Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vaqif Osmanov: Gecəni nurlandıran gerçək xəyallar

Tarix: 17-08-2019 09:44     Baxış: 2428 A- / A+
Vaqif Osmanov: Gecəni nurlandıran gerçək xəyallar

GECƏNİ NURLANDIRAN GERÇƏK XƏYALLAR
(Rəfail Tağızadənin “Gecə xəyalları”nın işığında düşüncələr)

Bu poeziya toplusunun ilk səhifələrindən doymazlıqla mənəvi qida axtaranda Cübran Xəlil Cübranın bir müdrik deyimini özümün qulağına pıçıldadım: “Poeziya ürəkləri məftun edən müdriklikdir. Müdriklik isə fikir himnini ifa edən poeziyadır”. Mən ‘Gecə xəyalları”nda əsl söz sənəti axtarırdım, müdrik poeziya. Tapdımmı? Tapdım...
Bəri başdan onu deyim ki, həssas Söz Adamı mövzu qıtlığı yaşaya bilməz. Əslində sözə könlünü verənin hər addımı, yanından keçən qayğılı, qayğısız, sayğılı, sayğısız insanlar, yarpaqlı, yarpaqsız ağaclar, ayağımızı yuyan otlar, bir sözlə, gördüyümüz, duyduğumuz hər şey mövzudur. Rəfail Tağızadənin şeirləri ilə yaxından tanış olanda anladım ki, şair yuxuların, xəyalların, gecənin qoynundakı işığın gerçəkliklərindən də poeziya yaratmağa qadirdir.
Şairin “Gecə xəyalları” nur yayır, işığa səsləyir, düşündürür, sabaha inam yaradır. Rəfail müəllim “Aydan ayrılan buludun çərçivəsiz qapını bağlamağından, küləyin şüşəsiz pəncərəni örtməyindən, hasarından sarı əncir, qapısından qara qıfıl sallanan bağ evinin” əhvalından yazanda da o işığı görməmək olmur, hər sözün, hər misranın arasından işıq boylanır. Bu poetik azadlıq nişanəsidir. Söz Adamının özgürlüyünə qapı da, qapının çərçivəsi də, pəncərənin şüşəsi də, qara qıfıl da heç vaxt mane olmayıb, mane ola bilməz də.
Poeziya sənətin elə bir növüdür ki, insanın yaşamaq eşqinə qol-qanad verir, xoş ovqat yaradır, bədbin insanın qəlbinə işıq salıb nikbinliyə aparır. “Gecə xəyalları”nın qanadlarından yapışıb işıqlı sabahlara doğru uçanda köhnə xasiyyətimdən əl çəkə bilmədim, Rəfail Tağızadəni “ovqat şairi” titulu ilə mükafatlandırdım. Bu yəqin ki, şairə də xoş olar. Çünki bu çağımızda şairin ən böyük və birinci mükafatı oxucu sevgisidir...
Onun şeirləri kəpənək qanadı kimi al-əlvan və incə ruhlu, sarı sim kimi həssas, Şopenin musiqisi kimi lirik və ovqatyaradandır. Hər misrada əxz eləməli nəsə tapa bilərsən. Onun “xatirələrini şütüyən maşının sayğacının ötən rəqəmləri” belə çözə bilir. Belə ovqat sahiblərinin “maşında yazılan şeirlərini döngədə qəfil basılan əyləc quş kimi uçurdur maşının pəncərəsindən”. Amma həmin şeir Rəfail Tağızadənin mənəvi övladı kimi ondan ayrı da yaşaya bilməz, onun qəlbinin işıqlı küncündə yuva qurub yaşayır. Belə olmasaydı “dirijor küləklər notu yarpaqlara yazılmış qışın 10-cu simfoniyasını səsləndirə bilməzdi, son akkordunadək”, şairin tarıma çəkilmiş ürək tellərində...
Şair o qədər həssasdır ki, “bir anlıq xoş baxışlara aldanan, gecədən səhərədək ümid asılqanından asılan, xəyallarında bir isti bədənə sığınıb gəzən” vitrindəki paltarların halına acıyır:

Alıcısını gözləyən vitrindəki paltarlar
utanar yaman,
utanar zaman-zaman
kirayənişin bədənə
geyinilib soyunulmaqdan.
vitrindəki paltarların
“apar məni, apar məni” deyən,
yalvaran baxışları
uzanar..., uzanar qapıyacan...


Rəfail Tağızadənin daxilindəki poeziya seli o qədər güclüdür ki, “zamansız qaranlıqda saatın əqrəbindən asılıb qalan” fikirlərin sürəti heç azalmır, damarlardakı qanına qarışıb poeziyalaşır. Buna ürəkmi dözər? Ona görə də şair Tanrının ona vediklərindən “şikayət” edir, ikinci ürək istəyir ki, sözsevərlərin qəlbini daha da ehtizaza gətirsin:

Neynirdim iki əli, ayağı,
iki gözü qulağı,
bu qədər barmağı neynirdim?
Mənə iki ürək verəydin, Allah.
ağrıyanda dəyişdirib
birini sağıma qoyardım,
bir az rahat olardım.
Neynirdim iki ayağı?
biri Qarabağda minaya düşəcək
kül olmuş bir kənddə özümü axtaranda.
Neynirdim bu qədər barmağı, neynirdim?
onsuz da bir əl, beş barmaq
narahat ürəyimi ovcunda saxlar.


Etiraf edirəm ki, çoxdandı bu ovqatda, bu deyim tərzində ürək və Qarabağ mövzusunda şeir nümunəsinə rast gəlməmişdim. İnsan duyğularını bu qədər yerindən oynadan yığcam fikirlərə bu günümüzün çox böyük ehtiyacı var, düşünək, təmizlənək...
Şairin Vətən sevgisi də bir lirik ovqata köklənib, səmimidir, Vətənin “qışı, qarı doğmadı” Vətən oğluna, “durnalara qoşulub ölkənin qışından heç yerə getmək” fikri yoxdur onun:


Qar basmış cığırlar tale yolları,
Babəkin qollarına bənzəyir
ağacların budanmış qolları.
tüstüsü təpəsindən çıxan evin
içində tənhalıq ocağı alovlanır.
Dodaqlarımı yandırır oxunmamış nəğmələr,
məni həsrətə öyrədir sənin yoxluğun...


Yenə də ovqat. “Buluddan sıyrılan bədirlənmiş Ay”ı təsvir edən müxtəlif poetik lövhələrə rast gəlmişik. Rəfail müəllimin təxəyyülündəki Ay isə gecənin və şəhərin şəklini çəkir.
Şairin yaradıcılığında yığcamlıq, sözdən xəsisliklə istifadə edib məna tutumlu obraz yaratmaq başlıca meyardır. O, payız ovqatlı bir şeirində xəzan fəslinin son günlərində cığırın “yazıq”lığına rəhmdilliklə acıyır. Rəfail müəllim yaradandan iki ürək istəsə də, vermədiyinə görə məyus olsa da, inanıram ki, onun üç gözü var, iki fiziki və bir mənəvi. Bəlkə də iki ürəyi də var, kim bilir? Amma özünüz fikirləşin, bu dörd misranı yaradanın neçə ürəyi, neçə gözü olar sizcə:

Yamaclar nazilib yaman
köhnə xalıtək süzülüb,
axtarma yazıq cığırı,
cığır həsrətdən üzülüb.
Başqa bir dörd misra:
Özümü ha dartıram
qol məndən qabaqdadı.
Neçə ildi qaçıram,
yol məndən qabaqdadı.


Rəfail Tağızadə cənnət Qarabağın dilbər güşələrindən biri Ağdamda doğulub, gözləri gözəlliyin min bir çalarını o yerlərdə görüb, duyub. Təbiətlə sıx təmasda olan belə insanlara “şəhər tənhalığı” əslində sürgün yeridir. “Meyvəsiz ağacların kölgələrində gəzdim bu parkları, gəzdim doyunca” yazsa da, yəqin ki, şəhərin xətrinə dəymək istəmir şair. Çünki şüşə kimi şəffaf havalı Şuşaya, Cıdır düzünə, Qırxqıza, Turşsuya, İsa bulağına, əriş-arğaclı təbii xalılara – güllü-çiçəkli çəmənlərə, zümrüd meşələrə gözdolusu baxmaq hara, Bakının ala-tala kölgəli, meyvəsiz ağaclı parklarını gəzmək hara? Həm də şair “ona salam verməyən” biganə adamlar arasında necə yaşasın? Təbiətin qoynunda uyuyan hər ağac kol, çiçək, ot, zirvədəki qartal, dərədən qıjhaqıjla axan çay şairin həmsöhbətidirsə, bu laqeyd şəhərdə kimlə dərdləşsin? Bakıda onu təbiət qədər anlayanlar çoxdumu? Ona görə də kirayə qaldığı dar otaqda Rəfail müəllim nigarandır:


Bu gecə yuxuma kimlər girəcək?
Bu dar otaqların yuxusu qəliz.
Eh, məni haradan tapacaqlar ki,
Şəhər küçələri saxlamayır iz.


Rəfail Tağızadənin söz cığırları çoxşaxəlidir. Hər cığırda bir poeziya gözəli ilə qarşılaşırsan, ona vurulursan. Bir də görürsən “azadlığa hamilə zamanın qədəmlərini” uğurlayır şair. Başqa bir cığırla gedəndə ovqat dəyişir. Elmar Hüseynovun oğluna şairin müraciəti bizi kövrəldir. Həm də ata qatillərinə nifrəti hamını silkələyir, qəflət yuxusundan oyadır:

Atasının qara lentli şəklini öpən körpə,
doyunca öpülə bilmədin, –
qısılıb ata qucağına
bolluca sevilə bilmədin...
... Körpə baxışlar dənləyəcək,
ata qatillərini
bu qaranlıq məmləkətdən...
Qara lentli şəkli öpən körpə,
pıçılda atanın qulaqlarına olacaqları...


“Gecə hekayəti”ndəki “öz evində vağzaldakı kimi yaşayan, çoxdan yola düşmüş qatarın bileti əlini yandıran lirik qəhrəmanın ovqatı da özünəməxsusdur:


Xatirələrimi silkələyən
gözə görünməz əsgər məktubları
uçuşur otaqda...


“Listopad” şeirində də bir “sarı yarpaq nəğməli” (Məmməd İsmayıl) həzin ovqat tumarlayır misraları:


Noyabr ayına
“Listopad” deyir polyaklar,
necə də gözəl, necə də dəqiq.
“Yarpaq tökümü” ayı –
Mazurka meşələrində yarpaqlar tökülür,
ilin son günləri bükülür,
Rekviyem çalır küləklər...


Məhkəmə binası qarşısındakı ovqat isə düşüncələr burulğanına, dərinliklərə baş vurmağa təhrik edir insanı. Burda əlavə şərhə ehtiyac qalmır:

Kədərli məhkəmə binasının yanındakı
yaşıl parkda oynayan uşaqlar
nə başa düşürlər
içəridəkilərin azadlıq sevdasını...
bilsəydilər səs-küy salıb
səni tutdum, səni tutdum, –deyə qışqırmazdılar...


Rəfail müəllim bu Vətənin övladı, hamının eyni talenin yetirməsi olduğunu “bu ömür necə də mənim ömrümə bənzəyir” qənaəti ilə vurğulayır. Bizim bir-birimizə amansız “qaydasız döyüş”ümüzü, arxadan zərbələrimizi, “milli fənd”imiz badalağın mahir ustası olduğumuzu şair şeir dili ilə belə anladır:

Yaxşılığa əlimiz gəlmədi
ömrünə əlavə edək,
ayından, ilindən kəsdik,
ömründən günündən,
arzundan, diləyindən, dilindən kəsdik...
biz onu bacarırıq.
Xatırladığın günlərin lap azında
üzünə təbəssüm qondu,
qonub üzündə dondu.


Rəfail Tağızadə Nazim Hikmət, Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu poeziya məktəbinin davamçısıdır desəm, yanılmaram. Bu nəticəyə gəlməyimə səbəb onun sərbəst vəzndə yazılmış şeirlərdə sözə münasibətidir. O, sözü çox uğurla çağdaş dövrümüzün “interpretasiya”sına çevirir, poeziyanın dünəni ilə bu günü arasına körpü salır. Ayrı - ayrı şeirlərdəki bir neçə misranın çəkisi buna sübutdur:

Qala divarları təzə şəhərin çılpaq ədasından,
səs-küyündən utanıb sıxılır,
içinə qısılır İçərişəhər...


***
Şəhər sürüyür
yorulmuş küçələri dənizə sarı.
Qorxub geri çəkilir dəniz...


***
Cibimdə səni görmədiyim
günlərin sayı qədər validol...


***
Bir həzin nəğməyə,
bir qədim bayatıya qoşulub
çıxıb gedərəm,
bu şəhərdən biryolluq...


“Xatirəli dəniz” şeirini oxuyanda düşünürsən ki, şairin bir əlində qələm var, o biri əlində fırça. O, istedadlı marinist kimi dəniz mənzərəsi çəkir:


Kölgələr oynayır sakit dənizdə,
ləpə yırğalayır, yatıra bilmir.
Dalğayla sevişən xatirələrin
səsini qağayı batıra bilmir.


“Qar” şeirində bəyazlığın ovsununa düşürsən. Lirik qəhrəman “uçan xəyalların, qaranlıq otağa düşən Ayın işığında” şirin röyada gülümsəyir:
Şəhərə bəyaz qar yağır, qar yağır ağır-ağır. Ağacların üstü palata yorğanı kimi ağappaq...

Şairin cox sevdiyi qızıl payızda – “çılpaq meşənin üzünü turşutmuş havasında oxumağa quşlar olmasa da, kölgəsini itirmiş ağac ürəkdə qüssə oyatsa da”, bir el gözəlinin “sürməli gözlərinin qarasında bir ayrlıq sevdası” görünsə də bu payız ağlı-qaralı ömrün min bir rəng çalarına bürünüb, “dəli könlümüzü oxşayan payız təzədən sevməyi öyrədir bizə”. Rəfail müəllimin payız şeirləri təbiətdəki ağac, çiçək, ot, nəğməli quşlar, köç edən durnalar kimi müxtəlif biçimli, müxtəlif ətirlidir. Mənzərələrin təsvirində təkrarlara rast gəlmirsən:


Bu payız gecəsində ağaclar sərxoş...
... Dəniz şampan köpüklü,
dalğalar vals gedir,
gəmilər ləngər vurur.
Bakının əlində
gecəyə növbə çəkən Qız qalası dolu badə...


***

Payızı sevməyən süpürgəçi qadın,
Bu il mən də yığışdıra bilmədim
ömrümdən tökülən yarpaqları...


Rəfail müəllim söz sərrafı olmaqlla bərabər, həm də insanı, xüsusilə şairləri kölgəsindən tanıyır. Vaqif Bayatlı Ödərə həsr etdiyi şeirində “özünü tənhalıq qoynuna almış, özündən qabaq tanınan, mələklər tanıyan, iblis tanıyan şairin” obrazını yaradır şair:

Gecənin qaranlıq süst dodaqları
sümürər şairi səhərə kimi,
əriyər, yox olar şair hər gecə,
içilər, biçilər şair hər gecə,
böyüyər kiçilər şair hər gecə...


Gecələrdən söz düşmüşkən, Rəfail Tağızadənin ən çox müraciət etdiyi mövzulardan bəlkə də birincisi gecələrdir. “Gecə xəyalları”ndakı şeirlərinin bəlkə də yarıdan çoxunda (saymağa hövsələm çatmadı) lirik hisslərin məkanı gecələrdir. “Qəmli bir gecədə kor fələk ağrını həlim gecənin bətninə tullayır, əkir qoynuna, hardasa gözündən qüssə tökülən bir qızın ah-naləsi onu tutacağını” anlayır şair:

Üzümə tökülən qəm damcıları
isladıb, isladıb boğacaq məni,
sevincə hamilə bildiyim gecə
yenə qəm içində doğacaq məni...


Rəfail Tağızadəyə “ovqat şairi” ilə yanaşı “gecələr şairi” titulunu da verdim. Onun gecələri əsrarəngizdir. Qubanın bir gecəsində “çayda yarpağını yuyan budaqtək mavi xəyallara dalır”, Kür sahilindəki gecədə isə şairin “baxışları sularda axır, hərdən baxışına balıqlar baxır”, gecə onu “qoynuna alıb xəyalları ilə birlikdə dənizə aparır. “Pəncərə önündən bir cüt göz baxar, soyuq pəncərələr ağlayar hərdən, tər tökər, utanar xəcalətindən”.

Mavi xəyalların gecə romantikası...
Pəncərə önündən bir cüt göz baxar,
o qəmli gözlərdən bir cüt yaş axar,
evlərə bir həsrət daşıyar gecə,
yenə öz ömrünü yaşayar gecə...


Rəfail müəllimin yaradıcılığında Vətən, xalq, torpaq, təbiət sevgisi, fəal vətəndaşlıq mövqeyi ana xətt kimi önə çıxır. Bakıda ağaclara qənim kəsilən ev, obyekt hərislərinin qansızlığlığını, daşürəkliyini, sərvətbazlığını şair ürək ağrısı ilə, həm də üsyankarlıqla qələmə alır. “Doğma şəhərdə boğulan, bayırda, evdə havası çatmayan, gözünün önünü binalar tutan Bakıda evlər ağacları yeyir”. Torpağı qarış-qarış satılan, qızıldan baha olan Bakıda gecələr ağaclar mələyir, imdad diləyir. Bayquş, yarasa xislətlilər gecələr oyanır, bizə həyat verən yaşıllığın düşməninə çevrilirlər:

Eyvandan eyvana sirlər uzanır,
ciblərdən ciblərə əllər uzanır,
ekrandan evlərə dillər uzanır,
yalanlar doğrunu boğur burada...


“Gecə sənsizliyi”ndəki lirik ovqat qaranlıq gecəyə işıq saçır; şirin, şirin olduğu qədər də qəmli xatirələrin, xəyalların yolunu nurlandırır:

Son ayrılıq elə iti,
son görüş elə qısa –
utancaq baxışların görüşü kimi...
... gecədə Ay da yox
baxım oxşadım sənə...


Rəfail Tağızadə qaranlıqda işıq görən, işıqla zülmətin savaşında işığa qahmar çıxan, işığın qələbəsinə sevinən Söz Adamıdır:

Qaranlıqda heç nəyin görünmədiyini
düşünən adam,
görənçün fərqi yox işıq, ya qaranlıq...


Şair sevğisinin “könül qapılarını gözləriylə döyən”, hərəsi bir biçimdə uçub gedən xəyallarının qoynunda çarpışan vəfalı aşiqdir. Onun “qollarının arasında susur lal xəyallar, onu “gül qadının belinin, barmaqlarının həyəcan notları titrədir”. O qızın “ayrılığıdı sevənin dar ağacı, o qız onun ağ yelkənidi, o isə o qızın dor ağacı, ayrılıqdan ağır olurmuş göz yaşları dolu badə”.
Sevginin ilahiliyini, hətta ayrılığın, dərdlərin sərtliyini, ağırlığını, göz yaşları ilə dolu badə “həzz”ini belə şirinliklə şeirsevərlərə içirdən görmüşdünüzmü?
Şairin “Polşa şeirləri”i, xüsusilə “Şopenin ürəyi” poeması lirik və poetik simfoniyadır. Rəfail müəllim muğam beşiyində doğulub, muğamı anlamağına heç kimin şübhəsi yoxdur. Həm də “nöktürn”lü, “alleqro”lu, “mazurka”lı, “vals”lı, “rekviyem”li klassik simfonik musiqi də onun qəlbinə hakimdir:

Bir könül rahatlığı var
Şopenin musiqisində,
ruhum çırpınır
piano səsində.
Şopenin musiqisi səslənir
şəhərin qulaqlarında...
Qibtə ediləcək
bir azadlıq hissi var
bu gün mənim qəlbimdə, ruhumda...


Musiqi və azadlıq... Musiqi duymunun zirvəsidir bu. Üzeyir bəyin “Uverturası”nın əzəmətində böyüyənlərin hisslərinin ucalığıdır bu.
Rəfail müəllimin bir çox şeirləri sözün həqiqi mənasında Qarabağ salnaməsidir. “Şəhid məktubları”, “Qazi toyu”, “Uzundərə”, “Sərhəd kəndləri”, “Qıç başdaşı” və digər şeirlərdə işğal altında inləyən torpaqlar, musiqimiz bizim yolumuza boylanır. Qarabağdakı bir qazi toyunun Bakıdakı “Şəhri-Şuşa”, “Xankəndi”, “Xarıbülbül” şadlıq saraylarındakı toylardan fərqli cəhətlərini əminliklə deyə bilərəm ki, şair göz yaşları ilə qələmə alıb:

Bu qazi toyunda, bu ər toyunda,
tək əl ovcun döyür çəpik yerinə,
çəliklər səs salır təpik yerinə.
Qazilər oynayır, qazilər indi –
başları üstündə qoltuq ağacı,
yellənir boş, qıçsız şalvar balağı...
... tək qıçı üstündə oynayan oğlan,
bu gecə tək qalan qıçın oynayır...
... Bu qazi toyunda, bu ər toyunda,
yerində oynayan süzənindən çox,
yerdən təbrik edən gəzənindən çox,
saqqallı gələni bəzənəndən çox...


Rəfail Tağızadənin poeziyasının hər misrasında həsrət notlarına köklənmiş narahat bir ürəyin döyüntüləri eşidilir. “Öz-özünə alışan, içində təndir qalayan dərd”ə – Vətən həsrətinə məskən olan bir şair ürəyi doğma yurd yerlərinin yollarına baxa-baxa qalıb. İntizarın nəfəsi kəsilsin, şair dostum. Onda sənsizliyin də, gecə xəyallarının da, ömrümüzün kövrək payızının da dadı, duzu, rəngi başqa olacaq.
Bəşər övladı niyə bu qədər unutqandır, təbiətdən fərqli olaraq? Ana təbiət doğmalarını hər an gözləməkdədir. Xarıbülbülün, bulaqların, dağların, düzlərin gözləri yol çəkir. O “yolların səmti dönmür”. O yollar bizi bütövləşməyə aparır...

Vaqif Osmanov
18.07.2019

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar