini.
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni.

Sənin sirrin

Dünyanın ən gözəl şairi sənsən,
Dünyanın ən gözəl şeiri sənindi!
Qəlbindən boylanıb, qol açıb gələn
Sözlərin işıqdı, Ruhun dərindi!

Gerçəyə çevirdin çox xəyalları,
Zamanın ən böyük heyrəti sənsən!
Mələk də etməzdi sən edənləri,
Xilqətin ən böyük cürəti sənsən!

Bir baxış, bir kəlmə, bir addım ilə
Dünyanın çərxini dəyişdirənsən!
Ruhunla, ağlınla , məhəbbətinlə
Ən dəli aşiqi yetişdirənsən!

İndi səndən özgə nə var dünyada?
Heç nə verə bilməz yerini sənin.
O qədər sehrli müəmmasan ki,
Heç kim bilə bilməz sirrini sənin.

Eyniyik

Yerinə olsaydım bəlkə özüm də,
Atardım atdığın o addımları.
Keçərdim keçilməz qadağaları,
Sevərdim sevdiyin o adamları.

Qoparıb göydəki ulduzları da,
Onların başına səpələyərdim.
Bir isti kəlməylə, işıqlı sözlə
Məhəbbət, səadət bəxş eləyərdim.

Nə qədər eynidi addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?

Yazmağa nə var ki...

O sənə göylərdən gələn ruh kimi
İşıq bağışlayıb, nur bağışlayıb.
Soyuq vücuduna təlaş gətirib,
Sönən gözlərinə qor bağışlayıb.

Görmədin onuntək sirri-xudanı,
Adlayıb bu ahıl yaşına gəlib.
Gör neçə röyanı gerçəkləşdirib,
Yuxuna gələnlər başına gəlib.

Ömür varağını qatlayan zaman
Saxlayıb, bir təzə həyat yaşadıb.
Sənə duymadığın Cənnət qoxusu,
Sənə bilmədiyin bir dad yaşadıb –
Yazmağa nə var ki, sənin halını.

Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?
Mənim boğazıma çıxan dənizin
Ən dayaz yerində üzə bilərsən?

Bu cızdağı çıxan xatirələri
Söyləsəm bir sapa düzə bilərsən?
Sənə zülm verən, gözdağı verən
Qaynar cəhənnəmə bir də gələrsən?
Yazmağa nə var ki, sənin halını,
Sən mənim halımı yaza bilərsən?

Bilsəydim

Bilməzdim bu qədər ağrı verəcək,
Hər təzə misrası üzəcək məni,
Yolumu daşlığa sarı döndərib
Bu qədər incidib əzəcək məni...
Bilsəydim, yazmazdım bu şeirləri.

Mən dedim, yazdıqca unutduracaq
Köhnə ağrıları, əski dərdləri.
Bağrımın başında qalayıb ocaq
Yenidən yaşatdı məşəqqətləri...
Bilsəydim, yazmazdım bu şeirləri.

Ağrılar, əzablar ac quzğun kimi,
Boynuma uzatdı caynaqlarını.
Vurduğun yaralar sağalmamışkən
Yenidən qopardı qaysaqlarını...
Bilsəydim, yazmazdım bu şeirləri

İşıq görünür

Bu köhnə dünyada təzə qəm gördüm,
Keçdim ən keçilməz toranlığından.
Min sitəm daşıdım, yüz əzab dərdim,
Sıyrıldım bu yolun qaranlığından –
Tunelin sonunda işıq görünür.

Seyrəlir beynimdə ağrı yerləri,
Köhnə dərdlərimdən qoparır məni.
Hansı planetə, hansı zamana,
Bilmirəm heç hara aparır məni –
Tunelin sonunda işıq görünür.

Bilirəm, bu əzab bir gün bitəcək,
Bilirəm, yaddaşı təmiz çıxacam.
Bir onu bilmirəm, bu doğanaqdan
Səninlə çıxacam, sənsiz çıxacam? –
Tunelin sonunda işıq görünür.

* * *
Beynimdə qaynaşan dərd ulduzları,
Sönür yavaş-yavaş, itir gözümdən.
Qaysağı quruyan əzab yerləri
Sağalır deyəsən, dirilir bədən.

Amma bir yaranın üstü açıqdı,
Amma ki bir ulduz göydədir hələ.
Tək biri mayaktək sönmür nə vaxtdı,
Tək biri iynətək göynədir hələ.

Görünür, ömrümün axırınacan,
O işıq qaralıb sozalmayacaq.
İynətək deşəcək məni o ağrı
Heç zaman, heç zaman azalmayacaq.

Bəlkə rəhm edəsən, nəsə deyəsən,
Bəlkə, inandırar bir yalan məni.
Sonuncu ağrını kütləşdirəsən,
Qoparıb əlindən alasan məni.

Kövrəklik

Bu qədər ağrını, bu qədər dərdi,
Sıxıb ürəyimdə saxlamamışdım.
Camaat içində, adam içində
Bu qədər kövrəlib ağlamamışdım.

Sən, dostum, Ağdamdan danışma mənə,
Sən də heç Laçından, Şuşadan demə,
Məni yandıracaq xatirələri
Sakitcə pıçılda, ucadan demə.

Mən indi o qədər kövrək, həssasam,
Gözümün suyundan pas tutasıyam.
Təkcə torpağa yox, təkcə elə yox,
Hətta hislərə də yas tutasıyam.

Qisas

Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar.

Gedir, qalmır izi, tozu,
Hər gələn bir yerə yozur,
Adını lap başdan pozub
Lap, lap axıra vururlar.

Kündə kimi ovxalayıb,
Əzib, büküb, buxovlayıb,
Qışda buz üstə tullayıb,
Yay vaxtı qıra vururlar.

Rəşad Məcid

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar