Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Niyə 40 yaşından sonra insanımızdan muğamat qoxusu gəlir?

Tarix: 16-08-2019 21:39     Baxış: 3361 A- / A+
Niyə 40 yaşından sonra insanımızdan muğamat qoxusu gəlir?

Aqşin Yenisey yazır...

O gün sosial şəbəkə dostlarıma belə bir sual ünvanlamışdım: “Niyə qırx yaşından sonra əksər azərbaycanlılardan muğamat qoxusu gəlir?”

İlk baxışda ötəri yumor yoxsulluğu təsiri bağışlasa da, sonra özüm cavab axtaranda arxasında dərin bio-psixo-sosial, dini-tarixi analizlərin, araşdırmaların yatdığı bir sual olduğunun fərqinə vardım.

İt, ya da at ilində hansı vərəqdəsə, səhv etmirəmsə, amerikalı sosioloq Robert Makiverə istinadla yazılan belə bir əhvalatı xatırlayıram: 1920-ci ildə Hindistanda bir canavar yuvasından iki hindli uşaq tapılır. İddia bu idi ki, onları canavar ailəsi böyüdüb. İnsanların arasına gətirildikdən bir neçə ay sonra uşaqlardan kiçik olanı ölür, böyük olan qız uşağı isə 1929-cu ilə qədər yaşayır və alimlər üçün əsl təcrübə obyektinə çevrilir.

Bu qızda insani davranışlardan əsər-əlamət yox idi. Dörd pəncə üstdə gəzirdi. Canavar kimi mırıldanmaqdan başqa heç bir nitq bacarığına sahib deyildi. İnsanlardan vəhşi heyvanların ürkdüyü kimi qorxurdu. Ölümündən əvvəl ibtidai insanlara xas olan yemək və geyinmək kimi bəzi adətləri cüzi öyrənə bildi.

Elm adamları bu qız üzərində apardıqları təcrübələr əsasında bir çox məsələyə aydınlıq gətirdilər ki, onlardan da biri totemist düşüncənin tamamilə yanlış olduğu idi. Türklərin “Ergenekon” dastanı, romalıların Rom və Romul qardaşları əfsanəsi, çinlilərin “əjdahanın nəvələri” inancının heç bir gerçəklik payının olmadığı sübut olundu. Heyvanların böyütdüyü insandan nəinki bir etnos, bir şəhər, bir mədəniyyət törəyə bilərdi, əksinə, bütün etnoslar, şəhərlər, mədəniyyətlər yığışıb o insana bir kəlmə söz öyrədə bilməzdilər.

Canavarların böyütdüyü, alimlərin tədqiq etdiyi bu dördayaqlı qız isbata ehtiyacı olmayan bir aksiomun vücud qazanmış halı idi: bir cəmiyyət özündən əvvəlki cəmiyyətin yetirməsidir. Canavarların böyütdüyü uşaqlar böyüyüb canavar olurlar, qoyunların böyütdüyü uşaqlar qoyun.

Bu qız həm də onun sübutu idi ki, milli mənsubiyyət deyə və qanla ötürülən insani bir xüsus yoxdur, bizim hansı millətə məxsus olduğumuzu içində doğulub böyüdüyümüz adət-ənənələr, inanclar təyin edir. Bir azərbaycanlı uşağı doğub maori tayfasına versən, uşaq böyüyüb bir maorili olacaq və sonradan istəsən belə, ondan azərbaycanlı düzəldə bilməyəcəksən.

Hər bir xalqın keçmişində uğurlu və uğursuz, sevincli və kədərli anları olur və o anlar illər keçdikcə xatirələşərək xalqın yaddaşına çevrilir.

Ənənə xalqın yaddaşında yaşatdığı keçmiş günlərin xatirələridir. Əgər bir xalqın keçmişində uğursuz, kədərli günlərin sayı çoxdursa, bu keçmiş o xalqın musiqisində, ədəbiyyatında, məişətində də öz əksini tapır. Məsələn, yaxın tarixdən sizə bir nümunə gətirəcəyəm. Salman Rüşdi kitablarının birində, demək olar ki, bütün hind filmi tamaşaçılarını düşündürən “hind rejissorları öz filmlərində nə üçün fantastik gücə sahib hind oğullarından bəhs edirlər” sualına cavab verir.

“Necə olur ki, yetimlik içində böyüyən Cimi adlı arıq bir oğlan uşağı təkbaşına və əliyalın bütün bir mafiyanı məhv edir?” Rüşdi deyir ki, bu “fantastik gücün” arxasında monqol işğallarından sonrakı Hindistanın “gerçək acizlik” tarixi var, o tarix ki, monqol istilasından ta ingilis müstəmləkəçiliyinə uzanan əsrlər boyunca hind xalqını əsarətdən göz açmağa qoymadı. Hind xalqı həmişə onu azad edəcək qəhrəmanın yolunu gözlədi. Tarixindəki qəhrəman qıtlığı hind rejissorları üçün pulun qoxusunun haradan gəldiyini faş edirdi.

Xalq bu filmlərə əsarətdən, işğaldan, xəracdan qorxmuş gözünü qəhrəmanlıqla doyurmaq üçün baxırdı. Yadınıza gələr, sovet vaxtı Azərbaycan xalqı da hind filmlərinə, deyəsən, o gözlə baxırdı, kəndlərimiz, şəhərlərimiz dolu idi vurağan yerli Vicaylarla. Çünki Azərbaycan xalqı da tarix sarıdan heç də hindlilərdən vərəzan gündə deyildi.

Xalqdan fərdə keçək. Alimlərin canavar yuvasında böyüyən qız üzərində apardıqları müşahidələri mən dayımın üzərində aparmışam. Demək, mənim bir dayım var, hind qurusu kimi boş-boşuna fikir çəkməyi insanlığın ən uca məqamı hesab edir. Onun yanaşmasına görə ən böyük insan odur ki, fikir çəkməkdən dişləri çürüyüb, saçları ağarıb tökülsün, oturduğu yerdə elə ah çəksin ki, vücudu hisə verilmiş şamayka balığı kimi qurusun.

Özü də fikir çəkməkdən kamboca əkinçisinə oxşayır. Onun üçün ən böyük təhqir yanında deyib-gülməkdir, diş həkimi adı eşidəndə qanı qaralır. Adam öz yetimliyinin, kasıblığının, miskinliyinin qədrini elə bilir ki, heç Bill Qeyts öz milyardlarından ötrü o qədər narahatlıq keçirmir. Çünki o, öz bədbəxtliyinə onu yetişdirən məktəb kimi baxır.

Bu gün verdiyi hər bir qərarın, ağlına gələn hər bir fikrin arxasında bir bədbəxt əhvalat, miskin bir faciə yatır. Hərdən mənə elə gəlir, inanc tarixində fəlsəfə, müstəmləkəçilik ənənələrində mədəniyyət axtaran ali təhsillilərimiz də mənim dayımın taylarıdırlar. Onlar da bugünkü kimliklərini bu tarixin faciələrinə, yetimliyinə borclu bilirlər və nə yolla olur-olsun, o ac-yalavac keçmişin qədrini bilməyə tələsirlər.

Deyəsən, “niyə 40 yaşından sonra azərbaycanlılardan muğamat qoxusunun gəldiyi” sualının cavabına yaxınlaşdıq. Xalqın öz əsarət tarixinə nostalji hissi ilə yanaşması, fərddə öz bədbəxtliyinin qeydinə qalması kimi təzahür edir. Bunun da musiqinin, şeirin, qəzəlin, bayatının müşayiəti ilə anılması, xatırlanması daha dərin ekstaz həzzi yaşadır insanlarımıza.

Sənətdə estetikanı keçmiş yaradır. Yəni 40-dan sonra muğamat bizə ekstaz həzzi bəxş edən keçmiş bədbəxtliklərimizdir. Necə ki hər bir əsgər hərbi xidmətdə tutduğu ayaqyolu təmizləmək növbəsini sonralar ən xoş xatirələrindən biri kimi xatırlamağı və başqalarına da danışmağı sevir.

Bizdən fərqli olaraq, Anadolu türkləri islama daha dərindən inansalar da, muğama, demək olar ki, qulaq asmırlar. Mənim müşahidəmə görə, ona görə qulaq asmırlar ki, onlarda muğama ehtiyac duyan tarixi məğlubluq damarı yoxdur. Tarixi zəfərlərinin sayının çox olması onlarda bədbinliyi çağıran mənəvi ehtiyacı yox edib. Anadolu türklərində kədər bizdən fərqli olaraq, tarixə deyil, taleyə tutulan yasdır.

Tut ağacının altında oturub boş-boşuna fikir çəkən dayım öz taleyinin fövqünə qalxmaq istəmədiyi kimi, 40 yaşından sonra hər bir azərbaycanlı da öz tarixinin fövqünə qalxmağa lüzum görmür. Mənim isə bu yazını yazmaqda bir istəyim var; bircə dəfə, yalnız bircə dəfə dayımı öz taleyinin, xalqımı öz tarixinin fövqünə qaldırmaq...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar