Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Vaqonlar sallayıb qaş – qabağını, payız quşları tək uçub gedirdi"-Allahşükür Ağa (ŞEİRLƏR)

Tarix: 21-08-2019 13:14     Baxış: 3238 A- / A+
"Vaqonlar sallayıb qaş – qabağını, payız quşları tək uçub gedirdi"-Allahşükür Ağa


Manevr.az Allahşükür Ağanın şeirlərini təqdim edir:

Dustaq qatarları...

Bu gecə ayıldım qatar səsinə,
Haradan – haraya gedir bu qatar?
Bir cüt əl görünür pəncərəsindən,
Deyəsən yox olub itir bu qatar.

Bəlkə də uzanan o yorğun əllər,
Qoyma bu qatarı getsin, deyirdi.
Əlləri qatardan qalırdı dala,
Kömək istəyirdi, əl istəyirdi.

Vaqonlar sallayıb qaş – qabağını,
Payız quşları tək uçub gedirdi.
Heç kimi aparmaq fikri yoxuydu,
Dəmir qapıları açıb gedirdi.

Nəyə sevinirdi, görəsən nəyə?
Təkərlər relslərə əl çalırdılar.
Gedirdi dustaqlar irəli, ancaq,
Səsləri arxaya atılırdılar.


Bayıl türməsi

Bu asfaltın altında
Bayıl türməsi olub bir vaxt.
Bizdə ürəyə bax, gör hardan keçirik?

Ayağımı yerə bərk vururam
Burda, bax burda,
Müşfiqin dodağının qanı var.

Burda, bax burda,
Müşfiqin bir şeiri var,
divara yazılan,
Hecası cızılan.
Gərək o divar parçasını
götürüb saxlayaydıq.

Burda, bax burda,
Torpağın altında
Sızıltılı bir ah var.
Burda, bax burda,
Bir günah var...

Yanımdakı qoca bir
qadın deyir mənə
Türməni çoxdan köçürüblər.
Deyirəm: qanı da?


Qayıdıram

Atılıb düşürəm
Qayıdıram torpağa.

Küləklər əlim,
Şimşəklər dilim.
Buludlar telim,
Gedirəm torpağa.

Bir az ağlamağımla,
Bir az oynamağımla,
Gedirəm.

Deyirlər torpaqlar azalıb
Qayıdıram torpağa.

Bir parça suyuydum,
Bir qalaq daşıydım,
Bir çəngə buluduydum,
Adam kimi qalxdım ayağa.

Buludlar,
Daşlar,
Sular azalıb
Qayıdıram yerimə...


Qapı

Açılan səhərlərin atəş
üzünə and olsun,
Mən öləndən sonra
yazıram şeirlərimi.
Məsələn, bir saatlıq ölürəm.
Gedib şeir gətirirəm bir saatlığa,
Çiçək dəstələri kimi
Sonra dirilirəm.

Mənim şeirlərim bu dünyada olmur,
Ölürəm, açılır başqa bir sabah,
Başqa bir pəncərə…
Ölməklə sağ olmağın arasında
Nazik bir qapı var.
Nə kilidi var, nə açarı.
Gedirəm açılır,
Gəlirəm
Bağlanır.
Dayanın, bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə.
Burda olun,
Bir saata qayıdıram.



Bayraq şəkli

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayaraqlarına.
Kim istəməzdi bunu?
O uşağın balaca ayaqlarını
elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ördenləri
Bir an içində qoparıb atardılar.

Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı
olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların
süd şüşəsinə dəyib
Qollarını üzməyi.

Mən bu bayraq şəklini
Tez çəkə bilsəydim...


Ləpir

Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.

Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...

Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.

Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”

Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...

Allahşükür Ağa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar