Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"AYB bizi şura üzvlüyündən çıxarmaqla namizədliyimizə maneə yarada bilər" - Tural Turan

Tarix: 14-08-2019 10:03     Baxış: 2452 A- / A+
"AYB bizi şura üzvlüyündən çıxarmaqla namizədliyimizə maneə yarada bilər" - Tural Turan
Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayı öncəsi adıçəkilən quruma yeni sədr seçilməsi məsələsi gündəmdən düşmək bilmir. AYB ilə qurultayda namizədliyini elan etmiş yazarlar arasında "soyuq konflikt" davam edir.
Namizədliyini elan etmiş gənc şair, Prezident təqaüdçüsü Tural Turan baş verən proseslərin hansı səmtə istiqamətlənəcəyindən danışıb. Seçilmək şansının nə qədər olması ilə bağlı fikirlərini bölüşüb.

-Tural bəy, namizədliyinizi irəli sürəcəyinizi elan etməklə nəyə nail oldunuz?

-Göstərdik ki, Azərbaycan Yazıçılar Birliyində gənclər siyasəti adlı anlayış yoxdur. Alternativlik həzm olunmur. Hazırkı rəhbərlik tənqidə açıq deyil. Bir sözlə, cəmiyyət gördü ki, Azərbaycanın əsas və köklü yaradıcılıq qurumunda diktatorial aura, ab-hava mövcuddur. Əvvəllər bu barədə çox eşitmişdim. İnanmamışdım. İndi hamımız bunun əyani şahidi olduq. Gənclərə yuxarıdan aşağı baxırlar. Gəncləri - yeni nəfəsləri boğmaq gələcəyi məhv etməkdir. Ortadakı halqaları qırıb atmaqdır. Ən azından ağsaqqal kimi davranmalıdırlar, yaşlı adam ağırlığı nümayiş etdirməlidirlər. Bəs nə edirlər- düşmən gözü ilə baxırlar. Ən azından gənclərə inanmırlar.

- Ola bilərmi ki, sizi qurultaya və seçkilərə buraxmasınlar?

- Hüquqi aspektdən bu mümkün deyil. Amma gözləniləndir. Təbii ki, qeyri-qanuni yollara əl atmaqla məhz buna çalışacaqlar.

- Bu necə mümkün ola bilər?

- Gənclər Şurasına üzvlükdən çıxaracaqlar. Mən və digər namizəd Fuad Cəfərli yeni tərkibdə yer almışdıq. Şuradan çıxarıldıqdan sonra sıravi üzv olaraq qalacağıq. Belə olan halda qurultaya nümayəndə seçilmək şansımız azalacaq. Amma şuranın tərkibindən çıxarmaqla hamı bizim namizədlik məsələsinə görə çıxarıldığımızı başa düşəcək. Beləliklə, bir daha xalq anlayacaq ki, AYB-də durum hansı vəziyyətdədir. İlkin ehtimallarımıza görə bir-iki ay sonra şuradan çıxarılma məsələsi "səssiz-səmirsiz" gündəmə gətiriləcək. İstənilən halda sonuna qədər mübarizə aparacağıq. Biz yeni nəfəsik və köklü dəyişikliklər etmək əzmindəyik.

-Axı gənc yazarların bir çoxu sizi dəstəkləmədilər?

- Vicdanlı, dürüst, heç kimin yanında gözü kölgəli olmayan gənc yazarların hamısı bizi dəstəklədi. Ad çəkməyə ehtiyac duymuram, çünki hər şey hamının gözü qarşısında baş verir. Susanların çoxu layiq olmaqdıqları halda AYB xətti ilə müəyyən mükafatlar alanlardır. Onlara da bu adların verilməsi müəyyən taktiki gedişlərə söykənir. Təbii ki, bu mənim ehtimalımdır. Bizə əks mövqedə olan qələm yoldaşlarımız da var. Bu da təbiidir. Konkret mövqe ortaya qoyurlar. Onlar susanlardan daha vicdanıdırlar. Ədəbiyyat tariximizdə ancaq mübarizlər qalacaq. Sovet dövründə də o qədər adları şişirdilən, cəmiyyətə sırınan yazarlar olub ki... Hanı? Silinib getdilər.

- Ədəbi cameədə trollar dəstəsinin olduğunu söyləmişdiniz...

-Bəli, Rəşad Məcid bəyin sosial şəbəkədəki məlum şərhlərinin, açıqlamalarının altında peyda olurdular. Çox iyrənc görüntü yaratdı. Ədəbiyyat siyasət deyil axı. Orada troll anlayışına niyə ehtiyac olmalıdır? Bəlkə də çoxları tələsdilər. Haya-küyə düşdülər. Onları konkret olaraq kimin istiqamətləndirdiyini bilmirəm. Amma alınmadı. Bu faktor konkret olaraq bizim xeyrimizə işlədi. Detallara varmaq istəmirəm...

- Siz sədr olsanız, əgər sizi seçsələr nə kimi yenilikləri gətirəcəksiniz?

- Yaxın zamanlarda seçki platformamı açıqlayacağam. Hələ ki, tezdir. Ən azından gənclər siyasətində çox ciddi dəyişikliklər olacaq. İdarəetmədə ciddi islahatlar aparacağıq. Dünya praktikasından yararlanacağıq. Ən azından, əsas etibarı ilə dövlət büdcəsindən maliyyələşən AYB-nin qapısı hər kəs üçün açıq olacaq. İstedadlar layiq olduğu qiyməti alacaqlar. Demokratik bir ədəbi mühit formalaşdırılacaq. İstedadlı gənclərin dünyaya çıxışı, əsərlərinin xarici dillərdə çapı qurumun maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Hələlik bunları deyə bilərəm.

-Hazırkı AYB sədri Anar müəllim namizədliyini verəcəyini elan edən heç bir gənci tanımadığını dedi. AYB sədri olmaq üçün nüfuz nə üçün lazımdır?

-Baxın, 29 yaşım var. 5 kitab müəllifiyəm. Ölkə xaricində mütəmadi çap olunuram. Özbək türkcəsində kitabım çıxıb. Şeirlərim rus dilinə, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan türkcələrinə çevrilib. Prezident təqaüdçüsüyəm. Bu yaxınlarda AYB-nin Gənclər Şurasının üzvü seçilmişəm. Mədəniyyət nazirinin Fəxri diplomu ilə təltif olunmuşam. Üstəlik, müntəzəm olaraq ölkənin yazılı mətbuatında, onlayn mediasında yazılarım yayımlanır.Əgər hörmətli yazıçımız, sədrimiz Anar müəllim mənim kitablarımı oxumayıbsa, imzamı duymayıbsa bu mənim günahım deyil. Gələk sualınızın ikinci qisminə. Hazırkı durumda nüfuz heç nəyi həll etmir. Anar müəllim dünya miqyasında olmasa da, MDB məkanında böyük yazıçı nüfuzuna malikdir. Bu nüfuz gənc nəsilə nə verib axı?! Bəlkə Anar müəllim öz çəkisindən, nüfuzundan istifadə edərək istedadlı gənclərimizin dünyada tanıdılması üçün hansısa silsilə işləri görüb və mənim bundan xəbərim yoxdur?! Nüfuz amili burada lazım idi.

- Seçilmək şansınız nə qədərdir?

- Özümə hər zaman güvənmişəm. Düşünülməmiş, beş-altı gediş qabağı hesablamamış addım atmamışam. Hər şey yaxşı olacaq. İndidən seçkinin nəticələri haqqında danışmaq çox tezdir. Hər şeyi zaman göstərəcək. Namizədliyini elan etmiş və edəcək hər kəsə uğurlar arzulayıram. Biz sağlam və sayğılı mübarizənin tərəfdarıyıq. Çirkliliyin axırı ya 40 gün çəkir, ya da 40 il, sonda haqq-ədalət öz layiq olduğu yerini tapır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar