Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sevgi nədir, onu uzunömürlü və problemsiz necə yaşamaq olar?

Tarix: 14-08-2019 09:51     Baxış: 4116 A- / A+
Sevgi nədir, onu uzunömürlü və problemsiz necə yaşamaq olar?

Modern romantik "bir nəfər" anlayışını unudun. Əsl sevgi cütlükdən o tərəfə və həyata sarı baxmaqdır.

Ötən il "Google"da ən çox axtarılan "....nədir?" sualının "sevgi nədir?" olması önəmli statistikadır. Bu fakt internet axtarış mühərrikinə bu cür sual verən cəmiyyət haqqında daha çox şey söyləyir, nəinki sevginin təbiətinə dair hər hansı bir cavab. Lakin əgər "Google"u bir kənara qoysaq, sevgini anlamaq üçün başqa nələrə fikir verməliyik? Hollivud və Bollivud kimi fantaziya istehsal edən makinalar sevgi ilə bağlı önəm verilməyə dəyər tək bir cavab olduğuna israr edirlər: romantik sevgi. İnsanların əksəriyyəti də mexaniki olaraq bununla razıymış kimi görünürlər. Onlar tanışlıq saytları və ya digər vasitələrlə onları "bütünləşdirəcək" insanı axtarmağa yönləndirilirlər. Çox insanın hiss etdiyi şey dominant mədəniyyətin yetişdirdiyi güclü ehtiyacdır: dominant mədəniyyət "bir nəfəri" tapmağımızı təkidlə istəyir bizdən. Bu cür sevginin kökləri heç də modern dövrə aid deyil. Şairə Sapfo eramızdan əvvəl yeddinci əsrdə sevgi haqqında "küləklər ağaclardan keçib dalğalandığı kimi, sevgi də dərimin altında dalğalanır" dediyindən bəri romantik sevgi insan varoluşunun zirvəsini göstərən dəfedilməz, çox önəmli bir həyat təcrübəsi kimi təsəvvür olunur.

Lakin "Google" statistikası işin altında səssiz bir qlobal axtarışın olduğunu göstərir - bizim çoxumuz, aşkar olaraq, romantik məhəbbət cavabı ilə kifayətlənmirik. Gerçək problem bəlkə də budur ki, çağdaş mədəniyyət sevgi haqqında birölçülü formadan başqa şəkildə düşünməyimiz üçün bizi hazırlıqsız buraxıb. Evlilik sevginin ictimai təsdiqini monopoliyaya aldığına görə, məhəbbət anlayışı sevgi münasibətləri haqqındakı təsəvvürümüzü məhdudlaşdırıb.

Qədim yunanlar, bizdən fərqli olaraq sevgi anlayışı üçün birdən çox söz istifadə ediblər. Onlarda sevgi sözü üçün "philia" (dostluq kimi), "eros" (cinsəl istək kimi), "storge" (bağlılıq kimi) və "agape" (qeyri-ənənəvi sevgi kimi) sözlər istifadə olunurdu. Ola bilər, problemimizin bir parçası da budur. Dilimiz bizi sevgi haqqında yalnız vahid, birləşmiş nəsnə olaraq düşünməyə dəvət edir. Düşünürəm ki, sözlər bu modern çatışmazlığı həll etmək üçün kifayət eləmir. Ehtiyacımız olan şey sevgi təcrübəsinin müxtəlifliyinə dair yeni duyğudur. Xoşbəxtlikdən, qədim əcdadlarımızdan yararlana biləcəyimiz başqa bir mənbə var: bizi aydınlada biləcək şey onların sözləri deyil, mifləridir.

Milli.Az bilge.az-a istinadən bildirir ki, bir mənada, biz romantik sevginin üstünlüyü anlayışı ilə doldurulmuşuq. Bu, məsələn, dostluqla müqayisədə geridə qala bilməz. Bu, mümkün deyil, çünki şəhvani duyğular, sadəcə, çox güclüdür. Lakin qədim miflər məhəbbətin, qısaömürlü olmasına baxmayaraq, niyə belə uğurlu olduğunu anlamaqda bizə yardım edə bilər. Məhəbbətin cazibəsinə dair ən yaxşı mif, bəlkə də, Platonun "Simpozium"unda Aristofanın "ruh əkizi" ("soulmate") ideyasıdır. Hekayə belədir ki, insanın əvvəlcə iki başı, dörd əli, dörd ayağı olub. Dairəvi top formasında olmuşuq və böyük sürətlə Yer üzünə atılmışıq. Tanrılar bu güclü məxluqdan narahat olmağa başlayıblar. Zevs insanı yarıya bölüb hər birini sadəcə bir baş, iki əl və iki ayaqla saxlamaq üzərinə bir plan qurur.

Şikəst edilmiş bu yarım varlıqlar çox acınacaqlı görünürdülər. Sonra onlar artıq məhdudlaşmış enerjilərini öz itmiş yarılarını axtarmağa sərf etmək vərdişini özlərində inkişaf etdirdilər. İtmiş digər yarını tapmaq arzusu dəfolunmaz idi. Doğru insanın - o "bir nəfərin" haradasa gözlədiyinə dair yorulmaz inancın gətirdiyi təkrar dağıntılara, romantik fəlakətlərə baxmayaraq, fərdlər itmiş yarının axtarışını davam etdirdilər. Onlar sevginin bütünlük, tamlıq vəd etdiyini düşünürdülər.

Bu mifin ömrü uzun oldu, bu gün də sevgi axtarışı olmadan həyatın yarımçıq qaldığı hissinə qapılan insanların daxili duyğularını dəqiq təsvir edir. Əslində, Aristofanın sevgi haqında fikri yalnız on səkkizinci əsrdə - Jan-Jak Russo gənclik vaxtlarında necə aşiq olması haqqında yazdığı zaman öz məntiqi sonluğuna çatdı. Onun fikrincə, yalnız bu sevgi təcrübəsindən sonra o, həqiqətən yaşadığına əmin ola bilmişdi. Nəticədə romantik sevgi özlüyündə bir məqsədə çevrildi. Əgər sevirsinizsə, kimə aşiq olmağınız önəmli deyil. Təcrübədə ideal görünən bu duyğu, mürəkkəb olan fərdi rasionallığı üstələyir.Romantik sevginin bizi bu cür məngənəyə salmasının və proses ərzində içimizi boşaltmasının səbəbi budur. Doqmatik olaraq xoşbəxtlik axtarışında da eyni şey baş verir.

Lakin qeyd etmək lazımdır ki, Platonun ruh əkizləri barədə orijinal mifi aldadıcı, xəyali xoşbəxtliklə deyil, spiralvari nəticələnir. Bəlkə də, bu hekayə bizə romantik sevgi istehkamının barmaqlıqlarından qurtulmaq yollarını öyrədə bilər. Zevsin yarıya bölünmüş insanlara yazığı gəlir. Onların cinsiyyət orqanlarını elə formaya salır ki, yarı insanlar görüşdükləri zaman qucaqlaşa və ehtiraslarına görə bir az həzz ala bilsinlər. Seks birləşməni müvəqqəti dadmaqdır və bu da müəyyən həddə qədər kömək edir. Sənətkarların, ustaların tanrısı olan Hefest onların yanından keçərkən cütlüklərə arzularını yerinə yetirmək vədi verir, bu faciəvi varlıqlar isə bir ağızdan səslənirlər. Bizi bir-birimizə qaynaq et, deyə qışqırırlar: bizi bir-birimizin içində ərit!

Hefest yardım edir. İki nəfər bir olur. Lakin yeni situasiya sevginin ilişib qaldığı, kütləşdiyi bir durumu üzə çıxarır. Bir-birinə yapışmış, yalnız bir-birinin gözlərinə zillənən sevgililər həyatın geridə qalan hissəsi ilə əlaqəni itirirlər. Başqa heç nə ilə bağlı qayğılanmayan bu sevgililər üçün ölüm cəzbedici çalar qazanır və onlar sonuncu nəfəslərini birlikdə verməyi arzulayırlar - fransız evfemizmində və "Romeo və Culyetta" romantik klimaksında yaşayan təxəyyül, "la petite mort". Lakin psixoloq Erik Fromm "Sevmək sənəti" (1956) əsərində qeyd edir ki, sevginin gələcəyi olması üçün cütlüklər vurğunluq, aşiqlik mərhələsindən sabit sevgi mərhələsinə keçməlidirlər. Sevgililər sevgilərinin sağ qalması üçün, cüt olmanın gətirdiyi rahatlıqdan kənardakı nəsnələri də anlamağı, onlarla məşğul olmağı öyrənməlidirlər. Freydin tam dəqiqliklə söylədiyi kimi, diadik (ikili) sevgi bəsləyici ola bilər, lakin həm də klaustrofobik və yadlaşdırıcı da ola bilər. Aristofanın hekayəsi bunun öhdəsindən gəlməyi təklif edir.

Lakin sual budur ki, necə? Romantik arzunun yaratdığı enerjini xaricə doğru, başqa istiqamətə necə ötürək ki, təkcə birgə həyat üçün deyil, birlikdə yaşanılan həyatın özü üçün ehtiras yaratsın? Cavab bu gün, demək olar, unudulmuş başqa qədim bir mif vasitəsilə verilə bilər. Bu mif bizə Eros kimi tanınan körpə sevgi tanrısından bəhs edir, lakin bizə həm də az tanınan başqa birisini, Erosun qardaşını təqdim edir.

Eros Afroditin övladı kimi doğulur. Əvvəlcə hər şey qaydasında görünür. Lakin sonra Afrodit onu narahat edən bir şey hiss edir. Uşaq böyümürdü. Onun qanadları elə tumurcuq kimi qalır, açılmır. Girdə bədənində əzələlər əmələ gəlmir. Sanki körpəlik ruhu onu işğal edib yetkinlik dövrünə qədəm basmağa imkan vermir. Afrodit təlaşlanır və bacısı müdrik Femida ilə məsləhətləşir. Yaxşı məsləhətlər ilahəsi Femida (adın mənası hərfi olaraq "faydalı olan, işə yarayan" anlamındadır) bacısına cəsur müharibə tanrısı Aresdən başqa bir uşaq doğmağı məsləhət görür. Femida ikinci uşağın adının Anteros olmasına dair təlimat verir - Erosun eynisi olacaqdı. Afrodit bacısının dediyi kimi edir və bu məsləhət işə yarayır. İki oğul bir-birinə rəqib olurlar. Onlar zarafatlaşır, bir-biriləri ilə dalaşıb-vuruşurlar. Lakin həm də bir-birilərini sevirlər. Birlikdə oynadıqları müddətdə Eros normal inkişaf edir. Lakin bir-birilərindən ayrılan kimi Eros yenidən tənəzzülə başlayır.

Anterosun önəmi onun yaratdığı maneədədir, uşaqlar arasındakı bacı-qardaş rəqabəti, valideynlərin diqqətini çəkmək üçün aralarında çəkişməni böyüklərin münasibətlərindəki gərginliyə də aid etmək olar; bu çəkişmənin romantik sevgi ekvivalenti, əgər ehtiyatla, həssaslıqla həll edilsə, cütlüklərə xeyir gətirə bilər. Anteros başqasının qucağında yox olmaq haqqında nəhəng fantaziyaya müqavimət göstərmək üçün cəsarət verir və əvəzində sevgidən həyat yaratmaq prosesinə başlayır. Onun müdafiə etdiyi şey sevgililərin mübahisələri və küskünlüklərinin arxasında dayanan sağlam ruhdur, bu mübahisə və küskünlük onları yetkinliyə aparır. 16-cı əsr atalar sözü Anteros dinamikasını izah edir: "Sevgililərin dava-dalaşı sevginin yenilənməsidir". Əgər Eros insanları öz oxu ilə vuran və onları arzudan dəli edən sevgi tanrısıdırsa, Anteros xalasının praqmatizminin və atasının gücünü qarışdıraraq çılğınlığa qarşı mübarizə aparan sevgi tanrısıdır.

Lakin bu mif bizə daha çox şey söyləyir. Anterosun xalası Femida həm də münaqişələrdən doğan enerjiləri şəfaverici tarazlığa gətirmək bacarığı ilə tanınır. Bu gün onun davamçıları cütlük terapistləri, psixoloqlardır. Onlar cütlüklərin mübahisələrdən doğan emosiyalarını necə idarə etdikləri ilə daha çox maraqlanırlar, nəinki mübahisələrdən qaçmaq üsulları ilə. Qəliz münasibətlərdəki qəzəb və nifrət, qorxu və zəiflik bir fürsətə çevrilə bilər. Terapistin demək istədiyi budur ki, sevgiliniz sizin itmiş yarınız deyil, lakin özünüz üçün daha çox birləşmə və bütünlük tapa biləcəyiniz bir insandır. Həyat romantik fantaziyanın nəzərdə tutduğu kimi, sevgi vasitəsilə mükəmməlləşmir. Lakin sevgi vasitəsilə həyata dair daha çox şey əldə edə bilərsiniz. Münaqişəni həll etməkdəki bacarıqsızlıq boşanmanı öncədən təxmin etmək üçün yaxşı vasitə ola bilər.

Anterosun qardaşına yalnız birlikdə oynadıqları vaxt kömək etməsi detalı üzərində düşünməyə dəyər. Onlar ayrı olarkən, Eros tənəzzülə uğrayırdı. Bəlkə də, bu, münasibətlərdəki sədaqətin, öhdəliyin dəyərini ifadə edir. Qarşılıqlı öhdəlik, sədaqət münasibətlərdəki eniş-yoxuşlar üçün konteyner rolunu oynayır, onların birlikdə fəaliyyət göstərmələrinə şərait yaradır. Statik "uzunmüddətli xoşbəxtlik" yoxdur, lakin birlikdə oynamağa davamlı ehtiyac var. Bu anlamda, yaxşı münasibət gələcəkdən gəlir, keçmişdən deyil. Aristofanın mifi də bunu söyləməyə çalışır. Sevgi tapılmır, düzəldilir.


"Anteros: Unudulmuş mif" (2011) kitabında Kreiq Stefenson Erosun qardaşının sonradan tamamilə yox çıxmadığına dair sübutlar təqdim edir. O, Dante Qabriel Rosettinin "Heronun çırağı" şeirini müzakirəyə çıxarır. Şeirdə Anterosa həsr olunan çıraqdan bəhs edilir və bu çırağın yalnız bir sevgi ömürboyu sürdüyü zaman yana bildiyi söylənilir. Leandrın Heroya olan dəli sevgisi isə Heronu ona çatmaq üçün neçə dəfə dənizi keçməyə və boğulmağa təhrik edirdi.

Eyni zamanda, D.H.Laurensin "Aşiq qadın" romanındakı məşhur dava səhnəsi Stefensonun söylədiyi Eros və Anteros arasındakı rəqabətin təsviri kimi oxuna bilər. Rupert Birkin və Ceral Krik "kəskin, vəcdə gələrək, inadkarlıqla və mənasızca" dalaşırlar. Birkin bu döyüşdəki daha təhlükəsiz, amma tam ifadə olunan aqressiyadan bunu öyrənir: onun Ursula Brenqvenlə evliliyi uğurlu olmaq üçün birlik və bədbəxtlik elementlərini birləşdirməlidir. Birlik içərisində ayrı ola bilmək yalnız qarşı-qarşıya olan tərəfləri gərginlik içərisində saxlamaqla mümkündür. Tənqidci Frank Kermod da Laurensi belə təhlil edirdi. Sevgililər "adi seksual sevgi anlayışının sərhədlərindən kənarda tarazlığa" çatmalıdırlar.

Eros və Anteros mifi, təməl olaraq, sevginin üçlü forması haqqındadır. Qardaşlar Afroditin diqqətini qazanmaq üçün döyüşür. Bu, həyat verən sevgidir, çünki Eros və Anteros bu zaman öz diadik qayğılarından kənarda da nəsə arzu edə bilirlər. Onların sevgisi üçbucaqlıdır: onların bir-birilərinə olan sevgilərindən kənarda üçünçü bir şəxs və ya nəsnə tərəfindən alovlandırılır bu sevgi. Onların rəqabəti onları həyatdakı xarici elementlərə sarı dartıb aparır - həyatın özünə sarı. Bununla Eros da yetkinləşir.

Platon Anteros mifini öz dialoqlarından birində yaradır. Görünür, bu üçlü element onu məxsusi maraqlandırırdı. Fedr dialoqunda o, şəxslər aşiq olduğu zaman nələrin baş verdiyini təsvir edir (bu, çox tanışdır): romantik arzular onları birlikdə tələsməyə vadar edir. Kənardan baxanlar üçün bunun sevgi, yoxsa qarşılıqlı zorakılıq içərisində kilidlənmə olduğu aydın olmur. Lakin bəzi sevgililər Platonun Anterotik dinamika dediyi məfhum tərəfindən qorunur. Bu dinamika tərəflərin özlərini bir-birilərindən ayrı halda dəyərləndirə, bir az geriyə çəkilib nələrin baş verdiyini müşahidə edə bilmələrini nəzərdə tutur. Bu zaman onlar arasında üçüncü məkan açılır ki, bu da özünüdərk üçün önəmli bacarıq yaradır.

Bu cür fikir ayrılığı münasibətlərə dramatik təsir göstərir. Daha onlar yalnız bir-birilərinə olan ehtirasları ilə hərəkət etmirlər. Zaman keçdikcə, daha güclü bir səmimiyyət, məhrəmlik formalaşır. Bu məhrəmlik dostluğa daha yaxındır. Fransız yazıçısı və şairi Antuan de Sent-Ekzüperinin sözləri yada düşür: "Təcrübə onu göstərir ki, sevgi bir-birinin gözlərinə baxmaqdan ibarət deyil, birlikdə eyni istiqamətə baxmaqdır." İki insan sevgili kimi bir-birilərinin gözlərinə baxırlar yalnız, dost kimi isə birlikdə irəliyə baxa bilərlər. Onlar kənardakı həyatı görməyə başlayırlar, bir-birilərini dəstəklədiklərinə görə, artıq birlikdə gələcəyə doğru addımlar atmaq üçün resurslara malikdirlər - indi artıq onlar aşiqlik deyil, sabit, dayanıqlı sevgi içindədirlər.

Platonun fikirlərində maraqlı aspekt budur ki, o, həyatın dəyərini qaldıran bu dostluğun erotik sevginin nəticəsi olduğuna inanır. Onun fəlsəfəsi "eros"un inkarı deyil, sadəcə, məcrasını bacarıqla yönləndirməkdir. Bu, "Platonik dostluq" ifadəsinin əsl mənasını izah edir. "Platonik münasibət" dostlar arasında heç vaxt erotizm duyğusunun olmadığı (Platon tərəfindən rəddetmə forması kimi dəyərləndirən bir ideya) anlamına gəlmir, daha çox, romantik elementin seksual ifadəsinin inkorparasiya olunmasını və aşılıb keçilməsini nəzərdə tutur. Freydist mənada, bu, erotik instinktin basdırılmasıdır. Bu instinktin enerjisi çılğın fəlsəfə axtarışı üçün mənbə ola bilər - cəlbedici fürsətdir, Platona görə fəlsəfənin anlamı həyatı çiçəklənəcək formada becərməkdir. Eyni duyğunu daha az iddialı tərzdə əldə etmək üçün, belə cütlüklər yalnız birlikdə necə yaşamaq üçün deyil, birlikdə necə yaxşı yaşamaq üçün çalışa bilərlər.

Cütlük sərhədlərini aşaraq, ömürlük münasibət (və sevgi) üçün məkanın mövcud olduğu üçbucaq sevgi insan sevgisinin ən yüksək formasıdır, çünki bu, yaxşı həyatı mümkün edir. Filosof Antoni Praysın "Platon və Aristoteldə sevgi və dostluq" (1989) əsərində söylədiyi kimi, "yaxşı təlqin edilmiş ümidverici qəlbdə sevgi yeni perspektivlər üçün həssas və fərasətlidir." Bu sevgi Narsis sevgisindən daha az qorxulu və daha az özünəvurğunluqdur, Aristofanın bir-birinə yapışdırılmış sevgililərindən fərqli olaraq, başqaları üçün də yer saxlayır öz məkanında. Ayris Mördokun Platon barədə şərhindəki ifadə ilə desək, bu sevgi "mənin (self) sərhədlərindən kənardakı dünyaya qarşı yüksək fərqindəlik və həssaslıqdır."

Lakin burada əhəmiyyətli bir sual yaranır. Əgər romantikanın sərhədlərindən kənara çıxmaq istəyiriksə, bu gün Anterosa layiq olduğu ehtiramı harda göstərək? Kreiq Stefensonun söylədiyinə görə, Pikadillidəki Şeftsberi mermorialında Erosun heykəli adlandırdığımız abidə əslində Anterosun heykəlidir. Bu heykəl 1893-cü ildə heykəltəraş Alfred Qilbert tərəfindən düzəldilib. Alfred öz həyatının sevgi uğrunda qardaş rəqabətindəki mübarizələri əks etdirdiyini düşünürdü. Öz impulsiv xarakterinin Erosda təcəssüm etdiyini görür və Anterosa uyğun realizm haqqında daha çox şey bilmək istəyirdi. O, yəqin ki, Londonun bu romantik hissəsinin mərkəzinə qoyulmaq üçün ən müvafiq tanrının Anteros olduğunu düşünmüşdü. Şəxsən mən, hər dəfə onun yanından keçəndə Anterosa gizlin-gizlin, ehtiramla baş əyirəm. Bu, sevginin o fəndgir, hiylə tərəfinə görə ehtiyatlı bir təşəkkürdür Anterosa.

Pikadillidəki Şeftsberi mermorialında Erosun heykəli

Mark Vernon.

Qədim Yunan fəlsəfəsi üzrə PhD, teologiya və fizika üzrə müxtəlif dərəcələrə sahib, psixoterapist və yazıçı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar